Natəvan klubunda

 

Bu günlərdə AYB-nin Natəvan klubunda şair-dramaturq Nizami Saraclının 60 illik yubileyi münasibətilə tədbir keçirildi. Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca mərasimi açaraq yubilyarın xalq yaradıcılığından qaynaqlanan özünəməxsus sənət dünyasından ətraflı danışdı. Tədbirin aparıcısı, tanınmış şair Abbas Abdulla N.Saraclının 40 illik yaradıcılıq yolunun bəhrəsi olan şair imzasına həmişə sədaqətli olmasından, milli dəyərlərə vəfalılığından söz açdı.

Professor Mədət Çobanov yubilyarın yaradıcılığını maraqla izlədiyini və tədqiqata cəlb etdiyini önə çəkdi. Vurğuladı ki, N.Saraclı həm də Qarabağ döyüşlərinin fəal iştirakçısı, müharibə veteranı, istefada olan zabitdir. O, "Peyğəmbər", "Abay", "Sülh naminə" beynəlxalq mükafatlar laureatıdı. Gürcüstan Republikasının ali "Şərəf' ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası "Təhsil" İnstitutunun direktoru, professor Abdulla Mehrabov N.Saraclı yaradıcılığının məziyyətlərindən söz açaraq sonda "Akademik Zahid Xəlilov" mükafatını ona təqdim etdi. "Şair Nəbi" mükafatı yubilyara "Qafqaz press" agentliyi adından çatdırıldı, şair Oqtay Rzanın təbrik məktubu oxundu.

Kələntər Kələntərli, Şəmistan Nəzirli, Vaqif Nəsib, Nizami Muradoğlu, Sənət Səbail yubilyar haqqında xoş ürək sözlərini dilə gətirdilər. Şairin oğlu, hərbiçi-mayor Qənbər Əliyev atasının yubileyinin belə mötəbər yerdə keçirilməsinə şərait yaratdığına görə Yazıçılar Birliyinin rəhbərliyinə, şəxsən Anar müəllimə minnətdarlığını bildirdi, general-leytenant Kərəm Mustafayevingeneral-mayor Heydər Piriyevin təbriklərini N.Saraclıya çatdırdı.

Sonda yubilyar ona göstərilən diqqətə görə AYB-nin rəhbərliyinə təşəkkürünü bildirdiyeni şeirlərini oxudu.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 5 noyabr.- S.4.