"Cavidin əsərlərindən mən saatlarla
sitat gətirə bilərəm"
Azəbaycanın Xarici İşlər
Nazirliyi yaxın-uzaq ölkələrdə fəaliyyət
göstərən səfirliklərimizin xalqımızın zəngin
ədəbi-mədəni sərvətinin təbliği,
geniş yayılması sahəsində apardıqları
işlərə dair yeni faktları əks etdirən dövri
mətbuat materiallarını vaxtaşırı
redaksiyamıza göndərir.
Bu diqqəti oxucularımız layiqincə qiymətləndirir. Nazirliyin köməyi ilə aldığımız növbəti materialı - böyük şairimiz Hüseyn Cavidin yaradıcılığına dair məlumatları, Belarusdakı səfirimiz Əli Nağıyevin “Neman” jurnalında və “Lim” qəzetində verilmiş müsahibəsinin tərcüməsini məmnuniyyətlə təqdim edirik.
Onu da qeyd edək ki, Belarusun yaradıcı ziyalılarının qəzeti olan “Lim”in bu ilki 41-ci sayında Hüseyn Cavidin şeirlərindən nümunələrin Belarus dilinə tərcüməsi də dərc olunmuşdur.
"Neman" jurnalının baş redaktoru Ales Badakın suallarına Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Əli Teymur oğlu Nağıyev cavab verir.
- Cənab səfir! Son vaxtlar Azərbaycan
Respublikası ilə Belarus Respublikası
arasında münasibətlər ən müxtəlif istiqamətlərdə
çox dinamik inkişaf edir. Bu cəhətdən, Sizin
nəzərinizcə, siyasət, iqtisadiyyat
və mədəniyyət sahəsində ən mühümlərini
göstərmək olarmı?
- Həqiqətən, münasibətlərin inkişafı planında bizim ölkələrimizin götürdüyü sürət, müəyyən göstəricilərə nə qədər tənqidi yanaşsaq da, hörmətə layiqdir. Dövlətlərarası münasibətlər, bir qayda olaraq, müəyyən iqtisadi göstəricilərə görə xarakterizə edilir, hərçənd mən özüm riyaziyyatçı olsam da, quru statistik məlumatların tam və real mənzərəsini açıb göstərəcəyi ilə heç də həmişə razılaşa bilmirəm. Bununla belə, rəqəmlərin dili ilə danışmalı olsam, deyə bilərəm ki, son beş ildə Azərbaycanla Belarus arasında mal dövriyyəsi 6 dəfədən çox artıb. Şübhəsiz, məhz bu dövr ərzində hər iki ölkədə səfirliklər fəaliyyət göstərir - praktik olaraq onlar eyni vaxtda açılmışdır. Bununla belə, diplomatların rolunu azaltmadan, bu cür dinamikanı mən ölkələrimizin prezidentləri arasında dərin və səmimi dostluğun olması ilə izah edirəm.
Əlaqələrin sıx olduğunu göstərən faktlardan biri də odur ki, belə qısa - dörd illik vaxt ərzində prezidentlərimiz bir-birilə dörd dəfə rəsmi görüşə gəlmişlər: iki dəfə Aleksandr Qriqoryeviç Bakıya və o qədər də İlham Heydər oğlu Minskə təşrif gətirmişdir. Nəticədə ölkələrimiz arasındakı hazırkı münasibət strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bu görüşlər zamanı prezidentlər dəfələrlə bəyan etmişlər ki, Azərbaycan və Belarus arasında həll olunmamış məsələ yoxdur. Hətta cənab Lukaşenko bu yaxınlarda əmin olduğunu bildirmişdir ki, Belarus Azərbaycanın simasında Şərqdə, Azərbaycan da Belarusun simasında Avropanın mərkəzində dost tapmışdır. Bunlar çox səmimi sözlərdir, xüsusən də belə yüksək səviyyədə səslənəndə.
Məni bir səfir kimi sevindirən həm də odur ki, bizim mədəni əlaqələrimiz ildən-ilə artır. Son illər Belarusun baş səhnələrindən yalnız birində - Belarus Dövlət filarmoniyasında Azərbaycanın həm xalq, həm də yüksək klassik müsiqisi 10 dəfədən çox təqdim olunmuşdur. Mənim üçün çox xoşdur ki, Belarus tamaşaçılarının Azərbaycan incəsənəti ilə həm teatr səhnələrində, həm də kinofestivallar çərçivəsində tanış olmaq imkanı vardır. Ümid edirəm ki, biz qədim və şanlı mədəni əlaqələrimizi zənginləşdirərək həmin istiqamətdə bundan sonra da fəal əməkdaşlıq edəcəyik.
- Bizim mədəni
əlaqələrimiz barədə xüsusi
danışmaq istərdik. Onun əhəmiyyəti
əvəzsizdir. Axı bu bir-birimizi
daha yaxşı başa
düşməyimizə kömək edir,
bizi ruhən daha da yaxınlaşdırır. XX əsrdə
ölkəmizdə Azərbaycan yazıçılarının
belarus dilinə tərcümə olunmuş bir çox əsərləri çap
edilmişdir. O cümlədən
Mirzə İbrahimovun, Ə.Əbülhəsənin,
Süleyman Vəliyevin kitabları nəşr
olunmuşdur… Müslüm
Maqomayevin misilsiz səsi
onun yaradıcılığının
Belarusdakı çoxlu pərəstişkarlarının
ürəyində bu gün
də səslənməkdədir. Rüstəm
İbrahimbəyovun ssenarisinə çəkilmiş filmlər
yüz minlərlə belarus
kinosevərlərinin kolleksiyalarında saxlanmaqdadır…
- Siz çox yerində dediniz: xalqları bir-birinə təqdim etmək işində onları hər birinin mədəni sərvətləri ilə tanış etməkdən daha doğru ola biləcək bir üsul yoxdur. Elə indicə dedik ki, Azərbaycan və Belarus arasında münasibətlərin bunca dinamik, hərtərəfli inkişafı xeyli dərəcədə prezidentlərimizin iradəsinə borcludur. Əgər xalqla onun lideri arasında gözə görünməyən belə incə əlaqələr varsa, əgər onların nəzəri eyni bir istiqamətə yönəlibsə, onda müsbət nəticə də göz qabağındadır. Öz mülahizələrimdə dəlilsiz olmamaq üçün mən Sezara və Volterə müraciət etmək istəyirəm. Onlar belə hesab edirlər ki, "Hər bir xalq öz hökmdarına layiqdir" və "Hər kəs özünə oxşayanlar üzərində hökmdarlıq edir". Burada belə bir sual yerinə düşür: bəs biz kimik? Ümumiyyətlə, biz necəyik? Təkcə özümüz üçün yox, həm də bütün dünya ictimaiyyəti üçün. Və burada biz həqiqi dəyərlərə - mədəni irsə müraciət edirik… Yalnız o, özgə heç nə əzəmətli - yüksək inkişaf etmiş və mədəni Xalq adını daşımağa haqq vermir.
Mən fəxr edirəm ki, azərbaycanlıyam, çünki mənim çiyinlərimdə bəşəriyyətin ən qədim, ən zəngin mədəniyyətlərindən biri durur. Deyin, dünyada hansı xalq istəməzdi ki, 800 il bundan qabaq beş fundamental akademik poema yaratmış bizim Nizamimiz kimi sənətkarı olsun; Nəsimisi (XIV əsr), füzulisi (XVI əsr), Mirzə fətəlisi (XIX əsr) , Cavidi (XX əsr), Sabiri (XX əsr), Üzeyir Hacıbəyovu (XX əsr) və daha başqa çoxlu belə dühaları olsun? Məhz bu böyük şəxsiyyətlər mənim xalqımın sərvətlərini şöhrətləndirmişlər, - buna görə də həmin sərvətlər bu gün də qorunur və daha da artırılır. Belarusda da zəngin mədəni irs var və bu barədə də fəxrlə bütün dünyaya bəyan etmək olar. Elə isə nəyə görə xalqı təqdim edərkən biz belə zəngin irsi ört-basdır edib, deyək ki, onun daha çox mal dövriyyəsindən verilmiş traktorlarının saynıdan danışaq. Bütün bunlar ötəri göstəricilərdir. İndi ticarət bu ölkə ilə aparılır, sabah, ola bilsin, başqası ilə aparmaq sərfəli olacaq… Ancaq mədəni sərvətlər ürəyə bir dəfə düşürsə, mən əminəm ki, uzun müddət orda qalacaq. Bu gün mən Motsartı, Bethoveni dinləyəndə, Konfusini, Dostayevskini oxuyanda fikirləşmirəm ki, bu insanlar hansı ölkədə doğulub. Onlar öz dühaları ilə milli səddi aşıblar və bütün bəşəriyyətin, bütün dünyanın sərvəti olubdur. Belə mənəvi birliyə çalışmaq gərəkdir. Elə buna görədir ki, həmişə deyirəm: ziyalını qiymətləndirmək, onu qorumaq gərəkdir, çünki o, xalqın hərəkətverici qüvvəsidir. Əsrlər boyu yaradılmış irsi nəsillərə yetirmək məsuliyyətini məhz elə ziyalı öz üzərinə götürür. Bütün bunların başa düşülməsi, mənim nəzərimcə, əsl xalqlar dostluğudur.
- Bütün
bunlarla bərabər, Azərbaycan mədəniyyəti
barədə axır on illərdə biz, təəssüf ki,
istədiyimiz qədər yaxşı bilmirik.
Şübhəsiz, çağdaş Azərbaycan
mədəniyyəti ayrıca söhbətə layiqdir, odur ki, müsaidənizlə, müasir
Azərbaycan mədəniyyətində Sizə daha yaxın olan sahələrdə üstünlük
verdiyiniz məqamlar barədə
mülahizələrinizi bilmək istərdim.
- Şəxsən mənim üçün milli simasını qoruyan müasirlik yaxındır. Yəni baxanda, qulaq asanda, oxuyanda dərhal düşünürsən: bu, məsələn, Azərbaycana xasdır, bu isə Belarusa. Bax bu, mənim üçün xüsusilə mühümdür. Səviyyəsi səhnədə hansı ifaçının daha çox soyunması ilə müəyyən edilən sənəti nə qəbul edirəm, nə də onda bir dəyər görürəm. Mənə o yaradıcılıq axtarışları yaxındır ki, onlar öz ləyaqətini saxlayır, - ancaq, belələri, bu gün, təəssüf ki, elə də çox deyil.
Əlbəttə, Müslüm Maqomayev qeyri-adi istedaddır. O, təkcə bizə yox, bütün dünyaya məxsusdur, biz də fəxr edirik ki, o, Azərbaycan xalqının oğludur. Rüstəm İbrahimbəyovla da fəxr edirik - nüfuzlu "Oskar" kino mükafatının yeganə azərbaycanlı kinorejissor laureatı.
Mən Qərbin estrada janrlarının kəskin yayılışı ilə əlaqədar etiraf etməliyəm ki, bizim müasir mədəniyyətimiz uçuruma yaxınlaşır. İndi hamı "şou" dalınca qaçır - çölü bəzək, içi təzək… Bütün bunları müşahidə etmək o zaman xüsusən ağır olur ki, bilirsən necə zəngin bir sərvət kölgədə qalır və elə bil yeni nəsillərdən əsirgənilir. Azərbaycan musiqisini onun min beş yüz ildən artıq tarixə malik (təsəvvür edin!) mənbələrini nəzərə almadan necə layiqincə şöhrətləndirmək olar, qeyd etmək lazımdır ki, aşıq sənətinin milli ruhu nəinki saxlanılıb, həm də bizim günlərdə o, daha parlaq ifadəsini tapıb. Yüz ildən artıq bundan əvvəl Üzeyir Hacıbəyov əfsanəvi Şərq musiqisi - Azərbaycan muğamı əsasında bütün müsəlman Şərqində ilk operanı yaratdı, Rəşid Behbudov demək olar XX əsrin axırına kimi özünün nadir estrada istedadı ilə bütün dünyanı fəth etdi, eyni zamanda o da öz yaradıcılığında həmişə milli sənətə müraciət edirdi. Bizim həqiqi poeziya, simfonik musiqi dahilərimiz olub və onlar vaxtilə Azərbaycanı şöhrətləndiriblər. Xüsusən, Allaha şükür, hələ öyrənməyə kimsə var: həm Arif Məlikov, həm fərhad Bədəlbəyli, həm Qasımova bacıları…
- "Neman"
jurnalının bu nömrəsində biz görkəmli Azərbaycan şairi
və dramaturqu Hüseyn
Cavidin əsərlərini dərc edirik. Onun bir
neçə kitabı Belarus Respublikasının
Milli Kitabxanasında saxlanılır, lakin elə bilirəm jurnalımızın bir çox oxucuları üçün bu ad tapıntı olacaq. Azərbaycanda
isə, mənə məlum olduğuna
görə, çox faciəli taleyə malik Cavidin xatirəsinə
xüsusi hörmətlə
yanaşıblar…
- Mən səmim-qəlbdən şadam ki, Siz mənimlə Cavid haqqında danışırsınız. Bilirsiniz, əgər bu böyük şair - dramaturq Azərbaycana yox, deyək ki, fransız, ingilis, alman xalqlarına mənsub olsaydı, şöhrəti bütün dünyanı tutardı və bu gün o, Şekspirdən, Hötedən, yaxud Hüqodan az tanınmazdı… Təəssüf ki, Azərbaycan xalqı bir çox səbəbdən (bu gün belə polemika açmayacağıq) Hüseyn Cavidi dünya səviyyəsində layiqincə təqdim edə bilməyib.
Hüseyn Cavid təkcə şair, təkcə dramaturq deyil. O, filosofdur! Mən onun haqqında belə deyərdim: o, özünün faciəli həyatı müddətində müdrik Şərqin mənəvi sərvətinin çox ağır qatlarını qaldıra bilmiş görkəmli mütəfəkkirdir. Hüseyn Cavid öz yaradıcılığında elə problemlər qaldırır ki, onlar təkcə müsəlman dünyasını deyil, bütün bəşəriyyəti cəzb edir. O, elə bil bizim inkişaf yolumuzun üstündəki hasarı yıxır.
Mən həmişə belə hesab etmişəm ki, ədəbiyyatın borcu və vəzifəsi daha dözülməsi mümkün olmayan hansısa böhranlı vəziyyəti görmək, tapmaq, ondan çıxış yolunu təhlil etməkdir. Beləliklə, Cavid az tapılan elə adamlardandır ki, bu cür məsələlərin həllinə nail ola bilir. Belə problemlərdən birini o, "Şeyx Sənan", "İblis", "Peyğəmbər" əsərlərində açıb göstərə bilir. Allah peyğəmbərləri Yerə göndərir ki, bəşər cəmiyyətində mənəvi dəyərləri canlandırsın, əxlaqi düşkünlüyə yol verməsin, sivilizasiya olsun. Əgər belədisə (bu isə həqiqətən belədir), onda bəs nəyə görə bu təmiz əsas üzərində mənasız düşmənçilik gedir, müxtəlif dinə məxsus xalqların arasında qan tökülür? Cavid bu suala cavab tapır. Bütün işlər məhəbbətdədir. Məhəbbətsiz ata və ana olmur, məhəbbətsiz ər və arvad, qardaş və bacı… olmur.
Yalnız sevəsən
gərək, - səmimiyyətlə, fədakarlıqla, təmənnasız…
Axı Tövrat
da, Bibliya da, Quran da deyir:
"Öz yaxınını
sev…" Cavid yaradıcılığının bütün mahiyyəti bu qızıl qanundadır.
- Mən belə
başa düşürəm,
Hüseyn Cavid Sizin ən
sevimli şairlərinizdən
biridir. Yeri gəlmişkən, eşitmişəm
ki, Siz onun
qızı ilə yaxın
- Bu, həqiqətən
elədir. Mən ümumiyyətlə poeziyanı sevirəm.
Musiqi kimi bu da
mənim hobbimdir.
Belə hallarda mən həmişə Dostoyevskinin sözlərini
xatırlayıram: "Öyrənin
və oxuyun. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək".
Bu o deməkdir ki, oxumaq gərəkdir - Nizamini, Hafizi, Höteni, Puşkini, Tolstoyu və əlbəttə ki, Cavidi… Bilirsiniz, bu müəllif
mənə o qədər
yaxındır ki, o qədər sinxronik düşünürür ki,
mən onun yaradıcılığını nəinki saatlarla təhlil edə bilərəm, həm də bir o qədər
də misal çəkə bilərəm.
2003-cü ildə mənim köməyimlə Bakıda
şairin üç cildliyi çap olundu. Nəşrin təqdimatında onun qızı Turan xanım da iştirak edirdi. O, xoşbəxt
idi, çünki həyatının bütün
mənası bircə
şeydə idi - atasının dühasına
olan məhəbbətdə.
Biz onunla ruhən
çox yaxın idik; o, bunu həmişə
hiss edirdi.
- Mən ümid
edirəm, "Neman"ın
sayəsində, - jurnalımız
dünyanın başqa
ölkələrində də
oxunduğuna görə,
- söz sənətinin
çoxlu gözəl
pərəstişkarları təkcə Belarusda deyil, həm də onun hüdudlarından
kənarda Hüseyn Cavidin yaradıcılığı
ilə daha yaxından tanış olmaq imkanı tapacaqlar. Söhbətimizin axırında siz
"Neman"ın oxucularına
nə arzu etmək istərdiniz?
- Əvvələn, Siz sağ olun ki, Azərbaycanla Belarus arasındakı mədəni münasibətlərə belə predmetli və məzmunlu nəzər saldınız. Və Sizin icazənizlə, daha bir az əlavə etmək istərdim. Artıq iki ildən çoxdur ki, biz Belarusun xalq artisti Boris İvanoviç Lutsenko ilə ümid edirik M.Qorki adına Rus Dram Teatrının səhnəsində Cavidin pyesi əsasında tamaşa qoyaq. Bu müddət ərzində Boris İvanoviç Cavidin rus dilinə tərcümə edilmiş bütün əsərləri ilə tanış olub və vəcdə gəlib! Çox ümidvaram ki, əgər hər iki ölkənin mədəniyyət sahələrinə başçılıq edən yuxarı instansiyalar bizə kömək göstərsələr, Cavid haqqında mənim dediklərimə əmin olmaları üçün Belarus tamaşaçılarına gözəl imkan yaranmış olacaqdır.
Nə arzuladığıma gəldikdə, mən hamıya bu sözlərlə müraciət etmək istərdim: bizim informasiya ilə yüklənmiş əsrimizə, ümumi kompyuterləşməyə baxmayaraq, heç kəs inkar etməz ki, özünün ağlını və ürəyini maarifləndirmək yalnız oxumaqla mümkündür, bu isə o deməkdir ki, ciddi ədəbiyyatı oxumaqla mümkündür. Qoy bizim bildiyimiz dünyanın daha gözəl olmasına kömək etsin. Mənə elə gəlir ki, bundan biz hamımız yalnız qazanarıq.
Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.1, 2.