Səngərdə duran oğlan

 

Yerə sanc ayağını,

Səngərdə duran oğlan;

O üzdə o yağını

Gözündən vuran oğlan,

Səngər saxlasın səni.

 

Baxma hava istidi,

Baxma hava soyuqdu;

O da orda hirslidi,

O da orda duyuqdu,

Səngər saxlasın səni.

 

Yayımız qışa varsa,

Boylanma sən bəriyə;

Qarşıda Şuşa varsa,

Yol ha yoxdu geriyə;

Səngər saxlasın səni.

 

İgid əsgər, ayıq dur

Hücum əmri gəlincə;

Arzum, istəyim budur:

Düşmən tamam ölüncə

Səngər saxlsın səni.

 

 

Baş vuraq Başkeçidə

 

Gecəsi boğanaq, gündüzü - təndir,

Aranın istisi - boğazda kəndir;

Ay Sabir, dur bizi maşına mindir,

Gedək Başkeçidə baş vuraq gələk.

 

Doğmadı, əzizdi Ağməmmədlimiz,

Süfrəsi ruzulu, suyu qəndlimiz;

Bu səfər istidən təng olmuşuq biz,

Gedək Başkeçidə baş vuraq gələk.

 

Kəkotu, baldırğan, qantəpər orda,

Dağlar ayağına gül səpər orda;

Təzə doğuluram hər səfər orda,

Gedək Başkeçidə baş vuraq gələk.

 

Sərin bulaqlıdı, çaylıdı dağlar,

Gecəsi ulduzlu, aylıdı dağlar;

Qonaq-qarasına paylıdı dağlar,

Gedək Başkeçidə baş vuraq gələk.

 

Çayların hər yanı əlvan gül-çiçək,

Bir az balıq tutaq, bir az ot biçək;

Bir az Armudlunun suyundan içək,

Gedək Başkeçidə baş vuraq gələk.

 

İşdi mənsiz gəlsən kəndə əgər sən

Əynini bir az da yüngül geyərsən;

Mənim əvəzimə mənsiz deyərsən: -

Gedək Başkeçidə baş vuraq gələk.

 

 

Dağlar söz istədi

 

Dağlar məndən söz istədi,

Nə deyirəm? Gözüm üstə!

Qoy oturum bir qayada,

Yazım elə dizim üstə.

 

Köklənmişəm, köklü sazam,

Həm kövrəyəm, həm həssasam;

Ustad aşıq, mahir ozan

Səs yetirsin səsim üstə.

 

Çən-dumanı qovsun külək,

Göydən yerə ensin fələk;

Söz danışsın, baxaq görək

Sözü varmı sözüm üstə.

 

Zaman dönüb, vaxt dolanıb,

Sol talanıb, sağ talanıb;

İçimdə təndir qalanıb,

Ocaq çatın közüm üstə.

 

Nə görübsə balıq suda -

Mən eləyəm Armudluda;

Bir taledi bəlkə bu da

Ömür keçir dözüm üstə.

 

 

Gəl çıxıb gedək

 

Mustay Kərimin ruhuna ithaf

 

Canım, bu şəhərdən gəl çıxıb gedək,

Bir ayrı məkanda yuva bağlayaq;

Tünlükdə sıxılıb çırpınır ürək,

Barı bu yazığa bir gün ağlayaq.

 

Canım, bu şəhərdən gəl çıxıb gedək,

Hər düşən axşamı hüzün gətirir;

Hər doğan səhəri - əlində kötək

Bizə dərd gətirir, dözüm gətirir.

 

Canım, bu şəhərdən gəl çıxıb gedək,

Daha bu şəhərlə bizimki tutmur;

Burda dərd uzundu, ömürsə gödək,

Burda oyun gedir, oyunçu udmur.

 

Canım, bu şəhərdən gəl çıxıb gedək,

Neçə ki, taqət var hələ bağırda;

Dərd-dərdə dayaqdı, qəm-qəmə yedək,

Bəlkə bir tərəfə çıxdıq axırda.

 

Canım, nə deyirsən, bir dayan görək,

Baxaq başımıza düşən nə daşdı;

Getsək qəriblikdə dözərmi ürək,

Axı bu şəhərlə bağrı-badaşdı.

 

 

Dəli könlüm

 

Bəsdi, abdal könül, belə uçunma,

Nə mən Yeseninəm, nə sən o ürək;

Kürəyə sancılan ağrı ucundan

Yaralı sığırtək bör-bör böyürək.

 

Səndən də həssasdı, gör söz nə çəkir,

Hər sancı tutanda demə axırdı;

Hələ doğulmamış ölürsə fikir,

Sözün intiharı daha ağırdı.

 

Toruna düşmüşük saxtanın, qəlpin,

Bizimki dözməkdi son ana kimi.

Həyata bağlanan ümidli qəlbin

Sonuncu teli də sınana kimi.

 

Ağlayıb-sıtqamaq arvad işidi,

Bizsə bu həyata keşiyik axı;

Zarıma, ayıbdı, Allah eşidir,

Nə təhər olsa da kişiyik axı.

 

Baxma ki dünyanın hər yanı şərdi,

Haqsızlıq ucundan, ya haqq ucundan;

Çox belə ağrılar gəldi-gedərdi,

Çağla, dəli könlüm, daha uçunma.

 

 

Heyif ki

 

Zaman sürət alır qocalıq kimi,

Əyləncə şouda vaxt yeyin gedir;

Cavanlar zamandan öc alır kimi,

Atılıb-düşürlər, baş-beyin gedir.

 

Heyif ki, bilmirlər, enəndə atdan

Qazancı yeyəcək itirdikləri;

Onların özünü bir gün həyatdan

Aparıb gedəcək gətirdikləri.

 

 

Mənzərə

 

Bir hiylə yaşanır atəşkəs adda,

ATƏT dərdimizi büküb yalana;

Divarı nəm çəkən bir damın altda

Şəhid balasını ağlayır ana.

 

Germetik pəncərə, germetik qapı,

fələyin hökmüylə dövr eləyir çarx;

Möhtəşəm villada əldə şərabı

Qarabağ dərdimi çəkir oliqarx?!

 

Heç kəs bu dünyaya gəlməyib Aydan,

ABŞ Avropanın, rus farsın tayı.

Gözəl Qarabağı həyasız haydan

Heç kəs almayacaq bizdən savayı.

 

 

Olmaya

 

Dar küçədə at çapana,

Kündəmizi küt yapana

Dözmək olur, ay zamana,

Təkcə yalanın olmaya.

 

Gedənlərə zurna çalan,

Gələnlərə süfrə salan,

Ağısıyla nəfəs alan

Gürzə ilanın olmaya.

 

Bir üfrümə şişə bilən,

Min sifətə düşə bilən,

Məddahlığı peşə bilən

Filan-filanın olmaya.

 

 

Aşıqvari nəsihət

 

Yetim payı yeyənin

Süfrəsində dad olmaz.

Yad paltarı geyənin

Əsilində zat olmaz.

 

Uyub namərd sözünə

Nahaq döymə dizinə;

Üzdən gülər üzünə,

Ürəyində şad olmaz.

 

Ey canım, indən belə

Qamçı götürmə ələ;

Sırtına döymək ilə

Eşşək dönüb at olmaz.

 

 

Ay ümid

 

Oyun oynayır zaman,

Atıma vermir aman;

Məni mat qoyub yaman

Şah, ay ümid, ay ümid!

 

Gah içimi yeyirəm,

Gah özümü söyürəm;

Gah ay şübhə deyirəm,

Gah ay, ümid, ay ümid!

 

Sarı sünbüllü dənsiz

Sağ meyidəm kəfənsiz;

Yaşamaq olmur sənsiz

Ah, ay ümid, ay ümid!

 

İyul-oktyabr, 2010

 

 

Eyvaz Borçalı

 

Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.5.