Rəsul Rza – 100

 

Çinar ömrünün ucalığı  

     

Aprelin 30-da Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi münasibətilə yubiley elmi sessiyası keçirildi.

Elmi sessiyanı giriş sözü ilə açan akademik, sözügedən institutun direktoru Bəkir Nəbiyev dedi: "Rəsul Rza XX əsrin 30-cu illərində təşəkkül tapmağa başlayan yeni Azərbaycan poeziyasının ilk nəslinə mənsub olan dünya şöhrətli görkəmli sənətkarlarımızdan biridir. 1920-ci illərin sonlarından etibarən fasiləsiz surətdə ədəbi yaradıcılıqla məşğul olan şairin poeziyamızın yetkinləşməsində və zənginləşməsində görkəmli xidmətləri vardır".

Çıxışının sonunda B.Nəbiyev vurğuladı ki, S.Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Rahim, O.Sarıvəlli, R.Rza və başqaları göz açıb gördükləri qurluşun azadlıq, bərabərlik haqqında şüarlarına inanmış, gəncliyə məxsus hərarətlə onları tərənnüm, təbliğ etmişdilər.

Bir sənətkar kimi Rəsul Rzanın ədəbiyyatımızda həmişə öz sözü, öz səsi, öz yeri olmuş, fərdi yaradıcılıq siması və orijinal manerası onu başqa qələm yoldaşlarından fərqləndirmişdir. Şerinin mahiyyətindəki xəlqilik, böyük ehtirasla tərənnüm etdiyi təzə həyat, yüksək vətəndaşlıq idealları, bəşəri duyğular, qüvvətli yenilik hissi R.Rza yaradıcılığının ayrılmaz tərkib hissələridir. Bu keyfiyyətləri şairin təqribən 50 il ərzində yazdığı ən yaxşı əsərlərdən ardıcıl surətdə görmək mümkündür. "Çinar", "Bolşevik yazı" kimi yaradıcılığının ilk dövrünə məxsus əsərlərindən tutmuş, 1981-ci ilin baharında ağır xəstə ikən yazdığı son şeirlərinədək - poeziyamızın ən qiymətli nümunələrində Rəsul Rza həmişə xalqla, onun tarixi taleyi, mənəvi dünyası ilə qırılmaz tellərlə bağlı olmuşdur.

R.Rza XX əsr Azərbaycan poeziyasında elə əsrin ortalarından başlayan yeni bir mərhələnin, yeni bir istiqamətin bünövrəsini qoyub.

Onun ən görkəmli əsərlərindən biri, bəzi parametrləri ilə bəlkə də birincisi - məşhur "Lenin" poeması idi. O qədər də uzaq olmayan keçmişimizin aktual və ən məsul mövzusunda yazılmış bu əsər şairin epik istedadının parlaq təzahürü olmaqla yanaşı, Azərbaycan şeir dilinin o vaxtadək hələ yetərincə açılmamış qatlarındakı böyük imkanlardan da xəbər verirdi.

Bu gün biz təəssüflənirik ki, poemadakı bir sıra parlaq poetik tapıntılar məhz Leninə həsr olunub. S.Vurğunun, S.Rüstəmin, M.Müşfiqin və digər çox istedadlı şairlərimizin ayrı-ayrı əsərləri kimi.

Ümummilli lider Heydər Əliyev bu məsələyə özünəxas olan müdrikliklə böyük bir aydınlıq gətirmişdir. O, hələ 1996-cı ildə, S.Rüstəmin yubileyində söylədiyi nitqində deyirdi ki, XX əsr bütün dünya üçün çox mürəkkəb bir dövrdür. "Azərbaycan da bundan istisna deyil və xüsusən ona görə ki, biz keçmişdə Rusiyanın bir hissəsi olaraq, Sovet hakimiyyəti qurulandan sonra o quruluşu, ideologiyanı, ictimai sistemi qəbul edib onun çərçivəsində yaşamışıq, həyat sürmüşük. Tarix tarixdir. Onun hər bir mərhələsinin, hər bir səhifəsinin özünəməxsus mənası, müsbət və mənfi cəhətləri vardır. O illərdə yaşamış, yazmış-yaratmış yazıçılarımız, şairlərimiz, mədəniyyət xadimlərimiz şübhəsiz ki, o illərin çərçivəsində olmalı idilər. Akademik Bəkir Nəbiyev Süleyman Rüstəmin yaradıcılığı haqqında danışarkən (mən həmin yığıncağın məruzəçisi idim) şairin partiya, komsomol, sovet hakimiyyəti, sovet ideologiyası haqqında yazmasına müəyyən qədər bəraət qazandırmağa çalışırdı.

Bilirsiniz, mən bunu keçmişdə də demişəm, bu gün də təkrar etməyim yerinə düşərdi: hansı dövrdə hansı şair padşahları vəsf etməyibdir? Belələrini tapmaq mümkün deyil. Əgər bəziləri varsa, onları bayraq edib, bütün qalanlarına qara yaxılması düzgün deyildir. Bəli, xüsusən 1920-1930-cu illər ağır repressiya illəri olubdur. Bizim xalqımız çox itkilər veribdir. Biz bu repressiya illərini ürək ağrısı ilə xatırlayırıq. İtirdiyimizi itirmişik, ancaq şükür etməliyik ki, qalanlar, bu xatadan qurtaranlar, repressiyalardan xilas olanlar bizim mədəniyyətimizi, ədəbiyyatımızı, təhsilimizi, həyatımızın başqa sahələrini yaradıblar.

Bəli, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və bizim başqa görkəmli simaların repressiya qurbanları olması haqqında on illərdir ki, böyük ürək ağrısı ilə danışırıq. Onlar əlimizdən getdi. Əgər hamısı getsəydi, onda bizim bu ədəbiyyatımızı, elmimizi, mədəniyyətimizi kim yaradacaqdı?

İndi kimsə hesab edir ki, o vaxtlar gərək Səməd Vurğunu da həbs edib öldürəydilər, Rəsul Rzanı, Süleyman Rüstəmi də öldürəydilər. Onda deyərdilər ki, bunlar qəhrəman idi və biz oturub onlara da on illərlə ağlayacaqdıq. Yenə də deyirəm ki, biz Allaha şükür etməliyik ki, belə insanlar o ağır dövrdə o xatalardan qurtara bildilər. Əgər 30-cu illərdə o itirdiklərimizlə yanaşı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və bizim o nəsildən olan digər görkəmli şairlərimiz olmasaydı, onlar yazıb-yaratmasaydılar, o əsərlərimiz olmasaydı, indi bizim tariximizin o dövr ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti nədən ibarət olardı? Mən bizim ədəbiyyatımızı Səməd Vurğunsuz, Rəsul Rzasız, Süleyman Rüstəmsiz təsəvvür edə bilmirəm."

Dahiyanə mülahizələrdir!

Ümummilli liderimizin bu tarixi şərhi bütün dövrlər üçün aktual və qiymətlidir".

Elmi sessiyada "Rəsul Rza sənəti və müasirlik" mövzusunda məruzə edən fəlsəfə elmləri doktoru Rahid Xəlilov ustad şairin zəngin yaradıcılığının özəlliklərinə ekskurs etdi. "Ədəbiyyatın duyarı, həyatı söz, sözü həyat qədər dadlandıran, ucaldan və əbədiləşdirən ustad, işıq ideyası və ideya işığını yaradan fikir mücahidi, bütün ədəbi nəsilləri əl-ələ tutuşduran ədəbiyyat ağsaqqalı, ana yurdu ilmə-ilmə poeziyaya toxuyan sənətçi, təbiətin də, tarixin də köklərində mənəviyyat arayan, bəşəriyyəti doğmaları qədər sevən və sevdirən" R.Rza ədəbi irsinin çağdaşlığını önə çəkdi. Qeyd etdi ki, R.Rza kommunizm ideologiyasını əldə rəhbər tutan, ancaq bu kursda onu süquta uğradan yanlışlıqlara və deformasiyalara yol verən bir dövrdə, cəmiyyətdə yaşayırdı. "Əsərlərinin bir qismini də həmin ideologiyanın təntənəsinə həsr etmişdi. fəqət, böyük sənətkarın "ömürlü" əsərləri o dövrün kommunist eyforiyasından tamamilə uzaq olan və yüksəkdə dayanan, başlıcası isə nəinki həmin epoxanın, ümumən tarixin yanlışlıqlarına ayıq, obyektiv münasibətin, kəskin tənqidi refleksiyaların bəliri idi. Kommunist layihəsi həyata keçmədi, ancaq gələcəyə inam fəlsəfəsi və poeziyası elə R.Rza sənəti örnəyində yaşayır. R.Rza yaradıcılığı, poeziyası heç bir ideologiyaya qısılmayan sənətin görküdür. O, Sovet İttifaqı kimi planetin böyük məkanını tutan bir superdövlətin adlı-sanlı şairi idi. Təbii ki, o dövrün hakim ideologiyasının da bu sənətin ideya qatında təsiri, "kompleksləri" vardı. Ancaq R.Rza poeziyası hakim ideologiyaya sığmırdı, hətta insan ruhunu əzməsin deyə onunla sözün gizli, gözəgörünməz, fəqət güclü silahları ilə çarpışırdı da… İnsanı dövlətə tabe edən o ideologiya nə boyda hərbi arsenala malik olsa da, indi yaşamır. İnsanı yüksəldən R.Rza poeziyası isə yaşayır, düşündürür, çağın incə fikir və duyğularını gələcəyə daşıyır, əbədiyyətə qovuşdurur".

Elmi sessiyada çıxış edən professor Bəhlul Abdulla ustad şairin əsərlərinin ideya-məzmun yükünü gənc nəslə necə aşılamasından söz açdı.

Ustad sənətkarla təmasda olmasını xoşbəxt qismət kimi dəyrələndirən professor Qəzənfər Paşayev dedi ki, mənim İraqla bağlılığımın təməlini R.Rza qoyub: "Əgər onun İraqla bağlı məqaləsini oxumasaydım, ola bilsin ki, mənim yaradıcılıq imkanlarım başqa istiqamətdə olacaqdı. Ustad sənətkar İraq səfərindən qayıdanda özüylə Əta Tərzibaşının bir kitabını gətirmişdi. O, kitabı ürəyini əlində tutubmuş kimi gəzdirirdi. Rəsul müəllim Hələbdə Nəsiminin, Kərbəlada Füzulinin qəbirlərini ziyarət edən ilk azərbaycanlılardan biri idi. Həmişə qürur hissi keçirirəm ki, Rəsul müəllimin Kərküklə bağlı araya-ərsəyə gətirdiyi kitabın həmmüəlliflərindən biri də mən olmuşam. Yaxın illərdə mərhum Əbdüllətif Bəndəroğlu ilə birlikdə ustadın "Ağlayan çox, gülən az" kitabını İraqda çap etdirmişəm…"

AMEA-nın müxbir üzvü Teymur Kərimli çıxışında vurğuladı ki, R.Rza xronoloji baxımdan müasirimiz olsa da, genel şəkildə klassikdir, gələcəyin şairidir. "O, Şərq poeziyasının örnəklərinə söykənməklə, orijinal yolla gedib."

Ədəbiyyatşünas alimlərdən Sabir Nəbioğlu şairin Cənubi Azərbaycanla bağlı şeirlərindən, İranda nəşr edilən kitablarından, Nazim Qəhrəmanlı vaxtilə onunla bir yerdə işlədiyi illərdən söz açdı. "Ədəbiyyat qəzeti"nin şöbə müdiri S.Hüseynoğlu ustad şairin yaradıcılığında azərbaycançılıq düşüncəsinin təbliğinin xüsusi əhəmiyyət daşıdığını, milli-mənəvi dəyərlərin yaşadılmasına yönəli mücadilədə Rəsul Rza sözünün ön sırada dayandığını önə çəkdi, filologiya elmləri namizədi Xeyrulla Əliyev, şair Bahar Bərdəli R.Rza yaradıcılığıyla ilk tanışlıqlarının unudulmazlığından söz açdılar.

Ustad sənətkarın ailəsi adından qızı Fidan xanım və oğlu, xalq yazıçısı Anar elmi sessiyanın təşkilatçılarına dərin təşəkkürlərini bildirdilər. Anar vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncamıyla R.Rzanın 100 illik yubileyinin keçirildiyi bu günlərdə qardaş Türkiyədə də böyük şairin xatirəsi dərin qədirbilənlik hissilə qeyd olunub: "Ankarada TÜRKSOY-un və "Bəngü" nəşriyyatının birgə layihəsilə şairin "Gecənin susqun nəğməsi" adlı seçmə şeirlər kitabı nəşr olunub. Aprelin 12-də Ankarada TÜRKSOY-un toplantı salonunda R.Rzanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib, TRT-nin yubilyarla bağlı sənədli filmi göstərilib, məruzələr dinlənilib. Aprelin 16-da Kayseridə, 19-dan 25-nə kimi İzmirdə R.Rzaya həsr edilmiş konfranslar düzənlənib. Vaxtilə şeirlərini Ezop dilində yazmaq zorunda qalan Rəsul Rzanın bu qədər sayğıyla anlanılması və anılmasından məmnunam".

R.Rzanın 100 illiyi mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də qeyd olundu. Şairin əsərləri əsasında hazırlanmış "Üzü küləyə" adlı ədəbi-bədii kompozisiya təqdim olunan tədbiri giriş sözü ilə professor Nizaməddin Şəmsizadə açaraq bildirdi ki, Rəsul Rza heç kəsə bənzəməyən əsl sənətkar ömrü yaşayıb. "Onun yaradıcılığı sovet dövrünə təsadüf edir. Həmin quruluşun düşünən insana qarşı həmişə düşmən mövqeyində dayandığı bir zamanda, o, dövrün amansız qanunlarına, şərə qarşı mübarizə aparıb, daima üzü küləyə addımlayıb, haqsızlıqların üzərinə gedib. Rəsul Rza poeziyanı pafos və patetika kürsüsündən endirib, həyata qaytarıb… Vaxtilə böyük türk şairi Nazim Hikmət deyirdi ki, Rəsul Rza "Rənglər" silsiləsində özünü ötüb keçib. Mən isə bildirmək istərdim ki, "Rənglər" silsiləsi əslində rəngsizdir, həm də bir-birinə qarışmır".

Mərasimdə çıxış edən tanınmış şair Ramiz Rövşən də bu məşhur silsilənin üzərində xüsusi olaraq dayandı: "Rəsul Rzanın "Rənglər" silsiləsi Azərbaycan ədəbiyyatında fəlsəfi-intellektual poeziyanın zirvələrindəndir. O, rənglərin təkcə poetik obrazını yox, ictimai-siyasi rəngini açıb…"

Yubilyarın layiqli davamçısı, şair Çingiz Əlioğlu da ustad şairin yaradıcılıq özəlliklərindən söz açdı: "Rəsul Rza təzə obrazlar, deyim tərzi, ifadələrlə poeziyamızı zənginləşdirən böyük sənətkarlarımızdan biridir".

Tədbirdə tanınmış incəsənət ustalarının ifasında R.Rzanın şeirlərinə yazılmış mahnılar ifa olundu, kitablarından və fotoşəkillərindən ibarət stend nümayiş etdirildi.

Mayın 6-da isə M.F.Axundov adına Milli Kitabxanada R.Rzanın 100 illiyi münasibətilə yeni bir elmi-nəzəri konfrans düzənləndi. Azərbaycan Yazıçılar Birliyinin tənqid və publisistika seksiyası, eyni zamanda Yeni Yazarlar və Sənətçilər Qurumunun birgə təşəbbüsü ilə keçirilən "Rəsul Rza ənənələri və çağdaş ədəbi proses" adlı bu maraqlı tədbiri tənqidçi Bəsti Əlibəyli açaraq ustad şairin ölməz poeziyasından ətraflı bəhs etdi. Tənqidçi-kulturoloq Aydın Xan da öz çıxışında R.Rza yaradıcılığının çağdaşlığından, şairin söz sənətimizə gətirdiyi yeniliklərdən danışdı: "Müxtəlif nəsil ədəbi simalar arasında əlaqələrin möhkəmlənməsində bu cür konfransların böyük əhəmiyyəti var".

Aydın Xan sonra vurğuladı ki, yaxın günlərdə rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə şairin kitablarının sərgisi düzənlənib, dünyanın bir çox ölkələrində nəşr olunmuş kitabları təqdim edilib.

Konfransda məruzə ilə çıxış edən B.Əlibəyli R.Rzanın böyük şəxsiyyət, novator şair, əsl vətəndaş kimi ədəbi-mədəni həyatımızdakı roluna ekskurs etdi. Bildirdi ki, o, ana dilimizin dövlət dili kimi qəbul edilməsi, saflaşdırılması prosesinin bayraqdarlarından biri olub, Azərbaycanın ilk milli ensiklopediyasının hazırlanmasına başçılıq edib, dahi Azərbaycan şairi Nəsiminin qəbrinin aşkar edilməsi onun səyi və bilavasitə iştirakı ilə reallaşıb, sovetlər dönəmində sərhədlərin qapalı olduğuna baxmayaraq türkdilli xalqların ədəbi əlaqələrinin qurulmasında müstəsna rol oynayıb.

R.Rzanı yeni bir ədəbi məktəbin banisi kimi dəyərləndirən professor Füzuli Bayat məruzəsində vurğuladı ki, o, çoxşaxəli bir sənətkar olaraq şəxsiyyət bütövlüyü, milli-mənəvi dəyərlər daşıyıcısı kimi də yaddaşlarda yaşayır, düşüncə və fikir şairi kimi yenə də öndədi.

Yubilyarla bağlı fikir və düşüncələrini incələyən şair Vaqif Bəhmənli qeyd etdi ki, nə qədər millət, xalq yaşayır, ədəbiyyat var - Rəsul Rza da olacaq. O, bənzərsiz şair idi: "Onun yeni bir ədəbi məktəb yarada bilməsinin kökü ürəklə ağlı birləşdirmək gücündən gəlir. Rəsul Rza xalqın milli köklərə bağlanması, azadlığı, Vətənin birliyi uğrunda mübarizə aparırdı".

Tanınmış tənqidçi Vaqif Yusifli hələ orta məktəb illərindən tanış olduğu Rəsul Rza yaradıcılığına heyranlığının bu gün də öz mərtəbəsində olduğunu önə çəkdi: "O, XX əsr Azərbaycan ədəbiyyatında fenomen bir şəxsiyyətdir. Dahi bəstəkar Qara Qarayev düz deyirdi ki, Rəsul Rza kimi şairlərin əsərlərinin qocalmaq, unudulmaq qorxusu yoxdu. O, xalqımızın səadət uğrunda savaşına çox şey verib. Rəsul Rza tükənməyən yaradıcılıq enerjisinə malik idi. O, Azərbaycanın ilk modern şairidir. "Rənglər" silsiləsilə Avropa ədəbiyyatına pəncərəni də ilk olaraq Rəsul Rza açıb".

Tanınmış şairlərdən Oqtay Rza və Abbas Abdulla ustada həsr etdikləri şeirlərini oxuduqdan sonra fəlsəfə doktoru Rahid Ulusel çıxış edərək dedi: "Rəsul Rzanın yaradıcılığı ciddi düşüncəyə, həyatın bütün dərinliklərinə varmaq gücünə söykənir. Onun yaradıcılığı həssaslığın və dərinliyin qaynağından bəhrələnib. Bu yaradıcılıq ensklopedik bir dünyadır və geniş oxucu auditoriyasına hesablanıb.

Filologiya elmləri doktoru Rüstəm Kamal da məruzəsində alim həmkarının düşüncələriylə həmrəyliyini ifadə etdi: "Ədəbiyyat əslində intonasiyaların dəyişməsi mərhələsi, bu mərhələ yolunda mücadilə məqamıdı. Rəsul Rza bu yolu seçən ustad bir sənətkardı. Onun şeirlərində söz azadlığı üst qatdadır, bu yaradıcılıq yuxu azadlığı kimidir. Rəsul Rzanın poeziyasından beş duyğunun beşi də eyni vaxtda keçir. O, yaxşı bilirdi ki, rəngləri dəyişdirən zamandır. Rəsul Rzanın ömrü-günü səslə dolu idi, onun üçün hər ötən günün öz səsi var idi və hər səs mahiyyətcə nəğmə idi… Rəsul Rza kimi böyük şairlə qürur duymaq milli ədəbi-mənəvi düşüncənin tərkib elementidir…"

Tədbirdə çıxış edən professor Gülrux Əlibəyli R.Rza yaradıcılığıyla uzun illərə söykənən əlaqəsi, ustadın yaradıcılığına həsr etdiyi "Axtarışlar və kəşflər" kitabların araya-ərsəyə gəldiyi günlər haqqında danışdı, Rəsul Rzanın dünyəvi şair olduğunu vurğuladı.

Şair Rəhman Babaxanlının çıxışından sonra xalq yazıçısı Anar Rəsul Rzanın ailəsi adından tədbirin təşkilatçılarına, məruzə və çıxışçılara, M.F.Axundov adına Milli Kitabxananın rəhbərliyinə dərin təşəkkürünü bildirdi: "Tədbirin Axundov adına milli Kitabxanada keçirilməsinin simvolik bir mənası da var. Rəsul Rza görkəmli söz ustadlarımız Füzuli, Nəsimi, Sabir və başqaları ilə yanaşı Mirzə Fətəli Axundzadəyə də xüsusi münasibət bəsləyirdi. Yenilikçilik düşüncəsi bizdə Mirzə Fətəli yaradıcılığı ilə başalyır. Bu səbəbdən o, Rəsul Rzaya da yaxın idi. Rəsulun yüksək adları, təqdir edildiyi vaxtlar da olub, qərəzli tənqidlərə, hücumlara da çox məruz qalıb. Bu prosesdə o, həmişə qalib gəlib. Ona görə ki, onun böyük müttəfiqi zaman, vaxt özü idi. Zaman çox şeyi yerbəyer etdi…"

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.4.