Sosrealizm bizə nə verdi?
Bəzən
bizim tənqidimiz və ədəbiyyatşünaslığımız
1960-cı illərdə yaranan ədəbiyyat ilə həmin
illərdə yaradıcılığa başlamış ədəbi
nəsli - "altmışıncılar"ı eyniləşdirirlər
və bu da bədii-estetik təsnifat baxımından
dolaşıqlıq, qeyri-dəqiqlik yaradır.
XX partiya qurultayından sonra
cəmiyyətdə, ictimai həyatda yaranmış
"mülayim iqlim" (İlya Erenburqun povestinin adı ilə
- rusca "Ottepel", yəni "Mülayim iqlim", yaxud
"Yumşaq hava" - adlandırılan istilahdır) nəticəsində
1950-ci illərin sonu, 1960-cı illərdə Azərbaycan nəsrində
"Yeraltı sular dənizə axır" (Mehdi Hüseyn),
"Söyüdlü arx", "Körpüsalanlar"
(İlyas Əfəndiyev), "Dəli Kür"
(İsmayıl Şıxlı), "Teleqram",
"Saz", "Kollu Koxa" (İsa Hüseynov),
"Telefonçu qız" (Həsən Seyidbəyli), "Yamacda
nişanə" (Sabir Əhmədov) və s. kimi həm
mövzu və mövzuya münasibət, həm də bədii
keyfiyyət baxımından əvvəlki onilliklərin bədii
təsərrüfatından seçilən əsərlər
meydana çıxdı. Poeziyamızda,
dramaturgiyamızda da bu cür məlum (yuxarıda yeri
düşdükcə onlardan bəhs etmişəm)
uğurlarımız yarandı.
Eyni zamanda,
paralel olaraq yeni bir nəsil ədəbiyyata gəldi ki, bu,
yalnız adi nəsildəyişmə prosesi yox, bədii-estetik
hadisə idi və söhbət ayrı-ayrı
yazıçıların yaxşı, ya pis yazmağından
yox, yaxşısı və pisi ilə bərabər, bədii
təfəkkür yeniliyndən, sosrealizm müddəalarına
münasibətdə yaradıcılıq tipajının dəyişməsindən,
istedadın daxili azadlıq əldə etməsindən gedirdi.
Məhz bu
yenilik, dəyişiklik, daxili azadlıq, bir tərəfdən
"altmışıncılar"ın novatorluğunu müəyyən
etdi, o biri tərəfdən isə həmin novatorluqla ənənə
arasında sıxı bir bağlılıq yaratdı. Həmin ənənənin
özündə də iki cəhətin üzvi, təbii vəhdəti
yaranmışdı: milli ədəbi ənənələr və
dünya ədəbiyyatı təcrübəsinin
doğurduğu ənənələr.
Məhz belə bir bədii-estetik
amal özündən əvvəlki onilliklərin üzərindən
folklora körpü saldı və Süleyman Rəhimovun, Mehdi
Hüseynin, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının
bəzi hekayələri yalnız folklor əsasında
yazılmış ayrı-ayrı nümunələr idisə,
"altmışıncılar"ın
yaradıcılığında folklor alt qatın mühüm
hissəsinə çevrildi, hiss və həyəcanların təsvirində,
psixoloji qatların açılmasında sitat yox, mahiyyətin
ifadəsi oldu. "Altmışıncılar"ın
bu cəhəti sosrealizmin ədəbiyyata gətirdiyi və
müdafiə etməyə çalışdığı
süniliyin, falşın aradan qaldırılmasında
mühüm rol oynadı.
Eyni bir körpü klassik
milli ədəbiyyatla, "Molla Nəsrəddin" ədəbi
məktəbi ilə, XIX - XX əsr Azərbaycan maarifçiləri
ilə "altmışıncılar" arasında bir
yaxınlıq, hətta deyərdim ki, bir doğmalıq
yaratdı və "altmışıncılar"ın
yaradıcılığını kosmopolitçi perespektivlərdən
uzaqlaşdırdı, həmin yaradıcılığın
milli mənsubiyyətinin müəyyənləşməsində
əhəmiyyətli rol oynadı.
Özlərindən əvvəlki
ədəbi nəslin bir çox nümayəndələri
yaradıcılıqlarının ilk illərində -
1920-30-cu illərdə - Sistemin qorxusu və təhriki ilə,
yaxud da inqilabi fanatizmin təsiri ilə klassik ədəbiyyata
"sinfi münasibət" bəsləyirdilərsə, Cəlil
Məmmədquluzadə yaradıcılığında
"xırda burjua ünsürləri", yaxud Əbdürrəhim
bəy Haqverdiyevin yaradıcılığında "proletar
inqilabının mahiyyətini" axtarırdılarsa,
"altmışıncılar" klassik irsi, xüsusən Cəlil
Məmmədquluzadə yaradıcılığını,
ictimai fikrimizdəki "Molla Nəsrəddin" hadisəsini
bədii-estetik və vətəndaşlıq mənasında əxz
etməyi bacardı və bu onların
yaradıcılığını bir tərəfdən,
yuxarıda dediyim kimi, milliləşdirdisə, o biri tərəfdən
isə onlar həmin milliliyi özlərinin bədii-estetik
axtarışlarından doğan müasir bədii-estetik səviyyədə
ifadə edə bilmədikləri üçün heç vəchlə
milli məhdudiyyətə qapanmadılar.
Klassik və çağdaş
dünya ədəbiyyatı və nəzəri-estetik fikrinin
təcrübəsi də öyrənilərək
"altmışıncılar"ın
yaradıcılığında keyfiyyət yeniliyinin
inkişaf etməsi, novatorluğun formadan məzmuna, yəni əsərin
bədii mündəricatına keçməsi
üçün münbit zəmin yaratdı.
Sistemə
qarşı bədii-estetik müxaliflik, hətta, belə demək
olarsa, bədii-estetik kin-küdurət, bədii-estetik
düşmənçilik (!) "altmışıncılar"ın
yaradıcılığının mayasına hopmuşdu və
onlar yalnız istedadın təhtəlşüur gücü
ilə yox, həm də şüurlu olaraq sosrealizm çərçivələrindən
çıxmaq istəyirdilər. Paradoks isə bunda idi ki,
sosrealizm partiya və komsomol mətbuatında, müxtəlif səviyyəli
rəsmi iclaslarda vulqar-sosioloji hücumlara ciddi müqavimət
göstərsə də, bu gün əlçatmaz, ünyetməz
bir uzaqlıqda qalmış o illərdə "ədəbi
obıvatellərin", məhdud düşüncə sahibləinin
çayxana səviyyəsindəki söz-söhbətlərindən,
nadan "ədəbi qeybətlərindən", şayiə
və böhtanlardan istifadə etsə də, bu yeni prosesin
qarşısını ala bilmədi.
Yeri düşmüşkən,
orasını da deyim ki, sosrealizm bir ədəbi metod kimi iflasa
uğradı, ədəbiyyat və ümumiyyətlə, sənət
tarixinin növbəti səhifəsinə çevrildi, amma həmin
primitiv çayxana söhbətləri, "ədəbi qeybətlər",
obıvatel mülahizələri, şayiə və
böhtanlar yaşayır və nə qədər ki, sənət
yaşayır, onlar da Kaşey ölməzliyi ilə həmişə
yaşayacaq, çünki sənətin öz missiyası
olduğu kimi, sənətətrafı qaragüruh dedi-qodunun
da öz missiyası var.
Ancaq biz
mövzumuza qayıdaq.
"Altmışıncılar"ın
yaradıcılığı təbiəti etibarilə
sosrealizmə yad idi, ancaq eyni zamanda, görünür, gözlənilməz
idi və bu faktor sosrealizmdə bir çaşqınlıq əmələ
gətirmişdi. Əlbəttə, burada o cəhət də az rol oynamadı ki, Leonid Brejnev zamanında
(1964-1982; L.Brejnevin vəfatından sonra sovet funksionerləri və
tarixçiləri bunu durğunluq dövrü
adlandırırdı) - "altmışıncılar"ın
formalaşdığı vaxt - sosrealizm xeyli dərəcədə
zəifləmişdi və bu da, təbii ki, bədiiyyatın,
o cümlədən də Azərbaycan ədəbiyyatının
xeyrinə idi.
Sistem SSRİ miqyasında bir
tərəfdən dissidentləri (A.Soljenitsin, V.Aksyonov,
V.Nekrasov, A.Qladilin, A.Sinyavski, Y.Daniel və b.) təqib və
ölkədən sürgün edirdi, o biri tərəfdən
isə sosrealizm zəiflədiyi üçün, onun nəzəri-estetik
prinsiplərinə müxalif olan ədəbiyyat nəinki
yaranır, həm də vulqar-sosioloji, ortodoks-partiyalı tənqidə
baxmayaraq (bəlkə də elə məhz buna görə)
geniş şöhrət qazanırdı (elə həmin rus ədəbiyyatında
Y.Trifonov, V.Rasputin, Y.Yevtuşenko, V.Belov, A.Voznesenski, B.Axmadulina
və b.; Azərbaycan ədəbiyyatında
"altmışıncılar").
Aydın məsələdir
ki, Fikrət Sadıq, Yusif Səmədoğlu, Fikrət Qoca, Əkrəm
Əylisli, Anar, İsi Məlikzadə, İsa İsmayılzadə,
Vaqif Nəsib, Vaqif Səmədoğlu, Sabir Süleymanov, Ələkbər
Salahzadə, Fərman Kərimzadə, Arif Abdullazadə,
Çingiz Ələkbərzadə və b.
"altmışıncılar" eyni yüksək səviyyədə
yazmırdı, onların da yaradıcılığında bədii
diferensiallıq var idi, ancaq məsələ burasında idi ki,
həmin yaradıcılıq bir küll halında yuxarıda
göstərdiyim cəhətləri özündə əks
etdirirdi. Yəqin elə buna görə də,
"altmışıncılar" zaman baxımından
get-gedə miqyas genişliyi əldə etdi: ədəbi tənqiddə
tez-tez təsadüf etmək olar ki, 1950-ci illərdə
yaradıcılığa başlamış Əli Kərim,
yaxud Sabir Əhmədli də, 70-ci illərdə potensial
imkanları üzə çıxmış Ramiz Rövşən,
Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Zəlimxan
Yaqub, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli,
Vaqif Bayatlı Önər, Seyran Səxavət, Dilsuz,
Şahmar da "altmışıncılar"ın nümayəndələri
hesab edilir. Hətta mən ara-sıra ayrı-ayrı məqalələrdə
daha sonralar ədəbiyyata gəlmiş Kamal Abdulla, Afaq Məsud,
Əli Əmirli, Vaqif Bəhmənli, Sadıq Elcanlı və
b.-nın da adlarının
"altmışıncılar" sırasında çəkilməsinə
rast gəlirəm. Güman edirəm ki, indiki kontekstdə ədəbi
tənqid və ədəbi ictimaiyyət tərəfindən
zaman miqyasının bu cür "genişləndirilməsi"
bədii keyfiyyətlə bağlıdır və
"altmışıncılar"ın məhz bədii-estetik
hadisə olduqlarının göstəricisidir; deməli Azərbaycan
ədəbiyyatında "altmışıncılar" ənənəsi
yaranmış və sabitləşmişdir.
İnsanları "mənfi"
və "müsbət" deyə iki qütbə bölməmək,
yalançı həyat "idilliyasını" heç vəchlə
qəbul etməyib, həyatı bütün mürəkkəbliyi,
qayğıları, problemləri ilə birlikdə ədəbiyyatın
predmetinə çevirmək, müstəqimliyi,
birbaşalığı əvəz edən psixoloji
detalların, ştrixlərin, çalarların vasitəsilə
deyilməyənin deyiləndən artıq olmasını əldə
etmək, adidə qeyri-adiliyi görmək, ən sadə,
"nəzərə çarpmayan" (!) insanı belə bədii-psixoloji
analizin obyektinə çevirmək, siyasi mənada qaraya
şirə, ağa ləkə qatmamaq, siyasi (və bədii)
konyukturaya uymamaq "altmışıncılar"ın ən
yaxşı əsərləri ilə nail olduqları ümumi
cəhətlər, əsas xüsusiyyətlər idi. Bu bədii-estetik prinsiplər, dediyim kimi, sosrealizmin
mahiyyətinə yad idi, ancaq məhz həmin prinsiplər
"altmışıncılar"ın özünüifadəsi
üçün doğma şərait yaradırdı.
Həmin prinsiplər
"altmışıncılar"ın
yaradıcılığı sayəsində artıq Azərbaycan
ədəbiyyatında istisna xarakteri daşımadı, əksinə,
aparıcı qüvvəyə çevrildi və bu işdə
tənqidimizin klassiki Yaşar Qarayev başda olmaqla
"altmışıncılar"ın ədəbi tənqidi
(Şamil Salmanov, Arif Hacıyev, Akif Hüseynov, Xeyrulla Məmmədov,
Həsən Quliyev və b., bir az sonra yaradıcılığa
başlamış Aydın Məmmədov, Vaqif Yusifli, Kamil Vəliyev,
Vilayət Quliyev, Kamal Abdulla, İsa Həbibbəyli, Nizaməddin
Şəmsizadə, Niyazi Mehdi, Nadir Cabbarov, İlham Rəhimli,
Məryəm Əlizadə, Cahangir Məmmədov, Şirindil
Alışanov, Rəhim Əliyev, Tofiq Hüseynov və b.)
ciddi rol oynadı.
Eyni zamanda,
"altmışıncılar"ın
yaradıcılığı özlərindən əvvəlki
nəsillərin bir sıra nüfuzlu nümayəndələrinin
ədəbiyyata, sənətə baxışında da bir
yenilik, təzəlik yaratdı və onların da mətbuatda
"altmışıncılar"ın
yaradıcılığı haqqında sanballı söz deyərək
bu yaradıcılığın yalnız ədəbi təsdiqində
yox, həm də ictimai təsdiqində mühüm xidmətləri
oldu.
Onların ruhuna minnətdarlıq
hisslərimin ifadəsi olaraq, misalı
özümdən gətirmək istəyirəm. Mənim ilk
kitablarımdan tutmuş sosrealizm dövrünün
sonlarına kimi çap olunan əsərlərim haqqında Məmməd
Arif, Həmid Araslı, Mir Cəlal, Məmməd Cəfər
Cəfərov, Mirzə İbrahimov, Əziz Mirəhmədov,
Şəmsəddin Abbasov, Mirzəağa Quluzadə, Kamal
Talıbzadə, Yəhya Məmmədov, Mehdi Məmmədov, Bəxtiyar
Vahabzadə və başqa ağsaqqal ədiblərimiz,
görkəmli qələm sahiblərimiz xüsusi məqalələr
yazmışdı və əlbəttə, onların mətbuatda
(sosrealizm dövründə bütün mətbuat, əslində,
partiya mətbuatı idi) dedikləri söz mənim
yaradıcılığımın ictimai təsdiqinə,
bununla da nəşriyyatların, jurnalların, radio və
televiziyanın, kinostudiyanın qapılarının mənim
üzümə açılmasına təsir etdi, eyni zamanda,
bizdən sonrakı nəsillərin istedadlı nümayəndələrinin
kitablarının nəşrinə, ilk yazılarının
çapına kömək edə bilməyim üçün
imkan yaratdı (Mövlud Süleymanlının, Vaqif
Bayatlı Önərin, Vaqif Yusiflinin, Kamil Vəliyevin, Kamal
Abdullanın, Rəhim Əliyevin, Saday Budaqlının, fəxri
Uğurlunun, Rafiq Tağının, Adil Mirseyidin və b. Azərbaycan,
yaxud rus dilində ilk kitablarının redaktəsi, ön
sözlər, ilk mətbu yazılarının oxuculara təqdimatı
və s.).
Ümumilikdə
isə nüfuzlu yaşlı nəsil nümayəndələrinin
bu cür obyektiv məqalələrinin meydana
çıxması "altmışıncılar"ın
yaradıcılığının ədəbi prosesin
aparıcı istiqamətinə çevrilməsində əhəmiyyətli
hadisə oldu.
"Altmışıncılar"la
bağlı bir cəhəti də qeyd etmək istəyirəm:
bir az obrazlı şəkildə desəm,
onlar gəmidə oturub, gəmiçi ilə dava etməyi
bacardılar.
Sovet İttifaqında
"Qlavlit" deyilən bədnam bir senzura var idi və məsələ
burasında idi ki, bu senzura sovet dönəmində yazan
yazıçıların böyük hissəsinin iç
dünyasına daxil olmuşdu, kimisini ədəbiyyatdan
küsdürmüşdü, kimisini vicdanının əleyhinə
yazmağa məcbur etmişdi, kimisi də tam şəkildə
bu daxili senzuraya təslim olmuşdu.
"Altmışıncılar"ın
istedadı bu daxili senzura ilə bədii-estetik mübarizədə
qalib gəldi, onlar həqiqəti yazdı və bu həqiqət
yalnız ictimai məna kəsb etmirdi, bəlkə də daha
artıq dərəcədə insani məna kəsb edirdi. Yuxarıda dediyim kimi,
insanı bir-birinə zidd "mənfi" və "müsbət"
qütblərdə təsvirdən qaçmaq, "mənfi"də
"müsbət"i, "müsbət"də isə
"mənfi"ni görə bilmək, yəni insanı
mürəkkəb, ziddiyyətli bir varlıq kimi qəbul etmək,
cəmiyyətdə tutduğu yerdən və mövqedən
asılı olmayaraq, onun psixolojisinin dərinlərinə
varmaq, dünənə qədər ədəbiyyatda yalnız
gülüş hədəfi olan personajların prototiplərinə
yeni nəzərlərlə baxaraq, onlarda tamam yeni insani keyfiyyətlər
kəşf etmək - bütün bunlar əvvəlki dövr
yazıçı və şairlərinin
yaradıcılığında istisna xarakteri
daşıyırdısa, məhz bu cəhətlər
"altmışıncılar"ın ən istedadlı
nümayəndələrinin
yaradıcılığını səciyyələndirdi.
"Altmışıncılar"
sosrealizmin əsas prinsiplərindən biri, hətta birincisi
olan "formaca milli, məzmunca sosialist"
anlayışını söz ilə yox, əsərləri
ilə rədd etdi və "formaca da milli, məzmunca da
milli" ədəbiyyat yaratdı. Əlamətdar cəhət
isə bu oldu ki, belə bir forma və məzmun milliliyi milli məhdudluğa
gətirib çıxarmadı, əksinə,
"altmışıncılar"ın
yaradıcılığı "bəşəriyə aparan
yol millidən keçir" konsepsiyasının effektli bədii
illüstrasiyasına çevrildi. Bu bədii-estetik
(həm də dövrün kontekstində siyasi-ictimai) hadisə,
yəni "altmışıncılar"ın ədəbiyyata
gəlməsi Azərbaycan ədəbiyyatında bir küll
halında keyfiyyət dəyişikliyinə səbəb oldu və
bunun da nəticəsində yeni oxucu zövqü
formalaşmağa başladı. Əvvəlki dövrlərdə
ədəbiyyatımızın uğurları (həmin
uğurlar da, əlbəttə, öz-özlüyündə
çox qiymətli idi) ayrı-ayrı əsərlərlə,
ayrı-ayrı yazıçıların adlarıyla
bağlı idisə,
"altmışıncılar"ın uğurları və
onların ədəbiyyatda gördükləri iş fərdlərlə
yanaşı, ümuminin uğuru, ümuminin
gördüyü iş idi.
Onlar sosrealizm
çərçivələrində yazmaq məhkumluğunu
qəbul etmədi və onların bədii əsərləri
uğurundan, yaxud uğursuzluğundan asılı olmayraq, bu
çərçivələrdən kənarda yarandı. Buna görə
də "altmışıncılar"ın yazıları
ilə daxili aləmləri arasında
yaradıcılığın psixologiyası baxımından
çox mühüm amil olan diskamfort yox idi.
"Altmışıncılar"ın
aparıcı nümayəndələrinin intellektual
potensialı onların istedadını tamamlayırdı və
onlar ən yüksək partiya tribunalarında belə öz
mövqelərini müdafiə etməyi bacardılar, həmin
yüksək instansiyaları özləri ilə
hesablaşmağa məcbur etdilər.
Yəqin burada o cəhət
də mühüm rol oynadı ki, həmin aparıcı
nümyəndələr çox az zamanda
məşhurlaşdı və böyük oxucu dəstəyi
qazandı. Onların əsərləri böyük tirajlarla
çap olundu, onlar həm bədii əsərləri, həm
də aktual nəzəri-estetik məqalələri ilə,
Orta Asiyadan tutmuş Sibirəcən, Pribaltikadan tutmuş
Qafqazacan müxtəlif ədəbi toplantılardakı
effektli iştirakları və çıxışları ilə
ümumittifaq (söhbət 250 milyonluq bir auditoriyadan gedir) ədəbi
prosesində aktiv iştirak etdi. Onların imzası 1970-80-ci
illərin, o vaxtın təbiri ilə desək, mərkəzi
mətbuatında, yəni rus dilində milyon tirajlarla çap
olunan "Literaturnaya qazeta", "Yunost", "Drujba
narodov" "Voprosı literaturı", "Literaturnoye
obozreniye" və s. kimi nüfuzlu ədəbi orqanlarda yer
aldı, nüfuz qazandı və bu, artıq yalnız
"altmışıncılar"ın yox, ümumiyyətlə,
Azərbaycan ədəbiyyatının ciddi uğuru idi. Həm də bütün bunlara sosrealizm
konyukturası yox, istedad nail olmuşdu və sosrealizm, artıq
neçənci dəfə dedyim kimi, bununla barışmaq məcburiyyətində
qalmışdı.
Bir cəhəti
də qeyd etmək istəyirəm.
Ədəbiyyat
yarandığı gündən etibarən bu və ya digər
formada ədəbi təsir də mövcud olub. "Altmışıncılar"ın
mühüm xüsusiyyətlərindən biri onların
mütaliə dairəsinin genişliyi idi, böyük rus ədəbiyyatı,
klassik və müasir dünya dünya ədəbiyyatı
onlara milli ədəbiyyat qədər yaxın və hətta
doğma idi. Ümumiyyətlə, deməliyəm
ki, keçən əsrin 60-cı illərində Sovet
İttifaqında kitab öz nüfuzunun, hörmətinin zirvəsində
idi. Moskvada, yaxud Bakıda yalnız ərzaq
dükanlarında deyil, kitab mağazalarında da böyük
növbələr düzülürdü. Kitab oxumaq, ədəbi
jurnalları mütaliə etmək az qala təşrifata
çevrilmişdi.
Ancaq belə
bir vaxtda da sosrealizmin eybəcər xüsusiyyətlərindən
biri kitab ilə həyatı qarşı-qarşıya qoymaq
idi. Sosrealizmin ən porpulyar
çağırışlarından biri "Həyatı
öyrənmək lazımdır!"- idi
və bu şüar kontekstində həyat - zavodda, fabrikdə,
neft, yaxud da maşınqayırma trestində, pambıq
tarlasında, silos tədarükündə və s.-də
istehsalat prosesi kimi nəzərdə tutuluru. "Altmışıncılar"ın
bədii-intellektual təfəkküründə isə kitab ilə
həyat arasında üzvi bir vəhdət var idi və kitab
ilə həyat qəti surətdə bir-birinə "rəqib"
deyildi. "Altmışıncılar"
üçün kitabın qiyməti onun həyatiliyində
idi və güman edirəm ki, belə bir vəhdət
onların özünütəsdiqində əhəmiyyətli
rol oynadı.
Mən yuxarıda dedim ki,
"altmışıncılar" yeni oxucu zövqünü
formalaşdırdı və bu, əslində, qarşılıqlı
bir hadisə idi: həmin yeni oxucu zövqü də
"altmışıncılar"ın yazılarını,
hərgah belə demək olarsa, nəzarətdə
saxlayırdı. Azərbaycanda gedən bu proses ümumittifaq
prosesinin bir hissəsi idi və nəzərə alsaq ki, bizim
"altmışıncılar"ın əsərləri
SSRİ miqyasında da rus dilində milyon tirajlarla çap və
nəşr olunurdu, o zaman həmin "nəzarətdə"
rusdilli oxucuların da effektli payı, təsiri var idi. Olsun ki,
bu təsir təhtəlşüur xarakter
daşıyırdı, ancaq hətta bu günün
gözü ilə də o uzaq illərə baxarkən, o vaxt
yazı masasının üstündəki ağ
vərəqə qonan yaradıcılıq stimulundakı o təsiri
şəxsən mən çox aşkar görürəm.
Nəhayət, bir məsələnin
də üzərində dayanmaq istəyirəm: sosrealizm
müddəalarına qarşı ədəbi müxaliflik
"altmışıncılar" arasında məhrəm
bir ünsiyyət yaratmışdı və bu ünsiyyət də
onların özünütəsdiqlərində və
yaradıcılıqlarında az rol
oynamadı. Onlar bir-birini müdaifə etməyi
bacardı və bir-birinin ilk oxucuları oldu. Həmin illərdə, misal üçün, mənim
yazılarımın - makinadan yenicə çıxmış
qrankaların ilk oxucuları Yaşar Qarayev və Yusif Səmədoğlu,
Anar və Əkrəm Əylisli olurdu və mən də
onların hələ çap olunmamış yeni
yazılarının ilk oxucularından biri idim. Bizim yazdıqlarımızın da, bir-birimizə
söylədiyimiz təqdir və təkdirlərimizin də
sosrealizmə heç bir dəxliyyatı yox idi.
Sosrealizm,
dediyim kimi, "altmışıncılar"a dözməyə
məhkum idi və dözdü.
* * *
Beləliklə,
biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının
inkişafına vurduğu zərərdən qətiyyən sərf-nəzər
etməməli, həmin ədəbi zərərin nəticəsində
itirdiklərimizi müəyyənləşdirməli və bu
boşluqları doldurmağa çalışmalıyıq.
Eyni zamanda,
sosrealizm dövründə Azərbaycan ədəbiyyatının
inkişafı bu ədəbiyyatın tarixində çox
mühüm və prinsipial bir mərhələ təşkil
edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri
təsnifatını verməli, əldə edilmiş bədii-estetik
dəyərləri qiymətləndirməyi
bacarmalıyıq.
Sosrealizm ziddiyyətləri
və bu ziddiyyətlərə obyektiv elmi nəzər -
mövqe belə olmalıdır.
ELÇİN
14 - 21 avqust 2010
Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.3.