Min ilin yağmuru
Bitirdim bu baharı
Bu yazı yaza-yaza.
Açılmayan bir səhər
Gəlib yetdim payıza.
Bir itkin xatirəylə
Ömrümü bağışlaram.
Gözlərim qapanan
an
Göylərdən yağış başlar.
Kimsə bilməz
yerimi
Buludların yanında.
Görən necə
qalaram
Bu dünyanın yadında?
***
Dünyaya sığmayan
istəklər var,
İçi duyulmayan təklər var.
Var su bəyazlığı,
Yovşan qoxusu,
Bir də düzənlik azadlığı.
***
Dayan dayana
bildikcə,
Döz payızın yağışına.
Tək ağlar
Allah adamı
Söz payının göz yaşına.
Saxlar məni
göy üzündə,
"Göy üzünün o üzündə".
Qalıb həmən
düzümündə
Yetər o qəm yüz yaşına.
Aldadıb allanmağında,
Çapılıb talanmağında,
Doymur dolanmağından
Dünya özü öz başına.
***
Min ilin yağmuru
Bir gündə yağdı.
Yağdı, yağdı,
yağdı…
İçində dara çəkilənlərin
Başında Tanrı sığalı.
Başları üstdəki
hənirti
Tanrı qoxulu,
Tanrı yuxulu mində bir gecə.
İçində dara çəkilənlərlə
Dünyanın oyunu
Bitməz heç-heçə.
Sevgi şeri
Gəzdik vüsal
gümanında,
Azdıq hicran dumanında.
Bu sevdanın
yollarında
Üz-üzə gəlmərik bir də.
Qəlbdə dilək
neçə-neçə,
Əfsus ömür döndü heçə.
Gedək burdan gəl bir gecə
Daha bizlik nə var yerdə?
Köçüb gedək
durnalar tək,
Ya da çiçək olub bitək.
Arzuya, murada yetək,
Xoşbəxt olaq o ömürdə.
Gəlibdi
Tapmayaydı heç
kaş məni,
Qara gözlərdə yaş məni.
Məcnun bilib bu eşq məni
Düşüb sorağa gəlibdi.
Keçilməz yolu keçməkdən,
Qəmdən-qəmə köçməkdən,
Hər gün adını çəkməkdən
Dilim də zara gəlibdi.
Nə doğmasan,
nə yad deyəm,
Adına təzə ad deyəm.
Nə şeymiş
vüsal deyilən
Bizdən uzağa gəlibdi.
Sənə gəlmə deyəndən
Çəkdiyim təzə
dərdin
Sevgiydi köhnə adı.
Yenə sevə
bilmədim,
Mən yenə tənha qaldım.
Al günəş
tək gəlmişdin,
Dözəmmədim istinə.
Sənə gəlmə
deyəndən
Qəmin gəlir üstümə.
Saralıb-solan günlər
Payız xəzəli kimi.
Ayrılıq bu taledən
Ayrılmır zəli kimi.
Dünyanın baxtı
Tərtəmizdi bu səhər,
Bir körpə üzü kimi.
Taxıb Tanrı
dünyaya
Gecə bəxt üzüyünü.
Buludların ağzı
da
Bu gecədən şirindi.
Partlayıb ürəyi
Çoxdan ölüb şər indi.
Xoşbəxt olub bu gecə,
Bu səhər də bəxtəvər.
Gör anamız
dünyanın
Necə gözəl
bəxti var!
Yol
Getdiyim bu yol ki var,
Dünyanın dərd yoludur.
Arxamca çəkdiyim
yük
Adəmdən də uludur.
Dərdsiz darıxan
ürək
Qəmdən-qəmə bükülür.
İçimi yandıran
söz
Misralanıb tökülür.
Bu dərd
mənə doğmadır,
Gəlib içimdən keçir.
Ulu Tanrı
payıdır,
Sənə sevgimdən keçir.
Tale naxışım
Mən elə bilirdim ki, şeir,
Tale naxışımdı mənim.
Atam, anam görüb dedi,
Ən pis vərdişimdi mənim.
Neyləsəm də bacarıb,
Keçəmmədim bu işimdən.
Düşüb bir az da acığa
Əl çəkmədim vərdişimdən.
Qulaq asmayıb
heç nəyə,
Böyüyüb özümdən çıxdım.
Özün bil neylərsən, Tanrım,
Böyüyün sözündən çıxdım.
İlğım
Başımı gicəlləndirdi
Dünyaya yovuşamayan
adamın
Yuxusundakı yovşan qoxusu.
Ayıldım,
gördüm ki,
yaman bürküdü,
oh,
yandırdı məni
bu ilğım.
Qaçmağa yerim də yox,
Dünyadan hara çıxım?
Gözlərim qoşa
bulud -
yağan leysan yağışdı,
Göz yaşından
Araz da dolub,
daşdı.
Bəs indi gözlərimi hara sıxım?
İnanmırdın mənə
zarafat sayırdın
sözümü,
Gördün ki,
öldürdüm özümü.
Yaxşı,
qanımı kimin üstünə yıxım?
Adsız şeir
Bir çiçək
ömrü yaşamışam
Nə vaxtsa,
Hərdən mənə elə gəlir.
Ya bir quş ömrü,
Ya ağac
ömrü, daş ömrü
Yaşamışam.
İnanıram,
Çox-çox inanıram
Haçansa ömrümü
yaşadığıma
Dənizlərin, adaların.
İlahi, görən
sonu nə olur
Dünyaya qərib adamların?
***
Günü tutub qaranlıq
Qoymur açılsın səhər.
Mən heç
zülm görmədim
İnan, sənsizlik qədər.
Mən sənsizliyim
qədər
Susub yorulmamışdım.
Heç bir dərdin içində
Belə durulmamışdım.
Uçdu o ruh, o bədən
Ayrılığın köçündə.
Axır tapdım
özümü
Yenə dərdin içində.
Sara Selcan
Ədəbiyyat qəzeti.- 2010.-
8 oktyabr.- S.7.