Əks-kəşfiyyat rəisi vəzifəsində

 

1958-1964-cü illər

 

XX əsrin 50-ci illərinin axırı - 60-cı illərinin əvvəlində SSRİ-də siyasi və mədəni-ictimai həyatın bütün sahələrində "Xruşşov mülayimliyi" adı altında qızğın islahatlar həyata keçirilirdi. "Dəmir pərdə" müəyyən qədər zəifləmiş, bir çox yazıçı, artist, alim xaricə gedib-gəlmək imkanı əldə etmiş, Qərb teatr və konsert qrupları SSRİ-yə qastrollara gələmyə başlamışdı. Ədəbiyyatın ictimai həyata təsiri gündən-günə güclənirdi. Moskvada "Yunost", "Moskva", "Naş sovremennik" və başqa jurnallar nəşr olunmağa başlamışdı. Y.Yevtuşenko, R.Rojdestvenski, A.Voznesenski, B.Axmadulina, B.Okudjava kimi şairlər sovet gənclərinin düşüncəsinə hakim kəsilmişdilər.

Azərbaycanda da milli şüurun dirçəlişi, xalqın tarixinə, dilinə, folkloruna marağın oyanması prosesləri baş qaldırırdı. İctimai ab-havanın mülayimləşməsi şəraitində Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri, görkəmli yazıçı Mirzə İbrahimovun təşəbbüsü ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusunun təmin olunması barədə diskussiya başlandı, məsələnin mətbuat səhifələrində açıq müzakirəsi keçirildi. Nəticədə 1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə böyük tarixi əhəmiyyət daşıyan maddə əlavə etdi.

…1960-cı il yanvar ayının ortalarında SSRİ Ali Sovetinin xüsusi sessiyası Xruşşovun məruzəsi əsasında "SSRİ Silahlı Qüvvələrində yeni böyük ixtisar haqqında" qanun qəbul etdi. İxtisar və yenidənqurma dövlət təhlükəsizliyi orqanlarına da sirayət etdi. Sonralar Heydər Əliyev bunu belə xatırlayırdı: "1960-cı ildə bu orqanlarda geniş ixtisar aparıldı. Ola bilər, xatirinizdədir, Sovetlər İttifaqının ordusunda təxminən 1 milyon 200 min adam ixtisar edildi, o cümlədən təhlükəsizlik orqanlarında da ixtisar aparıldı. O vaxt beş şöbəni birləşdirdilər. Mən onlardan birinin rəisi idim. Belə oldu ki, beş şöbəni birləşdirərkən birləşmiş şöbəyə rəis məni təyin etdilər". H.Əliyevin genişləndirilmş 2-ci şöbəyə rəis təyin olunması haqqında əmr 1960-cı il fevralın 5-də imzalanmışdı.

…Yeniləşmə prosesinin çatışmayan cəhətlərinə baxmayaraq, orqanlarda iti sürətlə liberallaşma gedirdi. "Onun nə dərəcədə düşünülmüş aparıldığını söyləmək çətindir, - DTK veteranı, general F.Bobkov xatırlayır, - ancaq DTK-nın üzünü qanunçuluğa, insan hüquqlarının gözlənilməsinə çevirməsi şübhə doğurmurdu. Güman edilirdi ki, ölkə daxilində əks-kəşfiyyatın fəaliyyət dairəsi əhəmiyyətli dərəcədə qısaldılacaq və SSRİ ərazisində xarici ölkə xüsusi xidmət agentlərinin üzə çıxarılması, xarici vətəndaşların ölkəyə gəlib-getməsi rejiminə nəzarətlə məhdudlaşacaqdır. O ki, qaldı sovet adamlarına, burada ön plana profilaktika - ayrı-ayrı vətəndaşların qanuna zidd hərəkətlərinin qarşısını almalı olan xəbərdarlıq tədbirləri çəkilirdi".

Aleksandr Şelepinin ittifaq DTK-sına rəhbərlik etdiyi qısa müddət ərzində onun ən əhəmiyyətli xidmətlərindən biri kimi, imzaladığı 00420 nömrəli əmri göstərmək olar. Bu əmrə əsasən SSRİ DTK-sının şəxsi heyəti qarşısında yeni vəzifələr qoyulurdu: əhalinin müəyyən təbəqələri arasında cəza yox, profilaktika tədbirləri həyata keçirmək. DTK veteranları xatırlayırlar ki, bu qərar dövlət təhlükəsizliyi orqanlarında əsl inqilab oldu. Azərbaycan əks-kəşfiyyatının rəisi, podpolkovnik H.Əliyev yeni cərəyanları ürəkdən bəyənirdi, sözügedən əmrin həyata keçirilməsində fəal iştirak edirdi. Gənc əks-kəşfiyyat rəisinin natiqlik məharəti, əhalinin müxtəlif təbəqələri ilə ünsiyyət yaratmaq bacarığından xəbərdar olan Komitə rəhbərliyi, DTK-nın sıravi əməkdaşlarına yeni siyasətin mahiyyətini başa salmaq üçün zona müşavirələrində çıxış etəmyi tez-tez ona həvalə edirdi.

Belə müşavirə iştirakçılarından biri - Bəxtiyar Süleymanlının mənə danışdıqlarından:

"1960-cı ilin martında bizdə böyük ixtisarlar getdi. Zəngilan və Cəbrayıl şöbələri Füzuli şöbəsinə qatıldı.

Heydər Əliyeviç DTK Kollegiyasının üzvü kimi Füzuliyə zona müşavirəsinə gəldi. İmişli, Jdanov, Cəbrayıl, Zəngilan rayon şöbələrinin əməkdaşları onun çıxışını dinləməyə yığışdılar. Şelepin sənədinin mahiyyətini o bizə maddə-maddə, hərfbəhərf başa salırdı, əsas diqqəti də ona yönəldirdi ki, işimizdə əyintilərə yol verməyək, insanpərvərliyi unutmayaq. O vaxt bu, orqanlarda inqilab idi. Tutalım ki, biz kiminsə haqqında siqnal aldıq: guya X və ya U sovet hakimiyyətinin əleyhinə danışıb, millətçi fikirlər söyləyib, xaricdəki həyat tərzini tərifləyir və s. Əgər əvvəllər buna görə onu dəmir barmaqlıqlar arxasına sala bilərdilərsə, indi hər şeyin diqqətlə yoxlanması tələb olunurdu. Əmrdə deyilirdi ki, agenturanın içində də şəxsi və ya qərəzli məqsədlərdən ötrü sovet adamlarına qara yaxanlar tapıla bilər. Heydər Əliyeviç söyləyirdi ki, biz gərək işimizdə qanunlara arxalanaq, əyintilərə və 37-ci ilin faciələrinə yol verməyək".

…Bir dəfə Heydər Əliyev Azərbaycan yazıçıları ilə şəxsi ünsiyyət yaratmaq fikrinə düşdü. Yaradıcı ziyalılarla cəza orqanları arasındakı gərgin münasibətləri nəzərə alsaq, o vaxt üçün bu görünməyən addım idi. Hadisənin şahidi olmuş şəxs bunu belə yada salır:

"1950-ci illərin sonu - 60-cı illərin əvvəlində mən bölmə rəisi işləyirdim və yaradıcı ziyalılarla iş üzrə kurator idim. Yazıçılar İttifaqı ilə DTK-nın arası bir o qədər də yaxşı deyildi.

… Günlərin bir günü Heydər Əliyev məni yanına çağırıb Yazıçılar İttifaqının rəhbərliyi ilə əlaqə yaratmağı, münasibət qurmağı tapşırdı. Açığını deyim ki, bu çox çətin məsələ idi. İki ay ərzində mən tanınmış yaradıcı ziyalılarla olan köhnə əlaqələrim, şəxsi münasibətlərimdən istifadə edərək Azərbaycan ədəbiyyatçıları ilə münasibətləri yavaş-yavaş bərpa edirdim. Gördüyüm işlər barədə şöbə müdirinə vaxtaşırı məruzə edirdim. Bir dəfə Heydər Əliyev sözün həqiqi mənasında məni mat qoydu: "Mehdi müəllimlə danış, yazıçıların qarşısında mühazirə ilə çıxış etmək istəyirəm". Mən karıxdım. O nəsə demək istədiyimi başa düşüb soruşdu: "Bir şübhən var?" - "Heydər Əliyeviç, orada Azərbaycan dilində çıxış etmək lazım gələcək". O gülümsədi: "Bu barədə narahat olma". Mən Mehdi Hüseynin yanına getdim və Heydər Əliyevin ideyası barədə danışdım. O bu təklifi maraqla qarşıldı və sanballı bir auditoriya təşkil etdi. Biz sədrin kabinetinə daxil olanda orada iynə atsaydın yerə düşməzdi, çoxları ayaq üstə durmuşdu.Əliyev çıxışına Azərbaycan dilində başladı. Dedi ki, Azərbaycan dilində danışa bilər, ancaq elə mövzu və məsələlər var ki, onlar barədə rus dilində danşsa yaxşıdır. Və düz iki saat danışdı, özü də elə maraqlı ki, bizim hər şeyi bəyənməyən ziyalılarımız böyük diqqətlə qulaq asdılar. Onu hörmətlə yola saldılar və bir neçə gündən sonra yazıçıların qəzetində görüş barədə hesabat çıxdı. Yazıçıların Heydər Əliyevlə tanışlığı belə baş verdi".

 

(DTK veteranı, polkovnik-leytenant Məmmədəli Saracovun xatirələrindən).

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 7 may.-S.1.