Gülxani Pənahın "Mir Cəlalın elmi-nəzəri görüşləri" monoqrafiyasının Azərbaycan Yazıçılar Birliyində müzakirəsi haqqında

 

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabın geniş müzakirəsi keçirilmişdir. Mərasimi Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca açdı. Mir Cəlal irsindən, böyük şəxsiyyət kimi onun fəaliyyətindən danışdı, mütəfəkkir sənətkar kimi ədəbiyyat tariximizdə tutduğu mövqeyi vurğuladı. Böyük sənətkar, alim haqqında yazılmış monoqrafiyanın elmi dəyərindən bəhs etdi.

Tədbirdə xalq şairi Söhrab Tahir Mir Cəlalla bağlı xatirələrini danışdı, kitabı Mir Cəlalın elmi fəalyiyətini özündə əks etdirən qiymətli məxəzlərdən biri kimi dəyərləndirdi. Vaxtilə Mir Cəlalın dissertantı olmuş xalq şairi Söhrab Tahir Mir Cəlalın klassik ədəbiyyatımıza qayğı və diqqətini önə çəkdi. Onun Nizami irsi haqıqnda dəyərli fikirlərini yada saldı. "Yeddi gözəl" əsərinin qəhrəmanı Bəhram şah obrazının təhlilində orijinal fikirlərini, eləcə də əsərin ilk dəfə məhz Mir Cəlal tərəfindən nəsrlə tərcüməsini, bu əsərin oxucular tərəfindən daha gözəl mənimsənilməsi üçün göstərdiyi diqqəti, tərcümədəki dil-üslub sadəliyini vurğuladı. Bu nəsr əsərinin Mir Cəlalın elmi-nəzəri görüşləri ilə bağlı şəkildə təhlilini tədqiqatçının uğuru kimi dəyərləndirdi. Bunu adi tərcümə deyil, orijinal tərcümə, yüksək poetik keyfiyyətlərə malik nəzmlə yazılmış əsərin nəsrlə ən yaxşı tərcüməsi adlandırdı. Mir Cəlalın Nizami yaradıcılığı haqqında dəyərli nəzəri fikirləri kimi qəbul edildiyini, Gülxani Pənahın bir tədqiqatçı kimi bunu diqqətdən qaçırmadığını, ilk nəsrlə tərcümə olunmuş Nizami irsinə Mir Cəlalın qayğı və ehtiramının nəticəsi kimi dəyərləndirməkdə haqlı olduğunu bildirdi. "Nizami kimi klassik sənətkarın poetikayla zəngin bir əsərini nəsrə tərcümə etmək çox çətindir, olduqca çətindir. Bunun üçün güclü poetik təfəkkürün olmalıdır, əsərini tərcümə etdiyin şairin bədii yaradıcılığı haqqında ətraflı məlumata, güclü nəsr dili qabiliyyətinə malik olmalısan. Mir Cəlal Nizami irsini dərindən bilirdi. Onun "Yeddi gözəl" əsərindəki Bəhram şah, slavyan şahzadəsi, şairin yaradıcı surətdə qaynaqlandığı xalq ədəbiyyatı haqqında dəyərli fikirləri var. Bu da göstərir ki, Mir Cəlal füzuli irsinə olduğu kimi, Nizami irsinə də dərindən bələd idi. O, Füzulinin sənətkarlığı haqqında fundamental bir elmi əsər ortalığa qoydusa, Nizaminin irsinə müraciət etməklə dünyada bəlkə də adi tərcümələrdən tamamilə fərqli, zəngin bədii dil keyfiyyətlərinə malik yeni bir əsərin varlığını təsdiq etdi. Nizami sənətinin gözəlliyini oxucu qarşısına çıxardı. Zəngin poetik çalarlara malik nəzmin zəngin nəsrinin də peşəkar tərcüməçi vasitəsilə mümkünlüyünü təsdiqləmiş oldu. Həm də Füzuli kimi Nizaminin böyüklüyünü də sübut etmiş oldu.

Gülxani Pənahın "Mir Cəlalın elmi-nəzəri görüşləri" monoqrafiyası ədəbiyyatşünaslıq elminə dəyərli töhfədir. Müzakirədə qeyd olunmuşdur ki, tədqiqatçının monoqrafiyanı "Yeddi gözəl"in tərcüməsi ilə başlaması sənətkar haqqında söylənilən fikirləri təsdiqləyir. Tədqiqatçı xanım elə bil çətin anlaşılan, oxucuların çox zaman oxumaqda maraqsız olduğu ədəbi-tənqidi əsərlərə bir daha maraq yaratmış oldu. Etiraf edək ki, oxucular, adətən, ədəbiyyatşünaslıqla bağlı əsərlərin dilində olan gəlmə terminlərdən zinhardır. Gülxani Pənah bu gəlmə terminlərdən uzaqdır. Sırf ana dilimizdə yazır elmi monoqrafiyalarını da, təpədən-dırnağa layla kimi sadə, ürəyəyatımlı misralarını da… Mən bu monoqrafiyanı təkcə Mir Cəlalın klassiklərimiz, öz müasirləri haqqında, eləcə də dünya ədəbi simaları haqqında deyilmiş dəyərli fikirlərin tədqiqatı kimi qiymətləndirmirəm, eləcə də onların içində Mir Cəlalın da byöüklüyü haqqında qiymətli əsər kimi dəyərləndirirəm. Mir Cəlal müasiri olan M.S.Ordubadi, S.Vurğun, S.Rüstəm yaradıcılığı haqqında yazıırdısa, bu gün Gülxani Pənah onlarla bir dövrdə yaşamış, onlarla birlikdə Azərbaycan ədəbi prosesi kimi, ədəbiyyatşünaslıq elminin də inkişafı üçün ömrünü şam kimi əridən, onu çiyinlərində saxlamağa qüdrəti çatan böyük sənətkarın elmi-yaradıcılığı ilə oxucunu yetərincə məlumatlandırır".

Filologiya elmləri doktoru B.Əlibəyzadə Mir Cəlalın, onun zəngin elmi-ədəbi irsini tədqiq edən Gülxani Pənahın bədii, elmi yaradıcılığına bələd olduğunu, millətinin, xalqının böyük sənətkarlarına qayğı və ehtiramını vurğuladı. Gülxani Pənahı Mir Cəlal irsinin təkcə tədqiqatçısı kimi deyil, həm də ondan çox şey öyrənən şagird kimi dəyərləndirdi. Mir Cəlal klassiklərimizə - Nizamiyə, Füzuliyə, Axundova, Mirzə Cəlilə, Sabirə, A.Şaiqə, S.Vurğuna, S.Rüstəmə və digər onlarla sənətkarımızın bədii irsinə necə qayğıyla yanaşmışdırsa, Gülxani Pənah da o şəkildə həm klassiklərimizin, həm də müasirlərimizin bədii, elmi sənətinə o qayğı və ehtiramla yanaşır. Onu çoxumuz şair kimi, ədəbiyyatşünas kimi tanıyırıq, onun folklorşünaslıqla bağlı onlarla dəyərli tədqiqat əsərləri var. Xalq irsimizin tədqiq və araşdırılmasında da əməyi böyükdür. Həm xalq irsinə, həm klassik sənətkarlarımızın irsinə, həm də içində olduğu ədəbi mühitə münasibəti, araşdırmaları zəngin elmi yaradıcılığının nəticəsidir. Onun bir publisist kimi fəaliyyəti böyükdür. "Oğuz şəhidləri, itkinləri" kitabını heç birimiz həyəcansız oxuya bilmərik. "Xocalı, ay Xocalı" dram əsəri tarixdir, Xocalı faciəsinin müdhiş gecəsinin xronikasıdır. "Mir Cəlalın elmi-nəzəri görüşləri" kimi fundamental qiymətli əsər də onun qələmindən çıxıbsa, təəccüblənmirik. Cəfakeş ana, alim, şair, publisist, əsl ziyalı Mir Cəlal elmi irsinə bu şəkildə də yanaşmalı idi və belə uğur da qazanmalı idi. Gülxani xanım uzun-uzadı ümumilləşdirmələr aparmır, apardığı tədqiqat işlərində yazıçının, alimin gördüyü işin təhlil və tədqiqatını aparır. Nəticə çıxarmağı çox zaman elə bil oxucunun öhdəsinə buraxır. "Mir Cəlalın elmi-nəzəri görüşləri" əsərində bunun şahidiyik. Aparılan elmi tədqiqat işinin məqsədi Mir Cəlalın bütün elmi irsi haqqında oxucunu məlumatlandırmaq, belə böyük şəxsiyyətin kim olduğunu xalqına çatdırmaqdır".

Tənqidçi, f.e.d. Vaqif Yusifli ədəbiyyatşünas alim kimi Mir Cəlalın elmi yaradıcılığı, ədəbi tənqidi görüşləri haqqında danışdı və bildirdi ki, tədqiqatçı Gülxani Pənah Mir Cəlal Paşayevin özündən əvvəl yaşayıb-yaratmış bir çox görkəmli sənətkarların sənət yolunu, sənətkarlıq keyfiyyətlərini, onların dil-üslub xüsusiyyətlərini orijinal bir şəkildə təhlil və tədqiq etdiyini araşdırmış, böyük ədib və alimin bir ədəbiyyatşünas kimi söylədiyi dəyərli fikirləri qələmə almışdır.

"Kredo" qəzetinin baş redaktoru şair-publisist Əli Rza Xələfli G.Pənahın həm istedadlı şair kimi, həm də əməksevər ədəbiyyatşünas alim kimi fəaliyyətindən danışdı. Onun oxucu qarşısına həmişə dəyərli tədqiqat əsərləri çıxardığını vurğuladı. Bu əsərlər içində fundamental əsər kimi son əsərini - Mir Cəlalın 100 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi "Mir Cəlalın elmi-nəzəri görüşləri" monoqrafiyasını yüksək qiymətləndirdi: "Gülxani Pənah anadır, qadındır, gözəl ailə sahibidir, eləcə də bizim qələm dostumuz, istedadlı şairə, yüksək elmi təfəkkürə malik alimdir. Onlarla monoqrafiyanın müəllifidir. 60-cılar nəsli haqqında ən dəyərli monoqrafiyaların müəllifidir. Bir-birinə bənzəməyən sənətkarlarımızın orijinal yaradıcılığı haqqında orijinal əsərlər ortaya qoyan cəfakeş alimdir. Onun qələmindən çıxan "Mir Cəlalın elmi-nəzəri görüşləri" monoqrafiyasını oxumuşam. Mir Cəlalın yazıçı kimi də bütün yaradıcılığını təhlil və tədqiq etməyə qadir alimdir. Maraqlıdır ki, o, Mir Cəlalın elmi-tədqiqat əsərlərini tədqiqata çəkib. Kimsə irad tuta bilər ki, onu yazıçı kimi bu kitabda işıqlandırmayıb. Təbiidir. Çünki Mir Cəlal bir monoqrafiyaya sığan ədəbi-elmi irsi olan şəxsiyyət deyil. Tədqiqatçı alim, böyük nasir, hekayələr ustası, böyük bir alim ordusu yetişdirən pedaqoq, dəyərli ziyalıdır. Bir sənətkar, alim ömrü, fəaliyyəti haqqında onlarla əsər yazıla bilər. Mir Cəlalın elmi-nəzəri görüşləri şükürlər olsun ki, Gülxani xanımın bu monoqrafiyasında bütövlükdə əhatə olunub. O, Mir Cəlal elmi irsinə hər hansı bir problemdən yanaşmır. Fakt ortaya qoyur ki, Mir Cəlal böyük alim, nadir istedad sahibi, sovet imperiyasının hökm sürduyü bir dövrdə Azərbaycan klassik ədəbiyyatımızın təəssübkeşidir, böyük müəllimdir, əsl pedaqoqdur, güclü elmi-nəzəri təfəkkür sahibidir, bu sahədə bu qədər əsərlərin müəllifidir… Monoqrafiyada bir neçə cümlə ilə də olsa onun hansısa bir elmi irsinə də diqqəti yönəldə bilib. Monoqrafiyada Mir Cəlal haqqında təmtəraqlı cümlələr yoxdur, Mir Cəlalın kim olduğu ortadadır. Çoxumuz onu qüdrətli gözəl hekayələr, povest və romanlar müəllifi kimi tanıyırdıq. Bu kitabla bir daha Mir Cəlal Paşayevin bütün ömrü boyu, gecə-gündüz şam kimi ədəbiyyatımız, elmimiz üçün yandığının şahidi olduq. Gülxani Pənahın "Mir Cəlalın elmi-nəzəri görüşləri" kimi fundamental əsərini ancaq alqışlayıram, ona uğurlar arzulayıram, arzu edərdim ki, böyük sənətkarın bədii irsini də təhlil etsin. Gülxani Pənahın elmi əsərlərinin dili Söhrab əmi demişkən, könül oxşayır. Uğurlu, qiymətli tədqiqat əsərdir".

Şair Oqtay Rza Mir Cəlalın böyük alim kimi, yazıçı kimi ədəbiyyatımızın inkişafında rolundan danışdı, elmi - nəzəri irsilə bağlı yazılan bu elmi monoqrafiyanı yüksək qiymətləndirdi.

Digər çıxış edənlərdən Fikrət Sadıq, İ.Əliyeva, Ə.Ağalarov, M.Abdulla, Q.Nəcəfzadə, A.Taleh, N.Babayeva, kitabın redaktoru Arifə Arifqızı və başqaları kitab haqqında dəyərli fikirlər söylədilər.

Tədbirdə çıxış edən alimlər, ədəbiyyatşünaslar, şair və yazıçılar "Mir Cəlalın elmi-nəzəri görüşləri" monoqrafiyasını həm klassik, həm də XIX-XX əsrlərin ədəbi prosesləri, həmin dövrün Azərbaycan ədəbiyyatşünaslığı və bütövlükdə ümumtürk filoloji düşüncəsi üçün əhəmiyyətli bir hadisə adlandırdılar.

Kitabın elmi redaktorları f.e.d., prof. Qara Namazov, f.e.d., prof. İfrat Əliyeva, f.e.d., prof. Rüstəm Rüstəmzadədir. Kitab haqqında Cəlal Abdullayev "Mir Cəlalın elmi-nəzəri və ədəbi-tənqidi görüşlər sisteminə yeni baxış" adlı geniş məqalə ilə mətbuatda ("Ədəbiyyat qəzeti", 9 aprel 2010-cu il) çıxış etmişdir. Alim bu kitab haqqında fikirlərində bildirir ki, "G.Pənah yazıçının demək olar ki, bütün elmi-nəzəri, etik-estetik, ədəbiyyat tarixçiliyi, ədəbi-tənqid irsini tam və bütöv şəkildə alaraq etibarlı mənbələrə, qaynaqlara, zəngin elmi-nəzəri fakt və materiallara istinad edərək dərin araşdırmalar, müqayisələr, paralellər apararaq, necə deyərlər, Mir Cəlalın böyük alim, nəzəriyyəçi, ədəbiyyat tarixçisi, tərcüməçi, tənqidçi portretini bütün konturları ilə boya-boy, tam və bütöv kimi yaratmağa müvəffəq olmuşdur. Ona görə də bu müfəssəl portretə hansı tərəfdən baxsan, o tərəfdən bitkin və dolğun görünür. Ona görə də dərhal oxucuda xoş təəssürat yaradır, diqqəti çəkir. Mündəricat da düzgün qurulmuşdur: Giriş, "Yeddi gözəlin nəsrlə tərcüməsi", "Mir Cəlal və ədəbi irsimiz", "Mir Cəlal rus ədəbiyyatı haqqında", "Mir Cəlal Füzuli yaradıcılığı haqqında", "Azərbaycanda ədəbi məktəblər", "Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı haqqında", "Mir Cəlal "Ədəbiyyatşünaslığın əsasları haqqında" və s."

Tədbirə Azərbaycan Yazıçılar Birliyinin dəvətilə respublikamızın dövlət telekanalları ilə media işçiləri dəvət olunmuş, həftə ərzində televizor efirlərində və mətbuat səhifələrində geniş işıqlandırılmışdır.

Gülxani Pənahın "Mir Cəlalın elmi-nəzəri görüşləri" kitabını böyük sənətkarın elmi irsinin tədqiqinə həsr olunmuş ilk fundamental əsər kimi dəyərləndiririk və bu monoqrafiyanın Azərbaycan Respublikasının ədəbiyyat sahəsi üzrə Dövlət mükafatına təqdim olunmasını dəstəkləyirik.

 

 

Azərbaycan Yazıçılar Birliyinin katibliyi

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.2-3.