Doyammadım
İllər, yollar, ellər gördüm,
Bu dünyadan doyammıram.
Gecə yatmağa qorxuram,
Birdən səhər oyanmaram.
Yerlə göy arasında
Ayaq yerdən üzülüb,
Göyə də əl çatmayır.
Ruhu ha tovlayırsan
Yatmayır ki, yatmayır.
Neynirəm
Neynirəm ki, mən səni?
Səndən dost olan deyil,
Saymıram düşmən səni.
Ömür
Ömür dünyada andı,
Anlar da bir zamandı.
Min illər, milyon illər
Bu anlardan yarandı.
Danışın
Mən bu zövqə, bu kimliyə
Bir ömürlük məhkumam.
Siz mənə məndən danışın
Mən də bilim mən
kiməm.
Bu şəkildə
Bu şəkildə
hər kəs ayrı şəkildi, -
Bu dünyadan gedən də var, qalan
da.
Aramızdan hərə
bir cür əkildi,
Qalanlar da hərəsi bir dalanda...
Bilmirəm
Məkan axır
zaman adlı dəryada,
Bu yer üzü kainatda bir ada.
Nə gəldiyim
günü bildim dünyada,
Nə də nə vaxt gedəcəyəm, bilmirəm.
Hardan gəldim
bəlli deyil özümə,
Allah burda qapı açıb üzümə.
Mənim dünya dediyimin özü nə?
Mən bilmirəm, ağlamıram,
gülmürəm.
Yetmiş beşdə
ağ saqqallı
uşağam,
Yerə, göyə, quşa, daşa aşiqəm.
Mən insanam, Haqdan gələn işığam,
Doğulmuram, yaşamıram, ölmürəm.
Xəlq eləyən
düşüb bir gün həvəsə,
Hamımızı yığıbdır bir qəfəsə.
Mən eşqimi
paylayıram hər kəsə,
Kədərimi heç bir kəslə bölmürəm.
Şəkil
Bu şəkilə
baxıram mən bayaqdan bəri...
Təzə şəkil çəkdirmişik
durub yan-yana.
Bu qocalar
yada salır uzaq illəri -
Mən atama oxşayıram, sən də anana.
Bu şəkildə
özümüzdən heç
nə qalmayıb,
İllər qalıb, cavan üzdən heç nə qalmayıb.
Qara saçdan, yanar gözdən heç nə qalmayıb.
Kədərlənmə, gözəl
qarım, dur gəl yanıma,
Ocaq sönüb,
bundan yana
küllə oynama.
Şəkildə də
biz deyilik vallah elə bil,
Mən atama oxşayıram, sən də anana.
Apar
Oyandım səsinə
bu gecə yarı,
Nəğmə oxuyurdun ürəyimdə
sən.
O uzaq günlərin uzaq yolları
Qəlbimdə gizlənib qalıb deyəsən.
Üzümə gülürsən,
ürək kövrəlir,
Gözümü yumuram, gözümdə sənsən.
Sənin nəğmə
səsin ruhumdan gəlir,
Gözümdə, canımda, özümdə
sənsən.
Gündüz hər tərəfdə sənsən,
baxırsan,
Gecədən sabahkı günə qaçıram.
Mənim içimdə
də sən darıxırsan,
Səndən qaçanda da sənə qaçıram.
Əlimdən almısan
günü, gecəni,
Elə ah çəkərəm qiyamət
qopar.
Mənə kömək
eylə unudum səni,
Ya da al canımı özünlə apar.
Sərhəd
Müqəddəs yazıdır,
pozula bilməz…
Sərhəd yaxşı
gündən, pis gündən keçir…
Sərhədi pozanlar düşmən sayılır,
Mənim məzarımın üstündən
keçir.
Torpağın altından
gəlir bir haray:
"Sərhədə axan çay göz yaşımızdı".
Qoyma məzarımı
düşmən tapdasın,
Hər sərhəd dirəyi baş daşımızdı.
Mən gəlirəm,
mən...
Yalan yalan çıxıb zaman boyunca,
Bütün dövrlərdə haqq elə haqdı.
Mənim siyasətlə
işim olmayıb,
Heç bundan sonra da
olmayacaqdı.
Ən böyük
siyasət körpə
gülüşü,
Uşaq tək sevinən ana səsidir.
Ən böyük
siyasət torpaq altında
Boğulan toxumun göyərməsidir.
Bir səhər
gözündə dan söküləcək,
Torpaqdan boylanıb
günə güləcək,
O da gül ömrünün
gen-bol bəsidir.
Ən gözəl
siyasət ulu Haqdadı,
Məni evimizdən apardı yollar.
Amma atam, anam bu torpaqdadı,
Hələ də yolumu gözləyir onlar.
Uzağı, yaxını
gəzdim, dolandım,
Dedim izim qalsın iziniz üstə.
Ay ata, ay
ana, mən gələrəm, mən!
Başımı qoyaram diziniz üstə,
Bir “oxqay” deyərəm, dincələrəm mən.
Hər günün
sabahı var
Düşməni sevindirən
zəfər təntənəsidir.
Bu gün
sevincinin zirvəsidir,
İndilik bəsidir…
Bu günün
sabahı var,
Məğlubiyyət rəqibin
Zəfər bünövrəsidir.
Qoca tarixin əlində
bir qəlib
var, köhnə qəlib.
Qalib sonra məğlub olub,
Məğlub sonra qalib gəlib.
Bu qəlibin
kəsdiyi təkrardı,
Bəşər övladı
elə bil
kordu, kardı.
Həmişə döyüşdən,
zəfərdən yazan çoxdu,
Yazını yozan çoxdu.
Sonda məlum
olur
Əbədilik udan,
uduzan yoxdu!
Anam ağlayır
Səhv edəndə,
danılanda,
Aldananda, yanılanda,
Savaşanda - yeniləndə
Könlüm necə ağlamasın.
Yox, ağlayan
mən deyiləm,
Ürəyimdə anam ağlar
xısın-xısın.
Aldananda, lap son anda
Könlüm şüşə
tək sınanda,
Ümidim şam tək sönəndə,
Boğazımda boğulanda
Göz yaşlarım,
sözüm, səsim
-
Ürəyimdə anam ağlar
xısın-xısın.
Bu dünya
bərbad olanda,
Dostlar dönüb
yad olanda,
İçimdə fəryad
olanda
Siz sükutun
naləsinə
Sirdaş olun, qulaq asın,
Ürəyimdə anam ağlar
xısın-xısın.
Canalan
Tərgitdim ovçuluğu,
Balıqçılığı da
tərgitdim.
Bir axşam
"yox" dedim,
Meyxanədən birdəfəlik getdim.
Tərgitdim tütünü.
Siqareti çəkmədim, ölmədim.
Sənə "yox"
dedim,
Səni tərgidə bilmədim.
Nə sənə,
nə də səndən
Gedə bilmədim.
Gözümü yuman kimi
Görürəm səni.
Gözümü açanda
Hər yanda görürəm kölgəni.
"Yox"
demişəm, sən
yoxsan!
Sən məndə məndən də çoxsan.
Varsan!
Yox, yoxsan!
Sən heç
olmayansan
Və ən çox olansan.
Danılmış həqiqətsən,
Şirin bir yalansan.
Hamının dandığı,
hamının ehtiyacı
olansan!
Sən "canan"
deyilsən,
Canalansan!
Bu yolda
Hər kəsə
çox şirin oldu bu dünya,
Şahı, nökəri də zamanın qulu.
Olumdan ölümə
yoldu bu dünya,
Yalnız bir tərəfli hərəkət yolu.
Yolda öz kamını alanlar da var,
Yoldan şikayətçi olanlar
da var.
Gələnlər bu yoldan bir gün
gedirlər,
Kimsə deyə bilməz qalanlar da var.
İlk və
son eşqim
Mənim ilk eşqimsən,
ilk məhəbbətim,
Mən sənə könlümü
aça bilmədim.
Neylim, vəfasızsan,
sənsən qismətim,
Mən öz qismətimdən qaça bilmədim.
Sənin gözəlliyin
əlçatmaz arzu,
Sən bir baharsan - saralmaz, solmaz.
Özüm də qəlbimdə bilirəm, düzü,
Bu boyda gözəllik tək mənim olmaz.
Səndən dostlarıma
gileylənmişəm,
Səni ürəyimdə qınamışam
mən.
Hamını yendirib,
sənə yenmişəm,
Eşqində bu qədər sınanmışam mən.
Sən mənim
Leylimsən - Leylidən
gözəl,
Sənin məcnununam
Məcnundan betər,
Mən səni
sevmişəm hamıdan
əzəl,
Eşqim Məcnunların hamsına
yetər.
İndi diş tökulub, bel bükülübdü,
Sənə məhəbbətim
artıb bir az da.
Yəqin Allahım
da mənə gülübdü
Gördüm, dəli
oldum səni bu yazda…
Ruhum səfər
üstə olan bir durna,
Namərddir sənin tək gözəldən küsən.
Ey vəfasız
dünya, ey nazlı dünya,
İlk sevgim də sənsən, son eşqim də sən!
Bəstəkar Rühəngiz Qasımovanın
70, 80, 90 illik yubileylərinə
Əziz bacım
Ruhəngiz,
Yaşın yetmiş, ruhən qız.
Bu ruh ilə yaz, yarat,
Sinənə qonsun ulduz,
Əlini öpsün həyat.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.5.