Salam,

poeziya cəngavərinə

     

Məni Xiyabana gətirib yenə

Müqəddəs ziyarət eşqi, arzusu.

Salam, poeziya cəngavərinə,

Salam, məmələkətin Rəsul Rzası!

 

Uşaqlıq çağım da ötüb təzadlı,

Bürküdə "üşüdüm", şaxtada "bişdim".

Beşinci sinifdə "Bəxtiyar" adlı

Bir həzin şerini əzbərləmişdim.

 

Yubiley axşamın - uğurlu, əla

Mirzə müəllimin tapşırığıyla

Milli teatrda dedim sözümü,

Qürurum - nur yayan misra düzümün.

 

Açdım qapısını xəstəxananın,

Bildilər - gəlmişəm baş çəkim kimə;

Səsi yadımdadır Nigar xanımın:

«İndicə yuxuya gedib, incimə…»

 

May gözəl, işğalsız ay olsun gərək!

Mirzə Kazımbəydən miras kəlam var;

Dünyanın xoşbəxti sayılsın gərək

Şöhrəti özündən çox yaşayanlar!

 

Məni Xiyabana gətirib yenə

Müqəddəs ziyarət eşqi, arzusu.

Salam, poeziya cəngavərinə,

Salam, məmləkətin Rəsul Rzası!

 

 

Oqtay Rza

 

Ədəbiyyat qəzeti .- 2010.- 14 may.- S.8.