Mədəniyyətimizə İrandan baxış

     

Sentyabrın 25-30-u arasında İranda Azərbaycan Mədəniyyəti günləri keçirildi

 

2010-cu il sentyabrın 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi böyük nümayəndə heyəti Bakıdan Tehrana yola düşdü. Ertəsi gün Ə.Qarayev İran prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ilə görüşdü. Bu görüşdə İranda keçirilən Azərbaycan Mədəniyyəti günlərinin mahiyyəti, qarşılıqlı mədəniyyət mübadiləsinin əhəmiyyəti və s. müzakirə edildi. Görüşdə kino, nəşriyyat işi sahəsində birgə razılığa gəlinərək mədəni əməkdaşlıq barədə yeni protokol imzalandı. Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranın İslam irşadı və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyniİran prezidentinin müavini, Turizm, Mədəni İrs və Əl Sənayesi Təşkilatının sədri Həmid Bəqayi ilə görüşdü. Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra İranda ilk dəfə Azərbaycan Mədəniyyəti günlərinin keçirildiyini xatırladan nazir bu tədbirə görə İran tərəfinə öz təşəkkürünü bildirdi. H.Bəqayi ilə görüşdə Azərbaycanla İran arasında turizm əlaqələrinin inkişaf perspektivlərindən də söz açıldı. Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərovun, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun, xalq rəssamı Ağəli İbrahimovun da iştirak etdiyi bu görüşlərdə birgə film istehsalı, kitab və rəsm sərgilərinin təşkili, görkəmli ədiblərin əsərlərinin Azərbaycan və fars dillərinə qarşılıqlı tərcüməsi və digər məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.

Sentyabrın 27-də Tehrandakı "Niyavəran" Mədəniyyət sarayında Azərbaycan Mədəniyyəti günlərinin açılış mərasimi oldu. Mərasimdə İran rəsmiləri, səfirlər, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirdi. "Qurani-Kərim"dən surə oxunduqdan sonra Azərbaycan və İranın dövlət himnləri səsləndirildi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək İranda Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsini qonşuluq və qardaşlıq tellərinin daha da möhkəmlənməsində vacib amil olduğunu vurğuladı. Öz çıxışında Azərbaycan mədəniyyətinin klassik və müasir inkişaf mərhələlərinə toxunan nazir ümumşərq coğrafiyasında bu oxşarortaq dəyərlərimizi dövlətlərimizin qüdrəti kimi qələmə verdi.

Mərasimdə çıxış edən İran rəsmilərindən S.Hüseyni və M.Mustafəvi ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsini çox vacib hesab etdilər.

Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının geniş konsert proqramı oldu. Musiqimizin ecazkarlığı, sehri və əfsunu tamaşaçıların hərarətli alqışlarına səbəb oldu.

Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə vokalçılar - əməkdar artistlər Samir Cəfərov və Anar Şuşalı klassik əsərlərimizdən nümunələr, xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov bir neçə muğam, o cümlədən "Qarabağ şikəstəsi" ifa etdilər. Yüksək peşəkarlıq və ustalıq nümayiş etdirən Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı isə Azərbaycan rəqslərinə olan marağı və məhəbbəti daha da artırdı.

Əməkdar mədəniyyət işçisi Aşıq Nemət Qasımovun sazda bənzərsiz ifaçılıq məharəti, vurduğu xallar və güllər tamaşaçıların qəlbini riqqətə gətirdi.

Həmin gecə tamaşaçılar "Niyavəran" sarayının salonlarında təşkil olunan kitab və rəsm sərgilərini də maraqla izlədilər.

Sentyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti və mədəniyyət günlərinin iştirakçısı olan sənətçilərin bir qrupu, o cümlədən, şairlər - Adil Cəmil, Taleh Həmid Təbriz şəhərinə yola düşdülər. Həmin günün axşamı Təbrizdə incəsənət ustalarımızın geniş planda konsert proqramı düzənləndi. Gecəni giriş sözü ilə açan şair, fəlsəfə doktoru Adil Cəmil qonşuqardaş xalqlarımız arasındakı ünsiyyətin və doğmalığın tarixi köklərinə toxundu, belə tədbirlərin gələcəkdə Ərdəbil, İsfahan kimi şəhərlərdə keçirilməsi arzusunda olduğunu da vurğulayıb vətəni tərənnüm edən şeirlərini oxudu. Sonra A.Cəmil sözü həmkarı Taleh Həmidə verdi. T.Həmid də bu görüşlərdən məmnun olduğunu bildirib öz şeirlərindən oxudu. Şairlərin çıxışından sonra incəsənət ustalarımızın maraqlı konsert proqramı başladı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əlirza Beyqinin, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun, Təbrizdəki baş konsulumuz Əli Əlizadənin və digər İran rəsmilərinin iştirak etdiyi konsertdə xalq artisti Mənsum İbrahimovun, əməkdar artist Təyyar Bayramovun, əməkdar mədəniyyət işçisi Aşıq Nemət Qasımovun, əməkdar artistlər - Elçin Həşimovun (tar), Elnur Əhmədovun (kamança), Kamran Kərimovun (nağara) ifalarını böyük məhəbbət və hərarətli alqışlarla qarşıladılar. Xalq artisti Mənsum İbrahimovun oxuduğu "Qarabağ şikəstəsi"ni təbrizli soydaşlarımız ayaq üstdə alqışladılar. Ertəsi gün səhər cənab Ə.Qarayev başda olmaqla nümayəndə heyətimizin üzvləri Təbrizdəki "Şairlər məzarlığı"nı, o cümlədən ustad Məhəmmədhüseyn Şəhriyarın məzarını ziyarət etdilər.

İranda Azərbaycan Mədəniyyəti günləri sentyabrın 29-da Tehranda təşkil edilmiş zəngin konsert proqramı ilə başa çatdı. Şairlər - Adil Cəmil, Taleh Həmidin çıxışından sonra sənətçilərimizin bir-birindən maraqlı ifaları tehranlı tamaşaçıların qəlbini bir daha riqqətə gətirdi.

Sentyabrın 30-da Azərbaycan nümayəndə heyəti unudulmaz təəssüratla Tehrandan Bakıya döndü.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.8.