"Nuru Paşa"
Paytaxt şəhərimizin
"Dağüstü park" deyilən yerində - Şəhidlər xiyabanının
qonşuluğunda türk
sərkərdəsi Nuru
Paşanın komandanlığı
ilə 1918-ci ildə Bakını bolşevik, erməni-daşnak birləşmələrinin
işğalından qurtarmağa
gələn Türk-Qafqaz
ordusunun şərəfinə
abidə (15 iyul 1999) ucaldılmışdır.
Türklərlə azərbaycanlılar
çiyin-çiyinə vuruşub
1130 şəhid vermişlər.
Xalq şairi
Nəriman Həsənzadənin
bu münasibətlə
yeni yazdığı
"Nuru Paşa" adlı poemasının bəzi fəsilləri
"Azərbaycan", "525-ci qəzet", "Azərbaycan
Cümhuriyyəti" qəzetlərində;
bütövlükdə isə
"Azərbaycan" jurnalının
bu ilki 2-ci sayında çap olunmuşdur.
Tanınmış türk şairi İsmət Bora Binatlı bu əsəri türkcəyə çevirmiş
və şair dostuna göndərdiyi məktubunda poemanın bir neçə jurnalda dərc edildiyini yazmışdır.
"Nuru Paşa" poeması AMEA-nın müxbir üzvü Nizami Cəfərovun müqəddiməsilə
bu günlərdə Bakıda ayrıca kitab şəklində nəşr olunacaqdır.
Aşağıda İ.B.Binatlının
poema haqqında Türkiyə mətbuatında
çap etdirdiyi məqaləni təqdim edirik.
Bundan əvvəlki məqaləmdə Azərbaycanda olduğum zaman Azərbaycan türklərinin bizə böyük sevgi və maraq göstərdikləri haqqında geniş məlumat vermişdim. Məni ən çox təsirləndirən isə Bakıda, xüsusən də Şamaxıda türk məzarına göstərilən ehtiram və böyük türk komandanı Nuru Paşaya göstərilən vəfa duyğusu olmuşdu.
Xeyli vaxt olardı ki, Nuru Paşa ilə bağlı araşdırma aparmağı düşünürdüm. Azərbaycanın müasir dövrdəki görkəmli şairi Nəriman Həsənzadənin Nuru Paşa haqqında yazdığı poemanı Türkiyə türkcəsinə çevirib çap etməklə məşğul olduğuma görə araşdırmam bir az gecikdi. Amma bu poema məni o qədər təsirləndirdi ki, dərhal bununla məşğul olmağa başladım.
Nuru Paşa 1881-ci ildə İstanbulda dünyaya gəlmişdir. Zənnimcə, onun böyük Atatürklə eyni ildə anadan olması gözəl bir təsadüfdür. Nuru Paşa "İttihad və Tərəqqi" cəmiyyətinin qurucusu, Osmanlı tarixində böyük rol oynamış Ənvər Paşanın ögey qardaşıdır.
Osmanlı Dövləti I Dünya müharibəsində 4 il 7 cəbhədə dövrün ən güclü dövlətlərilə mübarizə aparmışdır. Bu dövrdə Azərbaycanın da durumu ürəkaçan olmamışdır. Məqsədyönlü şəkildə Azərbaycanın hər sahədəki inkişafına maneələr törədilirdi. 1918-ci ildə Azərbaycanın bir çox şəhərləri işğal edilmişdi. Şaumyanın rəhbərlik etdiyi işğalçı hərəkat bütünlüklə xalqa tərəf yönəldilmişdi. 1918-ci il martın 18-dən aprelin 1-dək Bakıda baş vermiş dəhşətli qətllərdə 12000 Azərbaycan türkü şəhid oldu. Xalqın böyük bir hissəsi şəhəri tərk etmək məcburiyyətində qaldı.
Azərbaycanda baş verənlər İstanbula çatanda Ənvər Paşa qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunu qurmaq məqsədilə Azərbaycana göndərdi. Azərbaycanın yeganə ümidi Türk ordusu idi. Ordunun Azərbaycana gəlişini xalq bayram kimi qarşıladı. 1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru Paşa ordu hazırlıqlarını başa çatdırdıqdan sonra işğal altında olan Salyan, Ağsu, Kürdəmir və Şamaxını azad etdi. Bakı isə hələ də düşmən işğalı altında idi. Rus və erməni hərbiçilərinin əsarəti altında qalan Bakını azad etmək üçün atılan ilk addım uğursuz oldu. Xalq Nuru Paşaya ünvanladığı məktubda yazırdı: "Ey türk əsgəri! Bakını azad edə bilməsən, Bakıda sənin şərəfinə hazırlanan süfrələr sahibsiz qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qismət olacaq. Şəhəri azad edə bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən açacaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək". Bu sözlər xalqın vəziyyətini ifadə edirdi.
Bakını azad etmək üçün ikinci addım uğurlu oldu. Düşmən türk ordusunun hücumları qarşısında tab gətirə bilmədi və şəhər işğalçılardan azad edildi. Böyük xalq kütləsi Nuru Paşanı və Xəlil Paşanı xilaskar kimi qarşıladı. Onların sayəsində Azərbaycanın paytaxtı azad edildi. Bu günün qurban bayramı ilə eyni günə düşməsi xalqın sevincini ikiqat artırdı.
Türk ordusu bütün cəbhələrdə olduğu kimi, Şamaxıda da yüzlərlə şəhid verdi. Rus və erməni işğalçıları azmış kimi, ingilislər də türk ordusuna qarşı kiçik dəstələrini Bakıya göndərərək Qafqaz İslam ordusunun müqavimətini qırmağa çalışmış, lakin onlar da Nuru Paşanın ordusu tərəfindən darmadağın edilmişdilər. Həmin il sentyabrın 15-də Bakı düşmən işğalından tamamilə azad edildikdən sonra ordunun bir hissəsi Dağıstana keçərək oranı da azad etmiş və Osmanlı dövlətinin sərhədlərinə qatmışdır. Şamaxıdakı türk şəhidinin məzarı daima azəri türklərinin hörmətlə yad etdikləri bir ziyarətgaha çevrilmişdir.
Uzun müddət ruslar tərəfindən müxtəlif təzyiqlər göstərilməsinə baxmayaraq bu məzarlara olan hörmət və diqqət azalmamışdır. Azərbaycanın ən böyük şairlərindən biri olan Bəxtiyar Vahabzadənin "Tənha məzar" adlı şerindən bir neçə misra məzar daşına həkk edilmişdir:
Yolun kənarında
tənha bir məzar,
Üstündə nə adı, nə soyadı var.
Ey yolçu,
maşını əylə
bu yerdə,
Soruş kimdir yatan tənha
qəbirdə.
O bir türk zabiti - qəhrəman, mətin,
Doğma qardaşına yardıma gəldi.
Qırğına tutulan millətimizin
Haqlı savaşına yardıma gəldi.
Uzaqdan hay verib
sənin səsinə,
Gəldi o, dönmədi öz ölkəsinə.
Düşmən səflərini
o, soldan sağa
Biçib dəstəsiylə cəbhəni
yardı.
Torpağın uğrunda
düşüb torpağa
Sənin torpağını sənə
qaytardı.
Özü qoruduğu,
həm can verdiyi
Yolun kənarında dəfn edildi o.
Uğrunda canını
qurban verdiyi
Torpağı özünə vətən
bildi o.
Yolçu, maşınını
bu yerdə durdur,
O məzar
önündə sən
təzim eylə.
Sayğı duy, dua et onun
ruhuna,
Ayaq basdığın yer borcludur ona.
1918-ci ildən indiyə qədər zülm və təzyiqlərə
məruz qalan Azərbaycanda türk əsgəri canından keçərək xalqın
qəlbində özünə
əbədi taxt qurmuşdur. Rusların türk adını
yasaq etdiyi dövrlərdə belə
türk şəhidinin
məzarı türkçülüyün
qorunmasında mənəvi
bir dəstək rolunu oynamışdır.
Hər bir azərbaycanlı o məzarın yanından keçəndə "fatihə"
surəsi ilə türk şəhidini anır. İllərdir ki, türk şəhidinin qüdrət
və ehtişamı Azərbaycan xalqını
canı-könüldən salamlayır.
Nuru Paşa Cümhuriyyət dövründə Killigil soyadını alır. Müharibədən sonra Almaniyada yaşayan Nuru Paşa da qardaşı
Ənvər Paşa kimi həmişə almanlara qarşı bir istilik göstərmiş
və bunu milli hisslərinin qüvvətilə mənalandırmışdır.
1938-ci ildə Türkiyəyə qayıdan
Nuru Paşa silah və hərbi
təchizat istehsal edən fabrik yaratdı. II Dünya müharibəsi dövründə də
"Turançılıq" ideyası ilə bağlı almanlarla münasibət qurdu.
Bakı fatehi Nuru Paşa
1949-cu ildə naməlum
səbəbdən baş
vermiş partlayış
nəticəsində öz
fabrikində həlak olmuşdur.
Nuru Paşanın
xatirəsini yad edib Bakının işğalından sonra dediyi sözləri və zəmanəmizin böyük Azərbaycan şairi, əziz dostum Nəriman Həsənzadənin "Nuru
Paşa" adlı möhtəşəm poemasından
bir hissə ilə yazımı bitirmək istəyirəm:
"Qardaş Azərbaycan
türklərinin mənfəəti
hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın
müstəqilliyi üçün
yenə qurbanlar lazım olsa, ona da hazırıq.
Nuru Paşa".
Hörmətli Nəriman
Həsənzadə poemasının
əvvəlində deyir:
"Azərbaycan xalqı
müttəfiqi Türkiyə
qoşunlarını böyük
sevinclə qarşılayaraq
onların gəlişini
bayram etmişdi".
Sonda məşhur
"Nuru Paşa" poemasından kiçik bir hissəni sizə təqdim etmək istəyirəm:
Nuru Paşa
at belində
Türkiyədən,
Karsdan gəlir.
Azərbaycan deyə-deyə,
yaralanmış
aslan gəlir.
***
...Nuru Paşa arxasıza arxa gəlir…
İgidlərin sırasında
"Hücum!" deyən igid gəlir.
Azərbaycan, səndən
ötrü
Gör neçə
min şəhid gəlir...
Paşa balam, sənin adın
ordan gəlir.
Bu damara
o damardan,
Bax, o qandan bu qan
gəlir.
Sən gələndə
Nuru Paşa,
Sən yaşında
cavan gəlir...
Türk can qoydu
bu torpaqda
"Azərbaycan!" deyə-deyə.
Tarix, səni
oxuyuram
Mən Türkə
"Can" deyə-deyə...
İsmət Bora Binatlı
"Size - aktual dərgi".
aprel 2010, ¹7
Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.1, 5.