“Əsrlərdən-əsrlərə” kitabı ədəbi mühitimizdə hadisədir

    

  Ədəbiyyat bədii söz sənəti olmaqla hər bir kəsə xidmət edir, mənəvi cəhətdən insanları zənginləşdirir, ruhi qida verir. Əsl ədəbiyyat onu yaradanları qorumaqla, yaşatmaqla yanaşı, həm də ədəbiyyat tariximizi yaradır və bu yaradanları gələcək nəsillərə çatdırır.

Azərbaycan ədəbiyyatı tarixində çoxlu hadisələr baş veribdir. Bəzən elə olubdur ki, hər hansı bir əsərin yazılması hadisə kimi tarixə çevrilibdir. Mən deyərdim ki, belə hadisələr çox vaxt müasirləri tərəfindən adi qəbul edilsə də, zaman keçdikdən sonra tarixə çevrilir və bir hadisə kimi böyük əksəriyyətin (təbii ki ədəbi mühitin) diqqətini özünə çəkir. Klassiklərin yaradıcılığı vaxtilə hadisə olsa da, öz müasirləri tərəfindən o qədər də qiymətləndirilməmiş, bəlkə də dəyərləndirilməmişdir. Ancaq zaman keçdikcə klassiklərimizin yaradıcılığı rəğbətlə qəbul olunmuş, diqqət mərkəzində olan bədii nümunələr kimi öz həqiqi qiymətini almışdır.

Tarix yerində dayanmır, öz axarında davam edir. Yeni yaranan bədii əsərlər, dövrün, zamanın bədii düşüncəsini özündə əks etdirməklə yanaşı, həm də özünəqədərki bədiiyyatdan da qaynaqlanır. Ən başlıcası odur ki, bədii düşüncənin, eləcə də müasir bədii düşüncənin kökündə klassik ədəbiyyat dayanır və klassik ədəbiyyatsız ədəbiyyat tam deyil, yaxud da kökü qurumuş bir ağaca bənzəyir. Bu mənada klassik ədəbiyyat bizi həmişə ədəbiyyatın kökünə, dərinliklərinə aparır. O ki qaldı müasir ədəbiyyata, bu ədəbiyyat klassik ədəbiyyatın davamıdır. Təkcə davamıdır desək, azdır. Həm də ədəbiyyatımızın bu günüdür. Vaxt gələcəkdir ki, müasir ədəbiyyatın özü zamanın süzgəcindən keçəcək və daha dəyərli bədii nümunələri ilə klassikləşəcəkdir. Ancaq bununla belə, bütün zamanlarda klassik ədəbiyyatla müasir ədəbiyyat arasında həmişə olduğu kimi, zaman, məkan və mühit fərqləri görünəcəkdir. Klassik ədəbiyyatla müasir ədəbiyyat arasındakı zaman, məkan, mühit fərqlərini nəzərə almaqla təhlil və tədqiq işlərinə meydan vermək ədəbiyyat tarixinə də, ədəbiyyat nəzəriyyəsinə də, ədəbi tənqidə də xeyir gətirə bilər. Bu mənada "Əsrlərdən-əsrlərə" kitabı da çağdaş yazıçılarımızın klassiklər və müasirləri haqqında düşüncələrini əks etdirməklə ədəbi mühitimiz üçün bir hadisədir. "Nurlan" nəşriyyatında 2010-cu ildə çap olunmuş bu kitabın tərtibçisi və son sözün müəllifi Sona Xəyaldır. Kitaba çağdaş yazıçıların klassiklər və müasirləri haqqında yazdıqları əlli məqalə daxil edilmişdir. Bu məqalələrin müəlliflərini həm geniş oxucu kütləsi, həm də ədəbi mühit çox yaxşı tanıyır və qəbul edir. Doğrudan da, "Əsrlərdən-əsrlərə" kitabındakı imzalar - Rəsul Rzanın, Nigar Rəfibəylinin, Anarın, Xəlil Rza Ulutürkün, Arif Əmrahoğlunun, Firuzə Məmmədlinin, İsa Muğannanın, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Kamal Abdullanın, Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Nizami Cəfərovun, Elçinin, Əkrəm Əylislinin, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun, Əzizə Cəfərzadənin, Fikrət Qocanın, Rəfiq Zəka Xəndanın, Rafael Hüseynovun, Nəriman Həsənzadənin, Qabilin, Balaş Azəroğlunun, Qulamrza Səbri Təbrizinin, Bəkir Nəbiyevin, Cabir Novruzun, Yaşar Qarayevin, Əli Kərimin, Çingiz Abdullayevin, Mövlud Süleymanlının, Kamil Vəli Nərimanoğlunun, Nəbi Xəzrinin, Afaq Məsudun, İsa İsmayılzadənin imzası geniş oxucu kütləsinə və ədəbi mühitə tanış olan imzalardır. Bu imzaların klassiklər və müasirləri barəsində söylədikləri fikirlər təkcə zamanın sözü deyil, bütün zamanlar üçün həkk olunmuş ədəbi-bədii düşüncə, əsasən publisistik üslubda olan yazıçı sözüdür. Əlbəttə, belə bir üslubda və belə bir formada kitabın hazırlanmasının ideya rəhbəri və təşəbbüsçüsü Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar olmuşdur. Anar müəllim həmişə klassik irsə böyük sayğıyla yanaşan və bu yolda öz əməli işi ilə seçilən yazıçılarımızdandır. Odur ki, Anar müəllimin bu ideyasını və təşəbbüsünü alqışlayır və "Əsrlərdən-əsrlərə" kitabının məziyyətləri ilə bağlı fikirlərimi oxucularla bölüşmək istəyirəm.

"Əsrlərdən əsrlərə" kitabı Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri" adlı məqaləsi ilə başlayır. Bu məqalədə Füzulinin yaradıcılığının fəlsəfi cövhərindən bəhs olunmaqla yanaşı, Kərkük xoyrat, manilərindən danışılır, onların bizim ruhumuza yaxınlığı, bayatılarımıza oxşarlığı, dil baxımından doğmalığı, yalnız və yalnız tələffüz və dialekt fərqləri ilə seçildiyi nümunələr əsasında izah olunur. Məqalədə yazılır: "Kərkük xoyrat və manilərindən mənə məlum olan (R.Rza özünü nəzərdə tutur - B.X.) təxminən 1500-ə yaxın parça içərisində "əzizim", "əziziyəm", "mən aşiq" sözləri ilə başlayanları yoxdur. Bu cəhətdən onlar bizim bayatılarımızdan fərqlənir. Lakin bu, Kərkük xoyratlarını bizim bayatılardan və ağılardan ruh, forma, ifadə tərzi cəhətdən heç də uzaqlaşdırmır". Məqalədə qeyd olunur ki, dilimizin ahəng qanununu öyrənmək, sözü yerində işlətmək, cümlələrin düzülüşünü və quruluşunu mənimsəmək işində folklorumuz ən dəyərli qaynaqdır. O cümlədən məqalə müəllifinə görə, "xoyrat və manilərdə bu baxımdan zəngin nümunələr vardır".

Nigar Rəfibəylinin "İşıqlı həyat həsrətində" məqaləsi Azərbaycan qadınının şöhrətinə, şərəfinə ayrı - ayrı qadın sənətkarlarının xidmətinə həsr olunubdur. Onlardan Məhsəti Gəncəvinin, Pərnazın, Natəvanın, Ağabəyim ağanın, Aşıq Pərinin, fatma xanım Kəminənin və digərlərinin həyatı, fəaliyyəti barədə yığcam məlumat əldə edirik, eyni zamanda Nigar Rəfibəylinin qənaətini oxuyuruq: "Azərbaycan şairlərini oxuyun, tanıyın, sevin. Onlar bu sevgiyə layiqdirlər".

"Dədə Qorqud dühası" adlı məqalənin müəllifi xalq yazıçısı Anardır. Anar müəllim bu məqaləsində ana kitabımızın - "Kitabi-Dədə Qorqud"un xalqımızın həyat tərzini, güzəranını ədəb- ərkanını, ruhunu, dilimizin köklərini əks etdirdiyini qeyd edir. Məqalədə dastanın tarixinə, dilinə, obrazlar sisteminə geniş yer verilir.

Anar müəllimin "Əbədi Mirzə Cəlil" məqaləsində Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı barədə çox zəngin və dəyərli məlumatlar vardır. Bundan başqa, "Əsrin şairi" məqaləsində Anar müəllim Nazim Hikmətin XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri olduğunu danılmaz həqiqət kimi təhlil və təqdim edir.

"Əsrlərdən-əsrlərə" kitabında Xəlil Rza Ulutürkün üç məqaləsi çap olunmuşdur: "Böyük mütəfəkkir Nizami Gəncəvi" məqalələrində dünya xalqlarının Nizami Gəncəvini bəşər mədəniyyətinin nadir korifeyləri hesab etmələri, bəşəriyyətə, ictimai tərəqqiyə xidmət edə biləcək söz qüdrəti olduğu iftixarla xatırlanır. Xəlil Rza Ulutürk "Səadət və döyüş poeziyası" məqaləsində Süleyman Rüstəmdən bəhs edir və onun barəsində yazır: "S.Rüstəmin sənətkar xoşbəxtliyi bundadır ki, poeziyanın dərin qatları sağlamdır, bu qatlar xalq, amma həqiqət, ictimai tərəqqi adlanan anlayışların dirilik suyu ilə yoğrulub".

Xəlil Rza Ulutürk "Sanki bir dağ yıxıldı" məqaləsində isə Məhəmməd Hüseyn Şəhriyarın poeziyasının qüdrətindən, estetik dəyərindən, ümumtürk və islam dünyası ilə genetik bağlılığından ürək yanğısıyla bəhs edir.

Kitabda Arif Əmrahoğlu "Xaqani" məqaləsi ilə çıxış edir. Xaqani yaradıcılığında sosial-ictimai problematikaya, azadlıq probleminə can atmaq istəyinin fəlsəfəsi açıqlanır. Məhz Xaqaninin şikayəti, gileyi, azadlığa can atmaq istəyinin Xaqani fəlsəfəsindən qaynaqlandığı dərindən təhlil olunur.

Firuzə Məmmədlinin "Milli poeziyamızın qadın başlanğıcı" məqaləsində Məhsəti Gəncəvinin yaradıcılığında bədii informasiya yükünün poetik tutumuna xüsusi olaraq fikir verilir.

İsa Muğannanın "Nəsimi" məqaləsində Nəsimidən "O öz şəxsiyyətinin qiymətini bilən adam idi" məqaləsində isə Ənvər Məmmədxanlının ədəbi simasından bəhs olunur. Yeri gəlmişkən qeyd edək ki, Kamil Vəli Nərimanoğlunun "Ənvər müəllim, bizim Ənvər müəllim" məqaləsində də Ənvər müəllimin yaradıcılığındakı dünyəvilik, unikallıq, təkrarsızlıq özünəməxsus xüsusiyyətlər kimi xarakterizə olunur. Onu da qeyd edək ki, Mövlud Süleymanlının "O səsi indi də eşidirəm..." məqaləsi də Ənvər Məmmədxanlıya həsr olunmuşdur.

Nəsimi əsərlərini xalqa yaxınlaşdıran ən mühüm cəhətlərin onun yaradıcılığının fəlsəfəsi və sənətkarlığı ilə bağlılığı Məmməd Arazın "Nəsimi əsərlərinin nəsimi" məqaləsində müxtəsər şəkildə oxuculara çatdırılır. Məmməd Arazın "Həmişə müasir şair" məqaləsi də kitabda çap olunmuşdur. Və burada S.Vurğun poeziyasından söhbət açılır: "... S.Vurğun poeziyası bir kərpicini təbiətdən, bir kərpicini cəmiyyətdən götürmüş sənətkarın möhtəşəm qalasıdır".

"Əsrlərdən-əsrlərə" kitabında Hüseyn Cavidlə bağlı Rəfik Zəka Xəndanın "Hüseyn Cavid" və Rafael Hüseynovun "Vaxtdan uca" məqaləsi maraqlıdır. Maraqlıdır, ona görə ki, bu məqalələrdə Hüseyn Cavidin Azərbaycanın mənəvi varlığını təmsil etməsi, enişli-yoxuşlu bir yaradıcılıq yolu keçməsi, həyatda da, sənətdə də öz yolunu getdiyi bədii faktlar əsasında oxuculara çatdırılır.

Bəkir Nəbiyevin "Qərib bülbül susmayacaq" məqaləsi Almas İldırımın yaradıcılıq yoluna işıq salır, onun Azərbaycan poeziyasının mühacirət qolunun ən görkəmli nümayəndəsi olduğunu, Türkiyə dostluğunu, türkçülüyün təntənəsini ürəkdən tərənnüm etdiyini ön plana çəkir.

Çingiz Abdullayevin "Sənətkarın taleyi və həyatı" məqaləsi Mirzə İbrahimovun şəxsiyyət və yaradıcılıq yoluna həsr olunmuşdur. Məqalədə yazılır: "Mirzə İbrahimov ədəbiyyatımızda unikal hadisədir. Yəqin ki, biz ona XX yüzilliyin ən görkəmli Azərbaycan nasirlərindən biri deyəndə yanılmırıq. O, hələ Cəfər Cabbarlı, Hüseyn Cavid sağ ikən öz ədəbi fəaliyyətinə başlamışdır. O, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn, Süleyman Rəhimov, Rəsul Rza və başqalarıyla bir yerdə işləmişdir.

Öz uzun həyatı boyu o, Stalinlə, Xruşşovla, Brejnevlə, Qorbaçovla təmasda olmuşdur. Bağırovun, Voroşilovun müavini işləmişdir... Onun qeyri-adi yaddaşına uzun həyat yolunda rastlaşdığı minlərlə insanın adı həkk olunmuşdur".

"Əsrlərdən-əsrlərə" kitabında Elçinin "Mənim fikirlərim haqdır...", "Şəxsiyyət və istedad" məqalələri orijinallığı ilə seçilir. Mirzə fətəli Axundovun və Cəfər Cabbarlının həyatı və yaradıcılığı haqqında olduqca duyğulu bir təəssürat yaradan bu məqalələr bu şəxsiyyətlər barəsində ictimai fikrin formalaşmasında olduqca dəyərlidir.

Nizami Cəfərovun "Əli bəy Hüseynzadə, yaxud millətin romantik mütəfəkkiri", "Vidadidən Vaqifə", Kamal Abdullanın "Hamı səni sevənlər burdadı... yaxud Şah İsmayıl Xətai", "Ada sahibi", Sabir Rüstəmxanlının "Həsən bəy Zərdabinin ədəbiyyat yolu", Zəlimxan Yaqubun "Aşiq şerinin Füzulisi", Vaqif Səmədoğlunun "Buz məqbərə", Əkrəm Əylislinin "Qorxusuzluq", Fikrət Qocanın "Yuxarıda Allah təkdir", Qabilin "Füzuli yadigarı", Afaq Məsudun "Qədim musiqi əfsanəsi", Yaşar Qarayevin "Yeni dövrün satirası" məqalələri olduqca səmimi, oxucunu ələ ala bilən, ədəbi düşüncənin qarşısında üfüqlər açan faydalı yazılardır. Əlbəttə, bu məqalələrin hər birini oxumaqla klassiklərin həyat və yaradıcılığının zənginliyini bir daha təsdiq etməli oluruq.

Əslində bu tipli kitablar oxucunu maarifləndirir. Belə ki, Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində yaşayıb-yaratmış sənətkarların həyat və yaradıcılıq yolu barəsində məlumat almaq baxımından bu tip kitablar qaynaq rolunu oynayır.

"Əsrlərdən-əsrlərə" kitabının qiymətli olması bir də onunla bağlıdır ki, hansı klassik barəsində nə yazılıbsa, o dərin müşahidəyə, təhlilə və ürəkdən deyilən sözə, fikrə söykənir. Belə olduğundan tam əminliklə deyə bilərik ki, bu kitab həm ədəbi mühitimizin, həm də geniş oxucu kütləsinin marağına səbəb olacaqdır. İnanırıq ki, gələcəkdə də bu qəbildən olan məqalələr toplu şəklində çap ediləcək, ədəbi mühitə, bütövlükdə oxuculara ərməğan olunacaqdır.

 

 

Buludxan XƏLİLOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.5.