Kəbə ziyarəti
Gecənin
saçına heç düşməmiş dən
Məcnun
başılovlu qaçdı evindən.
Nə qədər
piyada, nə qədər atlı, —
Çox gəzdi,
tapmadı, geri qayıtdı.
Yay kimi qatladı
atasını qəm,
Üzüldü anası — o taleyi kəm.
O iki biçarə çox fikir etdi,
Fikir qoşun-qoşun gəldi də getdi.
Çox sözün
üzünü açıb-örtdülər,
Axır bu qərara gəlib yetdilər:
“Bizlərdən
olmadı bir çarə hasil,
Tanrıya üz tutub yalvaraq
dil-dil.
Bircə balamızı
diləyək haqdan,
Bizə rəhm eləyib yetirsin yoxdan.
Möhtac olanlara hər nemət alaq,
Dərdə düşənlərin dərdinə
qalaq.
Tərki-dünya olan nə ki sufi var
Məcnunun adına etsin dualar.
Haqq eşitdi
bəlkə bu duaları,
Oğulsuz qoymadı binəvaları”.
Gəldi həcc
mövsümü, yetişdi
o gün,
Hazırlıq görüldü ziyarət
üçün.
Bir xeyli axtarıb düşdülər
əldən,
Axır gətirdilər Məcnunu
çöldən.
Ziyarətdən onu etdilər agah,
Necə ürəyincə
oldu bu, Allah!..
Qəm kəcavəsində
bərqərar oldu,
Elə bil manqalda görürdün
odu.
Hamı bu fürsəti bilib qənimət,
Yol aldı Kəbəyə sarı nəhayət.
Karvan yaxınlaşdı
Kəbəyə daha,
—
Yox, yox, Kəbəyə yox, ərşi-əlaya.
O, yerdə
fələkdən bir
nişan idi,
Yoxsa torpaq üstə asiman idi?!
Torpaqda asiman şərəfi vardı,
Kəbə göy qatında ərşə oxşardı.
Ulular, kiçiklər
dəstəylə yenə
Gəlirdi bu yerin ziyarətinə.
Sonra tapınırdı
haqqa daimi —
Daim haqla olan sufilər
kimi.
Sufi xalatını
geyinib sanki
Yerə əyləşdilər
bir sufi
təki.
Göydə qütb
ulduzu yanırdı
par-par,
Ulduzlar kimiydi ətrafda daşlar.
O, qütb
ulduzu yox, bir övliyaydı,
Çox övliya onu bir ulu saydı.
Axşamlar üstündə
nə qədər mələk
Daim dövr edirdi gecəquşu tək.
Onun divarları
söz tək əsaslı,
Özü də göz kimi matəm libaslı.
Ziyarəti elçin
şah dərgahıydı,
Ətrafı fələyin səcdəgahıydı.
Məcnun belə
görüb Kəbəni
çaşdı,
Qəlbini vahimə çulğalamışdı.
Eşq onu təşvişə saldı,
nə saldı,
Könlünü bir şövqün atəşi sardı.
Çağladı göz yaşı bir ağ yağış
tək, —
Ahı şölə çəkdi
sanki bir şimşək.
Kəbəni dolandı,
gəzib baş çəkdi,
Elə bil dövr edən
çərxi-fələkdi.
Üzünü daşlara
sürtub etdi zər,
Axıtdı gözündən həlqə
qətrələr.
Süpürdü üzüylə
müqəddəs yeri,
Kəbə həlqəsindən tutdu əlləri.
Bükülən barmaqda
o qüvvə nəydi,
—
Bir həlqəyə neçə
pəncəmi dəydi?!
Murad həlqəsindən
necə də bu dəm, —
Məhəbbət pəncəsi yapışdı
möhkəm.
Əli o həlqəyə
yetişən kimi
Bir fəryad çəkdi ki, tutdu aləmi.
Ahında bükmüşdü
dərdi-sərini,
Tüstüsü topladı qəm ləşkərini.
Çərxin libasını
görün neylədi,
—
Kəbə libası tək qara eylədi.
Matəmlilər kimi o yana-yana
Kəbəni eylədi bir matəmxana.
Dedi: Ey hökmüylə dünyaya
hakim,
Tabedir hökmünə
hər alim, həkim!
Ey eşq atəşiylə cahanı
yaxan,
Quru köksümdəki
bu canı yaxan!
Sən ey tutuşduran od
xırmanıma, —
Yox, xırmanıma
yox, bu tək
canıma!
Ey kimə
ki, qıyıb eşqin dadını, —
Ona vacib bilən hicran odunu!
Ey kimi ki, edib eşqin
möhtacı, —
Nəsihəti ona eyləyən acı!
Ey kimi ki, qılıb eşq əliylə faş, —
Başına uşaqlar
daş yağdıran,
daş!
Ey kimin ki, artıq edib mehrini, —
Öz divanəsindən
kəsən meylini!
Ey salan canlara hüsn əsərini, —
Könül sədəfinə
eşq gövhərini!
—
Eşqin əsiriyəm
sirli-soraqlı,
Gəldim hüzuruna qolları bağlı.
Mənim hər damarım bu eşqə bənddir,
Könlümün hər teli eşqə
kəmənddir.
Bədənimdə olan bu bəndlər bir-bir
Eşqin ipidir ki, düyünlənibdir.
Cismimi bunca ki, dağlar alıbdır, —
Eşqin odlarından
nişan qalıbdır.
Onun atəşiylə
doludur canım, —
Nə ki, canım, həm də sümüyüm, qanım.
Bu eşq
odunu ki, bəyan eylərəm, —
Bəlamı, dərdimi əyan eylərəm.
Demirəm ki, məni sevindir, güldür, —
Diləyim əzabdan qaçmaq deyildir.
Deyirəm ki, mənə bu odu hər dəm
Çox elə, eləmə bir zərrə də kəm.
Lütf et, gözümə çək
eşq tutiyasın,
Özün vur qəlbimə eşq kimiyasın.
Eşq fəzası
olsun könlüm gəzən yer;
Eşqin nəsimiylə canıma ruh ver.
Nəfəsim qoy eşqin ətrini çəksin;
Qoy eşqin alovu rəngimə çöksün.
“Ayn”ını
həlqə et, boynuma keçirt;
“Şin”inin şövqünü
könlümə köçürt.
“Qaf”ını
da mənə qəm dağı eylə,
Könlümü o dağın dustağı
eylə.
Üç nöqtəsi
olsun qığılcım,
atəş;
İki nöqtəsi də iki ağır daş.
O qığılcımları
canıma sal sən,
O daşları
da al, başıma çal sən.
Yüz belə
əzaba sən olma mane,
Eyləmə min dərdə könlümü
qane.
Könlümü qəm ilə tox eylə,
yarəb!
Məni eşq içində yox eylə, yarəb!
Deyirlər mənə
ki: “Eşqini unut,
Leylinin qəmindən özünü
yan tut”.
Bu nə təhər sözdür, of Allah, Allah?!
Belə danışanı
sən bağışla,
ah!..
Yarəb, tükənməsin
bu dadlı badə, —
Arzumun camını doldur ziyadə.
O meydən
içənlər olmadı
bihuş;
Çox ver ki, gözümə heç getməsin huş!..
Bədənimdə Leyli eşqini can et,
Damarımda Leyli şövqünü qan et.
Dərdini nicatım
eylə, ilahi!
Fikrini həyatım
eylə, ilahi!
Onsuz necə olar könlümün halı?
Başımdan getməsin, yarəb, xəyalı.
Bir odda ki, yoxdur bu
eşqin közü —
Onu mən xəstəyə eyləmə ruzi.
Onun ki, qəmindən çəkməyirəm
ah,
Ahını könlümdən çıxarma
billah.
Dərdimə təbib
et xəyalını sən!
Canıma nəsib
et vüsalını sən!
Mənə ürcah
etmə ondan qeyrini,
Əbədilik eylə
mənə mehrini!
Həyatda nə qədər varsa nişanım,
Onun eşqi
olsun cismimdə canım!
Bu quru bədəndən bir gün çıxsa can,
Onun fikri ilə çıxar cahandan.
Ölülər qoysalar dirilməyə üz —
Onun nəfəsiylə qalxaram
şəksiz.
Cəhənnəmə düşsəm
əbədi belə,
Oranı da qızdır sən eşqi ilə!
Əgər cənnət
olsa qismətim bir gün
Vəslini behiştim elə sən özün.
Onsuz etmə
məni bircə an da var,
Onsuz bircə
anda varım yox olar!..
Bir atəş
vardı ki, bu minacatda, —
Həcc əhli hamısı qaldı heyrətdə.
Kimlər ki, əsiri olmuşdu qəmin, —
Məcnun nə desəydi, deyərdi “amin”.
İtirdi huşunu
bicarə ata,
Mat-məəttəl qaldı
qohum-əqrəba.
Məcnunu bu halda görən hər adam,
—
Ondan birdəfəlik əl üzdü tamam.
Yazıq naləni
ki, çəkib qurtardı,
Yenə də huşunu itirdi qaldı.
Axır canı
yanan neçə əhli-hal
Onu mənzilinə apardı dərhal.
Eşq odu yaxarsa qəlbi, haqdı bu,
Əgər su töksələr — dönər yağa su.
Həcc əhli
umsa da çarə
bir müddət, —
Yenə eşq atəşi edirdi şiddət.
Səadətli Kəbə
ziyarətçisi,
Lütfündən binəsib
eyləmə bizi;
Dua vaxtı
gətir bizi də yada,
Bu eşqin odunu eylə ziyada.
Əlişir Nəvai
Özbəkcədən çevirəni: Ayaz
VƏFALI
Ədəbiyyat qəzeti.- 2010.-
8 oktyabr.- S. 3.