Şerimizin klassiki və müasiri

  

Xalq şairi Rəsul Rza XX əsrin 30-cu illərində təşəkkül tapmağa başlayan yeni Azərbaycan poeziyasının ilk nəslinə mənsub olan dünya çaplı görkəmli sənətkarlarımızdan biri kimi məşhurdur. 1920-ci illərin sonlarından etibarən fasiləsiz surətdə ədəbi yaradıcılıqla məşğul olan şairin poeziyamızın yetkinləşməsində və zənginləşməsində görkəmli xidmətləri vardır. Bu bir həqiqətdir ki, S.Vurğun, S.Rüstəm, M.Müşfiq, M.Rahim, O.Sarıvəlli, R.Rza və başqaları göz açıb gördükləri quruluşun azadlıq, bərabərlik haqqında şüarlarına inanmış, gəncliyə məxsus hərarətlə onları tərənnüm, təbliğ etmişdilər.

Bir sənətkar kimi R.Rzanın ədəbiyyatımızda həmişə öz sözü, öz səsi, öz yeri olmuş, fərdi yaradıcılıq siması və orijinal yazı manerası onu başqa qələm yoldaşlarından fərqləndirmişdir. Şerinin mahiyyətindəki xəlqilik, böyük ehtirasla tərənnüm etdiyi təzə həyat, yüksək vətəndaşlıq idealları, bəşəri duyğular, qüvvətli yenilik hissi R.Rza sənətinin ayrılmaz tərkib hissələridir. Bu keyfiyyətləri şairin təqribən 50 il ərzində yazdığı ən yaxşı əsərlərdən üzü bəri ardıcıl surətdə görmək mümkündür. "Çinar", "Bolşevik yazı" kimi, yaradıcılığının ilk dövrünə məxsus əsərlərindən tutmuş, 1981-ci ilin baharında ağır xəstə ikən yazdığı son şeirlərinədək - poeziyasının ən qiymətli nümunələrində Rəsul Rza həmişə xalqla, onun tarixi, taleyi, mənəvi dünyası ilə qırılmaz tellərlə bağlı olmuşdur.

R.Rzanın yaradıcılığı və ictimai fəaliyyəti çoxqatlı, çoxsahəli, ensiklopedik mahiyyət daşıyır. Marksizmin banilərindən biri etiraf edirmiş ki, o, fransanın XIX əsrin birinci yarısındakı iqtisadi vəziyyəti haqqında mötəbər məlumatı fransız iqtisadçılarının elmi tədqiqat əsərlərindən daha artıq məşhur ədib Balzakın romanlarından almışdır. Rəsul Rzanın ömürlüyünə bu baxımdan nəzər salanda aydın görünür ki, onun da parlaq ədəbi irsindən və ictimai fəaliyyətindən qalan dilsiz yadigarlar (şeir və poemaları, məktubları, xatirələri, kino naziri ikən verdiyi əmrlər, ensiklopediyanın baş redaktoru qismində gördüyü elmi-təşkilati tədbirlər, yaşıl cildli ilk ensiklopediyamız) bir sıra hallarda şablon səciyyə daşıyan o zamankı qərar və qətnamələrdən, trafaret kitab və şüarçı məqalələrdən, saxta sənəd və statistikadan fərqli olaraq, həqiqətən də ötən əsrin 30-80-ci illərinin Azərbaycan ədəbi-mədəni həyatı, ictimai-siyasi mühiti haqqında, başlıcası isə, insanlar, onların daxili aləmi, fikir və duyğuları, qayğı və həyəcanları haqqında çox zəngin bilikləri ehtiva edən vüsətli bir poetik xəzinədir. Bu deyilənlərin işığında bir ümumiləşdirmə mənə çox maraqlı göründü: ədəbiyyata gəlişindən ölüm gününə qədər Azərbaycan həyatının elə bir problemi çətin tapılar ki, Rəsul Rza yaradıcılığında əks edilməmiş olsun. Doğrudan da 1930-cu illərin birinci yarısındakı ilhamlı quruculuq həvəsi, 37-ci il faciələri, İkinci Dünya müharibəsində azərbaycanlıların iştirakı və tarixi daha əvvəllərə gedib çıxan səbəblərdən bu müharibədə qat-qat artıq qurban verməyimiz, Güney Azərbaycanda milli azadlıq hərəkatı və bu hərəkatın amansızcasına boğulması, yüzlərlə fədainin dara çəkilməsi, əzəli torpaqlarımız - Qarabağa, Naxçıvana erməni tamahının fəsadları, saxta "beynəlmiləlçilik" adı altında dilimizə, milli dəyərlərimizə yuxarıların etinasızlığı, "vətən xaini" adıyla damğalanan mühacirlərimizin, didərginlərimizin fəci taleyi, rüşvətxorluq, yalan, yerlibazlıq, paxıllıq, donosçuluq, ədəbi mühitdə cahillik təzahürləri, zövqsüzlük, mühafizəkarlıq - bütün bu sadalanın mövzular Rəsul Rza yaradıcılığının əlvan, çoxtərəfli və çoxtutumlu palitrasının çeşidli boyaları, mətləbləri, şairin fərəhi və ağrı-acılarıdır… Bura hələ dünyanın müxtəlif ölkələri, xalqları haqqında silsilələri, kosmik mövzulara, klassiklərimizə həsr olunmuş şeir və poemaları, məhəbbət lirikasını, fəlsəfi lirikanı, pyesləri, onlarla məqalə, oçerk, esse, xatirə, çıxış və müsahibələri, uşaq ədəbiyyatının gözəl nümunələrini, habelə dünya ədəbiyyatından tərcümələri də əlavə etsək, Rəsul Rza irsinin mövzu, motiv, problem, janr, forma zənginliyi haqqında yetərincə əyani təsəvvür almaq olar.

Hər oxucu fərqinə vara bilmir ki, R.Rza sözlə ecazlar yaradan bir sənətkar olsa da tale onu hazır bir şair kimi 20-30-cu illərin burulğanlarından götürüb 50-ci illərin yenə mürəkkəb siyasi hadisələrlə gərgin olan mühitinə, yaxud buzun tədriclə də olsa əriməyə başladığı 60-larda qoymamışdı. El arasında deyildiyi kimi, "dilini dinc qoymayan" şairimiz ən azı yarım əsr ərzində Bakının ruzgarı kimi tez-tez dəyişən ictimai mühitin ağırlıqlarını yaşaya-yaşaya, böyük, taleyüklü bəlalara sinə gərə-gərə ömrünün ən müdrik çağına gəlib çıxmışdı.

Rəsul müəllimin şəxsiyyətinə və yaradıcılığına münasibətdəki qabarma və çəkilmələri çox səciyyəvi təfərrüat və incəlikləri ilə özünün "Mübarizə bu gün də var…" adlı sanballı kitabında vicdanla əks etdirdiyi üçün mən xalq yazıçısı Anara dərin minnətdarlığımı bildirirəm. Bu kitab təkcə R.Rza sənətinin pərəstişkarları üçün deyil, onun çağdaş və gələcək tədqiqatçıları üçün də tayı-bərabəri olmayan çox mötəbər bir mənbədir. Əsəri oxuduqca sən də müəlliflə bərabər bu həqiqətə tapınırsan ki, R.Rza poeziyasının özəlliyi açıq-açığına, yaxud Ezop dili ilə dövrə, mühitə etiraz, bu mühitdə insanların dilsiz-ağızsız mütilərə çevrilməsinə qarşı qəzəb duyğularıyla məhdudlaşmır. Şairin yaradıcılığında bu gün və bütün zamanlarda ədəbi dəyərini saxlayan mətləb - quruluşun da, cəmiyyətin də, yaşadığı dövranın da fövqündə dayanan əbədi motivlərdir. Sözü gedən kitab yalnız R.Rzanın taleyi üzərinə yox, deyərdim ki, bütün ədəbi-ictimai fikrimizin böyük bir mərhələsinin üzərinə, özəlliklə uzun zaman cəmiyyətdən təcrid olunmuş şeirlərin, məktubların, ailə saxlanclarının, nadir vəsiqələrin üzərinə də işıq salmaqdadır.

Rəsul Rza çoxəsrlik milli poeziyanın böyük ənənələri üzərində yetişən, xalq yaradıcılığından, canlı danışıq dilindən, dünya mədəniyyətinin öncül örnəklərindən sənətkarlıqla faydalanan bir şairdir. O, füzulinin təkrarsız və çox zərif obrazlı təfəkkür tərzindən, Sabirin vətəndaşlıq ənənələrindən öyrənir, bu ənənələri müasir tələblər müstəvisində daha da inkişaf etdirib zənginləşdirirdi. Bu yorulmaz yenilikçi sənətkar ədəbi yaradıcılığın tapdanmış yolları ilə getmir, yüksək bəşəri fikir və duyğuları məhz yeni formalarda, təzə və təravətli bədii vasitələrlə, konkret və yığcam ifadə edirdi.

Qeyd etmək vacibdir ki, qoynunda böyüdüyü sovet həyatının naqis və eybəcər tərəfləri Rəsul Rzanın iti və müşahidəçi nəzərlərindən heç vaxt yayınmamışdı. Şair ədalətsizliklərə, yaramazlıqlara, köhnəlik qalıqlarına barışmaz, prinsipial mövqelərdən müntəzəm olaraq atəş açır, qəzəb saçırdı. Təsadüfən vəzifə başına keçib tutduğu yerə ləyaqəti çatmayanlar, qanunun bütün maddələrini əzbər bilən, lakin oğrunu doğrudan, əyrini düzdən ayıra bilməyənlər, yaxud ayırmaq istəməyənlər, xalq malını, el sərvətini talan edənlər, təbiətin gözəlliklərinə qənim kəsilən nankorlar ədəbi prosesin təbii gedişinə və inkişafına mane olan bəzi mühafizəkar qələm adamları, şairin atəş yağmurunun dəyişməz hədəfləri olmuşlar.

Müstəqil Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi Sərəncamına əsasən xalqımız R.Rzanın 100 illik yubileyini minnətdarlıq duyğusu ilə qeyd edir. İstedadının pərəstişkarları bu gün yalnız şair R.Rzanın deyil, eyni zamanda ədəbi prosesə həmişə böyük tələbkarlıq və həssaslıqla yanaşan, gənc istedadlara atalıq qayğısı göstərən təcrübəli sənətkar R.Rzanın, "Mənim fikrimcə" kimi sanballı kitabın müəllifi olan tənqidçi R.Rzanın, uzaq-uzaq ellərdən incə-incə Kərkük bayatılarını, qərib düşmüş Nəsimi divanını sevə-sevə toplayıb Azərbaycana gətirən ədəbiyyatşünas R.Rzanın, habelə Nizami, Puşkin, Lermontov və Şevçenkonun əsərlərini, xüsusən Mayakovski kimi zəmanəsinin qüdrətli bir şairinin zəngin irsini Azərbaycan oxucusuna layiqincə təqdim etmiş mütərcim R.Rzanın, nəhayət, yorulmaz ictimai xadim R.Rzanın yubileyini keçirirlər.

Adı çəkilən sənərcam cənab İlham Əliyevin R.Rza yaradıcılığına qədirşünas münasibətinin yeganə təzahürü deyil. Təkcə bunu göstərmək kifayətdir ki, Prezidentin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tərixli məşhur sərəncamı ilə hərəsi 25.000 nüsxədə nəşr edilib kitabxanalarımıza hədiyyə olunan ilk kitablar arasında R.Rzanın "Seçilmiş əsərləri"nin yeni, mükəmməl 5 cildliyi də vardır. Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru Anarın tərtib etdiyi, şöbə müdirimiz dosent-doktor Arif Əmrahoğlunun redaktoru olduğu bu 5 cildlik R.Rza irsinin indiyədək işıq üzü görmüş ən kamil nəşridir desəm, səhv etmiş olmaram. İnanıram ki, Rəsul müəllimin əsərləri külliyyatının da işıq üzü görməsinə çox qalmayıbdır…

 

***

 

Rəsul İbrahim oğlu Rzayev 1910-cu ildə, may ayının 19-da Göyçayda bir kənd mirzəsinin ailəsində anadan olmuşdur. Babası Şərqin görkəmli şairlərinin irsinə yaxından bələd olan ziyalılardan imiş. Gələcək şairin atası Mirzə İbrahim isə o zaman Azərbaycan və rus dillərində çıxan bəzi dövri mətbuat nümunələrinin, özəlliklə "Molla Nəsrəddin" jurnalının abunəçilərindən olub. Anası Məryəm Hüseyn qızı məktəb görməsə də, ərəb əlifbası ilə kitab oxumağı bilir, el deyimlərini, hərdən də özünün düzüb-qoşduğu şeirləri, necə deyərlər, sinədən əzbər söyləyirmiş. Göyçayda orta məktəbdə oxuyan Rəsul Rza bir müddət Gəncədə kənd təsərrüfatı təmayüllü texnikumda məşğələlərə davam etmiş, təhsilini Tiflisdə davam etdirmişdir. İlk şeirlərini də bu şəhərdə nəşr etdirmiş, 1930-cu ildə isə Bakıya gəlib "Gənc işçi" qəzeti redaksiyasında çalışmış, canlı ədəbi prosesdə fəal iştirak etməyə başlamışdır. 1931-ci ildən Azərbaycan Elmi-Tədqiqat İnstitutunda oxumuş, 1934-cü ildə Moskvadakı Millətlər İnstitutunda, sonra isə Kino Akademiyasında təhsilini davam etdirmişdir.

1941-ci ildə Böyük Vətən müharibəsi başlananda şair könüllü olaraq orduya getmiş, Krım cəbhəsi qəzetinin redaksiyasında həqiqi hərbi xidmətə başlamışdır. Davadan sonrakı müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, respublikanın kino naziri vəzifələrində çalışmış, 60-cı illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru olmuşdur. R.Rzaya 1960-cı ildə xalq şairi adı verilmiş, 1980-ci ildə isə o, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Şair həm də fəal ictimai xadim idi. Azərbaycan SSR Ali Sovetinin deputatı, Asiya və Afrika xalqları ilə həmrəylik Cəmiyyəti Azərbaycan Şurasının sədri, M.Ə.Sabir Komissiyasının sədri kimi də onun ictimai fəaliyyəti çox səmərəli olmuşdur.

Ölkəmizin beynəlxalq qarşılıqlı ədəbi əlaqələr xəritəsinin genişlənməsində R.Rzanın müstəsna xidmətləri vardı. Şairin əsərlərinin tərcümə olunub nəşr etdirdiyi ölkələrin natamam siyahısı belədir: Rusiya, fransa, İngiltərə, Misir, Hindistan, Monqolustan, Polşa, Yuqoslaviya, Macarıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, İraq, Türkiyə, Rumıniya, Bolqarıstan, Almaniya, nəhayət, Kanada…

Bəli, R.Rza istedadlı və məhsuldar şair, fəal vətəndaş olmağın şanını-şöhrətini, hörmət və izzətini bir müddət yaşamışdı. O, bizim kimi adi insanlarla müqayisədə qat-qat artıq qırış bağlamış beyninin, böyük əhatə dairəsinə malik duyğularının, zərif hisslərinin, qabarlı barmaqlarının, yuxusuz gecələrdə, bəzən səksəkəli gündüzlərdə ərsəyə gətirdiyi çox qiymətli şeir və poemalarının səbəbinə həmişə oxucu məhəbbəti ilə əhatə olunmuşdur. Lakin dostu, məsləkdaşı olan məşhur bir qələm yoldaşının dediyi kimi, "şair olan qəm də yeyir". R.Rzanın özü də bu barədə yaxşı yazıb:

 

Mən hansı xanədə tutdumsa qərar,

Hər yetən piyada "şah", "şah" eylədi.

Neyləyim ki, belə kür taleyim var,

Məni nadanlara ürcah eylədi…

 

Əsl sənətkarlar mühiti, insanı, təbiəti, ictimai fakt və hadisələri bizim kimi adi nəzərlə görməklə yanaşı, bütün bunlara bir də qəlbin gözü ilə baxa bilirlər. Şairin zəngin duyğular aləminin bir növ lokatoru təsiri bağışlayan bu gözlərin görüm dairəsi son dərəcə vüsətli olur. Sənətkar bir çox hallarda adi bir təbiət, yaxud cəmiyyət hadisəsində elə dərin mənalar, elə rənglər, təkraredilməz çalarlar görür, öz əhval-ruhiyyəsinə, daxili aləminə, fikir və məqsədinə uyğun tərzdə onları elə təravətlə ifadə edir ki, oxucunu yenicə doğulmuş poeziya faktı qarşısında heyran qoyur. Bu poeziya faktı həyatın, insanlar arasındakı münasibətlərin işıqlı, gözəl, təqdirə, sevgiyə layiq cəhətlərinə də aid ola bilər, qaranlıq, quzey, eybəcər, tənqid və nifrətə layiq cəhətlərini də əhatə edə bilər. Əsl məsələ sənətkarın mövqeyində, sənətin səviyyəsindədir.

 

***

 

R.Rza, hərbi istilahla desək, bir radar həssaslığı ilə duyur, bəzən də efir dalğalarından eşidirdi ki, ermənilər çox ağır nəticələrə aparıb çıxara biləcək fitnəkar planlar cızır, xaricdəki antitürk, antiazərbaycan havadarlarının, erməni mənşəli milyarderlərin təhriki ilə "yersiz gəldi, yerli, qaç" məsəlində olduğu kimi, Azərbaycana qarşı ərazi iddialarını gerçəkləndirmək üçün fürsət gözəlyirlər. Şairin əziz dostu, görkəmli alim, bizim çoxumuzun müəllimi olmuş Abbas Zamanov hələ 1958-ci ildə eyni radar həssaslığı ilə nankor qonşunun Naxçıvan iddialarını böyük bir yığıncaqda faş edərək universitet müəllimliyindən, partiya biletindən məhrum qalmışdı. Sovetlərin o zamankı bədnam rəhbərliyi R.Rza və A.Zamanovu gözümçıxdıya salmaqdansa onların vurduqları həyəcan təbilinə vaxtında, obyektiv reaksiya nümayiş etdirib elə o zamankı meyarlarla hadisələrə siyasi qiymət versəydilər, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində bütün Qafqazın məruz qaldığı faciələrin miqyası bu qədər geniş olmazdı.

1980-ci ildə yazdığı "Şuşam mənim" şeri R.Rzaya çox baha başa gəlmişdi, onu millətçi kimi damğalamışdılar.

 

…Könüllərdə neçə-neçə mahnıların

zümzüməsi, sözü qalıb.

Sənin doğma torpağında

neçələrin gözü qalıb.

Bəd əllərin kükrətdiyi

alovlardan diri çıxdın,

ey səməndər, həyat quşu!

Sən beləsən,

bu adla da qalacaqsan,

Şuşam mənim!

Mətanətlə, dəyanətlə, səxavətlə

qoşam mənim!

Yüz bir şəhər adı çəkim,

Söylə, sənə tay olarmı?

Vətən adlı doğma yurddan

Püşk olarmı, pay olarmı?

 

***

 

Vaxtilə bənzərsiz satirikimiz Sabirdən bəhs edən "Xalq şairi" adlı miniatür poemasında R.Rza gərgin dramatik səhnələrin, dərin psixoloji sarsıntıların təsviri vasitəsilə, böyük inandırıcılıq qüvvəsilə belə bir mətləbi əsaslandırmışdı ki, lap dərinlərə işləmiş rişələri, kökləri vasitəsilə xalqla, onun taleyilə bağlanan, insan mənəviyyatının tərcümanı olan əsl bədii sözün əbədilik məskəni onu oxuyanların ürəyi və beynidir. Müəllifinin varlığı ya yoxluğu, divanının itməsi, yaxud kitabının təsadüfən yanması da əsl şair kəlamının taleyini həll etməyə, onu yoxluğa, unudulmağa məhkum etməyə qadir deyil. Əlyazmaları yanmır deyiblər. Bu əsərlər zaman keçdikcə möcüzəli bir tərzdə meydana çıxır, yeni həyat kəsb edir, daha da təravətlənir, büllurlaşır, daha geniş yayılır və daha çox oxucunun ideya-estetik dəyərlər kəşkülünə daxil olur.

Mən təkcə Azərbaycan poeziyasının deyil, dünya şerinin də üfüqlərində R.Rza sənətinin zamanın sınaqlarından çıxmış ən yaxşı nümunələrini görür və şairin müasiri, oxucusu olub bir zamanlar onunla şəxsən ünsiyyət saxlamış bir ədəbiyyatşünas kimi bunun üçün qanuni iftixar duyğusu yaşayıram.

Tərcümeyi-halına yaxşı bələd olanlar bilirlər ki, Rəsul müəllim bir neçə ali məktəbə daxil olsa da, onların heç birini bitirməmişdi. Bununla belə, tam ali təhsil haqqında heç bir diplomu olmayan şair ədəbiyyat, tarix, fəlsəfə, milli münasibətlər, ədəbi əlaqələr, psixologiya, dil və bədii tərcümə problemləri sahəsində çox zəngin biliklərə malik idi. Dərin və ardıcıl məntiqi təfəkkür sahibi olan R.Rza vacib elmi-ədəbi müzakirələrdə çox vaxt öz mübarizlərinə qalib gələrdi. Bu deyilənlərin işığında başa düşmək olar ki, hansı səbəbə görə R.Rza ötən əsrin 30-cu illərində Bakının iki ali məktəbində dialektik və tarixi materializm fənlərindən dərs demişdir. Təsadüfi deyil ki, şairin həyat və yaradıcılığına, Azərbaycan poeziyası tarixində novator mövqeyinə, bütünlükdə sənətinin sirlərinə və ədəbi baxışlarına dair məqalə, kitab, monoqrafiya və dissertasiya yazmış onlarla elmlər namizədi və elmlər doktoru öz diplomları ilə haqlı olaraq həm də məhz R.Rzanın əsərlərinə borcludurlar.

İmamverdi Əbilovun 1960-da, Məsud Əlioğlu ilə Qulu Xəlilovun 1960-da, Gülrux Əlibəyovanın 1970-də, Arif Abdullazadənin 1970-də, Bağır Bağırovun 1973-də, Rahid Xəlilovun 1987-də, Anarın 1992-də ("Sizsiz"), yenə də onun 2002-də ("Mübarizə bu gün də var"), kitabları, Yaşar Qarayev, X.Rza Ulutürk, Şamil Salmanov və digər müəlliflərin müxtəlif illərdə buraxılmış 100-lərlə sanballı məqaləsi rəsulşünaslığın hələlik ilk nümunələri, belə demək mümkündürsə, təməl daşlarıdır. İnanıram ki, böyük xalq şairimiz haqqında fundamental tədqiqatların aparılacağı bundan sonrakı onilliklərdə də alimlərimiz adı çəkilən və çəkilməyən bu mənbələrə dönə-dönə müraciət edəcək, R.Rza həqiqətlərini araşdırarkən onlardan dönə-dönə barınacaqlar.

 

***

 

Böyük Vətən müharibəsi illərində də şairin müntəzəm olaraq çap etdirdiyi antifaşist şeir, publisist məqalə, oçerk və hekayələr çox aktual səslənirdi. Rəsul Rzanın cəbhədə olduğuna, ordu qəzeti redaksiyalarında işlədiyinə, əsgər qəzetinin növbəti nömrəsinə material gətirmək üçün atəş yağmuru altında birbaşa ön xəttə, səngərlərə getdiyinə dair cəbhə mətbuatında, Bakıda və Moskvada çap olunmuş məqalələrdə, arxiv sənədlərində maraqlı faktlar, məlumatlar vardır.

Krım cəbhəsində R.Rzanın çalışdığı "Qələbəyə doğru irəli!" qəzeti redaksiyasının yerləşdiyi bina, ətrafındakı başqa hərbi obyektlərlə yanaşı, hər gün bir neçə dəfə faşist təyyarələrinin hücumuna məruz qalırdı. Məhz belə şəraitdə cəbhəçi şairin "Vətən", "İntiqam! İntiqam!", "Azərbaycanlı döyüşçülərə", "Dörd yüz on altı", "Bəxtiyar" kimi yaşarı şeirləri, odlu-alovlu məqalələri, oçerk və hekayələri, uzun müddət səhnələrdən düşməyən "Vəfa" pyesi, habelə "Leytenant Bayramın gündəliyi" kimi publisist əsərləri yaranır, adamlarımızı intiqama çağırırdı. Qələbədən uzun illər sonra yazıb adını o üzücü davanın davam etdiyi günlərin sayı ilə "1418" deyə möhürlədiyi sanballı poemasının əsas məqamlarını da şair elə bu zaman, bilavasitə cəbhədə dəhşətli bomba, mərmi partlayışları, çovuyan güllələr, saçmalar altında görüb-yaşamış, düşünüb-daşınmışdı. Uğurla seçilmiş "Birinci gün", "Qızıl Meydanda parad", "Neva sahilində", "Buhenvald", "Dönüş", "Partizanlar", "Tarmar", "Reyxstaqın son günü", nəhayət, "Qələbə!" kimi səciyyəvi başlıqlar altında təsvir etdiyi epoxal hadisələr əsasında R.Rza öz poemasında bəşər tarixinin ən böyük dəhşətlərindən olub həm də əlbəttə, əzəmətli qəhrəmanlıq rəmzi kimi tariximizə düşmüş Böyük Vətən müharibəsinin bir poemanın hüdudları daxilində ibrətamiz poetik salnaməsini yaratmışdı.

 

 

Bəkir NƏBİYEV

Akademik

 

(Ardı gələn sayımızda)

 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.1, 4.