Elmi sessiya

 

Mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr olunan elmi sessiya keçirildi.

Mərasimi AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq dedi: «Biz bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Rəsul Rzanın 100 illik yubileyini onun şəxsiyyətinə və sənətinə böyük məhəbbətlə qeyd edirik. İyirminci əsr dünya ədəbiyyatında öz dəst-xətti, orijinal üslubu, müdrik poeziyası ilə seçilən bu ustad sənətkarın sağlığında və ölümündən sonra onlarla kitabı təkrar-təkrar azərbaycanca və dünyanın bir sıra dillərində çap olunmuş, haqqında ölkəmizdə və xaricdə tədqiqat əsərləri - dissertasiya və monoqrafiyalar, ədəbi oçerklər, çoxlu məqalələr yazılmışdır. Bütün bunlar Rəsul Rza poeziyası haqqında indiki və sonrakı əsaslı araşdırmalar üçün də, ədəbiyyat elmimizin ümumi inkişafı üçün də çox əhəmiyyətlidir.

Tarixən Azərbaycan mədəniyyəti dünya mədəniyyətinin inkişaf axarına onun ən mütərəqqi ideyalarını yaşatmaq və yaratmaq missiyası ilə qovuşub. Bu vəhdətin müasir dövrümüzdə də qorunub qüvvətlənməsində Rəsul Rzanın öz payı olmuşdur.

Rəsul Rza bəşəriyyətin tarixi tərəqqisi və həmin tərəqqi prosesinin dönməzliyi haqqında, inkişafın ictimai, mənəvi, psixoloji, siyasi və intellektual prosesləri, ədəbi sülh problemi, elmi-texniki tərəqqi və mənəviyyat, bəşəriyyətin kosmik özünüdərki haqqında mühakimələr yürüdərkən, onun dünyagörüşünün dərin humanist mahiyyəti və seçkinliyi bütün qabarıqlığı ilə aşkara çıxmışdır. O, dünyanın və insanlığın ziddiyyətli mahiyyətinə aydın tendensiyalı mütəfəkkir münasibətini bildirmiş, digər inkişaf amilləri ilə birlikdə bəşəriyyətin əxlaqi-mənəvi təkamülünün bu qlobal ziddiyyətləri aradan qaldıra biləcəyini və ümumdünya harmoniyasını gerçəkləşdirəcəyini tarixin məntiqi saymış və ona qəlbən inanmışdır.

Bədii düşüncə tərzinin milli özünəməxsusluğunu və ümumbəşərliyini öz poeziyası ilə dönə-dönə təsdiq edən Rəsul Rza yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında, onun modernləşməsində həqiqətən böyük xidmət göstərmişdir.

Rəsul Rzanın zaman və insan haqqında poetik-fəlsəfi düşüncələri konseptual miqyasda iyirminci əsrin altmış-yetmişinci illərində meydana çıxmışdır. Məhz altmışıncı illərdən şairin Zamanla birbaşa fəlsəfi dialoqu və elə bunanla da şeir sənətinin bu əbədi mövzusunun yeni poetik şərhi başlayır. Poeziyada fəlsəfi dərinliyi sevən hər kəs Rəsul Rza şerində böyük mənəvi qidanın və estetik həzzin mənbəyini görür. Şairin bədii yaradıcılığı həyata, onun zənginliklərinə müdrik və həssas münasibətin parlaq nümunəsidir.

Milli mədəniyyətimizin, klassik və müasir dünya mədəniyyətinin inkişaf qanunauyğunluqlarını sənətkarcasına duyan Rəsul Rza bədii sənət aləminə də öz fəal münasibətini bildirmişdir. Şairin bədii yaradıcılığını ədəbi-publisistik yaradıcılığı tamamlayır, - bu da onun dünyagörüşünün bütövlüyünü və əhatəliyini göstərir.

Şairin yaradıcılığında əsl sənət və sənətkar mövqeyinin təqdiri də vardır. O, bədii təfəkkürü fasiləsiz axtarışlarını, həyat və şerin səsləşmələrini, müasirliyin ictimai münasibətlərdə və poetik münasibətlərdə öz mənəviyyat tarazlığını yaratmasını, həyatda, məişətdə olduğu kimi sənətdə də köhnəlik və mühafizəkarlığın gərəksizliyini bədii yaradıcılığın ən zəruri keyfiyyətləri, məqsədləri və vəzifələri hesab etmişdir.

Rəsul Rza poeziyası iyirminci əsr Azərbaycan poeziyası ilə yaşıddır. Bu poeziyanın inkişaf yolunda baş verən dəyişmə və yeniləşmələri onun yaradıcılıq yolunda da izləmək mümkündür. Çünki Rəsul Rza Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğundan tutmuş dövrünün gənc şairlərinə qədər bir neçə ədəbi nəslin müasiri olmuşdur.

Rəsul Rza Azərbaycanın ictimai, siyasi, ədəbi-mədəni həyatında həmişə fəal mövqeyi, yeniliyi müdafiə cəsarəti, inkişafı dəstəkləmə hünəri ilə seçilmiş, milli mədəniyyətimizin tərəqqisi naminə fədakarlıqla çalışmışdır.

Böyük ədəbi irsi bu gün Azərbaycan dövləti və cəmiyyəti tərəfindən layiqincə yüksək qiymətləndirilən Rəsul Rzanın yaradıcılığı həmişə xalqımızın zəngin mənəvi sərvətləri sırasında yer tutacaq, öyrəniləcək, araşdırılacaq, gələcək nəsillərə ərməğan ediləcəkdir.»

Elmi sessiyada AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev "Rəsul Rza: poeziyamızın klassiki və müasiri", Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov "Rəsul Rza və ana dili" mövzularında məruzələrlə çıxış etdilər.

AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov çıxışında 8 il ərzində Azərbaycan Ensiklopediyasında ustad şairin rəhbərliyi altında çalışdığı günlərdən söz açdı: "İllərin necə ötüb-keçməsindən xəbərim olmayıb. Rəsul müəllimlə birgə işlədiyim o unudulmaz günlər haqqında xatirələrimi yazıb kitab şəklində çap etdirmişəm. O, dönməz, alovlu mücadilə şairi idi.

Xatırlayıram ki, 60-cı illərin ortalarında Azərbaycanın böyük mütəfəkkiri Rəsul Rza başına topladığı gənc dostları və bir qrup tərəqqisevər ziyalılarla birlikdə ölkəmizdə ilk dəfə olaraq ensiklopediya nəşri kimi olduqca mürəkkəb və xalqın oyanışı, maariflənməsi üçün çox gərəkli olan bir fəaliyyət sahəsinin təməlini qoydu. Müvafiq elmi araşdırmalar və poliqrafiya bazasının olmadığı şəraitdə Rəsul Rza və onun ensiklopediyaçı dostları özlərinin misilsiz vətənpərvərliyi, milli təəssübkeşliyi sayəsində gecəni gündüzə qataraq, az vaxt içərisində, bir-birindən mürəkkəb olan çox böyük çətinliklərin öhdəsindən gəldilər. Ən adi terminoloji lüğətlərin belə olmadığı şəraitdə milli tariximizi, ədəbiyyatımızı, incəsənətimizi, coğrafiyamızı və bir çox başqa sahələri əhatə edən ensiklopediya sözlükləri hazırlanıb çap olundu: "Azərbaycan Ensiklopediyası"nın ilk beş cildinin məqalələri sifariş olundu, yazıldı, redaktə olundu, dəfələrlə rəyə göndərildi, ensiklopediya ətrafında mübahisələr uzandıqca yeniləşdirildi, təkmilləşdirildi... O zamankı kommunist Azərbaycanında elmin, xüsusilə milli tarixin, ədəbiyyatın, incəsənətin və digər sahələrin, poliqrafiyanın, terminologiyanın nöqsanları da üzə çıxdı; illüstrasiya və xəritəçilik sahəsində böyük çətinliklər və boşluqlar olduğu, hətta o vaxta qədər Azərbaycanın tarix xəritələrinin belə hazırlanmadığı aşkara çıxdı; ilk dəfə olaraq Azərbaycanın tarix xəritələri hazırlandı və Kiyevdə nəşr olundu; Azərbaycan və rus dillərində "Azərbaycan SSR xəritələri" atlası nəşr olundu; ölkədə ilk xəritə fabrikinin əsası qoyuldu; İçərişəhərdə Ensiklopediya binasının tikilməsinə və bu binanın girəcəyində milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin heykəlinin ucaldılması üçün qızğın hazırlıq işlərinə başlandı; ilk dəfə olaraq bütün arxeoloji xəritəsi yaradıldı; Qobustanın qaya təsvirləri - misilsiz tarixi abidələrimiz daş karxanalarının "ağzından" çıxarıldı; poliqrafiyamız ensiklopediya nəşri üçün ilkin hazırlıq vəziyyətinə salındı, hətta ilk milli Ensiklopediyasının nəşri üçün mətbəə şriftləri də sifariş olunub hazırlandı; nəhayət, 1970-ci ildə ilk Azərbaycan Ensiklopediyasının 1-ci cildi çapdan çıxdı. Lakin nə yazıqlar ki, bu böyük hünər - milli ensiklopediyamızın nəşrinin baş tutması və bununla da xalqın ən cəsarətli ziyalılarının dünyagörüşünü əks etdirən qüdrətli bir mənəvi abidənin yaradılması hakim Kommunist rejimindən qidalanan, imtiyazlar və bəxşişlərlə bəslənən moskvapərəst qüvvələrin, yazdıqları əsərlərdəki antiazərbaycan mövqelərindən əl çəkmək istəməyən mühafizəkar ziyalıların Ensiklopediyaya və Rəsul Rzaya qarşı birləşməsi ilə nəticələndi. Özlərini rəsmi ideologiyanın köməyinə yetirənlər gün-gündən artdı. Çox çəkmədən Rəsul Rzanın Yazıçılar İttifaqındakı "dostları" və hakim ideologiyanın Ensiklopediyanın içərisindəki nümayəndələri də bu "cəbhəyə" qoşuldu, şər qüvvə daha da gücləndi. Azərbaycan ensiklopediyasına, daha doğrusu, milli oyanışımıza qarşı şər qüvvələrin Bakı-Moskva-Yerevan üçbucağı yarandı…

Əsas zərbə Ensiklopediya və onun baş redaktoru olan Rəsul Rzaya qarşı yönəldildi. Çünki ilk dəfə olaraq vahid Azərbaycan ideyası, Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsi fikri, Bakı Kommunasının və daşnak Şaumyanın anti-Azərbaycan siyasəti, xalqımıza qarşı törədilmiş soyqırımları, XI Qırmızı Ordunun Bakı əməliyyatı və Şimali Azərbaycanın işğal olunması, Azərbaycanın tarixi sərhədləri və bunun tarix xəritələrində əks olunması XX əsrin əvvəllərində xalqı azadlıq və dirçəliş yoluna çıxaran Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tarixi rolunun obyektiv qiymətləndirilməsi, Azərbaycan xalqının mənşəyi, xalqımızın tarix boyunca yayılmış olduğu geniş ərazilərin tarixi-coğrafi məntəqələrinin, Türk dünyası tarixinin Ensiklopediyada əks olunması - bütün bunlar, bir sözlə, bu gün xalqımızı düşündürən və uğrunda mübarizə apardığımız bir çox problemlər hələ o zaman Azərbaycan ensiklopediyasının Baş redaksiyası və onun ətrafında toplanmış mütərəqqi ziyalılar tərəfindən qaldırılmış, Universitetdə, Akademiyada və bütünlükdə Respublikada gedən ictimai-siyasi mübarizənin, elmi müzakirələrin əsas mövzularına çevrilmişdi. Xalqın sözünü hər yerdə, bütün şəraitlərdə ucadan söyləməyə cəsarəti və təpəri çatan, zəngin erudisiyaya malik olan böyük mütəfəkkirimiz, Azərbaycan Ensiklopediyasının baş redaktoru Rəsul Rza və onun əqidə dostları gedirdi bu mübarizənin önündə. Xalqımızın Moskvadakı və Yerevandakı düşmənləri, habelə öz içimizdə yuva salan bədxahlar, ara vermək biləmyən imzasız məktubların müəllifləri nə adlar vermirdilər, nə yarlıklar yapışdırmırdılar Rəsul Rzaya?! Həmin dəhşətli ittihamların mübtədası da, xəbəri də bu sözlərlə bitirdi: "pantürkist", "panislamist", "qardaş Azərbaycan və erməni xalqlarının arasına nifaq salmağa çalışan", "Ermənistandan torpaq istəyən", "burjua millətçisi", "sovet dövlətinin və Rusiyanın düşməni" və s. və i.a.

Bütün bunlar, əlbəttə, hadisələrin görünən tərəfi idi. İçəridə - lap dərinlərdə isə geniş kütlələrə məlum olmayan daha ağır, daha təhlükəli proseslər gedirdi. Məsələ burasında idi ki, Azərbaycana o zaman imperiyanın və erməni millətçilərinin bütün hiylələrinə bələd olan güclü bir şəxsiyyət - Heydər Əliyev rəhbərlik etməyə başlamışdı. Bu, Azərbaycandan yeni-yeni ərazilər qoparmağa çalışan erməni "başbilənlərini" çox narahat edirdi. Məhz buna görə də Azərbaycanın daxilində olan ermənilərdən və onlardan daha betər olan öz "ermənilərimizdən" istifadə edən Yerevan və Moskva erməniləri Azərbaycan rəhbərliyini gözdən salmaq, ona zərbə vurmaq üçün fürsət axtarırdılar. Ziya Bünyadova qarşı qaldırılmış şiddətli "qalmaqaldan" sonra, ümumiyyətlə Azərbaycan ziyalılarına və respublika rəhbərliyinə "millətçi" damğası yapışdırmaq üçün ermənilərin əlinə növbəti fürsət düşmüşdü. Daha doğrusu, bu fürsəti onlara daxilimizdəki satqınlar - öz "ermənilərimiz" vermişdilər. Məhz belə bir vəziyyətdə - çox mürkkəb şəraitdə Heydər Əliyev müdrik siyasət yeridərək Azərbaycanın mübariz ziyalılarının böyük bir nəslini, o cümlədən əsas hədəf olaraq seçilmiş dahi mütəfəkkirimiz Rəsul Rzanı nəinki qoruyub saxlaya bildi, hətta ona Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adın da verilməsinə nail oldu.»

Çıxışçı vurğuladı ki, bir çox böyük işlərilə yanaşı, Azərbaycanda xəritə fabrikinin yaradılması, Qobustanın xilası da Rəsul Rzanın xidmətlərindəndir. "Ondan böyük irs qaldı - dil mədəniyyəti və cəsarət, novatorluq və dözüm…"

Tədbirdə çıxış edən professor Zümrüd Quliyeva problemlərimizin çözülməsində Rəsul Rzanın görünən yerindən söz açdı.

Sonda ustad şairin ailəsi adından xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək elmi-sessiyanın təşkilatçılarına, məruzəçi və çıxışçılara, eyni zamanda, tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Vurğuladı ki, Rəsul Rzanın 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlərdə edilən məruzələrin, müxtəlif çıxışların bir əsas cəhəti var ki, onları dinlədikcə çağımızda şairin yaradıcılığına gerçək baxışın formalaşdığına əminliyimiz artır. Sovet dönəmində onun yaradıcılığına birtərəfli baxış var idi. İndisə həqiqətlər açılır. Rəsul Rzanın ilk mətbu şeirlərindən biri "Bolşevik yazı"dı. Şerin ideyası, aşıladığı məqsəd odur ki, Kürün suyundan məqsədli istifadə edək, bu suyu bolluq yaratmaq üçün işlədək. Bu günün özündə də şairi düşündürən həmin problem durur. İndi Kürün suyu daşır, ətraf kənd və qəsəbələr su altda qalır… Mənim üçün xoşdu ki, Rəsul Rzanın yaradıcılığı bu gün Rəsul Rzanın özünün istəyincə incələnir, açılır. Artıq bu mərhələ yetkinlik çağını yaşayır, get-gedə bu tendensiya daha qabarıq şəkildə önə çıxır…"

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may .-S.1, 3.