Cəlal Abdullayev
Azərbaycanın ədəbi ictimaiyyətinə
ağır itki üz vermişdir. Tanınmış
ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Cəlal Abdullayev vəfat etmişdir.
Cəlal Mehdi oğlu Abdullayev 1930-cu ildə Gürcüstanın Qarayazı
rayonunun Nəzərli
kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı
kənd orta məktəbini bitirdikdən
sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1956-cı ildə
ali təhsilini
tamamlayıb həmin Universitetin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
1958-1961-ci illərdə aspiranturada təhsilini və müəllimlik fəaliyyətini davam etdirmişdir. 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik, 1974-cü ildə
Səməd Vurğunun
sənətkarlığı mövzusunda doktorluq dissertasiyaları müdafiə
etmişdir. 1979-cu ildən ömrünün
sonuna kimi Universitetin müasir Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri
olmuşdur. 1994-2001-ci illərdə ixtisaslaşdırılmış
doktorluq müdafiəsi
şurasının sədri
olmuşdur. Elmi kadrların
yetişməsində diqqətəlayiq
xidmətləri vardır.
"Səməd Vurğunun
poetikası", "Lirika
və zaman", "Səməd Vurğunun sənət dünyası",
"Hüseyn Cavid"
və s. kitabların müəllifidir. Son illərdə müasir Azərbaycan ədəbiyyatına
dair sanballı tədqiqat əsərləri
işıq üzü
görmüşdür.
Tanınmış alim, səmimi, təvazökar insan Cəlal Abdullayevin işıqlı xatirəsi
qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.6.