Moskvada xalq yazıçısı Elçinin "Şekspir" pyesi əsasında tamaşanın premyerası böyük uğurla keçib  

     

AzərTAc xəbər verir ki, Moskvada "Jar-ptitsa" Teatrının səhnəsində xalq yazıçısı Elçinin eyni adlı pyesi əsasında hazırlanmış "Şekspir" tamaşasının premyerası Rusiya paytaxtındakı "Dərviş-teatr"ın quruluşunda böyük uğurla keçmişdir. İki hissədən ibarət ekssentrik "Şekspir" komediyası rusiyalı və azərbaycanlı aktyorlardan ibarət istedadlı truppanın ifasında təqdim edilmişdir. Tamaşanın səhnə tərtibatı və quruluşu teatrın bədii rəhbəri Mərdan Feyzullayevə məxsusdur.

Tamaşadan əvvəl "Jar-ptitsa" Teatrının direktoru, Rusiyanın əməkdar mədəniyyət işçisi Lyudmila Meruş çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru Elçinin yaradıcılığı onun istedadının pərəstişkarları olan rusiyalı tamaşaçılara yaxşı tanışdır. Elçinin "Şekspir" pyesi əsasında hazırlanmış tamaşanın bu səhnədə ikinci dəfə göstərildiyini xatırladan L.Meruş demişdir: "Hər hansı başqa bir tamaşanın bu istedadlı dramaturqun əsərləri qədər emosiya, təbəssüm, sevinc və alqışlarla qarşılanması yadıma gəlmir. Bu parlaq və maraqlı əsərin müəllifi Azərbaycanın ən tanınmış və ən istedadlı dramaturqu, həmçinin siyasi xadimlərindən biridir. Müasir dramaturqların tamaşaya qoyulmaq üçün rejissorluq baxımından maraqlı pyesini tapmağın nə dərəcədə mürəkkəb olduğunu bugünkü teatr xadimləri yaxşı bilirlər. Bu pyes bizim ölkədə və bizimlə həmhüdud dövlətlərdə bir sıra rejissorların bəyəndiyi, sayı o qədər də çox olmayan əsərlərdən biridir".

Keçən dəfə olduğu kimi, bu dəfə də moskvalı tamaşaçılar sevgi, varlıq, xoşbəxtlik, naqislik, insanların qarşılıqlı münasibətləri kimi əzəli və əbədi məsələlərdən bəhs edilən tamaşanı rəğbətlə qarşılamışlar. Elçinin əsərlərində, o cümlədən bu pyesdə dərin fəlsəfi məna vardır. Müəllif özünəməxsus və bənzərsiz bir üslubda tamaşaçını insanın qəlbi və zəkası barədə fəlsəfi düşüncələrə sövq edir. Pyes qəhrəmanlarının dili ilə qaldırılan məsələlər həmişə aktualdır.

Əsərin qəhrəmanları ruhi xəstəxanasının pasiyentləri və onlara xidmət edən tibb işçiləridir. Onlar yeknəsəq həyat keçirir, hər kəs öz aləmində yaşayır, başqa qalaktikadan Yerə gəlmiş canlı isə təəccüblənir: Yer sakinləri həmişə bir cür fikrilərşib, tamam başqa cür danışırlar. Elçinin əsərinin dərin mənası insanlara sevməyi, etibar etməyi, bir-birinin şərəf və ləyaqətinə hörmət etməyi öyrətməkdir. Müəllif insan həyatının rəzil və məhdud cəhətlərinə deyil, qeyri-maddi, mənəvi qaynaqlara müraciət etməyə çağırır. O, belə bir fikri təlqin edir ki, sevgini tərənnüm edən, insana ölməzlik bəxş edən istedad və incəsənətdən başqa hər şey fanidir. Yadplanetlinin klinika sakinlərindən olan bir qadınla Şekspirin "RomeoCülyetta" əsərindən səhnə göstərdiyi məqam əsərin kulminasiya nöqtəsidir.

Qeyd etmək lazımdır ki, rusiyalı aktyorlar müəllifin fikrini səhnədə böyük ustalıqla təcəssüm etdirmişlər. Rusiyanın əməkdar artisti Nikolay Malınkin (Stalin), Şirzad Əsəd Pirallahi (sanitar), Taşa Romanova (Sara Bernar), Oleq Deqtyaryov (baş həkim) və tamaşada iştirak edən digər istedadlı artistlər öz rollarını çox gözəl oynamışlar.

Teatrın səhnə tərtibatçısı və bədii rəhbəri Mərdan Feyzullayev uğurlu tamaşadan sonra demişdir: "Hesab edirəm ki, bu pyes dramaturgiyada çox böyük hadisədir". Onun sözlərinə görə son vaxtlar yaxşı pyeslərin qıtlığı müşahidə olunur, Elçinin bu işi isə orijinal və maraqlıdır. Əsərdə ümumbəşəri problemlər qaldırılır. Teatrın başlıca vəzifəsi rusiyalı tamaşaçıları Azərbaycanın parlaq dramaturgiyası, istedadlı müasir müəllifləri ilə tanış etməkdir.

 

 

  Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.2.