Pənah Xəlilov
Görkəmli alim və pedaqoq, əziz müəllimim Pənah Xəlilov neçə il
bundan qabaq zəhmət çəkib
yazıb mənə göndərdiyi bu məqalənin çap taleyini özümə həvalə etmişdi. Nə dərəcədə haqlı
olub-olmadığımı deyə bilmərəm, ancaq kiminsə tərəfindən düz
başa düşülməyəcəyimi
güman etdiyimdən dəfələrlə diqqətlə
oxuyub, möhtərəm
müəllimimin ustad
mülahizələrindən və valideyn məhəbbətindən qürur,
eyni zamanda, əlbəttə, məsuliyyət
duyduğum, mənim üçün bu çox qiymətli məqaləni çapa verməmişəm.
Bu günlərdə, - müvafiq
məlumat kitabına inansaq, - Pənah müəllimin 85 yaşı
tamam olur. Mənim gümanıma
görə Pənah müəllim "səksənində
səksənməyib" və
yəqin ki, səksən beşdə də elə olar.
Ancaq adəti üzrə, özü tərəfindən
heç bir səs-soraq eşidən olmayıb.
Əziz müəllimimi səmim-qəlbdən
təbrik edirəm. Böyük
Nəvai deyirdi: Yüz il
yaşamaq üçün
gərək yüz illik də səbrin
ola. Pənah müəllim həm
də səbrli olmaq nümunəsidir.
İnşallah, yüzü
də görər!..
Ümumən belə qənaətdəyəm
ki, çox halda şagirdi müəllimi ilə tanıdıqları kimi, müəllim barədə
də müəyyən
mənada şagirdlərinə
görə təsəvvür
yarana bilər. Tələbə-müəllim klassik münasibəti
bizə dahilərimizdən
- Nizamidən, Füzulidən
əmanət qalmışdır.
("Bir iş ki, qıla şikayət
ustad, - Şagirdə olur rücui bidad".)
Həyat yoluma ötəri də olsa nəzər salanda qeyri-ixtiyari dörd misramı xatırlayıram (özümdən
misal gətirməli olduğuma görə elə bilirəm, oxucu məni bağışlayar):
Əlim qələm
tutdu,
tale yar oldu, -
Müəllimim neçə
sənətkar oldu;
Xeyir-dua verdi böyüklər
mənə, -
Hərəsi bir cürə səbəbkar
oldu...
Ayaz Vəfalı
Ədəbiyyat
qəzeti.- 2010.- 26 noyabr.- S.3.