Mir Cəlalın
əsəri Gəncə
səhnəsində
Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi ilk dəfə olaraq Mir Cəlalın yaradıcılığına müraciət etmişdir. "Ərik ağacı" və "Oğul" hekayələrinin motivləri əsasında hazırlanmış yeni tamaşa teatrsevərlərə təqdim olunmuşdur.
Tamaşada müharibə dövründə arxa cəbhədə çalışıb işləyən insanların həyat tərzi, keçirdikləri sarsıntılar, xüsusilə də müəllimlərimizin o dövr üçün daha gərəkli olan həyatı ön plana çəkilmişdir. Müharibə illərində Gəncədə cərəyan edən hadisələrin süjet xəttini Mir Cəlal yaradıcılığına xas olan vətənpərvərlik, insana və torpağa məhəbbət, gəncliyə diqqət və qayğı təşkil edir.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimovdur. Rəssamı Valeh Məmmədov olan əsərdə Qara Qarayevin, Fikrət Əmirovun musiqisindən istifadə olunmuş, habelə Avropa bəstəkarlarının yaradıcılıqlarına müraciət edilmişdir. Tamaşa boyu səslənən ayrı-ayrı əsərlərdən seçilmiş musiqi parçaları mövzunun səhnə həllində maraqlı təsir bağışlayır.
Yeni əsərə teatrın əsas yaradıcı qrupu cəlb olunmuşdur. Baş rolu Novruz Cəfərov oynayır. O, müxbirimizlə söhbət zamanı obrazla bağlı demişdir ki, ifadan sonra müəllim əməyinin məsuliyyətini və gərəkliyini bir daha hiss etdim, xüsusilə də o ağır müharibə illərində böyüməkdə olan nəsillə bağlı keçirdiyi sarsıntılar müəllimlərimiz haqqında məndə yeni duyğular oyatdı.
Əsərdə bütün obrazlar öz dolğun ifası ilə diqqəti cəlb edir. Nəbi kişi (əməkdar artist Məmmədəli Balayev), Firidun (Samir Abbasov), Sərvərov (Akif Səfərov), Qədir kişi (Salamulla İsmayılov), diviziya komandiri (Ramiz Vəliyev) obrazlarının aktyor ifası səmimi və təbiidir.
Tamaşada müharibə səhnələri teatr tariximizdə ilk dəfə olaraq kinolentlərlə müşayiət olunur. Quruluşçu rejissor, əməkdar artist Loğman Kərimov müharibə dövründə arxa cəbhədəki insanların dramatizmlə dolu həyatının, gənclərin təlim-tərbiyəsi ilə məşğul olan müəllim obrazının daha dolğun təsvirində teatr və kino elementlərinin sintezinin əhəmiyyətini xüsusi vurğuladı. Müharibə dövrü salnaməsi ilə yanaşı, müasir həyatdan götürülmüş epizodlar mövzunun səhnə həllində çox mühüm rol oynayır.
Faşizm üzərində qələbənin 65 illiyi münasibətilə Dövlət sifarişi ilə hazırlanan "Ərik ağacı" tamaşası xalq tariximizin müharibə dövrü salnaməsinə çox sanballı töhfədir.
Y.Tanrıverdiyev
Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.2.