İşıq axtaran insan

 

Vətəndə,

qürbətdə,

səfərdə

həmişə, hər yerdə

İşıq axtarır insan,

İşıqdan doğulmuşuq, işıqdan.

 

Onun bütün həyatı işıqla, odla bağlı olub. Hələ qəlbində şeir odu şölələnməmiş Naftalanda və Kürdəmirdə işıqçı işləyib. Taleyini sözə, poeziyaya bağlayandan sonra da od, işıq qəlbindən əskilməyib. Şeirlərində yaşadıb, sözünə, misralarına zərrə-zərrə paylayıb onu. Yaradıcılığının yetkin çağlarında "İşığın yaşı" adlı lirik-fəlsəfi poemasını qələmə alıb.

 

Min bir adı var işığın

Bir adı da həqiqətdir.

Yalan sevməz,

Hiylə bilməz.

İşıq mərddir!

...Yaxşı ki,

Kainatda işıq var.

 

Fikrət Sadığın poeziyası işıqlı poeziyadır. Bu poeziyada şair qəlbinin hissləri, duyğuları işığın çoxçalarlı rəngləri kimidi. Təbiətin müxtəlif rəngləri, naxışları, göyün, yerin, kainatın sirlərlə dolu gözəllikləri onun poeziyasında işıq kimi gülümsəyir. Bu işıqda həyatın təzadları da əks olunur. O işıq heç vaxt öləziməyib, həmişə sevgi, təbəssüm, inam kimi oxucu ürəyinə səpilib. F.Sadıq yazır: "...yazılarımın çoxu işıqdan və müharibədəndir. İşıqçı olmuşam, ona görəmi? Müharibənin özünü görməsəm də, ağrısını-acısını dadmışam, ona görəmi? Bu qəbildən olan yazılarım diri xatirələrimdir ki, zaman-zaman oyanıb şeir olur. O illərimin işığı da çilənir həmin şeirlərə. İşıqsız şeir olmaz onsuz da. Füzuli şeri, Sabir şeri, Səməd Vurğun və Rəsul Rza şeri başdan-başa işıq deyilmi? Şerimiz bu işıqların sayəsində göz açıb dünyaya".

Ədəbiyyata ötən əsrin əllinci illərinin sonlarında, universitet tələbəsi olarkən qədəm basıb. İlk xeyirxahı unudulmaz şairimiz Rəsul Rza olub. Rəsul müəllim 1963-cü ildə qələmə aldığı "Ümid və arzular" məqaləsində yazırdı ki: "…Fikrət Sadığın ən yaxşı şeirləri ruhən cavan, ehtiraslı, lakin saçına çox tez müdriklik ağı düşmüş adamı xatırladan şeirlərdir".

Biz - F.Sadıqdan çox-çox sonralar ədəbiyyata gələn nəsil "saçına çox tez müdriklik ağı düşmüş" bu gözəl şairin poeziyasındakı özünəməxsusluğa, yaşından irəli itifəhmliyinə, ağsaqqallığına çox tez bir zamanda öyrəşdik. Təkcə şeirləri ilə deyil, həm də özüylə dostlaşdıq, onun məzəli-duzlu zarafatları , bədahətən söylədiyi yumorlu şeirləri ilə də dostlaşdıq.

Kitablarının birinə yazdığı müqəddimədə F.Sadıq bədii ədəbiyyata, xüsusilə poeziyaya münasibətini belə ifadə edir: "Dünənin şeri, üstəgəl sabahın şeri, bərabərdir bu günün şerinə. Bu tapmacanı ağac timsalında açaq. Kök varsa gövdə tutacaq, qol-budaq atacaq. Kök-dünən, gövdə-bu gün, qol-budaq sabahdır. Bu günün şeri ağacın gövdəsidir. Bütün zamanlarda müasir şeir gövdə olub. Gövdə ağaca necə lazımsa, şeir də cəmiyyətə eləcə gərəkdir. Şeir də ağaclar kimi bir-birinə bənzəməyəndi. Sərti də olur, kövrəyi də!".

Bu fikirləri F.Sadığın ədəbi kredosu da hesab etmək olar. Onu haqlı olaraq Rəsul Rza ədəbi məktəbinin nümayəndəsi hesab edirlər. Deyim ki, R.Rza təkcə modern şair deyildi, həm də ənənəyə bağlı bir şairdi və biz bunu F.Sadığın poeziyasında da görə bilərik.

 

Bir ağız Osvensim fəryadı,

Bir tutam yaslı bulud.

Sonra günəşin addım səsləri,

Sonra tufanqabağı sükut.

Dalğaların parçalanması,

Qayaların ovulması.

Bir də Dədə Qorqud.

Sonra Kərəm yanğısı,

Sonra çilik-çilik sınan su.

Tanış çiçək qoxusu,

Doğma yurd...

 

Böyük bəstəkarımız Qara Qarayevin musiqisinə heyranlıqdan yaranan bu şeir-təəssürat o zaman tez-tez səslənən assosiativ şerin ən parlaq nümunələrindən idi. Göründüyü kimi, burada ustad Rəsul Rza "Rənglər"inin təsiri (forma baxımından) aydınca seçilirdi. Amma təsir təqlidə, yamsılamaya çevrilməyib. F.Sadığın onlarla şerində, həmçinin "Dənizə axan küçə", "Ağ cığır", "Səhrada tənha buruq", "Buz nənni", "Balıqçı və su pərisi", "Sevgi yağışı" lirik poemalarında 60-70-ci illərin yenilikçi poeziyasının səciyyəvi xüsusiyyətlərini görürük. O illərdə poeziyada yaranan bu yeni meyl və tendensiyaları müxtəlif tərzdə və müxtəlif yöndə izah edirdilər, bunu Qərb poeziyasının təsiri kimi yozanlar da vardı, ənənəvi şerin əks modeli kimi şərhə çalışanlar da. Amma F.Sadığın adını çəkdiyim bu poemalarında milliliyə, şerimizin qaynaqlarına bağlılıq güclü idi. Nağılvari təhkiyə tərzi, qeyri-adi və gözlənilməz assosiasiyalar, qəfil bənzətmələr, metaforalar "Balıqçı və su pərisi" poemasında daha bariz nəzərə çarpırdı. Litva əfsanəsi əsasında qələmə alınan bu poemada bir balıqçı ilə əfsanəvi su pərisinin sevgisindən söz açılır. Balıqçı su pərisinin sevdasına düşür və onu doğulduğu komaya aparmaq istəyir, amma su pərisi "Qayıdaq mavi dənizə" - deyir. Balıqçı sevgi naminə su pərisi ilə onun mavi dünyasına yol alır, amma bir "sualtı qayanın çeçələ barmağına toxunan qayıq" onun ölümünə səbəb olur. Nağılın süjeti bundan ibarətdir. Amma elə ilk misralardan şair o dövrün poeziyası üçün təzə və təravətli səslənən bədii təsvir vasitələri ilə diqqəti cəlb edirdi:

 

Qabarlı ələ bənzər qayalı sahildən

üsulluca itələndi qayıq.

Yırğalandı nəhəng beşik,

yatırdı qorxaqlığı.

Qayıq haqladı üfüqü,

üfüq iki bölündü:

uzaqlaşdı bir qövsü,

bir qövsü söndü.

Uzaqda, lap uzaqda-

Dənizlə səma qarışanda bir-birinə

üfüq parçalandı dörd yerə:

qövslər birləşdi, oldu çevrə.

Qayıq ortada qaldı, qaldı tək nöqtə,

Tor atıldı, oxşadı vergülə.

 

Bu tipli nümunələrlə F.Sadığın 60-80-ci illərdə yazdığı əksər şeir və poemalarında qarşılaşırıq. Sonrakı onilliklərdə də, o, bu yolu davam etdirdi. Şeirlərində həmişə təzə söz deməyə, fikrin poetik ifadəsində yeni çalarlara meyl etdi və bunun bəhrəsini onun şeirlərində izləyə bilərsiniz. Ümumiyyətlə, F.Sadıq öz poetik fərdiyyəti etibarilə bir çərçivəyə sığan şair deyil. Onun poetik təfəkkürü Azərbaycan şerinin bütün formalarında və vəznlərində öz gücünü göstərməyə qadirdir. F.Sadıq ikiliklər yazır, iki misrada bəlkə də bir böyük şeirdə ifadə etmək istədiyi fikrin kiçik modelini yaradır, bir çox poemalarını lirik miniatürlər şəklində qələmə alır, "kəsə sözlər"lə qısa, amma fikir yüklü şeirlər yaradır, "ədəbiyyat nəzəriyyəsi" silsiləsilə qələmin, qəsidənin, rübainin, qəzəlin klassik və müasir dövrdə necə anlaşıldığını izah edir, son illərdə isə içindəki əruz damarı ona bu vəzndə xeyli şeirlər yazdırır. Yeri gəldikcə folklor formalarına üz tutur. F.Sadığın bir neçə poeması məhz əfsanə və rəvayətlər əsasında qələmə alınıb, miniatür şeirlərində də o, xalqdan gələn məsəllərə, atalar sözlərinə, deyimlərə müraciət edir, yeni, orijinal fikir söyləməyə cəhd edir. Bircə misal:

 

Oğlağa quzu demədi

o Dədə Qorqud.

Gödəyə uzun demədi

o Dədə Qorqud.

Bütövə dilim demədi

o Dədə Qorqud.

Nadana alim demədi

o Dədə Qorqud.

Kim dedi bəs?!

 

Fikrət Sadığın poeziyası əzəldən yaşadığımız gerçəkliklə, müasir həyatla, cəmiyyətdə, dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı olub və əgər onun şeir və poemalarının tematik mənzərəsi bir xəritəyə sığışdırılsa, burada xalqımızın keçdiyi tarixi yolun şöhrətli, şanlı sənələri, ağrılı-acılı illəri, dahilərinin, söz xiridarlarının, qəhrəmanlarının xatirəsi öz əksini tapacaq. Xüsusilə, XX əsrin mürəkkəb və təzadlı mənzərələri də onun poeziyasında bədii tarix kimi diqqəti cəlb edir. Onun 90-cı illərdə və ikimininci illərin əvvəllərində yazdığı şeirlər Mirzə Ələkbər Sabir ruhunun Fikrət Sadıq poeziyasında ehya olunması kimi anlaşılmalıdır. Budur, şair yol boyunca düzülən yaraşıqlı villaların qarşısından keçir və bu mənzərə belə bir şerin yaranmasına səbəb olur:

 

Bu möhtəşəm villaların

Dörd bir yanı daş qaladır.

Yaxşı bənna bu qalanın daşlarından

Dörd qaçqına ev qaraldar.

O qalalar kimindir bala?

Sizindir, qardaş, sizin!

Başımıza gələn bəlalar

Yan-yana düzülsə əgər,

Elə belə qala olar,

O bəlalar kimindir,

Bizimdir, qardaş, bizim...

 

Dövrün, zamanın, bu günün reallıqlarıdır bu mənzərə. Və bir də bu misralar: "Çörəklə sınağa çəkiblər xalqı, Qarışıq salıblar haqla nahaqqı. Bu yazıq camaat neyləsin axı, Vətən satılanda - kitab satılmaz!"

Bu yazıda mən müxtəlif illərdə şairin ustadlarının, qələm dostlarının və onu sevən cavan həmkarlarının da bəzi fikirlərini xatırlatmaq istəyirəm:

"Fikrət poeziyasının başqa xüsusiyyətləri ondadır ki, həqiqətən milli, yəni bütün köklərdə xalqın tarixi həyat tərzi, onun poetik və estetik görüşləri, folklor obrazları aləmi ilə bağlı olan, Azərbaycan dilinin nəfəsini, ətrini və ritmini təbiiliklə və dərindən duyan şair olmaqla bərabər, o, müəyyən coğrafi məkanda, məhəlli və mənəvi məhdudluqda qalmır" (Rəsul Rza).

"Fikrətin şeirlərində hiss ilə idrakın çox gözəl vəhdəti vardır. Bu şeirlər hisslərimizə deyil, ağlımıza da təsir edir, bizi düşündürür" (Bəxtiyar Vahabzadə).

"Fikrət Sadıq poeziyası artıq özünə vətəndaşlıq hüququ qazanmış elə müstəqil bir poeziyadır ki, bu poeziyanın bədii-estetik keyfiyyətlərini ayırd etməyə, poetikasının mahiyyətinə varmağa və mündəricəsini aydınlaşdırmağa, üslub çalarını müəyyənləşdirməyə ehtiyac hiss olunur; çünki o, müasir Azərbaycan poeziyasının tərkib hissəsidir, həm də nəzərə çarpan hissəsidir, necə ki, Fikrət özü bir şair kimi Azərbaycan poeziyasının (klassik və müasir) yetişdirməsidir" (Elçin).

"Fikrət Sadıq Azərbaycan dilinin poetik imkanlarını səfərbər edən şairdir, ifadələri diri, canlı, dadlı, poetik zərbələri sərrastdır…fikrət Sadıq səmimi şairdir" (Xəlil Rza).

"Fikrət Sadıq böyük poeziya salonunda öz kürsüsü olan, öz oxucularına əsl sənət örnəkləri oxuyan, əvəzində xalqın minnətdarlıq alqışını qazanan bir şairdir" (Məmməd Araz).

"Kaş ki, onu - məhz onu xüsusilə zahiri görkəminə, mənəvi saflığına görə "Dədə Qorqud" filmində Dədə Qorqud roluna çəkəydilər" (Qabil).

"İşıq olmasa gül-çiçək üstə şeh parlamaz. İşıq olan yerdə inci var, üzük qaşı var, zərgər işi var. Məhz Fikrət könlünün işığıyla şeirdə söz üstündə zərgər işi görür, inci yaradır, sözə rəng vurur, üzüyə qaş qoyur. Budur əsl söz sənəti" (Musa Yaqub).

Bəli, Fikrət Sadıq da səksən yaşına qədəm qoydu. Şairlərimizin nadir hallarda bu yaşa çatması Allahın işidir, təbiətin işidir. İlk baxışda belə görünür ki, F.Sadıq ürəyindəki bütün arzulara çatıb. Şeir kitablarının sayı yəqin ki, otuzu keçib. Onu nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da tanıyan, sevən oxucuları var. Nə yazıbsa, ürəkdən yazıb, səmimi, təbii duyğularını ifadə edib. Amma yazmaqdan hələ yorulmayıb, o fitrət ki, canında, cöhərindədi, qələmi bir gün də yerə qoymaz. Oğlu Orxan tanınmış nasir və publisistdir, qızı Aysel də şeir yazır. Arzular tükəndimi? Yox! Bir anlığa onun böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyardan etdiyi çox gözəl bir tərcüməsini xatırlayıram.

 

Könlüm quşu qanad

çalmaz sənsiz bir an,

Azərbaycan,

Xoş günlərim getmir

müdam xəyalımdan,

Azərbaycan.

 

Səndən uzaq düşsəm də mən,

eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi,

qəlbi viran Azərbaycan…

 

...Bəsdir fəraq odlarından

kül ələndi başımıza,

Dur ayağa! Ya azad ol,

ya tamam yan, Azərbaycan!

 

Əziz Fikrət müəllim! Mən bilirəm ki, böyük Şəhriyarın arzusu sənin də ürəyindən keçir və bu böyük arzudan öncə gözəl Qarabağımızın da azad olunması gününü səbirsizliklə gözləyirsiniz. Qəm çəkməyin, siz də, biz də o günü görəcəyik!

 

 

Vaqif Yusifli

 

Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.4.