"…Eldən soruş"

 

Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, Rəsul Rza yaradıcılığı timsalında 60-cı illər ədəbiyyatındakı novatorluq, milli məfkurənin cəsarətli təbliği ümummilli lider Heydər Əliyevin keçmiş sovetlər dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı istiqamətində yürütdüyü məqsədyönlü siyasətin bəhrələri idi. Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin14 yanvar 2010-cu il tarixli sərəncamı Rəsul Rza yaradıcılığına, bütövlükdə milli poeziyaya verilən yüksək qiymət kimi dəyərləndirilmişdir. Tanınmış ədəbiyyatşünas, xalq şairi Rəsul Rzanın Azərbaycan poeziyasında sərbəst vəznin yaradıcısı olduğunu, V.Səmədoğlu, Ə.Kərim, İ.İsmayılzadə kimi şairlərin məhz Rəsul Rza məktəbinin yetirmələri olduğunu vurğulamışdır. Natiq xalq şairinin Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru kimi fəaliyyətinə toxunmuşdur.

Filologiya elmləri doktoru Yavuz Axundlu şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından söz açmış, onun "Qızılgül olmayaydı" poemasını milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğunu söyləmiş, şairin publisistik yaradıcılığını təhlil etmiş, İkinci Dünya müharibəsi illərində hərbi müxbir kimi vətənpərvərlik ruhlu məqalə və şeirlərindən söz açmışdır.

Filologiya elmləri namizədi Seyfəddin Eyvazov "Rəsul Rza yaradıcılığında forma və məzmun vəhdəti" mövzusunda məruzə edərək onun poeziyasındakı ənənə və novatorluğa, mövzu rəngarəngliyi və aktuallığa aid nümunələr çəkmişdir.

Dosent İman Cəfərli "Rəsul Rza yaradıcılığı satirik ədəbi irs" məruzəsində şairin özünəməxsus cəsarəti, əqidə bütövlüyü ilə mollanəsrəddinçi satirik poeziyadan, demokrat ədib, satirik-publisist Cəlil Məmmədquluzadə yaradıcılığından bəhrələndiyini bildirmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun tərbiyə işləri üzrə prorektoru, filologiya elmləri doktoru Sədaqət Həsənova "Rəsul Rza əsərlərinin dil xüsusiyyətləri" mövzulu məruzəsində şairin Azərbaycan dilinin zəngin söz ehtiyatından məharətlə faydalanmasından, dilimizi neologizmlər, frazeoloji birləşmələrlə zənginləşdirməsindən bəhs etmişdir.

Tələbələrin ifasında Rəsul Rza şeirlərinin bədii qiraəti poeziyasevərlər üçün əsl sovqat olmuşdur. Konfransda Rəsul Rzanın həyat yaradıcılığını, ədəbi irsini əks etdirən fotoslaydlar kitab sərgisi nümayiş etdirilmişdir.

 

 

Mehriban SULTAN

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.- S.4.