Unudulmaz alim, müdrik insan

     

XX əsr Azərbaycan ədəbiyyatının və elminin inkişafında misilsiz xidmətləri olan ədəbiyyatşünas alimlərdən biri də əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovdur.

Abbas Zamanov böyük Mirzə Cəlilin adını daşıyan Naxçıvan MR Ədəbiyyat Muzeyinin açılışından başlamış, ömrünün sonlarınadək muzeyimizlə yaxından əlaqə saxlamış, fondumuzun və ekspozisiyamızın zənginləşdirilməsinə böyük köməklik göstərmiş, yüzlərlə kitablar, sənədlər, fotolar hədiyyə etmişdir.

Abbas müəllimin ədəbiyyatşünaslıq elminin inkişafında çoxşaxəli fəaliyyəti nəzərə alınmış, anadan olmasının 75, elmi-ədəbi fəaliyyətinin 45 illiyilə əlaqədar 1986-cı ildən muzeyimizdə Abbas Zamanov fondu yaradılmışdır. Fondda alimin Azərbaycanda və xaricdə nəşr olunan kitabları, ədəbiyyatşünas alimlər, yazıçı və şairlər tərəfindən avtoqrafla alimə hədiyyə olunan kitabları, jurnalları, qəzetləri, müxtəlif illərin anım günlərini xatırladan - dostlarla birlikdə olan fotoları, böyük şəxsiyyətin muzeyə yazdığı məktublar öz əksini tapır.

Tədqiqatçı-alim ömrünün yarım əsrdən çoxunu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarını geniş təhlil və tədqiq etməklə gərgin əmək sərf etmişdir.

Abbas müəllimin muzeyə hədiyyə etdiyi kitabları vərəqlədikcə ona müəlliflər tərəfindən hədiyyə olunan kitablardan oxuyuruq ki, bu böyük insan nə qədər təvazökar, xeyirxah bir insan olmuş və sevilmişdir.

Avtoqraflı kitablardan nümunələr:

Kamil Quliyev: "Əfsanəvi Xızır kimi məni öz xeyirxahlığı ilə həmişə çətinliklərdən qurtaran, nağıllardakı Simurq quşu kimi məni işıqlı dünyaya çıxaran, mənə mənəvi atalıq edən, şəxsiyyətinə və yaradıcılığına dərin hörmət bəslədiyim görkəmli ədəbiyyatşünas Abbas Zamanova sonsuz minnətdarlıq hissi və ən xoş arzularla".

Xəlil Rza: "Sevimli müəllimim Abbas Zaman dədəyə, alaqaranlıq günlərimizin yanar məşəlinə yazardan yadigar".

Qasım Qasımzadə: "Ədəbiyyatımızın dünya şöhrətinə qovuşması naminə böyük vətəndaşlıq səyi və fədakarlığı göstərən Abbas müəllimə xoşbəxtlik arzusu və minnətdarlıq duyğusu ilə müəllifdən".

Saf və səmimi niyyətlə yazılan avtoqraflı kitablar çoxdur. Bu elmi, ədəbi əsərlər Abbas Zamanov fondunda alimə layiq bir şəkildə qorunub saxlanılır.

M.Ə.Sabir irsinin öyrənilməsində və nəşrində xüsusi xidmətləri olan Abbas Zamanov hər yeni nəşr olunan kitablarını avtoqraf edib muzeyə göndərər, göndərilən kitabların çatıb-çatmaması barədə tez xəbər verməyimizi xahiş edərdi.

24 mart 1981-ci il tarixli məktubdan:

"Hörmətli Əsədullayev yoldaş!

Muzeyin bütün əməkdaşlarının Novruz bayramı mübarək! Arzu edirəm ki, sizin bütün həyatınız bayram olsun.

Mənə göndərdiyiniz məktubu aldım. Çox sağ olun. Sizə üç kitab və üç ottisk göndərirəm.

1. Əməl dostları. Bakı, Yazıçı - 1979.

2. C.Məmmədquluzadə. Seçilmiş əsərləri. Ərəb əlifbası ilə. Bakı, Azərnəşr - 1967. Tərtib edib nəşrə hazırlayan və müqəddimə müəllifi Abbas Zamanov.

3. A.Zamanov. Sabir və müasirləri. Fars dilinə tərcümə edən Əsəd Bəhrəngi. Təbriz - 1979.

2-ci və 3-cü kitablar - nadir kitablardır. Xahiş edirəm ki, elə saxlayasınız ki, itib-batmasınlar.

Göndərilən kitabların çatdıqlarını bilsəm, şad olaram.

Hörmətlə, A.Zamanov".

Abbas müəllim çox vətənpərvər bir vətəndaş idi. Onun bizim muzeyə və muzeyin kollektivinə olan qayğısı hər şeydən əvvəl böyük Mirzə Cəlilə olan sevgisi və məhəbbəti idi. Hər hansı bir material muzeyə göndərildikdə, biz ya telefonla danışar, yaxud da məktub vasitəsilə ona minnətdarlıq edərdik.

Lakin Abbas müəllim bunu özünə borc bilər və yazardı: "Salam, Sübhi! Məktubunuzu aldım. Sağ olun. Güman edirəm ki, artıq mənimlə qurtarıb muzeydən yapışmaq lazımdır.

İnanın mənə, məni təbliğ etməyə ehtiyac yoxdur. Əgər sizə göndərdiyim kitabların, şəkillərin çatdığını və ya çatmadığını vaxtında mənə bildirsəniz, mənim üçün daha xoş olar.

Son bağlamanı göndərdiyim vaxtdan xeyli keçmişdir. Lakin xəbər-ətər yoxdur. Xəbər gözləməkdəyəm. Mən aldığım məktublara vaxtında cavab verməyə adət etmişəm. Bunu başqalarından da gözləyirəm. Xahiş edirəm, bunu nəzərə alasınız.

Fürsətdən faydalanaraq muzeyinizin bütün əməkdaşlarını yeni il münasibətilə təbrik edirəm. Yeni ildə sizə ailədə və işdə yeni uğurlar diləyirəm.

Gəlin yeni ildə əl-ələ verib muzeyimizi daha da zənginləşdirək.

Sizin həmkarınız A.Zamanov.”

1986-cı ildən muzeyimizdə Mirzə Cəlilin zəngin ədəbi-bədii irsini hərtərəfli öyrənmək və təbliğ etmək məqsədilə "Mirzə Cəlil lektoriyası" fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində muzeydə tədbirlər keçirilmiş, bir çox görkəmli şəxsiyyətlər lektoriyanın qonağı olmuş, müxtəlif mövzularda çıxışlar etmişlər.

Lektoriyanın ilk başlanğıcı haqqında muzeyimizin direktoru Sübhi Kəngərli Abbas müəllimə telefonla xəbər verdi. Sonra lektoriyanın necə keçdiyi barədə ətraflı məktub yazıldı.

7 mart 1987-ci il tarixdə muzeyə belə bir məzmunda məktub gəldi: "Salam, Sübhi. "Mirzə Cəlil lektoriyası"nın işə düşməsi, yəni fəaliyyətə başlaması məni çox sevindirdi. Əgər ömür vəfa etsə, "Cəlil Məmmədquluzadə xaricdə" mövzusunda lektoriyada çıxış edəcəyəm.

Sübhi, Mirzə Cəlilin doğulduğu ev qalırmı? Əgər qalmırsa, evin olduğu yer məlumdurmu? Bununla maraqlan, nəticəni mənə bildir. İsa Həbib müəllim yəqin ki, bunu bilir. Bununla birlikdə maraqlanın.

Hörmətlə, sizin A.Zamanov".

Abbas müəllim çox diqqətcil bir insan idi. Bakıda yaşamasına baxmayaraq o, Naxçıvanda olan elm, təhsil, mədəniyyət müəssisələri ilə həmişə maraqlanar, yenilikləri öyrənmək istəyərdi.

1987-ci ildə muzeyimizin fəaliyyətə başlamasının 20 illiyi geniş qeyd edildi. Sübhi müəllim muzeyin 20 illiyinin keçilməsi haqqında hazırlanmış dəvətnaməni Abbas müəllimə göndərdi. Abbas müəllim yazdı: "Salam, Sübhi! Göndərdiyin dəvətnaməni bu gün aldım, oxudum, çox şad oldum.

Yubiley necə keçdi? Rəhbər orqanlar iştirak etdimi? Muzeiyn əməkdaşlarına fəxri ad və ya mükafat verildimi? Bu haqda mənə xəbər yaz.

Əgər vaxtında mənə xəbər versəydiniz, gəlib iştirak edərdim.

Cavab gözləyirəm.

Sizin A.Zamanov".

Abbas müəllim muzeyin kollektivini də yaddan çıxarmamış, teleqram vasitəsilə təbrik etmişdir.

"20 yaşınız mübarək! Gələcək fəaliyyətinizdə sizə yeni uğurlar diləyirəm".

Abbas müəllim yaşasaydı, 1987-ci ildə muzey əməkdaşlarına arzuladığı fəxri adları bu gün Muxtar Respublika rəhbərliyinin ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi diqqət və qayğısı sayəsində bir çox ziyalıların, o cümlədən muzey əməkdaşlarının fəxri adlarla təltif olunduğunu görər, sevinər və öz minnətdarlığını bildirərdi.

8 iyun 1988-ci il - filologiya elmləri doktoru, professor Əziz Şərifin dəfni! Əziz Şərifin ən yaxın dostu, məsləkdaşı Abbas Zamanov dəfndə iştirak etdi. O, Əziz Şərifin ədəbiyyatşünaslıq sahəsində apardığı elmi-tədqiqat işlərindən söhbət açdı, ulu Tanrıdan ona rəhmət dilədi.

Əziz Şərifin dəfni zamanı çəkilən fotolardan biz bir neçəsini Abbas müəllimə göndərdik. O, bizə öz təşəkkürünü bildirdi və yazdı ki, şəkillərdən birini özündə saxlayacaq, birini isə mərhumun Moskvada yaşayan oğlu Cavad Şərifə göndərəcək.

Abbas Zamanov Türkiyədə, İranda Azərbaycanda çıxan mətbuatı daim izləyər, bəzi nömrələri imkan daxilində muzeyimizə göndərərdi.

23 sentyabr 1989-cu il tarixli məktubda A.Zamanov yazır: "Canım-gözüm Sübhi! Bütün göndərdiklərini aldım. Sağ ol, çox sağ ol. Son zamanlarda mən tez-tez muzeyimizin səsini eşidir, nəfəsini duyuram. Çünki siz yerinizdə sakit oturmusunuz. Muzeyin zənginləşdirilməsi üçün faydalı işlər görürsünüz. Siz faktik işlərlə sübut edirsiniz ki, anamız Naxçıvan zəngin mədəniyyət mərkəzidir. Bu işlərdə dostum İsa Həbibin sizə göstərdiyi köməyi xüsusilə qeyd etmək lazımdır. Sizə də, ona da eşq olsun!

Vaxtilə Türkiyədə yaşayan böyük alim Əhməd Cəfəroğlunun qızı Nazan Ölçərin və cənublu şair Kərim Məşrutəçi Sönməzin mənə yazdıqları məktubları göndərirəm muzeyə. Məsləhət olsa qoyun qalsın muzeydə".

Hər iki məktub fondda saxlanılır. Cənublu şair Kərim Məşrutəçi Sönməzin məktubu və şeri çox səmimi və maraqlı yazıldığına görə oxucuların nəzərinə çatdırmağı özümə borc bildim.

"Hörmətli, məhəbbətli Abbas müəllim! Sizin ata məhəbbətinizdən dünyalarca təşəkkür edib, sizə, hörmətli ailənizə ulu Tanrıdan cansağlığı, könül xoşluğu diləyirəm".

Novruz bayramı münasibətilə lütf eylədiyiniz təbrik kartını aldım, mən də öz növbəmdə, səmimi təbriklərimi hüzurunuza təqdim edərək sizə bütün həyatınız boyu uğurlar dilərəm.

Allah sizin bəhrəli-barlı ömrünüzü daha uzun eləsin!

 

Yar bağında, bilmirəm ki, sənə mən

Bağban deyim, çiçək deyim, nə deyim.

Bu günahkar, qalmaqallı dünyada

Sənə məsum mələk deyim, nə deyim.

 

Sən kimilər həqqimizin üzrəti (izzəti),

Şərafəti, iftixarı, qiyməti

Səndə olan təmizliyi, qeyrəti

İnsanlığa örnək deyim, nə deyim.

 

Ruhum sənin dostluğunla öyünən

Alqış deyər sənə mavi göy ilən

Sənə xəlqin sinəsində döyünən

İstiqanlı ürək deyim, nə deyim.

 

Gəldi çatdı göndərdiyin qızılgül,

Sən özün də, bir gül kimi qızın, gül.

Bahar kimi elin gülsün, özün gül.

Allah sənə kömək deyim, nə deyim!

 

Sənin uzaqdakı oğlun Sönməz.

 

2 may 1989-cu il”

 

Daha bir məktub: "Salam, Sübhi! Türkiyə səfərindən sağ-salamat qayıdıb işlərimə başlamışam, səfər ürəyimcə oldu.

Fəxri doktorluq diplomunu türk qardaşlar mənə böyük təntənə ilə təqdim etdilər. Bu münasibətlə Səlcuq Universitetində demək olar ki, nümayiş təşkil edilmişdi. Mənə xəcalət verdilər. Allah işlərini varsın. Üzümüzə gələn yeni iliniz mübarək olsun.

Sizin A.Zamanov.

12 dekabr 1989-cu il

 

Bir dəfə Abbas müəllim muzeyimizə bir "Varlıq" jurnalı göndərmişdi. Jurnalın ilk səhifəsində "Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat muzeyinə" sözləri yazılmışdır. 2-3 gündən sonra Abbas müəllimdən bir məktub aldıq. Məktubda yazılmışdı:

"Salam, Sübhi! Bir neçə gün əvvəl muzeyin ünvanına Tehranda nəşr edilən "Varlıq" jurnalının 76-1 sayını göndərmişəm. Bu nömrənin 120-ci səhifəsində Cəlil Məmmədquluzadənin oğlu Ənvərin ailəsi ilə birlikdə şəkli verilmişdir. Mən məsləhət görərdim ki, həmin şəkli səliqə ilə böyüdüb muzeyin divarından asasınız. Bu, əlbəttə, həm oxucular üçün, həm də tamaşaçılar üçün maraqlı olar.

Hamınıza salam göndərir, hamınıza yeni uğurlar diləyirəm.

Sizin A.Zamanov.

16 yanvar 1991-ci il"

Abbas müəllimin arzusu yerinə yetirildi. Həmin şəkil böyüdülüb Mirzə Cəlil guşəsində nümayiş etdirildi.

1991-ci ildə muzeyimizdə tədqiqatçı-alim, səmimi insan, böyük şəxsiyyət Abbas Zamanovun anadan olmasının 80, elmi-ədəbi fəaliyyətinin 50 illiyinə həsr edilmiş konfrans keçirilmişdir. Konfransda universitet müəllimləri, yazıçı və şairlər iştirak edirdilər. Tədbirdə məruzələr, çıxışlar, xatirələr söylənilmişdir. Abbas Zamanovun muzeyə hədiyyə etdiyi material-eksponatlar əsasında sərgi hazırlanmış və baxış olmuşdur.

Tədbirin necə keçirilməsi barədə biz əvvəldən Abbas müəllimə xəbər vermişdik. Aldığımız cavab bizi həqiqətən də ürəkdən narahat etmişdi. Abbas müəllim yazırdı:

"Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyinin əməkdaşlarına salam və ehtiram! Xoş sözləriniz üçün sağ olun, çox sağ olun. Xəstəliyin üzü qara olsun. Cavabım qısa oldu. Bağışlayın məni. Hamınızı bağrıma basıb öpürəm.

 

Sizin A.Zamanov.

12 oktyabr 1991-ci il"

 

Sübhi müəllim Abbas müəllimin vəziyyəti ilə maraqlanar, tez-tez telefonla danışıb bizi də xəbərdar edərdi.

9 dekabr 1991-ci il tarixdə Abbas müəllimdən muzey əməkdaşlarını sevindirən bir məktub aldıq.

"Sübhi! Göndərdiyiniz materialları aldım. Sağ olun. Məni yad etdiyiniz üçün muzeyin bütün əməkdaşlarına təşəkkür edirəm.

Mənim səhhətim indi babətdir. Bu dəfə əzrail ilə dil tapıb sülh şəraitində keçindik… Allah bilir sonra nə olacaq.

Sizin A.Zamanov".

Abbas müəllim səhhəti ilə əlaqədar bir neçə ay muzeyimizə məktub yazmadı. 30 aprel 1992-ci il əzizimiz Abbas müəllimdən yenə bir məktub: "Salam, Sübhi! Çoxdandır məktublaşmırıq. Az qala yadlaşmışıq. Mən muzeyi unutmamışam. Naxçıvanla gediş-gediş son dərəcə çətin olduğu üçün göndərmirəm. Qorxuram ki, bu başıbəlalı yollarda itbat olar.

Vəziyyət dəyişilərsə topladığım materialları göndərəcəyəm.

Muzeyin bütün əməkdaşlarına salam göndərirəm.

Allah bizi məkr qonşuların xata-bəlasından xilas etsin. Mən dərin etiqadla inanıram ki, gün gələcək qonşular öz cəzalarına çatacaqlar".

Bu məktub doğulduğu torpağa qırılmaz tellərlə bağlı olan, millətini sevən, insanlara xeyirxah işlərdə köməklik göstərən, çox hörmətli, əziz, mehriban Abbas müəllimin muzeyə, muzey direktoruna, əməkdaşlarına yazdığı sonuncu məktub idi.

Abbas müəllim heç vaxt yaddan çıxmayan, sevilən bir şəxsiyyətdir. Biz muzey işçiləri həmişə Abbas müəllimin xatirəsini hörmətlə yad edir, anadan olduğu günü geniş qeyd edirik.

1967-ci ildə Abbas müəllim muzeyimizin ekspozisiyasını gəzdikdən sonra rəy kitabında ürək sözlərini bu cür ifadə etmişdir: "Muzey gözəldir, sağ olsun onun təşkilatçıları. Bu muzey Mirzə Cəlil üçün ən yaxşı hədiyyədir".

Mən isə deyirəm: "Ruhun şad olsun Abbas müəllim! Sizin bizlərə ərməğan etdiyiniz bu cür qiymətli eksponatlar, həm Mirzə Cəlil muzeyi üçün, həm də gələcək nəsillər üçün ən yaxşı hədiyyədir. Bu hədiyyələrdən gələcək nəsillər istifadə etdikcə "Allah sənə rəhmət eləsin! Qəbrin nura qərq olsun Abbas müəllim" - deyiləcəkdir.

 

 

Xanım İsmayılova

 

Ədəbiyyat qəzeti.- 2010.- 12 noyabr.- S.2, 4.