Kərəm

 

İmdat Avşar 1967-ji ildə Kırşəhər-Kamanda doğulmuşdur. İlk və orta təhsilini burada alan yazıçı 1989-ju ildə Kırşəhər Yüksək Ali Təhsil müəssiəsini bitirdikdən sonra Malatiya və Ərzurumda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1993-97-ji illər arasında İnönü Universitetində, 1997-99-ju illərdə isə firat Universitetinin Sosial Elmlər İnstitutunda ali təhsil almışdır. 1999-ju ildən İğdır və Kayseridə İbtidaii təhsil üzrə inspektor vəzifəsində çalışan yazıçının 2007-ji ildən şeir və hekayələri "Kardeş kalemler", "Göybayraq", "Şəhriyar", "Qardaşlıq"(Kərkük), "Bayraq"(Bağdad), Ulduz(Azərbayjan), "Qırğız ədəbiyyatı"(Qırğızıstan), "Ulduz"(Qazaxıstan) kimi curnallarda dərj olunmuşdur. Yazıçının "Kardeş Kelemler"də yayımlanan hekayə və şeirləri, qırğızja, qazaxja, türkmənjə, Krım tatarja, və azəri türkjəsinə çevrilmişdir. Eyni zamanda azəri türkjəsi, qırğız və türkmənjədən hekayə və şeirləri türk dilinə çevirən Avşarın bu çevirmələri Türk dünyasının ortaq ədəbi orqanı olan "Kardeş kelemler" curnalında nəşr olunmuşdur. İmdat Avşar Azərbayjan ədəbiyyatının görkəmli nümayəndələrindən Anarın "Kərəm kimi" və Elçin Əfəndiyevin "Baladadaşın məhəbbəti" adlı əsərlərini türk dilinə çevirmişdir. Yazıçı keçmişdən bu günədək azəri ədəbiyyatının nümunələrindən seçmə bir "Azərbayjan hekayələri" adlı antologiya tərtib etmişdir ki, bu antologiya TİKA tərəfindən "1000 ildə 1000 hekayə" adı ilə yayımlanmışdır.

Arazın kənarındakı düzənlikdə çılpaq bir təpənin yamaclarında salınmışdı bu kənd. Araz baharda coşub ətrafı selə bassa da, hər yay bərəkət gətirib nazlana-nazlana kəndin kənarından axardı…

Uşaqlığı da, cavanlığı da bu kənddə keçdi Kərəmin… Quru qamışları bir-birinə bağlayıb gəmilər, ərzaq torbasının kənarını yırtaraq o gəmilərə bayraqlar hazırladı. Gəmilərə ümidlə "salam" doldurub Xəzərə göndərdi illərlə: "Suuu, su! Xəzərə salam apar qucaq dolusu!"

Araz illlərlə başını qayalara vura-vura həsrətini çəkdiyi bir diyara axıb getdi. Hər bahar sahilində yenidən uzandı qamışlar. Neçə bahar durnalar gəldi, neçə payız durnalar getdi. Əkinlər də Kərəmlə bərabər boy verdi Arazın kənarında. Çobanyastığılar, lalələr, sünbüllər yenidən bitdi. Əkinlərə, sünbüllərə, çiçəklərə qarışdı, uzandı, böyüdü Kərəm…

 

***

 

Kəndə iki jandarm gəldi, əllərində bir topa kağız vardı. Muxtarı çağırıb zərflərin üstünü bir-bir oxudular. Jandarmlar adları oxuyur, muxtar cavab verirdi:

- Kənddə deyil.

- O da yoxdu, İstanbuldadır…

- Kərəm Dəmir.

- Burdadır, aha, ordakı cavandır, - Kərəmi göstərərək muxtar cavab verdi.

Əskərlərin ətrafında toplaşan kiçik basırığa doğru yürüdü Kərəm.

- Ay Hüseyn əmi, məni niyə axtarırlar?

-Ay Kərəm, sən hələ yekəlmədin? Yaşın iyirmiyə çatıb. Sənin tayların evlənib arvad-uşağa qarışdı. Sən hələ Arazın qırağında quzu otarırsan? Komandir deyir, əskərliyin çatıbdı.

Muxtarın söylədiklərini eşidəndə Kərəmin gözləri işıldadı. Qürurlandı, əliylə kəkilini düzəltdi, çiyinləri köynəyinin içinə sığmadı.

- Ver görüm, Hüseyn əmi, əskərliyimi harda çəkəcəm.

Muxtarın əlindəki zərfi aldı, tələsik açdı. Yazılanları sonadək oxumadı. Böyük hərflərlə yazılan "İstanbul"u görəndə sevindi.

İstanbul! İstanbul! Təvəkkül əmimin yanına gedərəm! -gülərək düşündü.

Əmi, dayı, bibi, xala, əqraba Kərəmi bir-bir dəvət etdilər. Yemədiklərini Kərəmə yedirtdilər, geymədiklərini geydirdilər, əllərinin aşağı olmasına baxmayıb cibinə xərclik qoydular…

Bir səhər anası ağlayaraq arxasınca bir tas su atdı:

-Araz kimi çağla get, Araz kimi çağla gəl.

Maşın bir zamanlar insan qaynaşan köhnə su dəyirmanının önündən yola düşdü. Geridə ayırılığın acısıyla yellənən hüzünlü əllər, bir də Kərəmin heç kimə söyləmədiyi könül ağrısı qaldı.

Maşın dönərək kəndin yuxarısındakı çılpaq təpənin üstünə çıxanda Kərəm aşağıda qalan kəndə uzun-uzadı baxdı. Qovaqlar yamyaşıl pöhrə vermiş, əriklər bəmbəyaz çiçəyə bürünmüşdü. Xəfifcə əsən külək əkinləri, otları gah yatırıb, gah qaldırır, toxunduğu çobanyastığılardan, lalələrdən aldığı qoxunu dörd bir yana yayırdı…

Qışda kənd cansıxıcı olurdu. Evlər adamın üstünə gəlirdi. Getmək, uzaq yerlərə getmək istəyirdi Kərəm. Əsgərlik məsələsi heç fikrinə gəlməmişdi. Baharda kənddən ayrılmaq, böyük bir dağ kimi köksünə çökdü birdən. Bozbulanıq Araz bir yanardağ olub içinə axdı.

Yaxınlıqdakı düzənlikdə balaca bir uşaq gördü. Əlində dəyənəyi, yanında köpəyi, körpə quzuları otarırdı. Birdən maşını saxlatdırıb enmək istədi. "Ah, mən də bu düzənlikdə bir çoban olsaydım"- deyə ürəyindən keçdi. Birdən böyüdüyünə min dəfə peşiman oldu. Taksi sürətlə şütüyərkən sanki bədənindən ruhunu çıxarır və kiçik bir çobana döndərib o uşağın yanına buraxır Kərəmi…

Araz hər bahar olduğu kimi asiydi, qəzəblə kükrəyib daşırdı. Yüyənsiz bir ayğıra bənzəyirdi, bu mövsüm qarşısında durmaq mümkün olmurdu. Torpaq yoldan çıxıb asfaltda sürətlə irəliləyərkən Arazdan dəstə-dəstə havaya uçan bir durna qatarına gözü sataşdı. Yoldaşından ayrılmış bir yaralı durnaydı Kərəm. Qanadlandırdı ürəyini, qoşuldu durnalara və son dəfə süzdü kəndin üstündə. "Durnalar, durnalar gəlir" söylədi pıçıltıyla.

Terminalda, avtobusun yanına gələndə ətrafında əsgər yola salanlara gələnlərə baxdı. Aralarında tanış bir üz axtardı. Qürurla İstanbula düşdüyünü deyəcəydi. Bir tanış görmədi. Ürəyi kövrəldi və kəndinə tərəf baxdı. Kənd uzaqda qalmışdı. Kənddən tək çıxmışdı, burda ona əl yelləyən də yox idi. Ürəyinə bir qəriblik duyğusu çökdü. Basırıqdakı yaşlı bir qadını anası yerinə düşünüb əllərini şüşəyə dayadı və yavaş-yavaş yellədi.

Avtobus doğma torpaqdan sürətlə uzaqlaşdı. Kərəm Arazın tərsinə - sürətlə qürbətə doğru getdi.

 

***

 

Soruşa-soruşa bölüyü tapdı. Özünəinamla, qürurla qapıdakı növbətçiyə vərəqi uzatdı.

- Burdan gedəcəksən, ikinci bölük yazılan yerdi - qarovuldakı növbətçi söylədi. Yazqabağı idi. Kərəmə əsgər paltarları verdilər. Aynada özünə uzun-uzadı tamaşa etdi, özünə salam verdi, güldü…

Düzlən, farağat! Yat, qalx, sürün, qaç, dur, hoppan… farağat, azad! Qısa müddətdə alışdı Kərəm.

Bir gecə ikiqat halda gəldi Sərvət. Ayaq üstə dura bilmirdi. Kərəmi səslədi:

Növbətçiyəm, xəstələndim, növbədə durası halım yoxdu, mənim yerimə…

Kərəm təlaşla yatağından qalxdı, tələsik geyindi: Sən get yat -dedi,- mən yerinə növbə çəkərəm.

Gecə səssiz-səmirsiz idi. Növbətçilər qarşılıqlı fit çalır, Kərəm yoldaşının yerində, boşluğu doldururdu. Uzaqdan üç adam göründü. Yaxınlaşdılar. Gələn komandir idi. Komandir əlindəki kağıza baxdı, qaşları çatıldı.

-Sərvət bərk xəstədi, komandirim- deyə bildi, amma komandir söz anlayana oxşamırdı.

-Eləmi? Mənim niyə xəbərim yoxdu! -dedi. Növbə bitəndə yoldaşını da götür gəl.

Öndəki dağların zirvəsi yavaş-yavaş qızarırdı, növbə əvəzlənməsi çatdı, Kərəm növbəni təhvil verdi. Kazarmaya gəldi. Sərvət hələ yatmamışdı, vəziyyəti başa saldı, geyinməyinə kömək etdi. Sərvətin qoluna girdi və komandirin yanına getdilər.

Komandir hirsliydi. Sərvətin vəziyyətinin ciddi olduğunu anladı, ona bir şey demədi, amma Kərəmə çevrilib:

-Niyə mənə xəbər vermədin?-deyərək bir şillə vurdu, -indi çıxın bayıra- dedi və əlavə etdi - sənsə elə indicə tibb otağına qalx…

Sərvət daha böyük bir ağrı hiss etdi. Kərəmə söykənməsəydi yıxılacaqdı. İkisi də danışa bilmədi. Kazarmaya büdrəyə-büdrəyə gəldilər.

Kərəm yerinə yıxıldı, nahara qədər o anı hər an yenidən yaşadı. Sərvətin xəstəxanaya aparıldığını günorta bildi. O gün Sərvət getdi və bir daha gəlmədi.

Sərvət olmayanda daha qarışıq, anlaşılmaz oldu İstanbul. Yönünü təyin edə bilmədi Kərəm. Uzaqdakı köşklər, saraylar, məscidlər, çeşmələr mənasını itirdi. Zehnində bir-birinə qarışdılar.

Günlər su kimi axıb keçdi. Kərəm əsgərliyi bitirmişdi. Paltarını geydi və arxada qalan kazarmalara baxaraq irəlilədi. Nizamiyədən çıxıb getmək istəyirdi ki, birdən arxadan bir əl çiyninə toxundu.

Döndü. Sərvət idi! Gülürdü… qucaqlaşdılar, ayrıldılar, bir dəfə də qucaqlaşdılar. Sərvət: "Gəl, gəl, İstanbul bir igid də görsün" -dedi

Yaxınlıqda qara bir maşın dayanmışdı. Maşina tərəf yeridilər, şofer keçib qapını açdı, mindilər. Araba sürətlə ayrıldı Nizamiyədən, yarım saatdan sonra bir fabrikin qabağında dayandı.

-Sən mənim qardaşımsan, Kərəm. Burda istədiyin işdə çalış, qalası yerin də var, çalış burda, getmə-dedi.

Kərəm bir kəndi, bir də burdakı imkanları düşündü. Getsəm kənddə nə işlə məşğul olacam ki. - Yaxşı, çalışaram -söylədi.

...Bir gün Sərvət yanına gəldi.

"Kərəm,-dedi, -bu fabriki satırıq. Mən də ölkə xaricinə gedəcəm…."

Kərəm alışmışdı. Sanki bir baharda Araz daşdı, tarlaları sel aldı. Hər şeyi itirəcəyini düşündü, ağlamsınmış oldu.

Sərvət davam etdi:

-Sənə bir iş qurum. Bacardığın bir iş varsa söylə, sənə o işi qurub sonra gedəcəm.

Kərəm fabrikdən yağları paylamağa apardığı günlərin birində fürsət tapıb yerlilərinə baş çəkdi. O yerlərə vurğun idi. Ora gedəndə sanki kəndə gedirdi. Orada tanıdığı xeyli sima vardı. Son dəfə gedəndə satlıq bir qaz dükanı görmüşdü. "Bu işi bacara bilərəm" - deyə düşündü. Ama udqundu, söyləyə bilmədi.

-Nə isə düşündün, bir şey söylə, yoxsa kəndə gedəcəksən? Göndərmərəm səni- Sərvət gülə-gülə dedi.

Kərəm düşündüyünü söylədi.

-Qaz dükanı görmüşdüm, olduğu kimi satılır…

- Keç min maşına - Sərvət dedi.

Birlikdə maşına mindilər. Kərəmin təriflədiyi qaz dükanını tapdılar. Kərəm baş verənlərə inanmırdı. Birdən özünü dükandakı kresloda oturmuş halda gördü.

Bir neçə gün sonra Sərvət gəldi, Kərəmə xeyli xərclik verdi: "Haqqını halal et, əskər dostum" -deyib dükandan çıxdı.

O, bu ətraflara bələd bir usta şagirdini işə götürdü, o səmtə köçdü Kərəm. Artıq öz işini qurmuşdu, kresloda köksünü gərərək otururdu. Üstəlik bura tanıdığı bir mühit idi, yerliləri vardı.

Səhəri gün dükanı erkəndən açdı, karton kağızdan bir lövhə də hazırlayıb qapıdan asdı: "Sərvət Qaz ticarəti".

Saatlar keçdikcə, küçədən gəlib keçənlər də artırdı.

Qabağdakı səkidə uzun boylu, üst-başı dağınıq, saçı-saqqalı uzanmış bir adam gördü. Diqqətlə baxdı, birdən çaşdı. "Bu Təvəkkül əmi deyilmi?". O tərəfə çox gəlib getmişdi, amma Təvəkkül əmi ilə heç üz-üzə gəlməmişdi. Sadəcə bir neçə tanış ilə salam göndərmişdi. Həyəcanla qışqırmağa başladı.

-Təvəkkül əmiiiii!

-Təvəkkül əmiiiiii!

Çılğın gənclik illəri yaşamışdı Təvəkkül əmi. Bir qıza sevdalanmış, könlü Araz kimi çağlayıb axmışdı. Ramazan aylarının birində kəndə gələn molla da o qızı istəmiş, Təvəkkülün qarşısına bir sədd kimi çəkilmişdi. Molla qızla evlənəndə o da kəndi tərk etmişdi. Kəndə çılğın bir həyat sürdüyünün, indiyədək evlənmədiyinin xəbərləri gəlirdi.

Təvəkkül əmi səs gələn tərəfə baxdı, yaxınlaşdı, Kərəmi tanıdı:

-Ay Kərəm, sənsəəən? Niyə bir dəfə də olsa yanıma gəlmədin…

-Gəlmişdim, amma səni heç görmədim, Təvəkkül əmi…

Təvəkkül əmi ətrafı süzdü. Öndəki yarısı tikilmiş məscidin qabağında üç saqqallı adam oturmuşdu, birdən yerə tüpürdü:

-Demək bu dükan sənindi, hə? Di keç içəri, keç, bu mollaları gözüm görməsin.

Təvəkkül əmi içəri keçdi, bir qaz balonuna yaxınlaşdı, pəncərədən bayırdakı mollalara baxdı:

-Ay Kərəm, bu boyda İstanbulu əldən-ayaqdan saldın! Bu boyda şəhəri gəzdin! Qaça-qaça gəlib bu məscidin qabağına niyə ilişdin?

-Niyə ki, Təvəkkül əmi?

-Aha, bu məscidin qabağındakı mollalar var ha?

-Bəli, keçən gün dükana gəlmişdilər.

-Yaxşı, bir ildən artıq çəkməz, səni də quru çörəyə möhtac edərlər.

-Nə olub, Təvəkkül əmi?

- Otuz il əvvəl baş verənləri heç demirəm. Bax öndəki küçədə mənim bir rafım vardı…

-Hə, bəs sonra?

-Satmışam.

-Niyə ki?

-Bu mollalara görə satmışam axı, özümü əllərindən güclə qurtarmışam. Fikir vermə, məni də burda çox görməsinlər - dedi, çayını içib dükandan çıxdı.

Çölə çıxanda bir dəfə də yerə tüpürdü və uzun qollarını sallaya-sallaya eniş aşağı getdi. Kərəm, Təvəkkül əmi kütləyə qarışıncaya qədər arxasınca baxa-baxa qaldı.

Bir neçə gün sonra səhər erkəndən dükana iki gənc gəldi. Salam verib "xeyirli olsun" dedilər. Gənclərdən böyüyü:

-Molla əminin salamı var, məscidin qazı qurtarıb, məscidə qaz versin dedi.

Kərəm:

-Oldu, məscid bizim məscidimizdir.

O gündən sonra məscidin qazını Kərəmin üstünə yıxdılar.

-Molla əmi qaz ballonu istədi.

-Neçə dənə?

-Üç dənə.

-Molla əmi qaz balonu istədi…

Mola əmilərin istəkləri bitmək bilmədi o gündən sonra, onlar istədi, Kərəm verdi…

Gənclər tez-tez gəlirdi:

-Məhərrəm ayı gəlib, məscidin üst mərtəbəsi də istifadəyə veriləcək. Molla əmi deyir ki, camaat üşüməsin deyə Kərəm qaz ballonu göndərsin.

-Aşura günü üçün ərzaq alınacaq, aşurə bişiriləcək, molla əmi deyir ki, beş min versin.

…Molla əmi deyir ki, çay dəsti alsın, stəkanların üstündə on iki imamın şəkli olandan, məscidə kömək üçün…

…Molla əmi deyir ki, xalı alsın, üstündə Həzrət Əlinin şəkli toxunmuş…

…Molla əmi deyir ki, Zülfüqar işləməli şamdan alsın…

…Molla əmi deyir ki…

…Molla əmi deyir ki…

Həzrəti Əlinin şəkli toxunmuş xalılar, on iki imamlı çay-kafe dəstləri, Kərbəlanın təsviri olan əllə işlənən adyallar, İmam Hüseynin təqvimləri, zülfüqarlı şamdanlar, xoruzlu dəsmallar, jurnallar, qəzetlər, kitablar, verilən qaz balonları, ödənilməyən borclar… İki gündən bir molla əmi deyir ki…deyib dükanın qabağını kəsdirən gənclər… Kərəm dükanı açdığına peşiman oldu, birdən Təvəkkül əminin dediklərini xatırladı.

Günlərin birində yenə iki gənc gəldi:

-Molla əmi deyir ki…

Gənclər sözünü bitirməmiş Kərəm dözmədi:

-Molla əmi bu məscidi mənəmi arxayın olub tikib? Get deynən molla əmiyə, axır ki, məni quru çörəyə möhtac etdiniz!

Gənclər çaşdı, dabanları üstə çevrilib düz məscidə getdilər.

Ertəsi gün dükana başqa iki gənc gəldi. İkisi də güclü-qüvvətliydi. Biri Kərəmdən soruşdu:

-De görüm, həzrəti Əli Xeybər qalasında neçə kafirin başını vurdu? Üç yüz idi, yoxsa beş yüz? Bir lərzədə neçə kafiri kəsərdi Zülfüqar?

Kərəm cavab vermədi. Çaşdı, nə olduğunu anlaya bilmədi…

Gövdəli gənc:

-Yaz, buna cəza yaz.

Digər gənc bir qəbz çıxarıb yazdı; on min lirə! Məscidimizə yardım.

Kərəm nə edəcəyini bilmədi, güclə düzüb-qoşub, ürəyi yana-yana pulları verdi.

Gənclər çıxdı, Kərəm dükanın içində donub qaldı. Deyinməyə başladı.

...Üç gün idi ki, Ramazan ayı girmişdi. Kərəm bayramdan qabaq dükanı satıb kəndə dönmək istəyirdi. Artıq dükandan yaman soyumuşdu, içəri girməyə də ürəyi gəlmirdi.

Mollalar yenə məscidin qabağında oturmuşdu. Kərəm kətilini başqa tərəfə çevirib oturdu. Birdən yuxarıdan yenə saç-saqqalı qarışmış, əynində rəngi solmuş bir meşin paltoda pərişan halda gələn Təvəkkül əmini gördü. Təvəkkül əmi əlində böyük bir dürməyi yeyə-yeyə gəlirdi.

-Aman Allah! - dedi. - Təvəkkül əmi düz mollaların üstünə gedir. Üstəlik ramazandır…

Bir yandan səsini mollalar eşitməsin deyə qısır, bir yandan da Təvəkkül əmiyə eşitdirməyə çalışırdı.

-Təvəkkül əmiii!

-Təvəkkül əmiii!

Nəhayət, Təvəkkül əmi eşitdi.

Bura gəl, bura gəl-deyə əliylə işarə etdi. Təvəkkül əmi əlindəki böyük dürməyi yeyə-yeyə gəldi.

-Nə deyirsən, ay Kərəm? Sürüsünə canavar daraşmış çoban kimi nə qışqırırsan?

-Təvəkkül əmi, bu gün ramazanın üçüncü günüdür, sən əlində dürməklə nə dolaşırsan? Bax, qabağdakı mollalar səni görsə nə deyəcəksən? Artıq böyük İstanbulu bizə dar eləyiblər…

Mollalar da onlara baxırdı ki, mollalardan ürəyi yanmış Təvəkkül əmi partladı:

-Mən o mollaların…

«Sərxoş hardan çıxıb gəldi» - deyə mollalar içəri qaçdı. Təvəkkül əmi barmağını məscidə tərəf uzadaraq üyüdüb-tökdü:

-Mən o mollaların… hər şeyə qarışırlar, niyə gəlib mənə demirlər ki, Təvəkkül, Ramazan ayı girib? Mən ayıq olurammı? Mən yazıq hardan bilim Məhərəm ayıdı, yoxsa səfər ayı? Hardan bilim Ramazan gəlib çatıb?

Təvəkkül əmi rahatca dürməyindən yeyə-yeyə yellənərək getdi.

Kərəm içəri keçib lövhəni dəyişdirdi:

"Təcili satlıq qaz dükanı".

 

 

İmdat Avşar(Türkiyə)

 

Azəri türkcəsinə uyğunlaşdırdı: T.Teymurova

 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.7.