"Türk sivilizasiyası: əsrləri bağlayan əlaqə"

  

 Mayın 25-də Qazaxıstan və Türkiyə Prezidentləri Nursultan Nazarbayev və Abdullah Gül Astanada Türk Akademiyasını açmış, "Türk sivilizasiyası: əsrləri bağlayan əlaqə" adlı Beynəlxalq Avrasiya Konqresində iştirak etmişlər.

Akademiyanın açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirmişdir ki, Türk Akademiyası türk dünyasında birinci nadir elmi-tədqiqat mərkəzidir və bu haqda razılaşma ötən il Azərbaycanın Naxçıvan şəhərində keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə əldə edilmişdir.

N.Nazarbayev demişdir: "Türk dünyasının dünya sivilizasiyasına verdiyi böyük şəxsiyyətlər - Mahmud Kaşğari, Yusif Balasaqunlu, Əl-fərabi, İbn Sina, Əl Xarəzmi, Xoca Əhməd Yasəvi, Mirzə Uluqbəy, Əlişir Nəvai və digər bu kimi alim və şairlərin irsinin öyrənilməsində Türk Akademiyasının böyük rolu olacaqdır".

Qazaxıstan Prezidentinin sözlərinə görə, Türk Akademiyası türk dünyasının mənəvi birliyinin möhkəmləndirilməsinə xidmət etməli, qədim yazılı abidələrin tapılması və bərpası istiqamətində yaradıcılıq laboratoriyası olmalıdır.

Burada arxeologiya, etnologiya, türkologiya və ədəbiyyatşünaslıq sahələrində tədqiqatlar aparılacaqdır. Akademiyada Türk Tarixi və Mədəniyyəti Mərkəzi, Türk Dillərinin Öyrənilməsi Mərkəzi, kitabxana, ümumi türk muzeyi və arxiv fəaliyyət göstərəcəkdir.

Abdullah Gül Türk Akademiyasının açılması münasibətilə iştirakçıları təbrik etmiş, burada çalışan alimlərə uğurlar arzulamışdır.

Prezidentlər ümumi türk muzeyinə və kitabxanaya da baxmışlar. Burada türk dünyasının tarixi və mədəniyyəti barədə müxtəlif məzmunlu kitablar, şəkillər toplanmışdır. Kitabxananın Azərbaycana aid olan bölməsində respublikamızın tarixi, etnoqrafiyası, mədəniyyəti, ölkəmizin bugünkü inkişafı ilə bağlı kitablar toplanmışdır.

Sonra dövlət başçıları "Türk sivilizasiyası: əsrləri bağlayan əlaqə" adlı Beynəlxalq Avrasiya Konqresində iştirak etmişlər.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.1.