Yazıçılar Birliyində
Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimova həsr olunmuş "Müqəddəsliyə aparan yol" kitabının təqdimat mərasimi oldu. Əlibala Məhərrəmzadə və Sabir Hüseynovun birgə yazdığı kitabın təqdimat mərasimini açan AYB-nin katibi, tanınmış ədəbiyyatşünas alim Arif Əmrahoğlu vurğuladı ki, belə bir günü bizə yaşadan Mübariz İbrahimovun əziz xatirəsidi: "Vaxtilə türk dünyasının iftixar yerlərindən biri olan Qazi Bürhanəddin "Yataqda ölən kişi murdar olur" - deyirdi. Mübariz kimi rəşadətli oğul yataqda ölə bilməzdi. Onun şəhidliyə yetişməsi xalqımıza qürur, şərəf gətirdi. Qəhrəmanlıq Azərbaycan xalqının gen, qan yaddaşından gəlir. Bu, Mübarizin timsalında dünyaya bir daha bəyan oldu".
A.Əmrahoğlu sonra təqdim olunan kitabın məziyyətlərindən söz açdı.
Tədbirin aparıcısı şair Ədalət Əsgəroğlu vurğuladı ki, belə qəhrəmanlıq nümunəsi əslində zamanın salnaməsidi: "Xalqa mübarizlik aşılayan qəhrəmanın adının da Mübariz olması bir qanunauyğunluqdur. Xalq şairi Rəsul Rza vaxtilə "Mübarizə bu gün də var yarın da, mən də onun ön sıralarında" deyirdi. Mübarizin ruhunun, sabah da, gələcəkdə də ön sıralarda olacağına çox inamlıyam".
Sonra o, vurğuladı ki, sabah qəhrəmanın ana yurdunda - Biləsuvarda da kitabın təqdimat mərasimi keçiriləcək.
Kitabın müəllifləri Əlibala Məhərrəmzadə və Sabir Hüseynov söz alaraq qeyd etdilər ki, çalışmışıq kitabda Mübariz İbrahimovun şərəfli ömür yolunu öz əksini dolğunluğu ilə əks etdirək.
Şair, xeyriyyəçi Mirkazım Seyidov çıxışında bildirdi ki, belə kitabların yazılması milli birliyimizin möhkəmlənməsinə xidmət edir, milləti bir araya gətirir: "Çalışacağam ki, kitabı yaxın günlərdə rus, ingilis və Azərbaycan dillərində kütləvi şəkildə nəşr etdirək".
Sonra tanınmış şairlərdən Fikrət Sadıq, Oqtay Rza, Mahirə Abdulla, eləcə də Milli Qəhrəmanın şərəfinə şeir həsr etmiş qələm adamlarından Zərəngiz Dəmirçioğlu, Əkbər Qoşalı, Fəxrəddin Meydanlı, Tahir Taisoğlu, Maşallah Məftun, Balayar Sadiq, Gülzar Namazova, rəssam Minayə söz alaraq M.İbrahimov şəhidliyinin qəhrəmanlıq tariximizdəki müstəsna əhəmiyyətindən söz açdılar.
Şair Musa Ələkbərli
qeyd etdi ki, Mübarizin qəhrəmanlığı
müstəsna qəhrəmanlıqdı: "O, bir ailədə doğulmuşdu,
ancaq ölümüylə Azərbaycanın,
bütün türk
dünyasının övladına çevrildi".
S.Əsgərli
Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.4.