Könüldən qıraqda oxunammazsan...
...Belə də düşünmək olar: Ağıl insanı dəryadan xilas etməyin yollarını arayır və onu qərq edir. Könül (poeziya, yol, söz, iz) insanı dəryada qərq edir və əslində, insan xilas olur.
Belə də demək olar: "Sən bina uçurub... bina tikirsən, İnsanı uçurub tikmədəyəm mən!"
Şair Musa Ələkbərli beləcə də edir. "Təzə bir şerimdən doğulmuşam mən" fəlsəfəsiylə şeir-sənət yoluna çıxandan bəri...
Kimlərin necə yaşadığı, necə boğula-boğula ömür etdiyi haqda heç nə deyə bilmərəm. Amma onu deyə bilərəm ki, (özü də dəqiq şəkildə) Musa doğula-doğula yaşayıb və doğula-doğula yaşayacaq.
Musa Ələkbərli imzasını ilk dəfə gördüyüm andan sevdiyim, izlədiyim şairlərdəndi. Elə şairlər var ki, onun sözlərini (şeirlərini, poemalarını) oxuyanda adam dincəlir, onun dünyabaxışı adamın ruhunu oxşayır, sözü səni dincəldir və nəticədə sözün özü də dincəlir...
Musa həm də belə şairlərdəndi. Belələrinin dilində təkcə söz nəfəs almır, nəfəsin özü də nəfəs alır!
Özü sıxılır - sözü sıxılmağa qoymur.
Özü yıxılır - sözü yıxılmağa qoymur!
***
Musa Ələkbərli dünyaya
Gədəbəy dağlarının
qucağında göz
açıb. Ona görə də
belə ilhamlıdır,
belə gülərüzdür,
sözlü-sazlıdır. Necə deyərlər, "Dağın
dağ bərəkəti,
dağın dağ sərvəti var!"
Musa bir vaxtlar "Yaylaq lövhələri"
şerində yazmışdı
ki, "Az qalıram dağları şələləyəm belimə". O, belə
söyləməkdə yanılmadı.
Dağları özüylə Bakıya gətirdi.
"Nəyisə axtarıram İsaq-Musaq quşutək"
- deyib axtarışa çıxdı. Quşlar padşahın itmiş
danasını axtarırdılar.
Musa elin ona verəcəyi
adı (saxlancı) gəzirdi.
O quşlar
hələ də oxuyurlar:
"Tapdınmı?" "Yox, tapmadım".
Biz oxuyuruq: "Tapdınmı?!" (Adını deyirik, ay Musa!)
Sən oxuyursan:
"Tapdım!" (Yəni daha məndən narahat olmayın,
əziz dostlarım, qardaşlarım!)
***
...Əynində
paltarın qıpqırmızıdı,
Sevincin donuna hopub elə
bil.
Görən xəbər
alır: "Kimin qızıdı,
Alışıb günəşdən qopub
elə bil!"
...Ürəkdən
keçəni üzdə
danırdım,
Yerinə düşmürdü şerim,
sözüm də.
Gizli bir heyrətlə elə yanırdım,
Şeirdən çıxası
artıq söz idi
Elə bil,
ö günü dünya
gözümdə!?
Hələ bir
"şeirdən çıxası
artıq söz" ifadəsinə fikir verin! Doğrudan da, şerimiz nə qədər artıq sözlərlə
dolub... Şeir ha yazmır, bu
artıq sözləri
çıxarmaqla məşğuldu
Musa da.
Sağ ol, Musa!
Sağ ol, artıq sözün (sözlərin) düşməni!
Nə yaxşı
ki, "davakünsən",
nə yaxşı ki, havalısan, dostum! Şimşək oynamağın, ildırım
çaxmağınla! Həm
də dərin sükut içindəsən,
artıq sözlərlə
dolu dünyayla savaşmağınla!
İçinə artıq-artıq
sözlərin girməsinə
imkan vermədiyin şeirlərindən birində
deyirsən ki:
Hardasa bir gözəl çıxar
yollara,
İntizar içində
sədamı gözlər!
Təkcə gözəlmi?
Bəs qoynundan
çıxdığın dağlar kimin sədasını (xoş
sədasını ha) gözləyir
onda?! Özü də dağ sərvəti, dağ bərəkətilə!
Kəndimin qoynunda bahar eşqi var,
Səni dağ dilində danışdırar
o!
Musa Ələkbərli dağ
dilində danışan
şairdir.
...Bir ana qartaltək uçurar bizi,
Sonra soraqlanar, sorağa dönər.
Görüb dağa
dönmüş əməlimizi,
Dağlar özü
boyda marağa dönər!
...Dağların
insantək boy atmağı
var,
Dağların dağları
yaratmağı var!
...Gül
kimi açılar burda güldərən,
Dağ olar qəlbini dağlara verən!
Musa Ələkbərlinin
"Atama" adlı
şerindəki "Nə
yaxşı mən sənin oğlun olmuşam, Nə yaxşı sən mənim atamsan, ata" misralarını oxuyandan sonra həmin şerin adını ərklə
"Dağlar" qoymaqdan
və belə yazmaqdan özümü saxlayammadım:
Nə yaxşı
mən sənin oğlunam, dağlar!...
***
Yaşamağı, ad günü
keçirməyi Dağlardan
öyrənmək gərək!
Adı olanların
fikri-zikri isə həmişə sözün,
adın (dağın)
yanında olur!
***
Musa Ələkbərli xalq ruhundan süzülüb gələn sənətkardır. Bunu özü
də yaxşı bilir.
Bu dolu yağışı kəsməz,
bilirəm,
"Anamın
ilkiyəm" deyənə
kimi!
Bu misraların
"mən anamın ilkisiyəm, ağzı qara tülküsüyəm"
folklor nümunəsindən
qidalandığı yəqin
ki, yadınıza düşdü...
Musa hər şerində az
qala hər dəfə dağların
yanına qayıdır,
bulağın gözünü
öpür... Hər dəfə də qayaya hopur, daşa
hopur...
Musa Ələkbərli məhəbbət
mövzusunda çoxlu
şeirlər yazıb,
- desək, fikirlərimizi
tam ifadə etmiş olmarıq. Kitab bağlayıb desək,
daha düz olar. İllərdir ki, Musa da bir qıza
söz demək istəyir. Amma necə desin? Hələlik bunu deyə bilir ki:
Mən sizin küçənizdən
Oğrun-oğrun keçəli,
Anan ötürür səni.
60 yaşına gəlib çatıb. Hələ də Musa bilmir ki, o qızı
nə vaxt təklikdə tutacaq və özü ötürəcək (ötürə
biləcəkmi).
P.S. Hər kəsin öz sevdiyi şairlər var. Könül
dəftərinə köçürülüb
saxlanılır onun yazdığı şeirlər
də! Mənim də belə bir dəftərim var. O dəftərdə sənin
də şeirlərin
var, Musa! Gözdən
çox, könüldən
oxunmaq üçündü.
Sən çoxdan könülnən
oxunmaq haqqını qazanmısan. Şeirlərinlə,
nəğmələrinlə!
...Bilmirəm
nə deyim o nəğmə haqda,
Axı mənim
kimi kim
duyar səni!
-
deməyə haqqım
olduğu kimi, sən deyən elə bir qara-qorxum
da yoxdu ki...
…Haçansa
bir naşı gözdən iraqda,
Könüldən qıraqda
oxuyar səni!
Barat VÜSAL
Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.4.