Fəxri ad və mükafatların sevinci

     

Milli mətbuatımızın yaradıcısı Həsənbəy Zərdabi vaxtilə doğru sözün özülünə daş qoymağın yolunu qəzet çıxarmaqda görürdü. Vurğulayırdı ki, xalqın gözünü açan və milləti irəli salan sözü danışmağın yolu mətbuatdan keçir. Təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycan dövləti, o cümlədən ölkəmizin başçısı cənab İlham Əliyev azad mətbuatın inkişafına yaxından qayğı göstərir, bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirir.

Elə noyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli mətbuatının 135 illiyi münasibətilə Prezidentin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimində də bu barədə ətraflı danışıldı. Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında KİV-in inkişafına Dövlət dəstəyi fondunun sədri Vüqar Səfərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet redaktorları və digər şəxslər iştirak etdilər.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında ölkə mətbuatının keçdiyi yola nəzər saldı. Qeyd etdi ki, Azərbaycan Milli mətbuatı zəngin ənənə və tarixə malikdir, ölkənin müstəqilliyi dövründə mətbuatımız çətin yollar keçib. Hazırda Milli mətbuatın maddi-texniki bazası gücləndirilir. Bu gün Azərbaycanda peşəkar jurnalistika yaradılıb və ölkə mətbuatı Azərbaycanı dünya mətbuat məkanında layiqli təmsil edə bilər.

PA rəsmisi əlavə etdi ki, jurnalistika ictimai rəyin formalaşmasında mühüm rol oynayan ən məsuliyyətli sahədir. "Jurnalistlər ən prinsipial, ən əxlaqlı şəxslər olmalıdırlar ki, onların dediyi cəmiyyət tərəfindən qəbul olunsun. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş Milli mətbuatın inkişaf konsepsiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir///... Müasir dünya şərtlərində azad medianın ictimaiyyətlə münasibətlərini, müasir jurnalistika, onun mənəvi kodeksini nizamlayan milli qanunvericilik xüsusi əhəmiyyət kəsb edir. Bu məzmunda KİV-in yaradılması üzrə qanunvericiliyin təkmilləşdirilməsi və maddi-texniki bazanın gücləndirilməsi də vacibdir. Eyni zamanda KİV-in inkişafında vacib amillərdən biri də mətbuatın ictimaiyyətlə münasibətlərini nizamlayan jurnalistika etikasıdır. Jurnalistika ictimaiyyət və vətəndaş rəyinin formalaşmasına səbəb olan məsuliyyətli fəaliyyət sahəsidir və bunun üçün hər bir jurnalistdən yüksək peşəkarlıq, yüksək mənəvi dəyərlər tələb olunur".

Mətbuat Şurasının sədri Əflatun Amaşov dedi ki, Azərbaycanın hazırkı inkişaf səviyyəsi jurnalistlərin qarşısında öz işinə böyük məsuliyyətlə yanaşmaq tapşırığını qoyur: "Azərbaycanda son beş il ərzində 300-dən çox jurnalist fəxri ad alıb. Dövlət Azərbaycanda KİV-in inkişafına xüsusi diqqət göstərir".

Mətbuat Şurasının rəhbəri 100 jurnalist üçün yaşayış binalarının tikintisinə beş milyon manatın ayrıldığını xatırlatdı.

Sonra bir qrup jurnalist təltif olundu. Onlara əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi fəxri adları, "Tərəqqi" medalları təqdim edildi.

Qəzetimizin əməkdaşı Elmira Ağamalı qızı Rzayeva da təltif olunanlar sırasındadı. O, ölkə başçısının sərəncamı ilə əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Elmira xanım 1977-ci ildən "Ədəbiyyat qəzeti"ndə əvvəl makinaçı, sonra mətn oxucusu kimi çalışmağa başlayıb. Eyni zamandaƏdəbiyyat qəzeti”nin Həmkarlar Komitəsinin sədridir. Öz sənətinə bağlılığı qısa vaxt ərzində onu kollektivin sevimlisinə çevirib. Praktiki cəhətdən Elmira xanımın tərcümeyi-halını bəlkə bir neçə cümlə ilə ifadə etmək olar. Mənəvi, ruhi baxımdan isə onun ömür yolu silinməz xatirələrlə, unudulmaz haqq-saylarla dolu bir dünyayla izlənir. Vaxtilə "Ədəbiyyat qəzeti"nə rəhbərlik edən xalq şairi Nəriman Həsənzadə, xalq yazıçısı Sabir Əhmədli, eləcə qəzetin əməkdaşları olmuş xalq şairi Sabir Rüstəmxanlı, professor Nizami Cəfərov, Fəridə Abdullayeva, mərhum qələm adamlarından Kamilə Nemət, Qafar Namazəliyev, Nadir Cabbarov, Davud Nəsib, Vidadi Məmmədov başqaları haqqında unudulmaz xatirələr, minnətdarlıq duyğusu onun mənalı ömürlüyünün yol yoldaşıdı. Az adam tanıyıram ki, işinə Elmira xanım kimi məsuliyyətli olsun. Mənə elə gəlir ki, qəzet çapa getməmişdən oxuduğu materilların səmimi, işıqlı, xoş aurası Elmira xanımın üz-gözünə, cisminə çiçək ətri, gün işığı kimi sirayət edir, oxu məqamında onun sifəti işıqlanır. Xoşlayıram ki, yuxarıda adları çəkilən, vaxtilə bu qəzetdə çalışan insanlar barəsində onunla söhbətləşim. Mənim üçün çox xoşdu ki, özünün xəbəri olmadan işə gəlib, işdən getdiyi anlarda nəzərlərimlə uzun-uzadı onu müşayiət edim. Belə məqamlarda ucqar bir rayonun ən ucqar kəndində ömür sürən doğmalarım, atam-anam bütün görüntü durumları ilə gəlib gözlərim önündə dayanır. Belə məqamlarda Elmira xanım mənə öz işinin fədaisi, çalışdığı kollektivin vurğunu olan mələk təbiətli mətbuat xadimlərimizin ümumiləşdirilmiş obrazı kimi doğma tanış gəlir. Bilirəm ki, o, ömrün illərinə görə mətbuat sahəsində çalışanların qocamanı, ruhi cəhətcə ən cavanıdı. Mən oxunan mətnin bədii dəyərinin necəliyini həmişə Elmira xanımın sifətinin cizgilərindən duyub-anlayıram.

Elmira xanımı fəxri ad alması münasibətilə qəzetimizin kollektivi adından təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.5.