Rəsul
Rza və ana dili
Rəsul Pza Azərbaycan SSR-in o zamanlar Baş Sovet adlanan Ali Sovetinin ikinci sessiyasının iclasındakı çıxışında demişdi: "Mən bilmirəm, "Kommunist" qəzeti hansı əsasa görə və haqla maliyyə, vətəgə, təpə, məhsul, həvəs, fincan sözləri varkən, finans, promısel, sopka, produkt, stimul, çaşka və bu kimi sözləri özbaşına bizim dilimizə soxur? Nə üçün traktorçu sözünün əvəzinə traktorist yazmaq lazımmış. İş o yerə çatır ki, qəzet işçilərimiz, "kapitalist okrujenisi" şəklində bütün bir cümləni olduğu kimi dilimizə doldururlar. Bu misalların sayını çox artırmaq olardı. Yevropa, İndiya və bu kimi".
Aşağıdakı sözləri də Rəsul Rza həmin iclasda deyib: "Bir neçə adam dilin taleyini həll edə bilməz. Dilin böyük bir qoruyucusu var, o da xalqdır. Sovet xalqı öz ruhuna uyğun olmayan qondarma sözləri böyük bir bacarıqla unudur. Bir xalqın dili o xalqın tarixi deməkdir. Bu tarixə etinasızlıq göstərmək istəyənlər, yenilik pərdəsi altında onu eybəcərləşdirmək istəyənlər xalq tərəfindən nifrətlə qarşılanırlar ki, insan üçün də bundan daha böyük bir cəza yoxdur. Bir adamın nifrəti yüngül külək kimi iz buraxmadan keçib gedir, lakin xalqın nifrəti, özü kimi böyük və ölməzdir".
Bu sözləri
deyəndə Rəsul Rzanun 29 yaşı var idi. Respublika
Baş Sovetinin deputatı idi. "Kommunist" qəzeti
Azərbaycan Kommunist (bolşevikər) Partiyasının,
Baş Sovetin, Xalq Komissarları Sovetinin orqanı idi.
1938-ci repressiya illərindən bircə il
ötmüşdü. Rəsul Rzanın rədd elədiyi
sözlərin hamısı "qardaş xalq"ın dilindən
alınmış sözlər idi. Belə bir şəraitdə,
belə bir iclasda belə sözlər demək, hətta həmin
məqamda "soxur", "doldururlar" kimi vulqarizmlər
işlətmək çox böyük cəsarət tələb
edirdi və hər oğulun hünəri deyildi.
Böyük
xalq şairi ömrünün sonuna kimi ana dilinin xidmətində
olub, keşiyində durdu. Öz ölməz əsərləri
ilə bu gün də həmin şərəfli vəzifəni
yerinə yetirməkdə davam edir.
Unudulmaz şairimiz Rəsul
Rzanın 100 illiyinin keçirildiyi bu günlərdə ana
dilinin saflığının qorunması, ədəbi və
bədii dilimizin inkişafındakı böyük xidmətləri
barədə düşüncələrimi oxucularla, xüsusən,
onu sağlığında görməyən gənclərlə
bölüşmək üçün bu məqaləni
yazmağı özümə borc bildim.
Rəsul Rza və ana dili
mövzusunun 2 tərəfi var: vətəndaş-alim kimi və
vətəndaş-şair kimi Rəsul Rzanın ana dilinə
xidməti.
Ana dilinin milli
varlığını və ruhunu qorumaq Rəsul Rza
üçün bütün ömrünü əhatə edən
şərəfli bir vəzifə olmuşdur.
Yenə 1939-cu il
Rəsul Rzanın sədr olduğu Yazıçılar
İttifaqının təşkil etdiyi dil müşavirəsində
məruzəçi şairin özüdür. Məruzə
bütünlüklə aktual dil, hətta mən deyərdim,
dilçilik məsələlərinə həsr olunub.
Rəsul Rzaya
görə ən mühüm dil problemi, nəinki şairin
dövrü üçün, bu günün özündə
də aktuallığını itirməmiş olaraq qalan
lüğət tərkibi və onun zənginləşməsi
yollarını tapmaq məsələsi idi. Şair bir dilçi-filosof
alim kimi çox doğru olaraq göstərirdi ki,
"şüurun əsas elementi olan dil ictimai dəyişikliklər,
tarixi inkişaf nəticəsində şüurun özü
kimi dəyişir və irəliləyir" və dediyini
tarixi faktlarla əsaslandırırdı: "Böyük
fransa revolyusiyası zamanında fransız dili o qədər dəyişmişdi
ki, Napoleon Bonapart və ondan sonra gələn fransa
padşahları dilin köhnə aristokrat qayda və çərçivələrinə
qayıtması üçün xüsusi qanunlar verməyə
məcbur olmuşlardı. Lakin canlı həyatı
əks etdirən dil geri qayıtmadı. Pol
Lafarq yazırdı ki, "XVIII əsrin
yazıçıları ölən dilin yatağı
qarşısında bir şəfqət bacısı kimi
oturub akademik qərarların köməyi ilə bu xəstənin
ömrünü uzatmaq istəyirdilər".
fransada artıq başa
çatmış hadisə Rusiyada başlamışdı. Əməlli-başlı
ali təhsil görməyən 29
yaşlı gənc şair-alimin bundan da xəbəri var idi:
"XVIII əsrin axırlarında Rusiyada bir qrup adam vardı
ki, vitse-admiral Şişkovun başçılığı
ilə onlar necə olursa-olsun rus dilini fransız sözlərindən
təmizləmək istəyirlərdi. Karamzin və
onun tərəfdarları da rus dilini saf bir hala salmağa
çağırırdılar. Onlar rus
dilinin kəlisa-slavyan dili olduğunu iddia edirdilər.
"Qaloş" sözünü atıb "mokrostup",
"bulvar" sözünün əvəzinə
"qulyat" sözündən "qulvar" işlətmək
və bu kimi axmaq iddialar irəli sürürdülər".
Bəlli
olduğu kimi, dili gəlmə və gətirmə sözlərdən
təmizləmə ideyası purizm adlanan xüsusi bir hərəkat
kimi Türkiyədə də özünü göstərmişdir.
Bəs
şair-alimin vətəni Azərbaycanda necə? Rəsul Rza bunu
müşavirə iştirakçılarına belə təqdim
etmişdi: "Bilirsiniz ki, belə bir cərəyan bizdə də
vardı, revolyusiyanın ilk illərində bütün azərbaycanca
olmayan sözlərin hamısını Azərbaycan sözləriylə
əvəz etmək istəyənlər vardı. Onlar aeroplana "uçquc", samovara
"qur-qur", paravoza "buğla gedən" deyir və
bu kimi yönəmsiz sözlərlə dili düzəltmək
istəyirdi. Sovet xalqı belə dil alimlərini
rədd etdi. Ancaq bu gün də
yuxarıda göstərdiyim cərəyanları diriltmək
istəyənlər var.
Bu adamlar dili təmizləmək
bayrağı altında dilə girmiş bütün ərəb
və fars sözlərini atmağı təklif
edirlər. Yaxud dilimizi saflaşdırmaq pərdəsi
altında dili dəmir hasar içinə almaq, ona heç bir
yeni sözün gəlməsinə imkan verməmək istəyirlər.
Bu təşəbbüslərin hər ikisiylə
bir burca fikri kimi mübarizə aparmaq lazımdır. Biz ərəb,
fars, osmanlı dillərinin təsiri ilə
mübarizə deyəndə, o dillərin vaxtilə dilimizə
soxulmuş ruhu ilə mübarizə məsələsindən
danışırıq. "Şayani-diqqət",
"hissi-qəbləlvüqu" və bu kimi xalqımıza
yad olan, xalq tərəfindən mənimsənməmiş,
xalqın dilinə girməmiş, dilimizin ruhuna uymamış
sözlərin və ifadələrin dildən qovulmasından
danışırıq. Bu işdə solçuluq edənlər
və məsələnin mahiyyətini anlamayıb Azərbaycan
dilini ancaq Azərbaycan sözlərindən ibarət bir dil etmək
istəyənlər zərərli iş görürlər."
Şair dediklərini konkret
dil materialı ilə əyaniləşdirir və əsaslandırırdı:
"Bəzi adamlar ərəb və fars dillərinin təsiri
ilə mübarizə pərdəsi altında dilimizi
anlaşılmaz sözlərlə doldururlar. Mən
soruşuram: kasıb, ağıllı, sovqat, fəhlə,
fabrik, sovet və yüzlərlə belə sözləri
işlədəndə kim bu sözlərin
Azərbaycan sözü olmadığı barədə
düşünür? Kim bu sözləri
anlamır? Dilin qüdrəti də orasındadır ki,
onillər sürən ərəb istilası, fars
təzyiqi, osmanlı təsiri altında öz ruhunu
saxlamışdır. Xalqımız ərəblərdən,
farslardan, osmanlılardan və başqa millətlərdən
aldığı sözləri özünün dil süzgəcindən
keçirərək, onları Azər-baycan dilinin ahənginə,
qanunlarına uyğunlaşdıraraq elə bir hala
salmışdır ki, indi çox çətinliklə o
sözlərin ibtidai halını axtarıb tapmaq olar".
Ali Sovetdəki
çıxışında olduğu kimi,
yazıçıların dil müşavirəsindəki məruzəsində
də Rəsul Rzanın əsas tənqid hədəfi ən
yuxarı partiya və dövlət qəzeti olan
"Kommunist" qəzetidir. Burada əksəriyyəti rus dilindən
gətirmə olan lüzumsuz sözlərin
siyahısını 6 dəfə yarım artırmaqla bərabər,
cümlələr də həmin mövqedən tənqid
edilir: "Kommunist" yazır ki, "Qlavneftsbıtın
Kaspi dənizində neftdaşınması üzrə müvəkkilliyi
böyük tonnaclı tankerlərin prostoy etməsinə səbəb
olur". Bu gətirdiyim misallar
savadsızlıqdır, yoxsa cinayətdir? Mənə
elə gəlir ki, bunların içində hər ikisi
vardır. Görün qəzetdə gedən səhvlər
haqqında təshihi necə verirlər: "Qəzetimizin 10
iyul tarixli "Pravda"nın Sosyalist
heyvandarlığının yeni yüksəlişinə
doğru" sərlövhəli baş məqaləsinin
birinci sütununun başdan ikinci abzasının yuxarıdan
ikinci sətrindəki "XVIII Qurultayda XVII Qurultayda
oxunmalıdır". Aydın bir şeydir ki,
belə təshih oxucunu təzədən elə
dolaşdıracaq ki, yazıq bayaqki bir səhvin əvəzində
indi bütün cümləni bir daha oxuyub heç nə
anlamayacaqdır".
Rəsul Rzanın
"Kommunist" qəzetini belə kəskin tənqid etməsi
səbəbsiz deyildi. Bu haqda məruzəçi özü belə yazır:
"Bunu da yaddan çıxarmaq olmaz ki, "Kommunist" qəzeti
nüfuzlu qəzetdir, rəhbər qəzetdir. Onlarla
mərkəz və rayon qəzetləri, aşağı
partiya və sovet işçiləri, fəhlə və
kolxozçu ziyalılar ondan öyrənirlər. Bunun üçün də "Kommunist" qəzetində
buraxılan səhvlərin üstündən keçmək
olmaz".
Ana dilinin
lüğət tərkibinin, onun əsas lüğət
fondunun qorunması uğrunda o, öndə qeyd etdiyimiz kimi,
davamlı mübarizə aparmışdır. 1961-ci ildə şair irihəcmli
"Uzaq illərin yaxın töhfələri" adlı məqaləsində
yazmışdı: "… dilin yiyəsi bir ovuc avantüristlər,
canilər deyil, xalqdır! fitnəkarlar,
canilər məhv olub gedir. Xalq qalır. Xalqın dil sərvəti qalır. Bizdə isə, görürsən, xalq
qarşısında heç bir məsuliyyət duymayan adamlar,
mənşəyi doğma dilimizdən götürülən
neçə-neçə sözü, kəlməni
"uf" demədən qoparıb atırlar. Bəzən də biz konkret təfəkkür
forması olan dilimizdə mövcud bəzi kəlmələri
elələri ilə əvəz edirik ki, onları işlətməyə
utanırsan".
Rəsul Rza ana dilinin əsas
lüğət fondunu qorumaqla bərabər, onun inkişaf
etdirilməsini, zənginləşdirilməsini əsas vəzifələrdən
sayırdı: "Dilimizin lazım olmayan kəlmələrlə
zibilləndiyindən danışmaq heç də dili
qıfıl altında saxlayaraq, ona heç bir yeni kəlmə
və terminin gəlməsinə yol verməmək deyil". O
özü dilimizin lüğət tərkibini 10-larla, bəlkə
də 100-lərlə yeni söz və deyimlərlə (ifadələrlə)
zənginləşdirmişdi (bu haqda konkret olaraq bir az irəlidə).
Şairin bir
dilçi alim kimi ana dilinin qrammatik quruluşu, şəkilçiləri,
söz birləşmələri haqqında da dəyərli
fikirləri var. Onun "Mülahizələr" adlı məqaləsi
başdan-başa qrammatikaya aid aktual məsələlərə
həsr edilmişdir. Məsələn, öz təyini əvəzliyinin
işlənmə məqamları üzrə onun çox dəqiq
müşahidələri var. Həmin müşahidələrdən
biri: "Hələ də bir məntiqi və semantik gərək
olmadan təsdiqedici əlavə sözlər bol-bol işlədilir.
Özü, özünün, özünə və
bu kimi. Müşavirə işini
qurtardı yerinə "Müşavirə öz işini
qurtardı" yazırıq, deyirik. "Əhməd
oğluna nəsihət elədi" yerinə "Əhməd
öz oğluna nəsihət elədi".
Şair-alim öz
sözünün işlənmə yerini dəqiq müəyyənləşdirir:
"Bəzən bu "öz" sözü gərək
olur. Məsələn, belə bir cümlədə: "Əhməd
uşaqların mübahisəsinə qulaq asdı, öz
oğlunu danladı", ya "Əhməd kitablar arasından
öz kitabını götürdü". Dilçiliyə
dair kitablarda mən belə dəqiqləşdirməyə
rast gəlməmişəm.
Dilimizin sifət nitq hissəsində
sifətləndirmə dərəcəsinin əlaməti
üzrə onun müşahidəsi diqqətə layiqdir:
"qırmızı", "düz",
"yaşıl" sözlərinə "qıp",
"düm", "yam" əlavələr etməklə
onların mənasında yeni şiddət, daha artıq məna
çalarları yaranır: "qıpqırmızı",
"dümdüz", "yamyaşıl". Burada tədqiqi və izahı gərək olan bir hal
da var. Bütün belə qoşalaşdırmalarda əlavə
hissə əvvəl, sözün əsli sonra gəlir -
"yumyumşaq". Yalnız ağ
sözündə əlavə ikinci sıraya keçir:
"Ağappaq". Niyə?" Doğrudanda niyə? Məgər
apağ demək olmazmı?
Rəsul Rzanın dilimizə
əsla uyğun gəlməyən izafət tərkibli söz
birləşmələri haqqında dedikləri də tamamilə
doğrudur: "Əhvali-ruhiyyə, rifahi-hal, sərf-nəzər,
nöqteyi-nəzər, tərcümeyi-hal və bu kimi. Belə sözlərin bəzisini anlaşımlı
Azərbaycan sözü ilə əvəz etmək olar və
lazımdır. Məsələn,
"rifahi-hal" yerinə "dolanacaq" demək daha
yaxşı deyilmi? "Güzəran"
sözü də daha aydın və dilə
yatımlıdır". Yeri gəlmişkən qeyd edim
ki, bu 5 izafət tərkibindən 3-ü artıq ədəbi
dilimizdə ovqat, güzəran, baxım sözləri ilə əvəzlənib,
sərf-nəzər son dərəcə az işlənir, tərcümeyi-hal
isə hələlik ədəbi dil normasına çevrilməsə
də ömürlük sözündə öz
qarşılığını tapmaqdadır.
"Mülahizələr"
məqaləsində müəllif dilçiliyin
sözyaradıcılığı sahəsinə aid fikirlərini
bildirib: "Hansı məntiqlə "səciyyə
daşıyır" demək olar, "vurğun kəsildim"
demək olmaz. "Duymaq"dan "duyum"
sözu yaratmaq niyə qəbahət olsun?"
"Olmaq" sözü var, "ölmək" sözü
var. Hansı məntiqlə "olum" sözünü rədd
edib "ölüm" sözünu işlətməliyik?
Deyirlər: çünki belə demirlər. Nə
olsun, demirlər, deyərlər".
Böyük sənətkar
bu sualları verməkdə tamamilə haqlı idi. Dilimiz də,
dilçilik elmimiz də bu suallara artıq müsbət cavab verib.
Rəsul Rza böyük rus
yazıçısı Turgenyevin, habelə Puşkinin qrammatik
səhvlər barədə dediklərini xatırladaraq
yazmışdı: "Bunlar sözgəlişi
deyilmişdirmi? Yox! Bu, qrammatik qaydalara
etinasızlıq çağırışıdırmı?
Yox. Bu, olsa-olsa, dilin canlı
bir orqanizm olduğuna, daim zənginləşmə, təkmilləşmə
prosesində olduğuna işarədir. Qrammatik
qaydalar mövcud dil əsasında yaranır. Dilin qanunauyğunluqlarını sistemləşdirir,
bir sözlə, dil materialından doğur. Bu gün səhv sayılan bir ifadə, söz, tərkib
sabah varlığını doğrulda bilər".
Dilimizin elə
bir məsələsi, dilçiliyimizin elə bir sahəsi
yoxdur ki, onlar böyük şairin diqqətini cəlb etməmiş
olsun. Hətta sintaqmatik fonetika, punktuasiya sahələrinə
aid olan durğu işarələri məsələsi də
onun diqqətindən yayınmayıb. Onun sözləridir:
"… mən prinsipcə belə hesab edirəm ki, durğu
işarələrindən imtina etmək məqsədəuyğun
deyil" ("Kanonları pozaraq" məqaləsindən).
Şairin digər
məqalə və çıxışlarında, ana dili
haqqında, onun çeşidli müsahibələrində də
dəyərli mülahizələr var. Təbii, onların
hamısından qəzet çərçivəsində bir məqalədə
danışmaq çətindir. Amma mən onun Azərbaycan SSR Ali
Sovetinin 1956-cı ilin 20 avqustunda keçirilən iclasında
dediklərini oxucularımıza çatdırmaq istəyirəm:
"Dilimizi hər cür təcavüzdən qorumaq lazımdır.
Ona gündəlik praktiki işimizdə daha
artıq yer vermək, onun daha geniş dairədə işlənməsi
üçün lazım olan bütün şəraiti
yaratmaq lazımdır".
Əziz şairimiz, ana dilinin
böyük qayğıçəkəni və təəssübkeşi
arxayın ola bilər ki, onun arzuları vətəni
müstəqil Azərbaycanda artıq tamamilə yerinə
yetirilmiş və həyata keçirilmişdir.
* * *
İndi də
vətəndaş-şair kimi Rəsul Rzanın ana dilinə
xidməti barədə.
Vətəndaş-şair,
hər şeydən öncə ana dilinin lügət tərkibinin
öz daxili imkanları hesabına zənginləşməsinə
fikir verirdi. Onun əsərlərində başqa dillərdən
alınmış bir dənə də neologizmə (yeni
sözə) mən rast gəlməmişəm. Maraqlıdır ki, alınma sözləri gəlmə
və gətirmə (hər iki termin
özününküdür) olmaqla iki yerə
bölürdü. Özü bu haqda heç nə deməsə
də, yazmasa da, hiss etmək çətin deyil. Gəlmə
sözlərə o, dilimizdə artıq sabitləşmiş,
semantik və fonetik baxımdan dilimizin qanunlarına tamamilə
uyğunlaşmış sözləri daxil edirdi: onun məqalələrində
adları çəkilən ağıl, kitab, qələm,
kağız, məktəb və s. sözlər. Gətirmə
sözlərə gəldikdə isə, dilimizdə
qarşılığı olan, heç bir ehtiyac olmadan,
süniliyi uzaqdan görünən sabor (kilsə), kupol
(qüllə), kaşa (sıyıq), geroik (qəhrəmancasına,
qoçaq), təht (alt, aşağı), qəbl (əvvəl,
öncə), vüqu (vaqiə) və s. kimi sözləri nəzərdə
tuturdu. Rəsul Rza bunlardan birinciləri qəbul,
ikinciləri isə inkar edirdi. Tamamilə
haqlı olaraq.
Şairin yaratdığı
və əksəriyyəti artıq ədəbi dilə daxil
olmuş ana dilli mənşəli sözlər olmuşdur:
özümləşmək, özümlü, gətirmə,
bəlirmək, bəlir, gərəklik, nəğmələnmək,
ayrılış, eşidimli, doyumsuz, öyrənc,
çağdaş, sənətdaş, əsrdaş, çimərlik,
uçarlıq və onlarla, bəlkə, yüzlərlə
belə sözlər.
R.Rza bədii
dilimizdə bir ucu "Kitabi-Dədə Qorqud"a gedib
çatan perifrastik felləri də ilk işlədəndir (Bəlli
olduğu kimi, bu fel forması feli sifətlə "olmaq"
köməkçi felinin birləşməsindən
yaranır: gəlmiş olmaq, yatmış olmaq, gələr
olmaq və s.)
"Bəlkə yarım gələr
oldu" şerindən bir parça:
Dərələrdən
ağır duman sürünür,
Göy yamaclar ağ
örpəyə bürünür.
O aydırmı
çıxdı qara buluddan,
Yoxsa yarım
gözlərimə görünür?
Əsmə, külək, əsmə
külək!
O dağlarda bir az yuban!
Əyil, budaq, bəlkə
yarım
Gələr
oldu bu yollardan.
"Gəldi"
yox, məhz "gələr oldu".
Bu gözəl
misraların yaratdığı təbiət mənzərəsinin
oxucuların təsəvvüründə bir lövhə kimi
canlanmasında "gələr oldu" fel formasının həlledici
rol oynadığı şübhəsizdir.
Dilçilik
terminləri ilə desək, bədii dilin leksik və qrammatik
vasitələrinə aid şairin başqa əsərlərindən
də belə çoxlu örnəklər gətirmək və
hər birinin konkret təhlilini vermək olar. Amma nəinki
yalnız bədii dilimizin, eləcə də ədəbi
dilimizdə sözlərin semantik, yəni məna
baxımından zənginləşməsində böyük
şair-vətəndaşın bənzəri olmayan xidmətləri
vardır.
Semantik
baxımdan zənginləşmə dedikdə, mən
sözün məna dairəsinin genişləndirilməsini nəzərdə
tuturam. Rəsul Rzanın bütün əsərlərinə
xas olan bu poetik üsul, şairin vaxtilə çox
böyük mübahisələrə səbəb olan, əslində
isə ədəbiyyatımızı dünya miqyasına
çıxaran "Rənglər" şeir silsiləsində
özəlliklə güclüdür. O bu şeir silsiləsində
22 rəngin (ağ, şirmayi, boz, gümüşü,
püstəyi, mavi, xurmayı, tünd qəhvəyi,
narıncı, kürən, qızılı, sarı, saman
sarısı, bənövşəyi, badımcanı, sürməyi,
çəhrayı, alqırmızı, firuzəyi,
innabı,sumağı, qara), 4 əsas rəngin (ağ, mavi,
qırmızı, qara) 6 məna çalarlarının
(sevinc, məhəbbət, təsəlli, ümid, inam, dərd)
poetik mənaları verilir.
Şairin rənglərə
münasibəti də maraqlıdır. Onu rəngin
fiziki mənasından daha çox, poetik, fəlsəfi,
psixoloji, ictimai mənaları maraqlandırır. Bunu ağ, mavi, qırmızı, qara rənglərin
məna çalarlarının adları da təsdiq edir. O da
diqqəti çəkir ki, çaları verilən rənglərin
hamısı əsli sifətlərdir. Şairin
rəngləri seçməyində də diqqəti çəkən
cəhətlər var. Göründüyü kimi, bu rənglərin
siyahısında əslən rəng olan yaşıl rəngin
adı yoxdur. Düzəltmə,
özü də isimdən düzələn sifətlərin
sayı isə 3-4 dəfə çoxdur.
Rənglər
həmişə Rəsul Rzanın maraq dairəsində olub.
Yaradıcılığında rənglərə həsr
olunmuş əsərləri çoxdur: "Rənglər aləmində",
"Rəngli ulduzlar", "Həyat adamı",
"Gördüm", "Həyatdan parça" və s.
şeirləri rəng bildirən sifətlərin poetik
açımıdır. Amma şairin rənglərə
həsr olunmuş əsərlərinin apofeozu, heç
şübhəsiz, orta formatlı kitabın cəmi 9 vərəq
yarımını tutan "Rənglər" şeir silsiləsidir.
Rəsul Rza bu şeirləri 2 ilə yazıb
(1960-1962). Çox ağır əməyin bəhrəsi
olan bu dastanın (mən belə düşünürəm)
elə başlanğıcından bəlli olur ki, müəllifi
Azərbaycan dilində özümlü yeri olan rəng
adları semantikasının hansı məsələləri
maraqlandırır:
Ağ, qara, sarı,
yaşıl, qırmızı -
Hərəsi
bir sınaqla bağlıdır.
Biri həsrətimizi
xatırladır,
Biri dərdimizi,
biri arzumuzu.
Bu qeyri-adiliyi deyəndən
sonra, şair həmin qeyri-adiliyin mənşəyini,
kökünü arayır:
Kim bunu ilk dəfə
demiş:
Qara - matəm,
Qırmızı - bayram,
Sarı nifrət
rəmzi imiş.
Kim bilir, kefinin nə
vaxtında,
Kim olmuş, rəngləri
belə damğalayıb,
Belə
ayıran.
Qırmızı qan da ola bilər,
Bahalı üzük
qaşı da,
Göz
yaşı da.
Doğrudan da,
rəng adlarının hamısı çoxmənalı
sözlərdir. Dilimizin izahlı lüğətlərində qara
sözünün 14, sabit söz birləşmələri
daxilində daha 10, ağ sözünün
8, sabit söz birləşmələri daxilində daha 9,
qırmızı sözünün 6, sabit söz birləşmələri
daxilində daha 3 mənası var və s.
Rəsul Rza
özünün rənglər silsiləsində mənaların
sayını iki, bəzilərinkini qat-qat çox
artırmışdır. Hamısı da siyasi,
ictimai, poetik səviyyələrdə. Məsələn,
qara rəng:
Namərd
düşmən.
Şüurdan
gizlənən qorxu.
Əbədi
ayrılığın ağrısı.
Yaşamaq
üçün sürünənlərin çoxu.
Ağ yalan.
Dodaqları
yandıran ah.
Ləkəli
sözlər.
Qaranəfəs
olmuş ceyranın əti.
Bir də
bəzi insan niyyəti.
Bu misraların
hamısında qara rəngin kölgəsi var: qara qorxu, qara sabah, qara camaat, qara yaxmaq. Ceyran ətində
bu daha aydın duyulur. "Qaranın dərd
çaları"nı "Kor bulaqlar, ovsuz ovlaqlar, odsuz
ocaqlar, yaşayan ölülər, ölməli sağlar, dili
ali məclislərdən qovulan, qolları
buxovlu olan qəbilələr, xalqlar"
açımlarında isə biz doğrudan da kədərli
hisslər keçiririk, qəmli hisslər
yaşayırıq.
"Sarı"
şeri də sözün həqiqi mənasının
açımı və əyaniliyi ilə seçilir. Şeirdən bəzi
misralar:
Dolu dənli
sünbül dənizi.
Payıza
bürünmüş ağaclar.
Payını
güclülər yemiş aclar.
Məhəbbətə ləkə
salan
Cingiltili metal
Simlərin fəryadı.
Burada
sünbüllə yanaşı, xəzəlin, acların
solub-saralmış sifətlərinin, qızılın
sarı simin rənginin nəzərdə tutulduğu aydın
hiss olunur.
Rəng
adlarının linqvistik (dil) açımları, izahları
bizə məlumat verirsə, poetik açımları bizi
duyğulandırır və həyəcanlandırır.
Öncə
dediyim kimi, "Rənglər" silsiləsi 1960-62-ci illərdə
yazılmışdı və o zamanın adı oxucu kütləsi
üçün müəyyən dərəcədə
anlaşılmaz, qorxaqlar üçünsə "müəmmalı"
olması tamamilə təbii idi. "Kürən" rəngini isə
ikincilər böyük təşvişlə
qarşılamışdılar:
Arxadan
vurulmuş bıçaq.
Bahalı
buxov-qolbaq.
Tünd mavidə
gizlənmiş yaşıl.
Kiçiyin
ögey qardaşı.
"Rənglər"
silsiləsinə daxil olan bütün şeirlər belə
"ağla çətin gələn" məcaz-açımlarla
zəngindir.
Rəsul Rza rəng
adlarını mənaca zənginləşdirdiyi kimi sayca
artmasına da öz bənzərsiz məcazları ilə diqqət
yetirmişdi.
Şeirlərindən birindəki "Gözləri
sevgi rəngli" misrasında olduğu kimi.
Rəsul
Rzanın bu gün də yeri görünür. Ulduz sözü ola-ola
dilimizə star (Azəristar - Azərbaycan ulduzu ola-ola),
dükan ola-ola şop (Beybi Şop - uşaq dükanı
ola-ola), bazar ola-ola market, neft ola-ola oyl (Salyanoyl - Salyanneft əvəzinə)
və s. onlarla belə sözlər gətirənlərə
o, öz sözünü deyərdi. 70 il
öncə dediyi sözləri.
Ağamusa Axundov,
Akademik
Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.3, 4.