Beynəlxalq elmi-praktik teatr konfransı

     

Noyabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda beynəlxalq elmi-praktik teatr konfransı işə başlamışdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, bu gün dünyanın böyük teatr sənətçilərinin bir araya gələrək XXI əsrin teatr proseslərini araşdırması hamımız üçün əhəmiyyətlidir. Belə mühüm bir tədbirin Azərbaycanda keçirilməsi bizdə qürur doğurur.

Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" çərçivəsində Bakıda ilk dəfə keçirilən bu konfransa dünyanın 30 ölkəsindən 70-dək qonaq qatılmışdır.

Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi olduğunu diqqətə çatdıran nazir bildirmişdir ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdir. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdur. Dahi mütəfəkkir Mirzə Fətəli Axundov tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdır.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin teatr sənətinə böyük diqqət və qayğısından danışan Ə.Qarayev xüsusi vurğulamışdır ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra mükəmməl qərarlar qəbul edilmişdir.

Hazırda Azərbaycanda 27 dövlət teatrı fəaliyyət göstərir. Son 5 ildə bu teatrlarda 433 yeni tamaşa hazırlanmışdır. Onlardan 68-i nazirliyin sifarişi ilə səhnələşdirilmişdir.

Nazir ötən illərdə respublika teatrlarının dünyanın 20-dən çox ölkəsində Azərbaycanı ləyaqətlə təmsil etməsindən, xarici dövlətlərin tanınmış sənətkarlarının tamaşa hazırlamaq üçün teatrlarımıza dəvət olunmasından, noyabrın 12-dən 30-dək Bakıda keçiriləcək A.P.Çexov adına Beynəlxalq teatr festivalının "İpək yolu" adlı mərhələsindən geniş söz açmışdır.

Bildirilmişdir ki, beynəlxalq teatr konfransında müasir dövrün teatr problemləri və onların həlli yolları müzakirə ediləcəkdir.

Tədbirdə Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, YUNESKO-nun nəzdində Beynəlxalq Teatr İnstitutunun İngiltərə nümayəndəliyinin rəhbəri Nevil Şulman, Çinin Teatr Elmi Tədqiqatlar İnstitutunun rəhbəri, "Teatr jurnalı"nın baş redaktoru Lin Şen, Kanadanın Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vais, ABŞ-ın "Azərbaycan interneşnl" jurnalının baş redaktoru xanım Betti Bleyer, Rusiyanın "5 axşam" Beynəlxalq teatr festivalının bədii rəhbəri Marina Dmitrevskaya, Səudiyyə Ərəbistanı Krallığının Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri və ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun nümayəndəsi Peter Qoldfard çıxış edərək, konfransın əhəmiyyətindən danışmış və onun işinə uğurlar arzulamışlar.

Konfrans bölmə iclası ilə davam etdirilmişdir. İclasda Böyük Britaniya, Qırğızıstan, Azərbaycan, Ukrayna, Gürcüstan digər ölkələri təmsil edən tanınmış teatrşünaslar müxtəlif mövzularda çıxış etmişlər.

Konfransa bu gün yekun vurulacaqdır.

 

 

Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.6.