Azərbaycanın böyük
dostu Əhməd Şmideni
itirdik
Görkəmli azərbaycanşünas alim,
tərcüməçi, Azərbaycanın
böyük dostu Hars Piter Əhməd
Şmide oktyabr ayının 10-da vəfat
etmişdir.
Əhməd Şmide 1935-ci ilin 7 dekabrında Berlində dünyaya gəlmişdir. 19 yaşında
islam dinini
qəbul etmiş Əhməd bəy gənc yaşlarından türk xalqlarının,
o cümlədən Azərbaycan
türklərinin tarixinə,
mədəniyyətinə böyük
maraq göstərmiş,
ömrü boyu ədəbi abidələrimizi
tədqiq etmişdir.
Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini,
şifahi xalq ədəbiyyatı nümunələrini
alman dilinə tərcümə etmiş,
tariximizi, ədəbiyyatımızı,
mədəniyyətimizi Almaniyada
təbliğ etmişdir. O Almaniyada
"Daşa dönmüş
şəhər", "Xoruz
ilə padşah" adlı Azərbaycan nağılları toplularını,
"Kitabi-Dədə Qorqud"
boylarını, Bəxtiyar
Vahabzadənin "Azərbaycan
oğluyam", "Musiqim
Qarabağdır", "İkinci
səs" adlı kitablarını tərcümə
edərək çap
etdirmişdir. Xüsusilə onun tərcüməsində
Almaniyada nəşr edilmiş "Kitabi-Dədə
Qorqud" gözəl
bədii tərtibatı
ilə diqqəti cəlb edir.
Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir.
Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.
Görkəmli ədəbiyyaşünas alim, tərcüməçi, Azərbaycanın, bütün türk dünyasının böyük dostu Əhməd Şmidenin xatirəsi heç vaxt qəlbimizdən silinməyəcəkdir.
Paşa ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.6.