Bir qucaq qərənfil

   

Efirdə Vasif Adıgözəlovun mahnılarından ibarət konsert proqramıdır.

Diktor növbəti mahnını elan edir.

"Qərənfil"- sözləri Natəvanındır

Oxuyur - Rəşid Behbudov

 

Üç böyük sənətkarın sənət məziyyətlərinin sintezindən yaranan bu əsərin insanın qəlbinə, duyğusuna, düşüncəsinə təsirini ifadə etməkdə vallah, dil acizdir. Hər üçü sanki doğrudan da qərənfillə danışır. Hər üçü sanki qərənfili oxşayır. O al qərənfillərsə bu gün 75 yaşlı bəstəkarın soyuq məzarını oxşayır. Vasif müəllimin 75 illik yubileyi isə bu gün həm onunla, həm də onsuz qeyd olunur. Çünki yubiley tədbirlərində iştirak edənlərin hər biri onu öz iç dünyalarında yaşadırlar. O da bir zamanlar öz dünyasında çoxlarını yaşadırdı. Özü də son dərəcə böyük qayğı və məhəbbətlə yaşadırdı. Onun öz dünyasının sakinləri arasında bilirsiz kimlər var idi? Üzeyir bəy, Qara Qrayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Xan Şuşinski, Bülbül, Şövkət Ələkbərova, Zülfi Adıgözəlov və onlarla bu qəbil sənət korifeyləri. Musiqi dünyamızın bu böyük sənətkarları haqqında hazırladığım radio verilişlərində bir qayda olaraq ona müraciət edərdim. O isə ən dar macalda belə vaxt ayırıb onların insani məziyyətlərindən, hər birinin özünə məxsus sənət xüsusiyyətlərindən söhbət açardı. Son dərəcə ürəyəyatımlı səsi, rəvan danışığı ilə sanki həmin sənətkarın portretini yaratmış olardı. Hər zaman fəxarətlə danışdığı şənətkarlardan biri isə Zülfi bəy idi. Sənətdə qazandığı bütün uğurlara görə atasına borclu olduğunu deyirdi.Vasif müəllimdən aldığım yarım saatlıq son müsahibədən bəzi məqamları diqqətinizə çatdırmaq istərdim.

"Mən həmişə, hər yerdə demişəm ki, mənim musiqiyə gəlişim, bu sahəyə məhəbbətim atamla bağlıdır. Ən böyük xoşbəxtliyim də ondadır ki, mən saf musiqi eşitmişəm. Təmiz Azərbaycan musiqisi eşitmişəm. Mənim Azərbaycan muğamlarına, Azərbaycan xalq musiqisinə bağlılığım atamla bağlıdır. Mənim atam həmişə deyərdi ki, Üzeyir bəyin musiqisini əsas götürmək lazımdır. Üzeyir bəy deyirdi ki, Azərbaycan musiqisi o qədər zəngin musiqidir, o qədər böyük musiqidir ki, ona əlavələr etməyə heç bir ehtiyac yoxdur. Yəni atam həmişə Azərbaycan musiqisinin saflığını qoruyurdu."

Vasif Adıgözəlov sənətə bayağılıq gətirənlərlə heç zaman barışa bilmirdi.Hər dəfə bu mövzuda söhbət düşəndə əməlli başlı əsəbiləşirdi.

"Bəstəkar gərək elə musiqi yazsın ki, xalq onu dinləsin. Xalq onu qəbul eləsin. Burda bir neçə şərtlər var. Birincisi, musiqi xəlqi olmalıdır. Musiqinin əsas çalarları xalq musiqisindən gəlməlidir. İkincisi, aydın musiqi olmalıdır. Dinləyici dinləyəndə zövq almalıdır. Cahangir Cahangirov "Füzuli" kantatasını yazdı. Azərbaycanın bütün kəndində - şəhərində bu kantata dillər əzbəri oldu. Kantata sözünün özü Azərbaycanda bu əsərlə məşhurlaşdı. Deməli əsəri yazmaq lazımdır.Müvəffəqiyyətlə yazmaq lazımdır ki, xalq onu dinləsin. Yoxsa ki, xalq məni başa düşmür, uzun musiqini dinləmirlər. Elə dinləyərlər ki, gəl görəsən. İndi hamı çalışır ki, kliplə oxusun. Rəşid Behbudovun klipi var idi, yoxsa Şövkət xanımın? Amma görün, onların mahnılarını necə qarşılayırdıq, necə qəbul edirdik. Bir sıra ifaçılar sənətdə qazana bilmədikləri tamlığı kliplərin vasitəsi ilə əldə etməyə çalışırlar. Amma istənilən bir klip çaları eşidilən və görünən qüsurları ört-basdır edə bilməz. Çünki hər şey ifaçının özünün sənət səviyyəsindən asılıdır. Əgər ifaçı gözəl ifaçıdırsa onun heç bir klipə ehtiyacı yoxdur. Mən Rəşid Behbudovla üç-dörd il işləmişəm. Pianoçu kimi onu müşayiət eləmişəm. Rəşid səhnədə mahnının sözlərini öz mimikası ilə, öz hərəkətlərilə elə çatdırırdı ki, orda əlavə olaraq heç nəyə ehtiyac qalmırdı. Zalda gülüş də gedirdi, zalda əhval-ruhiyyə də dəyişirdi. Məsələn, "Qoy, gülüm gəlsin, ay nənə" mahnısını oxuyarkən bir zalım nənəsi var, deyəndə, zal uğunub gedirdi gülməkdən."

Ötən həftə Vasif müəllimin anadan olmasının 75 illik yubiley tədbirlərinə qatıldıq. Bu yubileyi həm onsuz, həm də onunla qeyd elədik. Çünki özü aramızda olmasa da, ruhundan, qəlbindən qopan musiqi salondakıların varlığını lərzəyə gətirdi. Yubiley tədbirləri çərçivəsində onun "Natəvan" adlı operası da nümayiş etdirildi. Libretto müəllifi Nazim İbrahimovdur. Çoxumuz bilirik ki, Vasif müəllim halalı-haramı bilinməyən bu dünyanı tərk edəndə özü ilə apardığı nisgillər arasında bir Qarabağ nisgili də oldu. O gün o tamaşaya baxa - baxa o nisgili onunla bölüşənlər çox oldu. Dirijor pultunun arxasında isə onun sənət dünyasının yadigarı olan Yalçın idi. Atasından irsən keçən istedadı ilə tamaşaçıları heyran qoyan Yalçın. O gün M.Maqomayev adına Dövlət Filarmoniyasında "Çanaqqala-1915" oratoriyası nümayiş etdiriləndə də maestro Yalçın rejissor pultunun arxasında idi. O gün o möhtəşəm gecədə Yalçın Üzeyir Hacıbəyov adına orkestri sadəcə olaraq idarə etmədi. Yalçın o saatı sanki atasının sənət eşqi ilə yaşadı. Soyuq tamaşa salonu Yalçının atasına, onun həmişəyaşar musiqi dünyasına olan məhəbbətlə isindi.Qəribədir ki, əvvəllər mən bu "həmişəyaşar" sözünə birmənalı yanaşmazdım. Mənə elə gəlirdi ki, bu ifadədə mübaliğə çoxdur. Amma bu gün düşünürəm ki, həmişəyaşar insanlar da var, həmişəyaşar sənət də. Bu məqamda yadıma Zülfü Adıgözəlovla bağlı bir hadisə düşdü. firidun Şuşinski yazırdı ki, bir gün Zülfünün konserti vaxtı bir qadın hönkür-hönkür ağlamağa başlayır. Qurban Primov qadına yaxınlaşıb niyə ağladığını soruşur.Qadın deyir ki, Zülfü üçün ğlayıram.Qurban Primov soruşur ki, Zülfüyə nə olub ki, ağlayırsan? Qadın cavabında deyir ki, ona görə ağlayıram ki, belə böyük bir sənətkar da bir gün bizlər kimi öləcək. Qurban Primov cavabında deyir ki, yox, qızım, Zülfü heç zaman ölməyəcək. O, sənətdə həmişə yaşayacaq. Yaşanan tarix isə bu gerçəyi bir daha sübut edir. İndi budur, Vasif müəllimin yubiley tədbirlərinə toplaşdıq. 75 illik bu yubileyini onsuz, həm də onunla qeyd etdik. Özü də Milli Teleradio günü ərəfəsində. Bu bir həqiqətdir ki, Vasif müəllimin əsərləri musiqi fondumuzun ən gözəl inciləridir. Ekran və efirimizin musiqi siyasəti barədə Vasif müəllimin çox gözəl fikirləri var idi. Bayaq adını çəkdiyim həmin son müsahibədən daha bir məqamı oxucuların diqqətinə çatdırmaq istəyirəm.

"Bizim teleradio sistemində çalışan musiqişünasların ən böyük səhvi ondan ibarətdir ki, onlar restoranlarda oxunan mahnıları daha çox efirə çıxarırlar. Restoran musiqisi tamam başqa bir şeydir. Restoranda camaat yeyir-içir, başqa bir ovqatda olur. Kef məclisində olur. Ekran-efir isə insanın musiqi zövqünü formalaşdırır, maarifləndirir. Restoran repertuarını efirə buraxmaq qəbahətdir, mənim aləmimdə cinayətdir. Ekran-efirin musiqi siyasəti professional musiqiyə önəm verməlidir. Düşündürən, duyğulandıran musiqiyə üstünlük verməlidir. Yadınızdadırsa, Heydər Əliyevin təşəbbüsü ilə filarmoniyada həftənin xüsusi günlərində professional musiqidən ibarət ciddi konsert proqramları təşkil olunardı. O konsertlərə həm özü gələrdi, həm də hökumət üzvləri. Bu çox gözəl bir kampaniya idi. Həmin konsertlərdə həm Azərbaycan bəstəkarlarının əsərləri səslənərdi, həm də dünya bəstəkarlarının. İndi biz mədəniyyət kanalının açılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət etmişik. Heç olmasa bu kanalda gündə bir neçə saat da olsa professional musuqiyə yer ayrılardı."

Onun bu fikirlərini oxuya-oxuya siz də mənimlə razı olarsız ki, Vasif müəllim yüksək intellektə geniş dünya görüşünə malik olan çox gözəl müsahib idi. Hər bir radiojurnalist üçün belə bir müsahiblə həmsöhbət olmaq bilsəniz necə böyük mahiyyət kəsb edir. Həm də hər bir radio jurnalistinə xoşbəxt anlar bəxş edir. Çünki hər zaman diktofonu açıb o söhbəti yenidən dinləmək imkanı olur. Radioda çalışdığım təqribən qırx il müddətində mənim belə xoşbəxt anlarım çox olub. Milli teleradio işçilərinin bu peşə bayramında həmkarlarımın hər birinə böyük sənət uğurları və efir dünyasında sözün əsl mənasında xoşbəxt anlar, saatlar arzulayıram. Deyirlər hər təsadüfdə bir zərurət var. Vasif müəllimin 75 illik yubileyi Milli teleradio işçilərinin builki peşə bayramına təsadüf etdi. Nə yaxşı da ki, belə oldu. Axı bu gün o doğmalarının, əzizlərinin, tələbələrinin iç dünyalarında yaşadığı kimi həm də ecazkar efir dünyasında yaşayır. Həmişə də yaşayacaq. Azərbaycan Radiosunda isə bu an "Qərənfil" mahnısı səslənir. Sanki efirdən Vasif müəllimə bir qucaq Qərənfil göndərilir. Bir qucaq qərənfil...

 

 

Zərxanım ƏHMƏDLİ

 

         Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.2.