Mərkəzi Asiya ədəbiyyatında
Rəsul Rza obrazı
Rəsul Rza Azərbaycan
xalqının XX yüzildə yetişdirdiyi böyük və
bənzərsiz ədəbi simalarından biridir. Mirzə Ələkbər
Sabir və Mirzə Cəlil, Məhəmməd Hadi və Əli
bəy Hüseynzadə, Hüseyn Cavid və Cəfər
Cabbarlı, Üzeyir Hacıbəyli və Yusif Vəzir
Çəmənzəminli, Mikayıl Müşfiq və Səməd
Vurğun kimi bəşər mədəniyyətinin üzvi
hissəsinə çevrilən dahi sənətkarlarla bir
sırada Rəsul Rza da Azərbaycanın adını və mənəvi
qüdrətini dünya xalqları arasında ləyaqətlə,
şərəflə təmsil etməkdədir. Əgər
bütün dünyanın sayılıb-seçilən
söz adamlarının, Amerikadan Afrikaya, Avropanın
şimalından Asiyanın cənubuna qədər
tanınmış yazarların, məşhur sənət və
mədəniyyət xadimlərinin Rəsul Rza haqqında
yazdıqlarını bir yerə toplaya bilsək, böyük
toplu yaranardı. Belə bir kitab Azərbaycanın mənəviyyatını
və söz mədəniyyətini daha da böyüdən,
yenə də ucaldan misilsiz xəzinə olardı.
Rəsul Rza
poeziyasının böyüklüyünü və
ümuminsani mahiyyətini təkcə onu
yazıldığı dildə oxuyub anlayanlar deyil, bu təkrarsız
şeriyyəti tərcümədə oxuyanlar da bilirdilər.
Qardaş türk dillərində yazıb-yaradan Nazim Hikmət,
Muxtar Auezov, Qafur Qulam, Aybek, Maqsud Şeyxzadə, böyük
şair əsərlərinin gözəl mütərcimləri
Mirtemir və Əsəd Muxtar, Çingiz Aytmatov, Oljas
Süleymenov, Muxtar Şaxanov və başqaları da Rəsul
Rza əsərlərinin dünya şöhrətini dərindən
anlayırdılar. Məşhur şairimizin irsini Kanadadan
Yaponiyaya qədər, Latın Amerikası ölkələrindən
Hindistana, Norveç və İsveçdən Çinə qədər
bütün mədəni ölkələrdə oxuyur və həvəslə
öz doğma dillərinə çevirirdilər.
Rəsul Rzanın yaradıcılığı haqqında başqa ölkələrdən olan qələm dostlarının və pərəstişkarlarının müxtəlif dövrlərdə bildirdiyi mülahizələr yuxarıda söylədiklərimizi parlaq şəkildə təsdiqləyir. Görkəmli rus şairi İlya Selvinski aşağıdakı misraları misal gətirib
Aydındır şerin dili,
İstəyirsən sevincdən,
istəyirsən qəmdən yaz.
Elə aydındır bu dil
nadan yüz il oxusa,
yenə bir şey anlamaz.
- səmimi və qəti münasibətini bildirmişdi: "Nə qədər iti və incə deyilmişdir. Bu şeirdə Şərqin təmkinli müdrikliyi canına hopmuş Azərbaycan şairinin siması nə qədər aydın hiss olunur. Belə şerin altından Nizami və Sədi imza qoya bilərdilər. Yəni hər hansı bir ölkənin hər hansı müasir şairi də öz lirikasında belə incinin olması şərəfindən imtina etməzdi". Böyük şairin zamandaşları bu poeziyanın əzəmətini və miqyaslarını düzgün səciyyələndirirdilər. Rəsul Rzanın Azərbaycan və ümumtürk şeriyyətindəki mövqeyini Pablo Nerudanın ispandilli poeziyadakı, Vladimir Mayakovskinin rus, Pablo Tıçinanın Ukrayna, Nazim Hikmətin Türkiyə poeziyasındakı yeri və rolu ilə müqayisə edirdilər. Azərbaycan xalqının böyük sənətkar oğlu barəsində söylənmiş dərin təəssüratlar, mühüm mülahizələr özünün məna və məntiqinə görə çox vaxt bir-birini qüvvətləndirir, üst-üstə düşürdü. Onların mənsub olduqları ədəbi mühitlər və məmləkətlər, milli mədəniyyətlər isə qətiyyən bir-birinə bənzəmirdi.
Qırğız yazıçısı, XX yüzilin dahi ədiblərindən biri Çingiz Aytmatov Rəsul Rza lirikasının pərəstişkarlarından olmuşdur. Onun səmimi ürək sözləri qeyri- ixtiyari qəlbimizi riqqətə gətirir: "Əziz Rəsul müəllim! Zəmanəmizdə ən çox hörmət bəslədiyim şairlərdən biri də sizsiniz. İlhamlı təfəkkürünüz üçün, obrazlarınız üçün sizə təşəkkür edirəm..." Son dərəcə qürurlu və fərəhlidir ki, qardaş və qandaş qırğız yazarı Rəsul Rzanın ilhamlı təfəkküründən, nəfis lirik obrazlarından necə məftunluq duyursa, ötən əsrin oxşarsız sənətkarlarından Eduardas Mejelaytis də eyni heyranlıqla şairin bədii surətlərinin əlvanlığından, poetik xəyallarının füsunkarlığından söz açır: "...Siz gözəl şairsiniz, öz doğma, günəşli və şairanə diyarınız Azərbaycanın, bütün çoxmillətli Sovet İttifaqının nəğməkarısınız. Gözəl kosmik fenomenimizin - Yer kürəmizin əlvan boyalarının bütöv bir şairanə rənglər palitrasının nəğməkarısınız. Bu gözəl Yer kürəsi sizin köksünüzdədir, gözəl şeirlərinizdə, poetik xəyallarınızdadır. Möhtəşəm vüsətinizə, poetik istedadınıza, insanlığınıza görə, insana bəxş etdiyiniz hər şeyə görə çox sağ olun!".
Dünya şöhrətli sənətkarların Rəsul Rza haqqında söylədikləri ana Vətənimiz və onun mənəvi qüdrəti haqqında, Azərbaycan mədəniyyəti və söz sənəti fenomeni barəsində dərin düşüncələrə vadar edir. Azərbaycanın son iki min illik zəngin ədəbiyyat və mədəniyyət tarixini təhlil edərkən, bütün zamanların ən böyük azərbaycanlısı, dahi öndərimiz Heydər Əliyev cənabları söylədiyi kimi, bu millətə mənsubluğuna görə özünü xoşbəxt sayırsan, azərbaycanlı olduğuna görə fəxr edirsən!..
Qazax şairi, Azərbaycanın böyük dostlarından biri Oljas Süleymenov Rəsul Rza yaradıcılığına hörmət və ehtiramını dəflərlə ifadə etmişdir. Oljasın böyük ustada müraciəti, onun əsərlərinə münasibəti ilə: "Əziz Rəsul ağa! Bu xoş səbəbdən istifadə edərək sizə bir daha sağlıq, sağlamlıq, yeni gözəl kitablar, ailənizə xoşbəxtlik, doğma Azərbaycana çiçəklənmə arzulayıram" -məşhur rus şairi Arseni Tarkovskinin dəyərləndirməsi həmahəngdir. A.Tarkovski yazır: "Əziz Rəsul Rza, sən bizə gərəksən. Bizə sənin həqiqətin lazımdır. Çünki şairin həqiqəti - insanlığın həqiqəti - bizim nailiyyətimizdir. Sən bizə lazımsan. Ona görə ki, insanlara həyati, həyatsevər, həyatı təsdiq edən, bir sözlə, əsl incəsənət lazımdır. Buna görə də gələcək üçün, ailən üçün, xalqın üçün, bütün xalqlar üçün, Yer üzünün xeyirxah və yaradıcı adamları üçün özünü qoru". Təbii ki, Azərbaycan şairnin əsərlərinə Avropa və Asiya, Şərq və Qərb mədəniyyət xadimlərinin, müxtəlif dünyagörüşlü və məsləkli sənət adamlarının məhəbbətinin kökündə onun çoxrəngli və çoxsəsli dünyaya, insanlığa səmimi sevgisi dayanırdı. Bu son dərəcə humanist və harmonik qarşılıqlı münasibətin estetik anatomiyasını ingilis ədəbiyyatşünası B.Kopey həssaslıqla şərh etmişdir: "Rəsul Rzanın sənət dünyası təzadları: sevgini və nifrəti, yaxşılığı və pisliyi, həyatı və ölümü, xoşbəxtliyi və kədəri realistcəsinə təsvir edir. Şairin yarı canı dəhşətdən gözləri qaralan vyetnamlı körpənin yanındadır. Şairin qəlbində xoş gələcəyə inam şerin uğurlu finalına çevrilir. Bütün dünyada sülh və əmin-amanlığı, bütün bəşər övladlarının birliyini görmək arzusu Rəsul Rza poeziyasının canına hopmuşdur".
Dünyanın dörd bir yanından Rəsul Rzaya ünvanlanmış məktublar, teleqramlar, ürək sözləri, arzular axışıb gəlirdi. Və Azərbaycan şarinin əsərləri, kitabları da planetin dörd bir tərəfinə gedib çatırdı. Bu günün, kompyuter əsrinin ən məşhur yazarı belə yarım əsr əvvəl Rəsul Rzanın misilsiz populyarlığına, böyük dünya ilə bu dərcədə qaynayıb-qarışmasına qibtə edə bilər. Müəllif əsərlərini tərcümə edən, onun yaradıcılığını araşdıran həmkarları və qələm yoldaşları ilə yaradıcılıq əlaqələri saxlayırdı. Bu ədəbi ünsiyyətin əsasında isti insani təmaslar dayanırdı. Demək olar ki, bütün məşhur rus yazıçı və şairləri ilə onu möhkəm dostluq telləri bağlayırdı. Baltikyanı respublikaların ədibləri, Ukrayna və Moldovanın, Belarus və Qazaxıstanın, Tacikistan və Türkmənistanın, Özbəkistan və Qırğızıstanın yazarları Rəsul Rzaya öz səmimi sevgilərini ifadə edirdilər. Azərbaycanın böyük sənətkarının qardaş türk dünyası ilə yaradıcılıq əlaqələri ayrıca bir tədqiqatın mövzusudur. Onun Nazim Hikmətlə ədəbi qardaşlığı yaxşı məlumdur. Mərkəzi Asiya respublikalarından olan tanınmış söz və sənət adamlarının Rəsul Rza əsərləri haqqındakı mülahizələri də bir çox cəhətdən maraqlı və diqqətəlayiqdir.
Türkmənistan söz sənətinin və ədəbiyyatının korifeyi, məşhur ədib Berdı Kerbabayev yazırdı:"Rəsul Rzanın böyük istedadı, onun şeirlərinin siyasi kəsəri dünyanın və insanın yeniləşməsi uğrunda mübarizəmizin məqsədlərinə sədaqətlə xidmət edir". Muxtar Auezov, Sabit Muğanov, Mirzə Tursunzadə, Alı Tokombayev, Qafur Qulam, Mirtemir, Aybek, Maqsud Şeyxzadə və başqaları da Rəsul Rzanın bədii xidmətlərini yüksək dəyərləndirmişlər. Ustad sənətkarlarımızın ədəbi ünsiyyətindən bəhs edərkən onların arasında iyirminci yüzildən etibarən formalaşmağa başlayan bir gözəl ənənəyə diqqəti çəkmək istəyirik. Bu bədii dünyagörüşü yaxın, üslubu həmahəng olan yazarlarımızın uzunmüddətli ədəbi münasibətləridir.
Tanınmış özbək şairi, tərcüməçi Osman Qoçqarın Rəsul Rza və Nigar Rəfibəylinin xatirəsinə həsr etdiyi "Xəzər ağısı" adlanan silsilə şeirləri də bəhs etdiyimiz mənəvi birlik tarixinin gözəl davamıdır.
Azərbaycan
ədəbi-mədəni həyatını, Rəsul
Rzanın həyat yolunu, şəcərəsini və əsərlərini
yaxşı bilmədən haqqında söhbət açmaq
istədiyimiz silsilənin meydana çıxması
mümkün olmazdı. Xüsusən "Sizsiz"in tərcüməsi
prosesi belə bir əsərin yazılmasına, "Xəzər
ağısı"nın doğulmasına təkan
vermişdir. Böyük bir sənətkarlar ailəsinin
özünəməxsus dramını və
istirablarını müəllifin yaxından duyması Rəsul
Rza və Nigar Rəfibəyli obrazlarının hədsiz təbii,
emosional çıxmasına səbəb olmuşdur. Doqquz
şeirdən ibarət bu silsilədə ümumi, möhtəşəm
bir poetik obraz yaradılmışdır.
Birinci şeir:
Günəş hərgünkü tək çıxar və batar,
Adamlar həmindir, dünya həmindir.
Arada uzun bir ayrılıq yatar,
Bu hicran dərdimə ələmlər qatar.
Sevgini durna tək qanadlarında
Hifz edib, qoruyub, alıb uçdular.
Ortada bəxt, sevinc, ortada kədər,
Soyuq iqlimləri yarıb
uçdular.
Durna uça-uça qanad
salan gün,
Uzun qanadların
yığıb alan gün,
Dünya hərəkətin
saxlayıb, durub,
Mənim gözlərimdə
donub qalan gün.
Həyat, qanadlara
dözüm ver, dözüm,
Hər bahar, hər küzdə
fələkdə gözüm.
(Tərcümələr
müəllifindir)
Son dərəcə təsirli
bir matəm peyzajı gözlərimiz önündə
canlanır. Ancaq bu mücərrəd bir matəm mənzərəsi
deyil. Müəllif durna obrazı vasitəsi ilə lirik əhval-ruhiyyəni
ümumilikdən qorumuş, bu ayrılığın Rəsul
Rza və Nigar Rəfibəyli taleyi ilə
bağlılığına işarə etmişdir. Lirik
"mən" poeziya asimanında bir də onların
uçmayacağına, bu qoşa qanadın pərvaz etməyəcəyinə
inanmır. Hər bahar gələndə və hər
payızda gözləri fələklərdə onları
aradığını, həmişə onları
axtardığını söyləyir. Ümumən müəllif
şerin təsir gücünü artırmaq və bioqrafik
mündəricəsini, fərdi tale koloritini qabartmaq
üçün Nigar xanımın "Mən yuxuda durna
oluram" misrasının sirli-ruhi aurasına əsaslanmış,
sonrakı şeirlərdə də həmin obrazın
assosiativ imkanlarından uğurla istifadə etmişdir.
İkinci şeir:
Məni öldürər bu
dərd büs-bütün,
Məni həyata da hər
gün qaytarar.
Bu rənglər
dünyası elə təlatüm,
Ömrüm üzərində
uzanıb yatar.
Mən yetim rəngləri
duydum aləmdə,
Qışqıran rəngləri
əlimlə tutdum.
Rənglərə qoşulub
ağladım qəmdə,
Rənglərə qoşulub
şadlığa batdım.
Bildim ki, rənglərə
vurğunam başdan,
Rəng al və ya
özün bircə rəng qoşgil.
Anladım, rəngləri
anlamamışdan
Dünyanı anlamaq
müşküldür, müşkül.
Rəsul rəng verdiyi
dünyamı bu ya,
Ya Rəsul anlayan rənglərmi
dünya?..
Bu şeirdə müəllif
lirik obrazı fərdiləşdirmək, poetik mündəricənin
realist zəminini qurmaq üçün Rəsul Rzaya müraciət
etmişdir. Şair burada - lirik əhval-ruhiyyənin növbəti
mərhələsində duyğularını "Rənglər"in
fəlsəfi məna çalarını vurğulamaq yolu ilə
ifadə edir. İnsan müdam rənglər dünyasında
yaşamağa məhkumdur. Onu yaşadan da, öldürən
də rənglərdir. Rənglərin həyat
çaları, ölüm çaları var. Lirik mən
öz əhval-ruhiyyəsinə uyğun olaraq ağlayan,
qışqıran rənglərdən, yazıq, yetim rənglərdən
- ustadın ölümndən sonra yetim qalan rənglərdən
söhbət açır. Qəlbini göynədən itkiyə,
bağrının ağrı-acısına ulu
ustadının öz sözündən - kəlamından təsəlli
axtarır. Amma əzəl-əbəd suallara cavab yoxdur.
Üçüncü
şeir:
Rəsul varikən
könlün tox imiş,
Görüb qəlbin güvənir,
Nigar.
Dünyada heç sonsuz
dözüm yox imiş,
Dözüm, taqət tükənir,
Nigar.
Çağırırsan...
miz üstə açıq
Şeirləri vərəqlər
külək.
Gözlərindən sel tək
yaş axar,
Heysiz, zəif köksündə
ürək.
"Mən yarı
ömürəm, qalanı - Rəsul,
Hanı o, hardadır qalan
yarımım?
Bu necə uğultu, şeir
oxurmu o,
Ya böyük Xəzərin
dalğalarımı?.."
Küləyin qanadı
sınmayır indi,
Dənizdə qasırğa
susmayır indi...
Lirik "mən"
ovqatının tragizmi bu şeirdə bir sıra təsirli bədii
detal və obrazlarda dəqiq əksini tapmışdır. Nigar
xanımın istirabları və
nigarançılığı təbii surətdə
açılmışdır. Rəsul və Nigar birliyinin,
bütövlüyünün sonu nə tez yetdi? Sanki
fırtınaya, borana tuş gəlmiş qoşa qanad
bir-birindən qəfil ayrıldı... Miz üstündə
açıq qalmış şeirlər... İndi onları
külək vərəqləyir. Bir könülün,
qoşa ömürün yadigarı olan yetim yazılar onlara həyat
bəxş edəndən ayrı düşüb. Əgər
ikinci şeirdə matəm ovqatı "yetim rənglər"
istiarəsi ilə poetik kontekstə daxil olmuşdusa, burada
artıq lirik-situativ obraz kimi "külək" bu estetik
funksiyanı yerinə yetirir.
Dördüncü şeir:
Rəsul yox.. Nigara bir gün
aqibət
Bizim Zülfiyyədən məktub
yetəcək:
"Özünüzü
qoruyun, hələ şeriyyət
Sizdən güc və mərdlik
tələb edəcək".
Bu nə adi təskin, nə
də həmdərdlik,
Şairəm, bu təlqin gəlməsin
məlal.
Sizə arzulanan bu səbat, mərdlik
Otuz yeddi illik tərcümeyi-hal.
Adamlar içində, bəli,
düz qırx il,
Yalqızca yaşamaq asan gəlməsin.
Kaş ki, "səbat-mərdlik"
heç olmayaydı,
Həmid də ölməsin,
Rəsul ölməsin.
İtirdiklərinə min rəhmət
olsun,
İtirib-tapdığın
şeriyyət olsun.
Nisgilli və nakam
ölümlər, adətən, gənclərin taleyi ilə
bağlı olur. Amma müdrik və yaşlı insanların
həyatı da gözlənilmədən bu cür ələmli
sonluqla bitə bilər. Məhz bu mənada Rəsul və
Nigar ayrılığı poeziyanın yaddaşına
möhürlənmiş məşhur lirik faciələrlə
müqayisə ediləcək dərəcədə emosional
bir kədər idi. Bəlkə də uzun zaman, yarım əsrə
yaxın bir olan, birlikdə yaşayan insanların biri-birini
itirməsi daha amansız ayrılıqdı. Onun ağrısı
və göynərtisi daha dözülməzdir... Müəllif
Zülfiyyə xanımın (1915-1996) həmdərdlik bildirməsinə
məhz bu səbəbdən vurğu verir. Böyük özbək
şairəsi sevimli həyat yoldaşı, XX yüzil özbək
ədəbiyyatının klassiki Həmid Alimcanı (1905-1944)
faciəli surətdə itirəndə 27-28 yaşlarında
cavan bir gəlin idi. Düz 52 il böyük şairə və
böyük qadın, yenilməz ana matəm libasında gəzdi
xalq qarşısında!... Zülfiyyə xanım əzəmətli,
müəzzəm Şərq qadınının misilsiz
mücəssəməsidir. "Xəzər
ağısı"nın müəllifi Nigar xanımın mənəvi
sarsıntılarını bir az yüngülləşdirmək,
onun kövrək qəlbini ovutmaq üçün belə bir
misilsiz misala müraciət etmişdir. Bir də Nigar
xanımın ruhi iztirablarını amansız və uzun hicran
sınağından çıxmış, ulu və munis
Şərqin Anna Axmatovası - Zülfiyyədən
yaxşı kim duya bilərdi?! Şeirdəki bu istək də
çox səmimi və təbii səslənir; kaş səbat
da, mərdlik də olmayaydı, kaş Həmid də, Rəsul
da ölməyəydi.
Beşinci şeir:
Ölüm haqq deyirlər,
bu ölüm ki var...
"Rəsulsuz dünyada
yaşamağım yox".
Ölüm yatağında
yatmışdır Nigar,
Yox, yalan, ölümün
yatağı da yox.
"Mən peymanə kimi bir
gün dolaram,
Heç kimsə eşitməz
fəryadlarımı, -
Deyir, - mən yuxuda durna
olaram" -
Yavaşca qaldırar
qanadlarını.
Dünyada tayını itirən
zaman,
Daşlara özünü
atan ağ quşsan.
"Rəsula nə
olub?" - qəlbində güman,
Tayını itirən tənha-tək
quşsan.
Ağ quşum, səmadan
özünü atdın,
O gömgöy göylərdən
yerlərə batdın.
İnsan həyatındakı
tayı-bərabəri olmayan müsibətin ən qəti təsəllisi
- ölümün haqlığıdır. Amma insan
ömrünün və ruhi-psixoloji sarsıntılarının
elə dönəmləri olur ki, bu haqqı etiraf etməyə
gücü çatmır. "Rəsulsuz dünyada
yaşamağım yox" nidası qəlbin dərinliklərindən
məhz belə dəmlərdə hayqırıb üzə
çıxır.
...Rəsul və Nigar faciəsini
tərənnüm edən bu lirik dastan bir daha təlqin edir ki,
sənətkar ömürləri və ölümləri ilə
qu quşlarının taleləri arasında gözlə
görünməz, sirli bir bağlılıq var. Zatən,
bunu təbiət də, şeriyyət də təsdiq etməkdədir.
Altıncı şeir:
Budur, qayğılarla ötməkdə
dünya,
Rəsulsuz, Nigarsız
gün çıxıb-batar.
Yeni üfüqlərə
getməkdə dünya,
Adamalar gözəl bir yuxuda
yatar.
Nazimin çin olar arzu, istəyi,
Canlanar yenidən türki
bitiklər.
Rəsulun sevdiyi rəngləri
təki,
Göy qurşağı asta
qəddini diklər.
Səmada ildırım,
şimşəklər çaxar,
Yağmağa başlayar
yağış, leysanlar.
Küləklər
saçına sığallar çəkər,
Durnalarla dolar göy asimanlar.
Durnalar qayıdar hər yaz,
hər bahar,
Qayıdıb gələrlər
Rəsulla Nigar.
Silsilənin ilk beş
şerində, əsasən, Rəsul itkisinin sevgili
ömür-gün yoldaşı Nigar xanımın qəlbində
yaratdığı ələmli hissiyyat yaddaqalan poetik əlamət
və cizgilərlə təsvir olunur. Şeirdə sədaqətin
ölüm zirvəsi nəfis bir ahənglərdə vəsf
edilir. Bu elə bir əlçatmaz zirvədir ki, artıq oraya
hicranın nəfəsi çatmır. Ondan o yana hicran da, həsrət
də yoxdur - yalnız vüsaldır... Altıncı şeir
isə bu əbədi birliyin, sonsuz vüsalın vəsfi ilə
başlanır. Daha doğrusu, Rəsul və Nigar
ayrılığına taleyin özü də dözməyib,
bu iki munis qəlbin qovuşmasına, əbədiyyətinə
yol açır. İndi onlarsız qalan bizim
dünyamızın Rəsulsuz və Nigarsız günləri
başlayır. Rəsulun qoyub getdiyi dünyada onun sevdiyi rənglər
cilvələnir, göy qurşağı yavaş-yavaş
asimanı bəzəyir. Nigar xanımın durnaları da
poeziyanın səmasına qayıdır. Vətəni sevən
ürəklər Vətən göylərində əbədi
məskən salırlar. Göy qurşağı təki,
durnalar təki, gömgöy şairanə arzular kimi...
Durnalar qayıdar hər yaz,
hər bahar,
Qayıdıb gələrlər
Rəsulla Nigar...
Yeddinci şeir:
Ey sən, sərkəş
şair,
gecə şeir yazıb,
Gözü yaş,
bağrı da qan olan qardaş.
Gah geri qayıdıb, gah
vaxtı ötüb,
Yeddi aləm səndə cəm
olan qardaş.
Nə ki müqəddəslik
var bu dünyada,
Sən şeirə, sevgiyə,
dərdlərə tapın.
Təlatümlər içrə
gecəyarıda
Birdəncə taybatay
açılar qapın.
Ey arzulu qardaş, sevin, sən
sevin,
Qapını açan nə
külək, nə yeldi.
Bu bəxt nəsib olsun, ey
cavan şair,
Evinə həm Rəsul, həm
Nigar gəldi.
Şair olanlara bu qismət
olsun,
Evində hər zaman
şeir-sənət olsun.
Yeddinci şeir öz
ovqatına və lirik mündəricəsinə görə o
birilərindən fərqlidir. Burada üçüncü
şairin surəti ilə də qarşılaşırıq.
İki böyük şair faciəsinin
ağrı-acısını yaşaya-yaşaya bütün
gecəni gözlərini yummayıb, səhərə kimi
şeir yazan, gözləri yaşla, ürək-bağrı
qanla dolan cavan şair obrazı misralardan boylanır. Bu gənc
şair Rəsul Rza və Nigar Rəfibəyli şeriyyətinə,
mənəviyyatına məftundur. O, dünyadakı
paklığın və müqəddəsliyin vurğunudur.
Bu gözəl mənəvi harmoniyanın əsrarəngiz
timsalı olan poetik anları müəllif Anarın
"Sizsiz"ində təsvir edilən incə və sirli bir
ruhi-psixoloji vəziyyətə işarə ilə, həssaslıqla
ifadə etmişdir.
Şair olanlara bu qismət
olsun,
Evində hər zaman
şeir-sənət olsun.
Səkkizinci şeir:
Günboyu neçün
göy geydi asiman,
Neçün bahar
çağı günəş qaraldı?
Odur qara günəş -
qara bir güman,
Dan yeri görünmür,
qürub hardadı?
Baharın əvvəli,
göydə bulud yox,
Rəsul göylərə
nur verib getdimi?
Mənə bütün rənglər
görünməkdə tünd,
Rənglərə Rəsul
sirr verib getdimi?
Bahar gəlməkdədir
türk diyarına,
Budur, türfə rəngə
boyanmaqda o.
Baxıram mən Rəsul gedən
tərəfə -
Torpağa baxıram -
oyanmaqda o.
Yeni başlanacaq həyat
ondadır,
"Bahar nə nazəndə,
nə nazəndədir".
Şair asimanın göy
geyinməsini söyləməklə - göylərin də
şair ölümünə yas saxladığını
göstərir. Sonrakı bənddə isə başqa ovqat
hakimdir. Müəllif səmanın açılmasından,
buludların dağılmasından danışır. Bunu da
öz sevimli qəhrəmanlarının sehri və qüdrəti
ilə əlaqələndirir: "Rəsul göylərə
nur verib getdimi?" Şairanə nəzər rənglər aləmində
dəyişmə baş verdiyini, sanki onlar bir az da tündləşdiyini,
kəskinləşdiyini hiss edir: "Rənglərə Rəsul
sirr verib getdimi?" Müəllifi narahat və əzablı duyğular
girdabından yenə təbiət xilas edir. Və Rəsul
yatan torpağın da bahar nəfəsindən
oyanmasını şair şərqanə bir nəzakətlə
təsvir etmişdir.
Səkizinci şeir bax beləcə
də yekunlaşa bilərdi. Və öz təsir
gücünü azaltmazdı. Amma yox, sonuncu beyt olmasaydı təkcə
bu şerin deyil, ümumən silsilənin fikri-qayəvi-fəlsəfi
sanbalına olmasa da, lirik cazibəsinə müəyyən dərəcədə
kölgə düşərdi. Nigar xanımın misrası,
üzüyə qaş yaraşan kimi, şeirə
yaraşmışdır. Bir də bahardan, Azərbaycan
baharından, Rəsulu və Nigarı bizdən alıb-aparan o
bahardan yazarkən Nigar xanımın ürəkləri titrədən
o misrasından necə yan keçmək, qu nəğməsi
kimi gözəl o səslər silsiləsini necə unutmaq
olardı?!...
Özbəkistanın xalq
şairi Abdulla Arif Nigar xanımın bu məşhur
misrasını necə də ilhamla, sevgiylə söylədiyinin
şahidi olmuşam. Bu misilsiz misra Azərbaycanda olduğu qədər
şeir-sənət diyarı, qədim və qutlu
Türküstanda da sevilən, könüllərdə süslənən
və səslənən misradır. Onu da qeyd etməliyik ki,
Nigar xanımın şerinə müraciət etməklə
müəllif elə bil sevimli şairlərimizin
ölümü ilə bağlı üzücü kədəri,
mərsiyyə və hüzn əhval-ruhiyyəsini də bir qədər
aradan qaldırır. Ruhumuza sanki bir gümrahlıq və həyatsevərlik
bağışalyır. Rəsul və Nigar kədərini
poeziyanın gücü ilə yenir, elə bil qəm, ələm
buludlarının arasından sevinc - lirik sevinc
işartıları, şüaları görünməyə
başlayır.
Doqquzuncu və sonuncu
şeir:
Özünü tapmağa
can atmaqda şeir,
Hələ şerin cəbrü-cəfası
çoxdur.
Yol adlı bir sözün
fikir versəniz,
Lüğətdə və
həyatda mənası çoxdur.
Sən əzab çəkərsən,
ələm çəkərsən,
Kimlərsə "yol"
tapıb əsər, yaşayar.
Bu yola ömrünü
bağışlayarsan,
Kimlərsə yolunu kəsər,
yaşayar.
Yollar görmüsən sən
- qürbətdən gələn,
Gedər-gəlməz yoldan bəlkə
getmisən.
Yoldan qayıtmayıb,
yollarda ölən,
Yolundan tez çıxan kəslər
görmüsən.
Nazimlər, Rəsullar
saxlasın səni,
İmanın haqq yola
yollasın səni.
Sonuncu şeir də
çoxmənalılığı, polifonizmi ilə diqqəti
çəkir. Şair demək istəyir ki, görün necə
çətin yollardan keçib gəlib Cavid və
Çolpan, Qafur və Səməd, Nazim və Rəsul! Biz yenilməz
ata-babalarımızın mübarək və qutlu
yollarından çıxmamalıyıq. Azərbaycanın
xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli,
Özbəkistanın xalq şairləri Həmid Alimcan və
Zülfiyyə xanım... Bu müqəddəs sıranı
yenə davam etdirmək olar. Və bu ailələrin, şəcərələrin
hər biri ilə hamımız fəxr etməliyik, qürur
duymalıyıq. Onların adını və
şanını gələcək nəsillərə ərməğan
kimi çatdırmalıyıq: Özbəkistan və Azərbaycanın
xalq şairləri, xalq yazıçıları akdemik Aybək
və akademik Zərifə xanım Səidnəsirova, Balaş
Azəroğlu və Mədinə Gülgün, Abdulla Qəhhar
və Kibriyya Qəhhar, Səid Əhməd və Səidə
Zünnunova, İbrahim Qafurov və Aydın Hacıyevə, Əhməd
Əzəm və Fərağət Kamal...
"Xəzər
ağısı" haqqında təəssüratlarımızı
yekunlaşdırarkən, bu şeirə ümumtürk
poeziyası kontekstində nəzər salmağı vacib
bilirik. Azərbaycan və başqa türk dillərində Rəsul
Rza və Nigar Rəfibəylinin taleyi haqqında onlarla
şeirlər yazılıb. Bu gözəl lirika nümunələrindən
bəzilərini - Əli Kərimin, Fikrət Qocanın, Vaqif Səmədoğlunun, Məmməd
Arazın və bir çox başqalarının şeirlərini
xüsusi vurğulamaq istərdik. Bizcə, Osman
Qoçqarın "Xəzər ağısı" mərsiyyəsi
də özünün emosional qüdrətinə və bədii-fəlsəfi
pafosuna, poetik ehtiva miqyaslarına görə yuxarıda qeyd
etdiyimiz şeirlərlə həmahənglik təşkil edir.
Ümid edirik və inanırıq ki, ruhumuzu oxşayan, qəlbimizin
sarı simlərini titrədən və yüksək bədii
zövqlə yazılmış bu əsər uzun zamanlar
unudulmayacaq. Azərbaycanın və Özbəkistanın mənəvi
birliyini tərənnüm edən, poeziyanın əbədiyyətini
vəsf edən qardaş özbək şairinin bu gözəl
şeri yalnız bizim haqqımızda deyil, eyni zamanda, bizim
şerimiz olaraq qalacaqdır.
Yaşar QASIMBƏYLİ
Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.6.