Minillərin sərvəti
“Yaşı onillərlə
ölçülən bina
minillərin sərvətini
qoruyan məbədgaha
dönüb.”
Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir
üzvü Rafael Hüseynovun nəfis şəkildə çap olunmuş, qiymətli
rəsmlərlə, müxtəlif fotolarla
zəngin kitabı müəllifin elə həmin fikrinin ifadəsidir: “Söz
məbədi”.
Aşağıdakı sətirlər bu məbədin yaranması tarixini bilmək istəyən hər kəs üçün şübhəsiz
maraqlı olacaqdır.
Orta əsrlərdən XX əsrə qədər yazılmış təzkirələrin, ədəbi və tarixi mənbələrin məlumatlarına əsasən hesablanmışdır ki, ən qədim dövrlərdən XXI əsrə qədər Azərbaycanın 4 minə yaxın şair və nasiri olmuş, fəxr etdiyimiz ədəbi mirası onlar yaratmışlar.
Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həmin klassiklərin hamısını qovuşduran müqəddəs ocaq, 3 min illik ədəbi inkişaf yoluna ayna tutan misilsiz qoruqdur.
Nizami muzeyinin yerləşdiyi binanın özü də maraqlı bir tarix abidəsidir.
Bu gün Bakının tən mərkəzində olan həmin bina birmərtəbəli karvansara kimi şəhərdən kənarda tikiləndə 1850-ci il idi. O vaxt Bakı qala divarları ilə əhatələnmiş İçərişəhərdən ibarət idi.
Tarixin heyrətli məntiqi ilə bir zamanlar karvanları qarşılayıb yola salmış, yaxından-uzaqdan gələn qonaqlara qapı açmış bu qocaman tikili nəhayətdə Azərbaycanın söz karvanının yerləşkəsinə, daim qonaqlı-qaralı əziz ünvana çevrildi. Lakin bu hadisə XX yüzilin ortalarında baş verdi, ona qədər isə həmin tikili macəralı həyatını yaşamışdı.
XIX əsrin sonlarında
binanın boyu bir az artır.
1856-1868-ci illərdə
Bakı quberniyasının
baş arxitektoru vəzifəsini tutmuş memar Qasım bəy Hacıbababəyovun
(1811-1874) layihəsi əsasında
karvansara dönüb olur ikimərtəbəli.
1915-ci ildə
isə tikiliyə bir də əl
gəzdirilir. Mülki mühəndis A.Nikitin
binanın yeni bərpa cizgilərini hazırlayır, ikinci mərtəbədə yenidənqurma
işləri aparılaraq
orada iri oyun - banket zalı
yaradılır.
Mülkün təzə sahibi, Bakı varlılarından
olan Hacı Hacıağa Dadaşov binanı "Metropol" adlı hotelə çevirir. Tədricən bura yalnız
mehmanxanaya təşrif
gətirən müsafirlərin
deyil, Bakı kübarlarının sevimli
əyləncə yerlərindən
biri olur. Binanın ilk
qatında isə zərgərlik məmulatı,
müxtəlif xırdavat
satılan mağazalar
sıralanır. Binanın uzun
ömrünün faciəli
səhifələri də
var.
1918-ci ildə
Bakıda azərbaycanlılara
qarşı soyqırımları
törədən ermənilər
qanlı mart günlərində
həmin mülkün
damına pulemyotlar qoyaraq indiki Sabir bağı səmtindən və Nizami heykəli tərəfdəki küçədən
keçən insanları
güllə yağışına
tuturlarmış.
1918-ci il mayın 28-də Şərqdə
birinci dəfə olaraq Azərbaycanda Demokratik Respublika yaradılır, İstiqlal
Bəyannaməsinin elan
edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətə
başlayır. Lakin Bakı
istilaçı qüvvələrin
əlində olduğundan
müstəqil Azərbaycanın
ilk hökuməti Gəncədə
qərar tutmağa məcbur olur.
1918-ci il sentyabrın 15-də Qafqaz
İslam Ordusu və Azərbaycanın milli qüvvələrinin
birgə səyləri
ilə Bakı bolşevik və erməni tör-töküntülərindən
təmizlənir, rəsmi
paytaxta çevrilir.
"Metropol"
mehmanxanası Azərbaycan
hökumətinin ixtiyarına
verilir. Hökumət üzvləri burada
həm yaşayır,
həm işləyirdilər.
1920-ci illərdə
isə bu tikili Azərbaycan Həmkarlar İttifaqının
ixtiyarına keçir.
1939-cu ildə
dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 1941-ci ildə
tamam olacaq 800 illiyi ilə əlaqədar ciddi yubiley hazırlıqlarına
başlanılır.
Bu münasibətlə
Nizaminn həyat və yaradıcılığına
həsr edilən ayrıca muzeyin yaradılması da qət edilir.
1939-cu il noyabrın 1-də Azərbaycan
hökumətinin yeni muzeyin yaradılması haqqında qərarından
sonra binanın yenidən qurulmasına başlanılır.
Bu işə
ölkənin ən güclü rəssamları,
nəqqaşları, ustaları,
sənətşünas və
ədəbiyyatçıları cəlb edilir.
İstedadlı memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında binaya daha iki
mərtəbənin əlavə
edilməsi, fasadındakı
pəncərələrin sökülərək
yerində tağların
yaradılmasına başlanılır. Muzeyin indi Nizami heykəlinə
baxan tərəfində
həmin yeni yaranan tağların altında Azərbaycan ədəbiyyatının 6 böyk
klassikinin abidələri
ucaldılır - Məhəmməd
Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Cəfər
Cabbarlı Nizamiylə
üz-üzə dayanırlar.
Beləliklə, təməl
daşının qoyulmasından
90 il keçəndən
sonra vaxtilə birmətrəbəli, nəzəri
cəlb etməyən
sadə bir karvansara olmuş bina dördmərtəbəli
memarlıq incisinə
çevrilərək indiki
cazibədar görkəmini
alır. Lakin İkinci Dünya
müharibəsinin başlanması
muzeyin tamaşaçı
üzünə açılmasını
ləngidir.
Yalnız 1945-ci il mayın 9-da faşizm üzərində
qələbə elan edildikdən 5 gün sonra - mayın 14-də Nizami muzeyi də
xalqa daha bir mühüm bayram hədiyyəsi kimi təqdim edilir. Amma onillər
sonra bu imarətin həyatında
ona ikinci həyat, təzə nəfəs bağışlayan
daha bir əlamətdar hadisə də baş verdi.
Azərbaycan dövlətinin qayğılarıyla 2004-cü ildə muzeyin əsaslı şəkildə təmir və yenidən qurulmasına başlandı. Prezident İlham Əliyevin bilavasitə diqqəti ilə 4 il davam edən geniş miqyaslı təmir və bərpa gedişində bünövrəsindən tavanınadək binaya təzə güc verildi.
Ədəbiyyat
qəzeti.- 2010.- 12 noyabr.- S.2.