"Mənim saz üstündə ürəyim əsir"
Noyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış aşıq Xanlar Məhərrəmovun anım mərasimi keçirildi. Aşığın anadan olmasının 60 illiyi münasibətilə düzənlənən tədbiri xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub açaraq dedi: "Əziz və unudulmaz Aşıq Xanlar bu gün əbədiyyətdə uyuyur. Ancaq əbədi sözü-sənəti yaşayır. Böyük xoşbəxtlikdi ki, bir sənətkar kimi xalq tərəfindən seviləsən, adın çəkiləndə çöhrələr gülə. Cəmi 48 il ömür sürən Xanlar da çox qısa vaxt ərzində məşhurlaşdı, meydangah bir sənətkar oldu. Əcəl onu ildırım palıdı vuran kimi vurdu. Ancaq o, qısa ömründə sənət zirvəsini fəth edə bildi. Xanlar sənətə bir mərhələ kimi gəldi. Onun qəlbi həmişə sənətə və dosta açıq oldu, cismində bir mələk təbiəti hökm sürdü. O, saz, söz xridarı idi. Füzulidən sonra sənət meydanında söz sahibi olmaq nə demək idisə, öz dövründə Əmrahdan, Ədalətdən sonra Xanlar olmaq bir o qədər böyük hünər istəyirdi. Xanlar eldən, dildən, teldən və sazdan getdi. O, mənim toyumda meydan sulamışdı, yaxın dost idik. Şükürlər olsun ki, yurdunda Azər kimi davamçısı qalıb".
Z.Yaqub Aşıq Xanlarla bağlı xatirələrini də dilə gətirdi. Sonra söz millət vəkili, anım gününün təşəbbüskarı Qənirə Paşayevaya verildi. O, vurğuladı ki, Aşıq Xanların sənətinə bu qədər yüksək xalq sevgisi, ehtiramı olmasından bir vətəndaş kimi qürur duyur. "Bu, ilk olaraq Allahın Aşıq Xanlara bəxş etdiyi istedadın təcəssümüdü. Aşıq Xanlar sənətkar olaraq çox cazibəli idi. Onun ifası insani duyğulara səfərbər edirdi. İndi çox havacatları dinləyəndə düşünürük ki, Xanlar bu havanı belə ifa edərdi. Mən Mədəniyyət və Turizm Nazirliyinin, filarmoniyanın rəhbərliyinə, Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaquba, Aşıq Xanlar haqqında nəşr edilən kitabın hazırlanmasında əməyi keçən insanlara, o cümlədən professorlar Qəzənfər Paşayevə, Məhərrəm Qasımlıya, şair Bağban Babaya, kitabın redaktorlarından biri olan Əkbər Qoşalıya təşəkkür edirəm. Bu gün ölkəmizin başçısı milli dəyərlərin qorunmasına, o cümlədən saz sənətinin yaşadılmasına xüsusi qayğı göstərir. Eləcə də YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva… Belə tədbirlər xeyriyyə faktına çevrilməlidir…"
Professor Qəzənfər Paşayev də aşıq sənətinin ən ulu və sevilən sənətlərimizdən biri olduğunu vurğulayaraq qeyd etdi ki, bu sənəti xalq yaşadır: "Təbii ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da saz sənətimizin inkişafında danılmaz əməyi var. Məhz bu diqqət və qayğının nəticəsində Aşıqlar Birliyi öz fəaliyyətinin çiçəklənmə dövrünü yaşayır. Ölkənin sahibi xalqın sənətinə sahib duranda belə uğurların əldə olunması təbiidi. Belə olanda sənət daha çox inkişaf edir. Demək xoşdur ki, son illər ərzində millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə 14 el aşığının kitabı işıq üzü görüb, təqdimatlar keçirilib".
Q.Paşayev sonra Aşıq Xanlarla bağlı xatirələrini dilə gətirdi: "Xanlar Tovuz aşıq məktəbi ilə Borçalı aşıq sənəti arasında körpü saldı, iki aşıq sənəti mühitini doğmalaşdırdı".
Folklorşünas alim Elxan Məmmədli, hüquqşünas alim Aslan İsmayılov və başqaları da Aşıq Xanlar sənətinin bənzərsizliyindən, onun parlaq şəxsiyyətindən ətraflı bəhs etdilər. Şair Bağban Baba "Ya saz öldürəcək, ya Xanlar məni" toplusunun araya-ərsəyə gəlməsindən danışdı, ustad aşığa həsr etdiyi şeirlərini oxudu.
Anım mərsimini tanınmış incəsənət ustalarının, təbrizli aşıqların sazı-sözü rövnəqləndirdi.
Sonda aşığın oğlu
Azər Xanlaroğlu atasının xatirəsini
əziz tutanlara minnətdarlığını
bildirdi və millət vəkili Qənirə
Paşayevanın təşəbbüsü ilə ianə edilmiş pulu iki imkansız ailəyə təqdim etdi. Tədbir onun
ifasında "Baş sarıtel"lə
sona yetdi.
S.Aranlı
Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.4.