Cəfər Xəndan klassiklərimiz haqqında

 

Cəfər Xəndanın ədəbiyyata gəldiyi illər (1930-1950) yeni ruhlu, yeni məfkurəli ədəbi prosesin çox sürətlə inkişaf etdiyi bir dövr idi. Yeni şerin, yeni nəsrin və yeni dramaturgiyanın yeni üfüqlər fəth etdiyi kimi, yeni ədəbi tənqid də bu inkişafı ardıcıl olaraq tənzimləyir, təhlil və təqdir edirdi.

Ədəbiyyatşünaslıqda Məmməd Arif, Mikayıl Rəfili, Əli Nazim, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmməd Cəfər, Mir Cəlal, Cəfər Xəndan və b. həm klassik irsi tədqiq edir, həm müasir yazıçıların yaradıcılıq laboratoriyasını öyrənir, onları zamanın tələbi səviyyəsində dəyərləndirirdilər. Bunlardan biri də C.Xəndan idi. Belə ki, o, həm müasirləri ilə ayaqlaşan şeir də yazır, gündəlik ədəbi duruma mətbuatda münasibətini də bildirir, eyni zamanda, müəllimlik edir, dərsliklər yazır və hətta rəsmi vəzifələr də (o zamankı APİ, sonra ADU-da rektor) aparırdı.

C.Xəndan müasir ədəbi prosesi diqqətlə izlədiyi kimi, eyni zamanda klassik irsi də mükəmməl öyrənir və mətbuatda ardıcıl çıxışlar edirdi. Həm klassiklərin, həm də müasirlərinin ədəbi-nəzəri fikrinə yiyələndiyi və qarşılıqlı izlədiyi üçün məktəblərimizdə də ədəbiyyat nəzəriyyəsi dərsliyini məhz Cəfər Xəndan yazmışdır.

Görkəmli ədəbiyyatşünasın məqalələrinin bir qismini oğlu mərhum şairimiz Rəfiq Zəka 1972-ci ildə kitab kimi çap etdirmişdir. Həmin kitabda müəllifin həm klassiklərimiz, həm müasirlərimiz, həm də ədəbiyyatın ədəbi-nəzəri problemlərinə dair məqalələri toplanmışdır. Həmin məqalələrdən aydın duyulur ki, C.Xəndan müasir ədəbiyyatla nəfəs aldığı kimi, klassik irsi də diqqətlə izləmiş, Nizami, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, Ə.B.Haqverdiyev, A.Səhhət, C.Cabbarlı haqqında çox dəyərli, ümumiləşdirilmiş fikirlər söyləmişdir.

Bəllidir ki, 1930-cu illərin ikinci yarısından başlayaraq dahi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyinə o zamankı SSRİ-də və dünyanın mütərəqqi fikirli ölkələrində hazırlıq gedirdi. Lakin alman-sovet savaşı yubileyi dayandırdı, bəzi tədbirlər görülsə də, yubiley yarımçıq qaldı və 1947-ci ildə keçirildi. C.Xəndanın məqaləsi də elə bu ərəfədə çap olundu. Yubileyə hazırlıqda fəal iştirak edən C.Xəndan məqalədə görülən və görüləcək işlər haqqında müfəssəl bilgi verir və Nizami "Xəmsə"sinin müxtəsər məğzini açır, şairin ədəbi-mədəni-sosial və fəlsəfi dünyagörüşünü dəyərləndirir, eyni zamanda, lirik şeirlərinin həcmi haqqında da qənaətlərini söyləyir.

Məqalə, ümumiyyətlə, şairin həm yubileyi, həm də ədəbi irsi haqqında aydın təsəvvür yaradır.

Cəfər Xəndanın elmi-nəzəri məqalələrindən biri Mirzə fətəli Axundova həsr olunmuşdur. Azərbaycan klassiklərindən biri - dahi mütəfəkkir və filosof M.F.Axundovun dünyadan köçməsinin 60 illiyinə həsr etdiyi bu yığcam məqalədə C.Xəndan onun ədəbi irsi haqqında müxtəsər bilgi verdikdən sonra böyük ədibi Şərqdə dramaturgiyanın banisi, yeni mündəricəli nəsrin yaradıcısı, dərin məzmunlu traktatında qaldırdığı problemlərin mahiyyət və məzmununu açır. Axundovu şair, nasir, dramaturq və tənqidimizin bünövrəsini qoyan nəzəriyyəçi kimi səciyyələndirir. Zamanına görə ateist baxışlarını bəzən qabartsa da, Axundovun dünyagörüşünə düzgün yanaşmış, onu sənətdə yenilikçi və islahatçı kimi doğru dəyərləndirmişdir. M.f.Axundovun yaratdığı bu ədəbi məktəb sonrakı ədəbi şəxsiyyətlərə ciddi təsir göstərmiş, M.Ə.Sabir və Mirzə Cəlil kimi realistlər ustalıqla davam etdirmişlər.

C.Xəndan M.Ə.Sabir haqqında həm məqalələr yazmış, həm də "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlı 436 səhifəlik, Sabirin adına layiq monoqrafiya yazmışdır.

Müəllif  "Fəxrimiz" adlı məqaləsində Sabir satirasının bəzi məqamlarına diqqəti yönəldir və onun yaşadığı dövrdə üç inqilabın baş verdiyini, lakin məğlub olsa belə, sabaha ümid doğurduğunu önə çəkmişdir.

C.Xəndan Sabir irsi ilə uzun illər məşğul olmuş və onun haqqında yazdığı monoqrafiyada şairin poetikası, yaradıcılığında tendensiya və ifşa üsulları, ümumiyyətlə şeir və şair haqqında, şairin romantikası, Sabir yaradıcılığında folklordan və canlı xalq ifadələrindən istifadə yolları adlı fəsillərdə geniş və ətraflı bəhs etmişdir.

Qeyd edək ki, C.Xəndanın vəfatından sonra çap olunan bu monoqrafiyaya qədər də şairin haqqında xeyli dəyərli məqalə və monoqrafiyalar yazılmışdır. Ancaq Cəfər Xəndanın bu dəyərli monoqrafiyası öz həcmi və mükəmməlliyi ilə seçilir.

Sabir satirasının bir sıra özəlliklərindən geniş bəhs edən C.Xəndan şairi yalnız satirik və ifşaçı kimi deyil, həm də romantik şair kimi də təqdir edir. Müəllif dəlillərlə tənqidi realizmlə romantik duyğuları çarpazlaşdırır.

Mirzə Cəlildən ("Mirzə Cəlil") söhbət açan müəllif onun Molla Nəsrəddinin adını təxəllüs götürməsinin və jurnalının adını "Molla Nəsrəddin" qoymasını açıqlayır. Çünki Molla Nəsrəddin adı bütün Şərq dünyasında və müəllifin dediyi kimi, islam aləmində məşhur idi, həm də Molla Nəsrəddin xalqın öz dilində danışırdı. Xalqın dilini qorumaq üçün Molla Nəsrəddinin dili lazım idi.

C.Xəndan bu yığcam və məzmunlu məqaləsində millətin qəflət yuxusundan oyanması haqqında Mirzə Cəlilin necə böyük amallarla yaşadığını felyetonlarından gətirdiyi tutarlı misallarla təsbit edir.

Abbas Səhhət poeziyasından söhbət açan C.Xəndan şairin vətənpərvərlik ruhunda yazdığı şeirləri önə çəkir, onu Sabirlə yanaşı xatırladır. Sabirlə Səhhətin yaradıcılıq üslubları müxtəlif olsa da, amalları eyni idi.

Cəfər Xəndan daha çox tədqiqatçıların fikrini A.Səhhətin ədəbi irsini diqqətlə araşdırmağa və şairə obyektiv qiymət verməyə yönəldir. Çünki bəzi tənqidçilər "A.Səhhətin yaradıcılığı ziddiyyətlidir, panislamizm təsirinə qapılır, real mübarizələri görmür" - kimi şairə xas olmayan fikirlərdən irəli gedə bilmirdilər.

C.Xəndan onları şairin milli ruhlu şeirlərinə və "Əhmədin qeyrəti" poemasına yönəldir və şerindən belə bir misal da çəkir:

 

Şişə çəksəz diriykən ətimi

Atmaram mən Vətəni, millətimi.

Məsləkim tərcümeyi-halımdır,

Lütf-haqq qareyi-amalımdır.

 

Müəllif diqqəti A.Səhhətin romantikasına yönəldir, onun poetik vüsətini önə çəkir və yüksək dəyərləndirir. Eyni zamanda, Səhhətin tərcüməçilik fəaliyyətinə diqqəti cəlb edir. Beləliklə, Cəfər Xəndan Səhhətin zəngin yaradıcılığını; şeirlərini, pyeslərini, uşaq əsərlərini bütövlükdə araşdırıb doğru-düzgün qiymətləndirməyi ehtiva edir.

1957-ci ildə Abbas Zamanov Məhəmməd Hadinin "Seçilmiş əsərləri"ni Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çap etdi. Bu münasibətlə Cəfər Xəndan M.Hadinin əsərlərinin 20-ci illərdən sonra ilk dəfə çap olunduğunu xatırladıb xüsusi məqalə yazdı.

Cəfər Xəndan kitaba daxil olmuş şeirlərin məziyyətlərindən, şairin romantik duyğularından, eyni zamanda, dilinin qəlizliyindən, ərəb-fars tərkiblərinin çoxluğundan bəhs etməklə, sadə və aydın dildə yazılmış şeirlərini də təqdir edir və misal da göstərir:

 

Məyus olma, amandır,

Məyus olmaq yamandır.

Qorxaq diləksiz yaşar

Millətim qəhrəmandır.

 

Məqalə müəllifi tərtibin bəzi nöqsanlarını da haqlı olaraq göstərir və gələcək nəşrində təkliflərini də verir, kitaba daxil olmayan bir sıra şeirlərin mənbəyini də göstərir. Tənqidçi kitaba verilən lüğətin nöqsanlarını da qeyd edir. Bütövlükdə isə kitabın nəşrini təqdir edir.

Cəfər Xəndan 1955-ci ildə ali məktəblər üçün "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi yazdı. Dərsliyin əvvəlində XX əsr mətbuatını ideya istiqamətinə görə təsnifləşdirib təhlil edən müəllif demokratik mətbuatın məramını önə çəkib təqdir edir. Müəllifləri isə əqidəsinə görə ayırmadan hər biri haqqında ümumiləşdirilmiş oçerklər vermişdir; Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Şəbustəri, Əliqulu Qəmküsar, Əli Nəzmi, Süleyman Sani Axundov, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi.

Əslində bu sənətkarların yaradıcılıq üslubları müxtəlif olsa da, məramları çökməkdə olan Romanovlar sülaləsindən milləti xilas etmək, xalqlar və millətlər arasında hüququnu və yerini müəyyənləşdirmək idi.

Dərslik müəllifi hələlik qarşısına belə bir məqsəd qoymuşdur ki, XX yüzildə yazıb-yaradan bu görkəmli sənətkarların ədəbi-bədii yaradıcılıqları ilə ali məktəb tələbələrini tanış etsin. Onu da xatırladaq ki, XX yüzildə çoxsaylı mətbuatda çap olunan yazarlar çox olmuşdur. Onların məsləkləri də "Anamın kitabı"nda (Mirzə Cəlil) deyildiyi kimi çox müxtəlif idi. Müəllif heç şübhəsiz, onları məramına görə araşdırıb seçərkən çox diqqətlə yanaşmış, istedadına və vətəndaşlıq qayəsinə görə dəyərləndirməyi qarşısına məqsəd qoymuşdur.

Cəfər Xəndanın dərsliyə daxil etdiyi yazarların əksəriyyəti "Molla Nəsrəddin" jurnalının ətrafına toplaşanlar idi və onların məsləki də bəlli idi; milləti qəflət yuxusundan, xurafatdan oyatmaq, kütləni maarifləndirmək, yoxsullara haqqını anlatmaq, balalarını məktəbə, təhsilə təşviq etmək, millətin müxtəlif zümrələrini sabahkı inqilabi mübarizəyə hazırlamaq. Bu yöndə demokratik mətbuatın fəaliyyəti və mübarizəsi əvəzsiz idi.

Buna görə də müəllif "Molla Nəsrəddin" jurnalına xüsusi yer ayırmışdır. Jurnalın nəşrinin hazırlanması haqqında yığcam bilgi verən müəllif onun elə birinci nömrəsində məramını önə çəkmiş və Mirzə Cəlilin məşhur kəlamını yada salır: "Molla Nəsrəddin"i zəmanə özü yaratdı" - deyir, şəraiti də izah edir: "Və elə ki, fürsət ələ düşdü, o zaman kı, azadi-tələb firqələr müharibədən zəif düşmüş Nikolay hökumətinin üstünə hücuma başladılar, o vaxt biz də vaxtdan istifadə edib, özümüz üçün bir zəminə axtardıq ki, orada biz də öz dərdlərimizi deyə bilək".

Mirzə Cəlil jurnalın adı kimi üslubca desək, satira yolunu seçdi. C.Xəndan satira janrının bir sıra özəlliklərini önə çəkərək jurnalın ətrafına da bu üslubda yazan ədib və şairlərin topladığını vurğuladı.

Cəfər Xəndan "Molla Nəsrəddin"lə yanaşı o zamankı demokratik mətbuat haqqında da müfəssəl bilgi verir və müəlliflərlə əməkdaşlığına xüsusi diqqət yetirirdi.

"Molla Nəsrəddin"dən xeyli sonra "Zənbur", "Kəlniyyət", "Tuti", "Babayi-Əmir" kimi demokratik məsləkli jurnalların nəşrini də təqdir edən müəllif onların səhifələrində gedən yazılara diqqəti cəlb edir.

Cəfər Xəndan dərsliyə daxil etdiyi hər bir yazıçı haqqında zəngin məzmunlu oçerk, onların həyatı və yaradıcılıq qayəsi haqqında ümumiləşdirilmiş bilgi vermişdir. Müəllif öncə "Molla Nəsrəddin"i ərsəyə gətirən Cəlil Məmmədquluzadə haqqında ətraflı və məzmunlu oçerklə yanaşı Mirzə Cəlilin XX yüzilin əvvəlindən başlayaraq ictimai-siyasi və ədəbi-bədii mühitdə geniş fəaliyyəti, gərgin yaradıcılığı, həyatının əsas məqamları, nəsr yaradıcılığı, dramaturgiyası, eləcə də "Ölülər", "Anamın kitabı", "Kamança", "Dəli yığıncağı", "Danabaş kəndinin məktəbi" əsərlərinin ətraflı təhlilini vermişdir.

Həmin illərdə Mirzə Cəlilə qarşı cəmiyyətdə ikili münasibətin kök saldığını yada salsaq, C.Xəndanın bu təqdiredici məqaləsi tələbələr üçün çox dəyərli və məqbul idi.

"Molla Nəsrəddin" ədəbi məktəbinə mənsub olan sənətkarlardan biri Əbdürrəhim bəy Haqverdiyevdir. Cəfər Xəndan Haqverdiyevin 40 illik ədəbi yaradıcılıq fəaliyyətinə çox diqqətlə yanaşmış, onun həyatının əsas məqamlarını, yaradıcılığının ayrı-ayrı mərhələlərini ümumiləşdirib məzmunlu bir oçerk yazmışdır. Tədqiqatçı Haqverdiyevin yaradıcılıq fəaliyyətini üç dövrə bölür:

1. 1882-ci ildən 1905-ci il rus inqilabına qədər;

2. 1905-ci il rus inqilabından 1920-ci ilə qədər;

3. 1920-ci ildən 1933-cü ilə - vəfatına qədərki dövr.

Hər dövrün müxtəsər xülasəsini verən müəllif "Hacı Daşdəmir", "Yeyəsən qaz ətini, görəsən ləzzətini", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri Cadu" və "Ağa Məhəmməd şah Qacar" pyesini təhlil etmişdir. Bu pyeslər C.Xəndanın qeyd etdiyi kimi, Haqverdiyevi bir dramaturq kimi tanıtmışdır. C.Xəndan bu əsərlərin ideya-bədii məziyyətlərini, sənətkarlıq səviyyəsini də üzə çıxarıb dəyərləndirmişdir.

Ə.Haqverdiyev ədəbi fəaliyyətinin 3-cü mərhələsində də irili-xırdalı yazdığı "Millət dostları", "Kimdir müqəssir", "Ac həriflər", "Xəyalat" və başqa pyeslərini yazmışdır. C.Xəndan bu pyeslərə də müxtəsər diqqət yetirdikdən sonra sonrakı mərhələdə ədibin daha çox nəşr əsərlərinin bəzi özəlliklərini önə çəkir. Xüsusən "Şeyx Şaban", "Marallarım", "Xortdanın cəhənnəm məktubları" əsərlərinin məziyyətlərini üzə çıxarır. C.Xəndan bütövlükdə Haqverdiyev ədəbi irsinin başlıca özəlliklərini ümumiləşdirməklə 40 illik fəaliyyətini yüksək dəyərləndirmişdir.

Müəllif Nəriman Nərimanovun ictimai-siyasi, ədəbi-bədii fəaliyyətinə xüsusi fəsil ayırmışdır. Qeyd edək ki, 1930-cu illərin sonlarından başlayaraq N.Nərimanovun adı heç bir rəsmi sənəd olmadan qadağan edilmişdir. 1950-ci illərin ortalarından başlayaraq Nərimanov yenidən xatırlanır və tədqiq edilir.

C.Xəndan məqalənın birinci hissəsində N. Nərimanovun həyatı, təhsili, daha çox Bakıda, Həştərxanda, Moskvada ictimai-siyasi fəaliyyəti haqqında mənbələrə əsaslanan bilgi verir, həm də bir həkim kimi xidmətini dəyərləndirir.

İkinci hissədə ədəbi-bədii yaradıcılığından bəhs edir və göstərir ki, Nərimanov mollanəsrəddinçilərə yaxın olan realist məfkurəli ədibdir. O, üç dram əsərinin, bir povest və romandan əlavə xeyli felyeton və publisist əsərlər yazmışdır.

C.Xəndan "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərinin hər birindən ayrıca bəhs etmiş, pyeslərdə qaldırılan problemlərə də nəzər yetirmişdir. Eləcə də "Bahadır və Sona", "Pir" əsərlərinin də təhlilini vermişdir.

Müəllif N.Nərimanovun mollanəsrəddinçilərlə əlaqələrinə də müəyyən yer ayırmış, onlara olan hüsn-rəğbətini aydınlaşdırmışdır. Cəfər Xəndan N.Nərimanovun ictimai-siyasi və ədəbi-bədii fəaliyyətinə ilk dəfə olaraq hörmət və ehtiramla yanaşmış, onun xalq qarşısındakı xidmətini yüksək dəyərləndirmişdir.

Böyük romanlar müəllifi M.S.Ordubadinin zəngin ədəbi-bədii fəaliyyətinə diqqətlə yanaşan C.Xəndan ədibin həyat və fəaliyyətinin vacib məqamlarını üzə çıxarmağa nail olmuşdur. Müəllif Ordubadinin satirik şeirlərinə və felyetonlarına diqqəti yönəltdikdən sonra iri həcmli romanlarının ideya mündəricəsini açmağa nail olmuşdur: "Bədbəxt milyonçu", dörd cilddən ibarət "Dumanlı Təbriz", "Döyüşən şəhər", "Gizli Bakı" və iki hissədən ibarət "Qılınc və qələm" romanları haqqında yığcam bilgi verir. Və bu əsərlərlə Azərbaycanda tarixi roman janrının əsası qoyulduğunu qeyd edir.

Ordubadinin arxivi ilə yaxından tanış olan C.Xəndan onu da qeyd edir ki, 50 ildən artıq çox məhsuldar yaradıcılıqla məşğul olan bu ədibin qələmindən çıxan mətbu və qeyri-mətbu əsərlərin sayı altı minə çatır.

Şeirlərini Sabirin satirik üslubunun təsiri ilə davam etdirən M.Ə.Möcüz Şəbüstərinin həyat və yaradıcılığı haqqında ilk dəfə olaraq Cəfər Xəndan bilgi verir. Və onu da qeyd edir ki, Rusiyada baş verən inqilabi hərəkat İranda da özünü göstərirdi. Bu da Möcüz kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərirdi. Belə bir məqamda Möcüz ana dilində şeirlər yazır, İran irticasını, kütlənin geriliyini, ağır güzəranını, savadsızlığını, qadınların dözülməz şəraitini şairin dili ilə kəskin şəkildə tənqid edirdi. C.Xəndan Möcüzün satirik şair kimi bütün yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirir, "Molla Nəsrəddin"lə əlaqəsinə geniş yer verir. Sabirlə Möcüzün üslub və mövzu yaxınlığını müqayisə edir, maraqlı nəticələrə gəlir.

"Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi satirik şair Əli Nəzmi irsinə nəzəri cəlb edən C.Xəndan onun "Molla Nəsrəddin" jurnalından əlavə "Zənbur", "Bəhlul", "İqbal", "Tərəqqi" jurnal və qəzetlərində iştirakını izləmiş, Sabirdən sonra ən istedadlı satirik kimi səciyyələndirmişdir.

C.Xəndan Sabirlə Əli Nəzmini misallarla müqayisə edib bir-birinə çox yaxın olduğunu təsbit edir və C.Məmmədquluzadədən gətirdiyi bir məşhur fikri yada salır: "Mövzu və məzmunda müştərək olmalarından savayı "Molla Nəsrəddin"ə müxtəs bu iki ləzzətli şairi kəlamın məzə və şirinliyi barəsində biz həmişə bir-birinə oxşatmışıq… Biz bunu qəti deyə bilərik ki, "Molla Nəsrəddin" dünyasında "Molla Nəsrəddin"ə yaraşan şivənin məzəliliyi və duzluluğunda, məharət və lətafətdə Sabirə yavuq gələn və ona əvəz olan birinci Məşədi Sijimqulu Kefsiz olubdur".

C.Xəndan Mirzə Cəlilin bu fikirlərini davam etdirərək Əli Nəzminin felyeton və satirik şeirlərinin bütün məziyyətlərini izləyib, onu XX əsrin böyük satiriki kimi dəyərləndirir.

C.Xəndan XX əsr ədəbiyyatında S.S.Axundovun və A.Şaiqin yaradıcılığına xüsusi səhifələr ayırmış, S.Sanini hekayə ustası və dramaturq kimi səciyyələndirmiş, ədibin "Qorxulu nağıllar"ından ayrıca bəhs etmişdir.

Müəllif A.Şaiqi şair, nasir, dramaturq, maarif xadimi və uşaq ədəbiyyatının ən yaxşı yaradıcısı kimi dəyərləndirmişdir.

Eləcə də C.Xəndan Abbas Səhhət və Məhəmməd Hadinin həyat və yaradıcılıqlarının ayrı-ayrı məqamlarını önə çəkmiş, hər ikisini qüdrətli söz ustadı kimi ümumiləşdirmişdir.

C.Xəndan XX əsr Azərbaycan ədəbiyyatını və mətbuatını (əlbəttə, 20-ci illərə qədər) mükəmməl araşdırmış, çox mürəkkəb, ziddiyyətli dövrə aydınlıq gətirmiş, ədəbi mühit haqqında aydın təsəvvür yaratmışdır.

 

 

Qara Namazov

 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.5.