S.Vurğunun
ev muzeyi - 35
Düz 35 il əvvəl -
oktyabrın 6-da ölkəmizdə yeni bir ənənənin əsası
qoyuldu - unudulmaz xalq şairi Səməd Vurğunun ev muzeyi
yaradıldı. Onsuz da bütün sənətsevərlərin,
Vurğun ocağına ehtiramı olan hər bir kəsin
üzünə həmişə açıq olan bu ev muzey
kimi fəaliyyətə başlayandan sonra da öz unikal adətinə,
missiyasına sədaqətli qaldı. Ev muzeyin ilk direktoru,
unudulmaz şairin ağzı şirin sözlü
ömür-gün yoldaşı Xavər xanım da,
S.Vurğunun "Mənim Aybənizim, mənim qız
balam" - deyə əzizlədiyi Aybəniz xanım Vəkilova
da bu mənzil-muzeyə təkcə öz
doğmalarının xatirəsi kimi yox, ümumən Azərbaycan
ədəbiyyatına, mədəniyyətimizə ləyaqətlə
xidmət edən, onun təbliğinə yönəli fəaliyyət
göstərən sənət məbədi kimi baxdılar,
söz sənətimizi yaşadanların xatirəsi həmişə
bu evdə əziz tutuldu, saz çalındı, söz deyildi,
piano dilləndi. Bu evin divarları boyu asılmış, həkk
edilmiş fotoşəkillərdən, rəsm əsərlərindən
ustad şairin duyğulu baxışları məmnunluqla izlədi
bu ehtiram dolu yığvalları.
Srağagün ev muzeyin fəaliyyətə başlamasının 35 illik yubileyinə qatılanları şairin nəvəsi, muzeyin direktoru Aygün Vəkilova da bu böyük dəyərlərdən, unudulmayan xatirələrdən söz açdı. Vurğuladı ki, bu muzeyin açılması ulu öndər Heydər Əliyevin adıyla bağlıdı. Aygün xanımın sözlərini muzeyin açılış mərasimini əks etdirən videolent izləyirdi. Bu videolentin yaddaşında o tarixi günün hər bir anı canlı, dipdiridi. Ulu öndər Heydər Əliyev xoş təbəssümlə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin arasındadı. Xalq yazıçısı Mirzə İbrahimov muzeyin açılışına həsr olunmuş mitinqi açır. Görkəmli rus yazıçısı Nikolay Tixonov S.Vurğun haqqında xatirəsini dilə gətirir, şairin qardaşı Mehdixan Vəkilov ailələri adından ölkə rəhbərliyinə minnətdarlığını bildirir.
Aygün xanım diqqətə çatdırır ki, həmin mərasimdən düz 22 il sonra şairin anadan olmasının 90 illiyilə bağlı yenidən muzeyə gəldi, diqqət və qayğısını göstərdi.
Sonra Mədəniyyət və Turizm Nazirliyi muzey işləri üzrə sektorunun əməkdaşı Əli İsmayılov çıxış etdi. Vurğuladı ki, burada təqdim edilən videolent məni xəyalən o unudulmaz günlərə qaytardı. Həmin illərdə bütün sovetlər məkanında belə bir muzeyin fəaliyyətə başlaması telekanallar vasitəsilə göstərilir, qəzetlər bu barədə yazırdı. Bu ev hər bir azərbaycanlı üçün həmişə əziz olub. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi yaxın vaxtlarda muzeyin əsaslı şəkildə təmir edilməsi üçün göstəriş verib.
Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmanov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Babayev, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, xalq rəssamı Tofiq Ağababayev, şair Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək S.Vurğun şəxsiyyəti və sənətilə bağlı ürək sözlərini dilə gətirdilər.
Mərasim ev muzeyin qonaq otağında davam etdirildi. Şairin nəvəsi Vurğun Vəkilov pianoda yeni melodiyalarını səsləndirdi, saz dilə gəldi, xatirələr bir-birinə yol açdı.
Sonda Aygün Vəkilova mərasimə
qatılanlara dərin minnətdarlığını bildirdi.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.5.