İllər, sətirlər
…Rəngi
saralmış köhnə
vərəqlərdən belə
Nəsimi şeri haqq, həqiqət, ədalət, yüksək
humanizm şəfəqləri
ilə parlayır. Onun insan azadlığını,
insan təfəkkürünün
təntənəsini tərənnüm
edən sətirləri
bu gün də hər biçimli, hər geyimli müstəbidlərə
qorxunc bir xəbərdarlıqdır. Nəsiminin əsrlərin
dolaşıq yollarında
didərgin düşmüş
səsini bir ahəng düzümündə
toplamaq, onun sözlərini, yazılarını
axtarıb tapmaq, toplamaq, dünya poetik fikrinin bu cəsarətli, dönməz nəğmələrini
bilməyənlərə eşitdirmək,
tanımayanlara tanıtmaq
müqəddəs
vəzifəmizdir. Suriyaya
- Hələbə, Türkiyəyə,
İrana, güman gələn hər yerə adamlar göndərib Nəsimi irsini təmkin və inadla axtarıb tapmaq, toplamaq gərəkdir. Vaxt gələcək, həqiqət yolunda fikir azadlığı yolunda qurban getmiş böyük Azərbaycan şairi Nəsiminin tunc heykəli yüksələcəkdir.
Bu heykəlin qarşısında qoyulacaq
ən dəyərli hədiyyə onun ana dilində və onlarca başqa dildə nəşr edilmiş tam toplu əsərləri
olacaqdır. Böyük
bayrama bu gündən hazırlaşaq.
1969
…Musiqiçi Üzeyir Hacıbəyovla yazıçı Üzeyir Hacıbəyov haqqında danışmaq, onları müqayisə etmək mənim üçün çox çətindir. Bilmirəm, bəlkə də Üzeyir bəy musiqi sahəsində belə nadir istedad sahibi olmasaydı, ədəbiyyat sahəsində yaratdıqları ona tarixdə ölməz sənətkar kimi qalmağa imkan verərdi.
Yada salın Üzeyir bəyin musiqili komediyalarını, bu sənət incilərinin əvəzsiz musiqisini bir kənara qoysaq belə, onlar çox dəyərli ədəbi məhsullar kimi ən yüksək qiymətə laiyqdirlər.
Özümü çox xoşbəxt sayıram ki, 1939-cu ildə, mən Azərbaycan Yazıçılar İttifaqının sədri olarkən Üzeyir Hacıbəyovu sıralarımıza qəbul etdik. O, Azərbaycan Yazıçılar İttifaqının üzvü oldu.
Elə adamlar var ki, onların
doğum tarixi xalqa və hamıya
bəllidir. Elə dahi adamlar var
ki, onların həyat yolu bütün təfərrüatları
ilə bizə bəllidir. Biz bilirik ki, Bethoven, Motsart
və Şekspir nə vaxt doğulub. Biz bilirik ki, Üzeyir
Hacıbəyov nə
vaxt doğulub. Biz bilirik ki,
Müslüm Maqomayev nə vaxt doğulub.
Ancaq kim
bu böyük insanların ölüm tarixini göstərə bilər?
Bir böyük bəstəkar,
bir böyük yaradıcı kimi Üzeyir Hacıbəyov, eləcə də sadaladığım o nadir sənətkarlar
ölümsüzdürlər. Mən xəyalən
uzaqlara - gələcək
illərə baxıram.
Və oralarda Üzeyir Hacıbəyovun ölüm
tarixini görmürəm.
Çünki o, doğma xalqının,
onlarca başqa xalqın qəlbində yaşayır. Xalqlar ölməzdir.
Üzeyir bəy
ölməzdir.
1965
Ədəbiyyat qəzeti.- 2010.-
14 may.- S.2.