Mirzə Fətəli
Axundzadə - 200
Böyük mütəfəkkir
yazıçı
Mənim məqsədim... Cəhaləti
aradan qaldırmaq, elmləri, sənətləri
inkişaf etdirmək,
xalqlarımızın azadlığı, rifahı və sərvətinin
artması üçün, vətənin
abadlaşdırılması üçün...
ədalətə rəvac verməkdir.
M.F.Axundzadə
Azərbaycan xalqının mili iftixarı olan görkəmli mədəniyyət xadimi, xalqın azadlığı və səadəti uğrunda mübarizə aparan, nadir istedada, böyük əzmə malik olan Mirzə fətəli Axundzadə bizə zəngin bir irs qoyub getmişdir. O, Azərbaycanda yeni realist ədəbiyyatın, xüsusən dramaturgiyanın banisi, materialist estetikanın ilk görkəmli nümayəndəsi olmuşdur.
XIX əsr Azərbaycan ədəbiyyatı tarixində xalqın ictimai-tarixi və ədəbi-mədəni həyatında Mirzə Fətəli Axundzadə qədər müstəsna rol oynayan ikinci bir sənətkar olmamışdır. O, milli ədəbiyyatımızda eyni zamanda fəlsəfi publisistikanın və ədəbi tənqidin nümayəndəsi kimi də tanınmışdır.
Azərbaycanda milli teatrın yaranması və inkişafı bilavasitə Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə yaradıcılığı ilə Azərbaycan ədəbiyyatını yeni ideyalarla, yeni insan xarakterləri və orijinal bədii surətlərlə zənginləşdirmişdir. Bütövlükdə Mirzə Fətəli Axundzadənin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edir.
Azərbaycanın xalq şairi Səməd Vurğun Mirzə Fətəli Axundzadə haqqında deyirdi: "Dünya ədəbiyyatı tarixində bir çox yazıçılar var ki, onlar tarix səhnəsinə gəlmələri ilə nəinki yeni bir ədəbiyyat yaratmışlar, eyni zamanda yeni bir tarix və öz xalqlarının mənəvi aləmində böyük bir epoxa yaratmışlar.
Bu yazıçılar öz dövrlərinin ən qabaqcıl ideyalarını özlərində canlandıraraq, öz əsrinin böyük siyasət ərləri və filosofları olaraq öz xalqlarının ictimai şüurunda tarixi bir dönüş yaratmışlar...
Azərbaycan xalqının atası, dahi dramaturq və filosof Mirzə Fətəli Axundzadə yuxarıda dediyim epoxa yaradan, tarix yaradan yazıçılar sırasına daxildir".
M.F.Axundzadə Azərbaycan ədəbiyyatında başlıca olaraq bir dramaturq kimi böyük və əvəzsiz xidmət göstərmiş, ədəbi şöhrət qazanmışdır. O, 1850-1855-ci illərdə bir-birinin ardınca yazdığı "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah - cadukini məşhur", "Hekayəti xırs Quldurbasan", "Sərgüzəşti-mərdi-xəsis" və "Mürafiə vəkillərinin hekayəti" adlı komediyaları ilə Azərbaycan ədəbiyyatında əsaslı bir dönüş yaratmış, onu yeni inkişaf yoluna salmışdır.
Öz çoxcəhətli yaradıcılığı ilə dünya yazıçı və mütəfəkkirləri sırasına mənsub olan Mirzə Fətəli Axundzadə əsərlərində dövrün ictimai qayda-qanunlarına, zülm və özbaşınalığa, ədalətsizlik və qanunsuzluğa, nadanlığa qarşı çıxmış, doğma xalqının və ümumən Şərq xalqlarının mili intibahı, iqtisadi-mədəni tərəqqisi, zəhmətkeş kütlələrin azad və xoşbəxt həyatı uğrunda fəal mübarizə aparmışdır. Yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan M.F.Axundzadənin zəngin ədəbi irsini dövlətimiz hər zaman yüksək qiymətləndirmişdir. Yazıçının anadan olmasının 125, 175 illik yubileyləri Azərbaycanda çox geniş qeyd olunmuşdur.
2012-ci ildə görkəmli ictimai-xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam olur. Yazıçının 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 aprel 2010-cu il tarixdə sərəncam imzalamışdır. Sərəncama əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi də üzərinə düşən vəzifələri həyata keçirməyi planlaşdırmışdır. Bu istiqamətdə muzeydə dramaturqa həsr olunmuş guşə yeni materiallarla zənginləşdirilmişdir.
Guşə böyük mütəfəkkirin portreti ilə başlanır. Sonra xronoloji qaydada yazıçının həyat və yaradıcılığının əsas tarixləri verilir. Dramaturqun heykəltəraş Fuad Salayev tərəfindən hazırlanmış büstü də sərgi-ekspozisiyanın maraqlı materiallarındandır.
Rəssam Kazım Kazımzadənin "Mirzə Fətəli Axundzadə "Təmsilat" əsərini Həsən bəy Zərdabiyə hədiyyə edir.” Maral Rəhmanzadənin dramaturqun "Sərgüzəşti-mərdi-xəsis" əsərlərinə çəkilmiş illüstrasiyaları, "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası üçün geyim eskizləri guşədə öz əksini tapmışdır.
Azərbaycan ədəbiyyatşünasları və yazıçılarının Mirzə Fətəli Axundzadə haqqında yazdıqları əsasında hazırlanmış "Məqalələr məcmuəsi" dramaturqun anadan olmasının 125, 175 illiyinə münasibətilə muzey əməkdaşları tərəfindən hazırlanmış proqram-dəvətnamələr, yazıçının yubileyi ilə əlaqədar nəşr olunmuş qəzet və jurnal materialları da muzeyimizdə nümayiş etdirilir və tamaşaçı marağına səbəb olur. Həmçinin, Mirzə Fətəli Axundzadənin əsərləri dəfələrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur ki, bu tamaşalardan fotolar da fondumuzda mühafizə olunur.
Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin zəngin ədəbi-bədii irsi muzey əməkdaşları tərəfindən hər zaman öyrənilir və muzeyə gələn tamaşaçılara geniş təbliğ olunur.
Zülfiyyə İsmayılova
Ədəbiyyat qəzeti.- 2010.- 26 noyabr.- S.2.