Füzuli irsinə sevgi - vəfa
Eyni ildə, eyni vaxtda
iki müqtədir ədəbiyyatşünas və ədibimizin
uzun sürən elmi araşdırması nəşr olundu: Həmid
Araslının "Böyük Azərbaycan şairi
Füzuli" (Bakı, 1958), Mir Cəlalın "Füzuli sənətkarlığı"
(Bakı, 1958) kitabları. Bunların çapa
imzalandığı vaxt da eyni aya düşür. Birinci
monoqrafiya elmi-kütləvi istiqamətinə görə
"Gənclik" nəşriyyatını, ikinci monoqrafiya
da yenə gənclik, - amma ali təhsil alan gəncliyi (ADU-nəşriyyatını)
maraqlandırmışdı. İkisi də nəcib pedaqoq kimi
40-cı illərin əvvəllərində Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinə təhsilə
gəlmiş nəslin, eləcə də sonrakı nəsillərin
göz açıb gördüyü, könül verib
sevdiyi, səsini eşidib dərs üsulunu öyrəndiyi həssas,
qayğıkeş mənəvi ata hörmətində uca
mövqe sahibi kimi əvəzsiz idi. Sonralar, universitet məzunu
kimi Mir Cəlal müəllimin rəhbərlik etdiyi kafedrada
çalışdığım üçün onunla
ünsiyyətim artdı və birgə dərslik yazacaq qədər
onun etibarını qazandım.
Müəllimim, sonralar
məsləhət yerim, qonşum Məmməd Cəfər Cəfərovun
"Füzuli düşünür" (Bakı, 1959)
monoqrafiyası dahi şairimiz haqqında məlumatımı zənginləşdirdi.
Daha sonralar ədəbiyyatşünaslığımızda "Füzuli lirikası" (Bakı, 1965) probleminə yeni baxışla seçilən Mirzağa Quluzadənin əsərindən öyrəndim, özü ilə də mehriban əlaqələrimiz yarandı, - universitetdə gənc müəllimlərdən idim, gəlib dərsimi dinlədi və razı getdi.
Bu əzizlərimin kitabları nə yaxşı ki, avtoqrafları ilə kitabxanamı bəzəyir.
Bu da nə xoşdur ki, bir əziz tələbəmin monoqrafiyası avtoqrafı ilə Məhəmməd Füzuli əsərləri rəfində müəllimlərimin kitabları ilə yan-yanadır. Müəllimlərimin avtoqraflarını buraya köçürməyə üzüm gəlməsə də, tələbəmin avtoqrafını məqsədli olaraq köçürürəm: "Böyük Füzulinin böyük də sələfi dahi Nəvaini universitet illərimizdə mənə ilkin sevdirən və ona görə də bu kitabın yaranmasında şəksiz xidməti olan əziz Pənah müəllimə tələbə minnətdarlığı ilə təqdim edirəm. 14.IV.96”
"Bu kitab" deyəndə Ayaz Vəfalı filologiya elmləri alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiyanın "füzuli xəlqiliyi" (Bakı, "Gənclik", 1995) adlı mətnini nəzərdə tutmuşdu. Ötən üç il ərzində dönə-dönə oxuyub konspektlər çıxardığım bu monoqrafiya haqqında söz demək borcumdan yalnız indi çıxmaq fürsəti tapmışam. Bu başdan da məsuliyyətlə deyirəm: M.Füzuli haqqında mövzu dairəsi geniş olan monoqrafiyaya akademik Həmid Araslının, "Füzuli sənətkarlığı"na ədib-alim Mir Cəlalın, "Füzuli lirikası"na M.Quluzadənin, "Füzuli düşünür" mövzusuna M.C.Cəfərov kimi ədəbi-bədii, fəlsəfi düşüncə sahibi olub, ədəbiyyat tənqidçisi kimi şöhrətlənmiş incə zövqlü bir şəxsin səlahiyyəti çata bilərdi.
"Füzuli xəlqiliyi" bütün başqa mövzulara nisbətən daha çətin, mübahisəli, mürəkkəb, M.Füzuli dövrünün problemə baxışlarını bilməklə yanaşı, dövrümüzün xəlqilik anlayışı ilə bəzən ayrılan, hətta təzadlı olan, bəzən bu anlayışlarla uyuşan və çulğalaşan - buna görə də araşdırıcının çiyinlərinə ağır yük kimi çökən problemdir. Bu çətinliyi hələ tələbəliyindən - Ə.Həvai və M.füzuli irsində xələflik-sələflik borc-ehtiramını tam dərinliyi ilə olmasa da, zaman keçdikcə bütün əzəməti, geniş sahəliliyi, ensiklopedik araşdırma üçün estetik biliklər yetkinliyi səpkisində başa düşməyə başlayan Ayaz Vəfalı səlahiyyət ala bilərdi. Bu səlahiyyət məsuliyyətini o, həm də ona görə onilliklər boyu yaşamışdı ki, Nəvaişünaslığın və füzulişünaslığın Azərbaycanda, Türkiyədə, İraqda, Özbəkistanda, xeyli geniş götürsək, türkologiya deyilən bir aləmdə çoxluğu və zənginliyi bir dərya keçilməzliyi kimi onun gözünə otura bilərdi. Keçilmiş mərhələni bir də aşmaq qorxusu, keçidlərdə qarşıya çıxacaq çətinliklər qorxusu vardı. Buna görə də Ayaz Vəfalı dissertasiya üçün mövzu götürəndən yox, tələbəliyindən bu yana öyrənmək, öyrənmək, öyrənmək; şairimizin dediyi kimi, "ləngü, ləngü, ləngəm" (Nəbati) devizi ilə dəryanın dərinliklərində təngiməmək üçün çox məşq etməli idi. İnsafən M.Füzuli xəlqiliyi füzulişünaslıqda azacıq işlənmişdi, adda-budda fikirlər sistemə düşməmişdi, sistem düzümü Ayazın çiyinlərində gəlib uzun illərdən sonra mənzilə çatdırılmışdır.
Xəlqilik anlayışında ilk gözə çarpan dil amilidir. Ərəbcə, farsca yüksək sənətkarlıq işığı saçan bu düha qınından çıxıb, qınını bəyənməyən öz kübarlarımız və hakimlərimizin "türkəxər" istehzasını farsa ötürüb onun adına çıxdığı bir zamanda füzuli layiqli ədəbi dil problemində İ.Nəsimi kimi bir sələfindən hansı sıçrayışla qabağa gedib ucalmaq imkanları görürdümü? Çətin də olsa bunu özündə duyur, görür və qürrələnirdi. M.Füzuli ədəbi dilimizin əsaslarını qoyub onun real təsvir, romantik inikas, psixoloji dərinlik, fəlsəfi idark-təfəkkür qanadlarını qartal qanadına çevirdi. Ayaz bu hünər haqqında məşhur dilşünaslarımızın elmi irsini də yaxşıca öyrənmişdi.
Ədəbi dilimizin tarixində füzuli irsi mərhələsini o dövrün, həm də Bağdad mühitindən ayırıb onu xəlqilik anlayışına görə M.P.Vaqif, Q.B.Zakir və ya Səməd Vurğun dilinin xəlqilik ölçülərinə salsaq, bu problemi tarixilik anlayışından qoparıb sapı qırılmış boyunbağı kimi səpələm-səpələm edərdik. Ayaz Vəfalı monoqrafiyasının üçüncü fəslində tarixilik əsasında M.P.Vaqif irsinin dil xəlqiliyindən yazmalı olur və bu xələflə onun sələfi M.Füzulinin dil xəlqiliyi imkanları arasındakı oxşarlığını da, fərqləri də göstərir. M.Füzulinin bədii inikas tilsiminə dolaşıb qalmayan Vaqifin bu tilsimdən çıxmaq yolunu Qurbanidən və başqa aşıqlardan gələn sadə və türkanə gözəlləmələr üslubuna yiyələnməsi, yazılı ədəbiyyatımızda bu üsluba bəraət qazandırması, ona yeni biçim, yeni ülgü gətirməsi faktını da unutmur.
Buradan da başqa bir budaq göyərir: Şah İsmayıl Xətai irsində gördüyümüz ilkin heca vəznli şeir dəbinin M.P.Vaqif irsində ilkin real inikas hünəri ilə formalaşdığını da göstərir ki, bunu hələ yeni ədəbiyyatımızın banisi, filosof- ədib M.F.Axundzadə (Füzuliyə bir qədər yanlış baxışla olsa da) tarixi inkişaf dialektikası kimi doğru qiymətləndirmişdir.
M.füzuli irsində heca vəznli şerin olmaması onun irsinin xəlqiliyini azaldan eyibmi sayılmalıdır? Yox! Azərbaycan əruzşünaslığında türkdilli şerin "Kutadqu-bilik"dən başlayıb Ə.Nəvai və M.Füzuli mərhələləri keçmiş türk əruzu anlayışı yaxşı araşdırılmışdır. Ayaz Vəfalı bu araşdırma ruhunda M.Füzulinin məşhur bir qəzəlinin hər misrasını iç qafiyə sisteminə görə iki misraya bölüb, onları gəraylı qafiyə quruluşuna yaxınlaşdırması naşılıqdan doğan bölgü deyil, məqsədyönlü bölgüdür:
Məni candan
usandırdı,
Cəfadən
yar usanmazmı?
fələklər yandı ahimdən,
Muradım
şəmi yanmazmı?
Bu niyyətli
bölgü tutuşdurma üçündür.
Ayaz Vəfalı onu İ.Nəsiminin
şeri ilə tutuşdurmuşdur:
Ey nuri-dilü didə,
Didarinə müştaqəm;
Vey yari-pəsəndidə,
Didarinə
müştaqəm.
…Ey şəmsü qəmər
yüzlü,
Şirin dodağın duzlu;
Vey şəhdü şəkər
sözlü
Didarinə
müştaqəm.
Bu şeir də
əruzun bəhrindədir. Əruzu heca sayına
görə oxumazlar, lap 7-8 hecalı misra quruluşu da onu əruzdan
qoparmaq üçün köməyə gəlməz. Amma heca vəznli xalq şeirlərimizlə ruh
yaxınlığından başqa qafiyə
yaxınlığı, gözlə görüm tutumu qədər
incə oxşarlıq amili də var.
M.Füzulinin qəzəlini
təqtisinə görə hecanın 16-lıq
ölçüsü ilə bölsək, bəzən
bütöv heca bölgüsü pozulsa da, hecanın say
sistemi heç bir misrada pozulmaz:
Şəbi-hicran (4) yanar
canım (4), - tökər qan çeş(4)mi-giryanım
(4),
Oyadar xəl(4)qi
əfğanım (4), qara bəxtim (4) oyanmazmı? (4)
Amma bunu heca vurğuları
ilə oxumağa təşəbbüs göstərən ədəbiyyatşünas
deyil, yalnız naşı ola bilər. İstər naşı, istərsə bilikli mütəxəssis
olsun, hər ikisi qəzəldən gəraylı zövqü
də ala bilər və bu zövqü zövqsüzlük
saymaq günah olar. füzulini sevən
geniş xalq kütləsinin bir belə qənaət və
zövqünə indiyə qədər kim irad tutmuşdur? Kim də iddia etmişdir ki, xalq ucdantutma əruzu
düzgün oxuyur və Füzulini də guya düzgün
oxuya bildiyi üçün zövqlüdür.
Xəlqiliyin xüsusiyyətlərindən
biri də xalq həyat-məişət tərzini, onun
dünyagörüşünü, əxlaqını, təbəqələr,
zümrələr münasibətini, rəftar tərzlərini,
peşə əlvanlığı ilə yanaşı
ümumi güzəran səviyyəsini, adətini,
inamını, zövqünü, şadlığını-qəmini,
həsrətini, ümidini, arzularını, milli qürurunu,
faciəsini, bəlalarını sənətkarın duyub
yaşaması, dərk etməsi, yaxşı və pisini
düzgün, insaflı, obyektiv əks etdirmək hünərindədir.
Füzulidəki bu hünər dairəsi və səviyyəsi
üçün zəmanəsinə qədər "Leyli və
Məcnun"lar silsiləsinədək koloriti və yeri gələndə
hadisələrə, surətlərə, zəmanəyə
müəllifin açıq münasibəti baxımında kəskin
seçilən onun "Leyli və Məcnun"u istənilən
qədər söz demək üçün tipik poemadır. Bunun təfsilatına mən varmıram,
çünki Ayaz "Füzuli xəlqiliyi"ndə bu
poemanın çoxcəhətli çalarlarını
açmışdır. Təhlilinin
başlıca istiqaməti haqqında öz yerində söz
demək yaxşı olar, amma uzun məqaləm daha da uzanar.
Ədəbiyyatda
və ya bir sənətkar yaradıcılığında xəlqiliyin
daha başqa şərtlərini sadalamadan Ayazın öz
monoqrafiyasını quruluşuna görə üç fəslə
bölüb, Füzuli xəlqiliyini üç istiqamətdə
araşdırması layiqincə doğru və qiymətlidir.
"Kitabi-Dədə
Qorqud"umuzun dəbinə görə, evlənən igid yaya
qoyub atdığı ox hara düşərmişsə, orada
ona oda (çadır) qurarmışlar. Ayaz da
M.Füzuli şeir odasını onun atdığı ox istiqamətində
"bayatılara, xoyratlara, manilərə" doğru gedib
odanı bir xəlvətdə deyil, sınırları
görünməyən mənbə-aşkarlıq
dünyasında qurur. Məqalədə bəlkə
artıq yer də tutsa, ilk fəslin ("Xalq poeziyası - xalq
hikməti") ilk səhifəsinin nədən
başlandığını, alimin haranı nişan
aldığı ilk iki cümləsini köçürürəm:
"Şifahi poeziyamızın ən geniş
yayılmış, ən təsirli növünün
bayatılar olduğu şübhəsizdir".
"Şairin
yaradıcılığında bayatılarla səsləşən
xətləri araşdırarkən, təbii ki, Kərkük
xoyrat və manilərinə də sıx-sıx müraciətlər
edəcək, paralellər aparacağıq".
"Sıx-sıx" demək
azdır, Ayaz sözbəsöz, beyt-beyt, bənd-bənd, qitə-qitə
Füzuli şeirlərini bayatılarımız,
xoyratlarımız, nəğmələrimizlə sadəcə
uğurlu istifadə anlarında tutuşdurub problemi dar bir
çərçivədə saxlamır, əksinə,
Füzuli şeir və poemasını ruhuna, etiqadına,
dünyagörüşünə, hikmətinə,
emosionallığına, deyim tərzi
doğmalığına görə tutuşdurur; Füzulini
heç bir istifadə çərçivəsinə
sığmayan yaradıcı varis kimi qavrayır və şərh
edir.
Bu fikrimi yazanda rus ədəbi
tənqidçisi və ədəbiyyat nəzəriyyəçisi
N.A.Dobrolyubovun Ukrayna kobzarı (kobza-kobuz-qopuz
çalğıçısı) T.Q.Şevçenko irsinin xəlqiliyi
haqqında sözləri yadıma düşdü: "O elə
əsl xalq şairidir ki, biz özümüzdə belə
şair göstərə bilmirik. Hətta Koltsov
da onunla müqayisəyə gəlmir, çünki o,
özünün təfəkkür tərzi və meyllərinə
görə bəzən xalqdan uzaqlaşır. Şevçenko isə əksinədir. Onun bütün düşüncə və həyəcanlarının
dairəsi xalqın həyat tərzi və fikrinə tam
uyğundur. O, xalqın içərisindən
çıxmış, xalqla yaşamış və təkcə
fikirlərinə görə deyil, öz həyat tərzi ilə
də onunla dərindən bağlı olmuşdur" (Bax: P.Xəlilov.
"SSRİ xalqları ədəbiyyatı",
II c., Bakı, 1968, səh. 38; əsli: N.A.Dobrolyubov. Seçilmiş əsərləri. Üç cilddə, 3-cü cild, Moskva, 1952, səh.535-543).
T.Q.Şevçenko
təhkimli kəndli oğlu olmuşdur. Onu qabaqcıl
ziyalılar pulla satın alıb azadlığa
çıxarmışlar. Bircə bu sinfi
mənşə fərqini nəzərə almaqla onun
haqqında N.A.Dobrolyubovun dediklərini biz M.üzuli haqqında
niyə deməyək.
Bundan başqa N.A.Dobrolyubovun
belə sözləri də var: "T.Şevçenkoda Ukrayna
xalq nəğmələrinin bütün ünsürləri
vardır. Onun "Qaydamaqlar"ı xalq
xarakterinə, Malorusiya tarixi dumalarının xarakterinə
tamamilə uyğundur. O, tamamilə əsrin əhval-ruhiyyəsinə
nüfuz etmişdir".
"Şübhə etmirik
ki, Ukrayna artıq ona çoxdan tanış
olan "Kobzar"ı sevinclə qarşılayacaqdır. O,
xalq nəğməsinə yaxındır. Məlumdur
ki, nəğmədə də Ukraynanın bütün keçmiş
taleyi öz əskini tapmışdır; nəğmələr
və dumalar Ukrayna həyatının ən qiymətli inciləridir
və xalq üçün müqəddəsdir. Nəğmə
və dumalarda atəşin vətən məhəbbəti,
… eyni zamanda pak, incə qadın məhəbbətinin,
xüsusən ana məhəbbətinin hərarəti
duyulur".
Əziz keçmiş tələbəm
"Füzuli xəlqiliyi"ni yazanda
T.Şevçenkoya dair bu sözləri
xatırlayıb-xatırlamadığını bilmirəm. Bildiyim bircə budur ki, tələbələrimə
Ə.Nəvai - M.Füzuli münasibətlərimi
şövqlə söylədiyim kimi, Şevçenko kimi sənətkarların
da milli məfkurə yolunda Prometey kimi
çarpışdığını eyni şövqlə
danışırdım. İndi bununla məğruram ki,
əziz tələbəm böyük əcdadımız
Füzuli xəlqiliyini şövqlə araşdıranda
"dumalar ukraynalılar üçün hər
şeydir" devizi ruhunda azərbaycanlılar və İraq
türkmanları üçün bayatı-xoyrat hər
şeydir anlamı ilə ağır və mürəkkəb
işini ləyaqətlə başa vurmuşdur.
Bayatı janrını
yaxşı ki, Bayat boyunun adına
bağlayırlar. Çoxlu qaynağın
verdiyi bilgiyə görə Qayı (Kayı) boyundan
hökmdarlar, Salur və ya Salor boyundan sərkərdələr,
Bayat boyundansa ozanlar yetişirmiş. Dastanımızdakı
Dədə Qorqud surətinin mənşəcə Bayat boyundan
olması gərək təəccüb doğurmasın.
Bayatlar bir boy kimi Altay monqolları içərisində
də varmış. "Bayat" boy
adı Altay türklərinə görə Mengu (əbədi)
Bay ata - yəni Tanrı etiqadı ilə bağlıdır.
Bu boyun yaratdığı nəğmələr
Azərbaycanda bayatı janrı kimi məşhurlaşmışdır.
Həmin janrdan azacıq fərqi, amma
bütövlükdə oxşarlığı olan xoyrat
termininin etimologiyası haqqında Ş.Sami lüğətindən
tutmuş V.V.Radlovun Türk ləhcələri lüğətini
və sonrakı rəyləri töküşdürmədən
mülahizəmi bildirmək istəyirəm. Bir mənbədən götürdüyüm qeydimi
heyif ki, indilərdə tapa bilmədim. Yadımda
qalan budur ki, orada oyratsanmı-xoyratsanmı sorğusu vardı.
Xoyrat sözünün xoryat, oyrat
sözünün də oryat şəklində yazılışı
və tələffüzü vardır. Dilimizin
izahlı lüğətinə görə oyrot
"Altayların köhnə adı"dır (III c., səh.441).
"Xoryat" sözü isə M.P.Vaqifdə də var:
"Xoryat ilə belə can-can olmusan" (gəlin). Buna
şairin təqribi şərhi: "Mən ha billəm
qanın qaynar tüksüzə".
Bu şərh
saqqalı ağarmış bir adamla üzü tüksüz gənc
təzadı yaradır. Şərhçi Əta Tərzibaşının misal
gətirdiyi bir xoyratda da gəlin incəliyi ilə xoyrat
kobudluğu təzadı görünür:
Gəlinə bax, gəlinə,
Xına yaxmış əlinə;
Gəlinin incə beli
Düşmüş
xoyrat qoluna.
Xoyrat
sözünün etimologiyasını verənlərin bir qismi
də onu kobud (sağlam) kəndli mənasında yozmuşdur,
yəni aşağı təbəqə, geniş kütlə;
bu kütlənin hoyu, bərkdən oxuduğu, səs verdiyi,
çağırdığı, çağırışa
cavabı türkmanların xoyrat adı verdiyi (bizdə
bayatı adlanan) nəğmələrdir, hava üstündə
oxunur. Hələ
"Kitabi-Dədə Qorqud" dilində
"çağırmaq" mənasında işlədilən
"oxumaq" sözü Füzulinin "zahidlər məni
məscidə oxurlar" deyimində saxlanmışdır. İndi də "Quran oxuyur" - hündürdən
oxumaq - çağırmaq mənasında qalır. "Mahnı oxudu" və ya "mahnı
çağırdı" deyilişi arasında məna fərqi
indi də yoxdur.
Ayaz Vəfalı
bayatı - xoyrat-mani janrında və bunları öz şeirlərinə
hopdurmuş M.Füzuli irsində dərin kədər, qəm,
nalə, fəryad, nakamlıq, fələkdən, zamandan,
mühit cəfasından yaxıb-yandırıcı şikayət
vəhdəti görür. Bu şikayət
yığılıb-yığılıb "Şikayətnamə"
satirasını törətmişdi. Füzuli
irsindəki kədəri bəşəri (beynəlmiləl)
ruhlu sayanlar da var. Hər xalq, hər millət bəşər
övladı - bəşəriyyətin bir
parçasıdır. Bu mənada hər
millətin tarixən real dərdi-azarı həm bəşəri
- dünyəvi olmaqla yanaşı, həm də sırf milli
ruh daşıyır. İraqa köçən
Bayat nəsli səbəbsiz köçməmişdi, onlara səbəbsiz
türkman-türk adamı, türk tayfası, türk
topluları adı verilməmişdir. Özləri
ilə apardıqları bayatılar da onların vətən həsrətinin
oyu (ağrısı), hoyu - əks-sədası idi, hoyrat deyilən
səsli, uca cavablar da eyni həsrəti əks etdirirdi.
M.Füzulinin "Bağdad zindanından" qurtarmaq
üçün doğma dildə yazdığı şeirdə
Rum (indiki Türkiyə) eyşi, farsca yazdığı
şeirdə Təbriz eyşi arzusunu söyləməsi
eyş məclisinə görə sıxılan bir gəncin həsrəti
ola bilərdi, bu şeirlərin gənc
Füzuli qələminə məxsusluğunu
düşünmək olar. "Bir yerdəyəm
ki, torpağı qan içər" və bu məzmunlu
başqa beytlərində də real ictimai-siyasi
varlığı, real tarixi hadisələri əks etdirən
Füzulini şikayətinə görə qınamağa
haqqımız yoxdur. Başqa bir məfkurə
baxımına görə M.Füzulinin qəmi-ələmi sufi görüşlərindən gəlirdi. Sufilərin öz yaradıcısına qovuşmaq
yolundakı təlim-sınaq-imtahan yolunda çəkdikləri
iztirabdan onları məscidə oxuyan (çağıran) xəbərsiz,
biliksiz, etiqadsız zahidlər aləmi ilə barışan
Füzuli bunun da dərdini çəkməyə bilmirdi.
Müqəddəs bir ocaqda - Allah evində
özünə mənən - ruhən müxalif cahillər
yığnağı görürdü. Şəxsən
özünün də tifillikdən qocalığa gedən
yolunda yaxşı dərk etmədiyi, düzgün
atmadığı cığırlar vardı ki, bu da həssas
şairi peşiman edirdi. Bu məzmunda bir
qitəsini bizim ədəbiyyatşünaslığımızda
məncə, ilk dəfə akademik Həmid Araslı
xatırlatmışdı. Qitə belədir:
Ömrümün əvvəli
ki, zövqü səfa vəqti idi,
Elmsiz
keçdi bütün bisərü samanlıqla.
Tifl vəqtim ötərək,
dərdə giriftar oldum,
Keçdi
ömrüm bu fəna yerdə pərişanlıqla.
Ömrümün
axırı ki, zöhdü ibadət çağıdır,
Keçdi əfsus
o da aləmdə pəşimanlıqla.
Ah bu ömrə ki, zövq
almadım ondan, keçdi,
Mənəvi
zövqü səfa qəflətü nadanlıqla.
(H.Araslı.
"Böyük Azərbaycan şairi Füzuli", səh.133)
Bu qitədən
xəbərsiz olan vaxtımda Füzuli ömrünün
üç mərhələsini bilmədiyimdən onu intuitivcəsinə
Gənc və Qoca Füzuli mərhələlərində
götürüb aralarındakı ciddi təzadı
açmağa çalışmışam
("Tutuşdurma" (gənc və qoca Füzuli), "Azərbaycan"
qəzeti, 1 sentyabr 1995).
Bu sahədə
diqqətli, insaflı tədqiqat aparılmalıdır. Bununla
bağlı Ayaz Vəfalının monoqrafiyasında xeyli
üstünlük var. Üstünlük onun əsərinin fəsillərindən
də görünür. İkinci fəsil
"Əfsanə və həqiqət" adlanır. Buradakı həqiqətlərə baxışla əfsanələrə
baxış fərqləri təzədir. "Füzuli
xəlqiliyi" monoqrafiyasındakı üç fəslin
hamısının elmi yeniliyi çoxdur.
Pənah Xəlilov
Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.3.