"Mən mövzuya şeir yazmıram"
Müsahibimiz tanınmış şair,
tərcüməçi, əməkdar
incəsənət xadimi
Çingiz Əlioğludur
- Xoş gördük,
Çingiz müəllim!
Azərbaycan ədibləri
sırasında həm
gənclik ruhunu yaşatmaq, həm də milli ədəbiyyatımızı,
xüsusən də poeziyamızı xarici ölkələrdə təmsil
etmək baxımından
siz fərqli bir şairsiniz. Gəzdiyiniz ölkələr,
iştirak etdiyiniz şeir şölənləri,
dəvət aldığınız
uluslararası poeziya festivalları sizə hansı ovqatı bağışlayıb?
Son zamanlar dünyanın harasında,
hansı ədəbi tədbirlərdə olmusunuz? Bu yöndə
təəssüratınızı bölüşmək qəzetimizin
oxucuları üçün
maraqlı olardı…
- Əzizim Adil, sizin sualınız çox geniş və əhatəli bir cavab tələb edir. Sualınızı cavablandırmaq üçün əslində bir kitab yazmaq olar. Bu işi görməmək üçün mən sizə "Fraqmentlər" adlı kitabımı bağışlayacağam. Hesab edirəm ki, verdiyiniz sualın müəyyən qisminə bu kitabda cavab tapa biləcəksiniz. O ki, qaldı bugünkü söhbətimizin məqsəd və məramına, icazənizlə bunları demək istərdim ki, mən aprel ayının ikinci yarısından bu yana iki poeziya festivalının - iki böyük beynəlxalq ədəbi tədbirin iştirakçısı olmuşam. Bu tədbirlərin birincisi İran İslam Respublikasında, bu ölkənin Tehran və Şiraz kimi möhtəşəm şəhərlərində keçirildi. Aprelin 16-dan 22-dək qonşu dövlətdə düzənlənən söz bayramına 46 ölkədən 50 şair qatılmışdı. Mən dünyanın 50 şairini bir araya gətirən bu tədbirə - I Beynəlxalq Konqresə İran İslam Respublikası mədəniyyət nazirinin müavini ağayi Möhsün Pərvizinin dəvətilə qatılmışdım. Konqresdə iştirak edən yazarlar müxtəlif ədəbi nəsilləri təmsil edirdi. Pakistan, Çin, Banqladeş, Malayziya, İndoneziya, Latın Amerikası və s. ölkələrdən İrana dəvət almış şairlər öz şeirlərini müxtəlif dillərdə oxusalar da, ortaq bir ruh doğmalığı vardı ki, bu da oxunan şeirlərin ahəngindən sızırdı. Konqresin açılışı Tehranın "Birlik" sarayında oldu. Mərasimdə İran İslam Respublikasının prezidenti doktor Mahmud Əhmədinejat başda olmaqla ölkənin dövlət qurumunu təmsil edən digər mötəbər insanlar da iştirak edirdi. Prezidentin konqresdəki çıxışı olduqca məzmunlu və təsirli idi. Sonra biz Tehranın Mərkəzi Kitabxanasında, həmçinin "İrna" Xəbərlər Agentliyində olduq, şairlər evində bir neçə şair, o cümlədən mən, şeirlərimizdən nümunələr oxuduq. Açığını deyim ki, mənim şeirlərimi çox hərarətlə alqışladılar. Ümumiyyətlə, iranlılar konqres iştirakçılarını yüksək əhval-ruhiyyə və böyük qonaqpərvərliklə qarşıladılar. Mən bu təəssüratdan hələ də ayrıla bilmirəm…
- Çingiz müəllim, o görüşlərdə oxuduğunuz
şeirlər hansı
mövzularda idi?
- Mənim üçün əslində şerin mövzusu yoxdur. Mən mövzuya şeir yazmıram. Mən zamanın müxtəlif anlarında, məqamlarında keçirdiyim duyğuları sözə çevirirəm. Və bir daha şahidi oldum ki, belə yazılar dünyanın hər yerində qəbul olunur, alqışlanır. Təbii ki, mən təkcə öz şeirlərimi oxumaqla kifayətlənmədim, Azərbaycanın klassik və müasir şairləri haqqında yetərli bilgilər verdim, əsərlərindən nümunələr söylədim. Bu, həm də mənim vəzifə borcum idi. Çünki mən bildiyiniz kimi, eyni zamanda, AYB-də poeziya bölməsinin rəhbəriyəm…
Tədbirlər proqramının davamı olaraq biz sonra İranın ən qədim şəhərlərində - İsfahanda və şeir-sənət beşiyi Şirazda olduq. İsfahanda Şah Abbas meydanı, Təxti-Cəmşid mənim yaddaşıma biryolluq yazıldı. Bu şəhərin qədim mədəniyyət nümunələri, muzeyləri, xiyabanları, küçələri yaxın-uzaq tarixin canlı salnaməsini xatırladırdı. Təbii ki, bu şəhərdə də bizim yaddaqalan görüşlərimiz oldu. Sonra biz qüdrətli söz sənətkarlarının vətəni - poeziya beşiyi Şiraz şəhərinə yollandıq. Yolda mənim Şiraza həsr etdiyim bir şeir yarandı.
Onu görüş zamanı oxudum, salondakılar ayağa qalxaraq məni böyük məhəbbətlə alqışladılar. Onu da deyim ki, tədbirə qatılan şairlər daha çox klassik vəzndə - əruzda yazılan şeirlərilə çıxış edirdilər, mən isə bir qədər sərbəst, modern şeirlərimdən oxumağa üstünlük verdim və auditoriyanın diqqətini çəkdim.
- Bu tədbirlərdə müxtəlif
dilli şairlərin bir araya gəlməsi
qarşılıqlı tərcümə
və nəşr məsələlərinə yəqin
ki, bir zəmin
yaratdı.
- Əlbəttə! Bu tədbirlərdə yazarlar arasında ədəbi ünsiyyət yarandı. Müxtəlif dillərə tərcümə olunmağın perspektivləri gündəmə gəldi. Şübhəsiz ki, mən də bu imkanlardan kənarda qalmadım. Ümumiyyətlə, mən illərdən bəri tərcümə ilə də məşğul olmuşam. Hazırda dünya poeziyası və nəsrinin görkəmli nümayəndələrindən çevirdiyim ikicildlik tərcümə toplum bu yaxınlarda işıq üzü görəcək. Bundan sonra da ürəyimə yatan əsərləri doğma dilimizə çevirmək həvəsindəyəm.
- Çingiz müəllim, bildiyimə
görə İrandakı
konqresdən sonra Bosniya və Herseqovinada, konkret olaraq bu ölkənin
Saray-Bosna şəhərində
də poeziya festivalında olmusunuz. Bu səfərlə bağlı nə deyə bilərsiniz?
- Elədir, mən mayın 10-17-si arasında Saray-Bosnada olmuşam. 25 ölkədən 140 şairin iştirak etdiyi bu festival da möhtəşəm bir söz bayramı idi. Mən ora həmin tədbirin təşkilatçısı Hadjem Heydəroviçin dəvətilə getmişdim. Müxtəlif ölkələri təmsil edən Vladimir Kupryanov, Anani Aad, Zeynal Beksaç, Robin Rollat, İosif Osti kimi şairlər sırasında mən də vardım və oxuduğum şeirlər tamaşaçı alqışlarını qazandı. Bu ölkənin də unikal görüntüsü, təbiət gözəllikləri, çayların, bulaqların ahəngi məni ovsunladı.
Ən başlıcası
isə insanlara insani münasibətin şahidi olduğum Saray-Bosna məni çox duyğulandırdı…
- Maraqlı təəssüratınızı
bizimlə bölüşdüyünüzə
görə sizə təşəkkür edirik.
Söhbətləşdi: Adil CƏMİL
Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.5.