Atabəylərqərb bölgələrində

 

Azərbaycanda mənzum dramaturgiyanın inkişafında Hüseyn Cavid Səməd Vurğundan sonra Nəriman Həsənzadə yaradıcılığı xüsusi olaraq diqqəti çəkir. Onun əsərlərinin mövzusundakı vətənə, torpağa bağlılıq hissi, misraların yükü, xalq taleyi üçün narahatlıq uzun müddət bu pyesləri səhnədən düşməyə qoymur. Şairin bu silsilədən olan "Atabəylər" mənzum pyesi vaxtilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uğurla tamaşaya qoyulmuşdur. Mövzunun doğmalığını əsərin siqlətini nəzərə alaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrı da bu pyesə müraciət etmişdir. Teatrın başını uca edən bu tarixi əsər on ildən çoxdur ki, repertuardan düşmür, respublikanın müxtəlif bölgələrində nümayiş olunur. Bu günlər isə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Regionların İnkişafı İçtimai Birliyinin birgə layihəsi əsasında "Atabəylər" dramı Gəncədə, Qazaxda, Şəmkirdə Gədəbəydə göstərilmişdir.

Şəmkirdə göstərilən tamaşadan əvvəl müəlliflə görüş keçirilmişdir. Görüşdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tarıyel Məmmədov, Regionların İnkişafı İçtimai Birliyinin sədri, şair-publisist Taleh Həmid, teatrın direktoru, xalq artisti Kamran Quliyev çıxış edərək Nəriman Həsənzadənin yaradıcılığından söhbət açmış, belə tədbirlərin mütəmadi keçirilməsini arzulamışlar. Məclisdə teatrın kollektivinə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirən, yaradıcılıq söhbətləri açan Nəriman Həsənzadənin də çıxışı maraqla qarşılanmışdır.

Tanınmış rejissor Mərahim Fərzəlibəyovun quruluşunda göstərilən tamaşada əsas rolları Kamran Quliyev, Rza Xudiyev, Həsən Ağasoy, Elmirə Kərimova və b. ifa etmişlər.         

    

 

Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.6.