Oneginlə yeni görüş

 

A.S.Puşkin. "Yevgeni Onegin".

Çevirəni Eyvaz Borçalı. Bakı,

"Adiloğlu", 2010

 

Eyvaz Borçalının orijinal yaradıcılığını, mənzum tərcümələrini hələ Moskvada, Ədəbiyyat İnstitutunda birgə təhsil aldığımız illərdən, unudulmaz ustad Lev Ozerovun apardığı seminar çağlarından izləyirəm. Onun A.Blokun "On ikilər" poemasını necə həvəslə, əzmkarlıqla, məhəbbətlə dilimizdə səsləndirməsi yolunda çalışmaları, çətin axtarışları, uğurlu tapıntıları yaxşı yadımdadır və həmin mənzum çevirməni tərcümə sənətimizin danılmaz müvəffəqiyyəti sayıram. Eyvaz öz yaradıcılığı ilə yanaşı, bu sahədə də qələm çalmağı davam etdi, Aleksandr Blokun başqa şeir və poemalarını, Nikoloz Barataşvilinin, Mustay Kərimin əsərlərini ana dilimizdə oxucularımıza çatdırdı. Bilirəm ki, Mixail Lermontovun Eyvaz Borçalının yüksək professional səviyyədə çevirdiyi bir çox əsərləri Azərbaycan tərcümə sənətimizi zənginləşdirmiş və hələ xeyli işıq üzü görməmiş tərcümələri bizi gözləyir. Eyvaz Borçalının bədii tərcüməyə yanaşma prinsipləri, söz və üslub duyumu, dilimizin sərvətlərinə bələdçiliyi bir oxucu, bir həmkar kimi ürəyimcədir. Bu yaxınlarda işıq üzü görmüş, uzun sürən böyük əməyin uğurlu bəhrəsi - Puşkinin "Yevgeni Onegin" mənzum romanının Eyvaz Borçalının tərcüməsində işıq üzü görməsi haqqında "Ədəbiyyat qəzeti"ndə (17 sentyabr 2010-cu il) Sərvazın imzasıyla yığcam, qısa olsa da , xoş, ürəkaçan məlumat verilmişdir. Söhbət tərcüməçilik sənətimizdə baş vermiş yeni və fərəhli hadisədən gedir. Bu ədəbi hadisə bir də ona görə xüsusi maraq doğurur ki, şair-mütərcim, artıq kütləvi Azərbaycan oxucusunun yaddaşında həkk olunmuş,

 

Axıtdım alnımın inci tərini,

Yanmadım ömrümün iki ilinə.

Rusiya şerinin şah əsərini

Çevirdim Vaqifin şirin dilinə -

 

deyən böyük Səməd Vurğunun "Yevgeni Onegin"indən sonra yenidən bu işə qatlaşmağa təşəbbüs göstərmiş, ulu sələfinin təcrübəsindən bəhrələnərək, ümumiyyətlə, tərcümə sənətimizin nailiyyətlərinə, milli poeziyamızın, bədii sözümüzün çağdaş düzənindən rus klassikasına nəzər salaraq, dahi Puşkini səlis, dadlı, duzlu-şirəli dilimizdə, azərbaycanca "danışdırmağa" müvəffəq olmuş, rus şerinin nadir incisinin müstəqil tərcüməçi yozumunu təqdim edə bilmişdir. Bu bədii olay, bir tərəfdən Eyvaz Borçalının tərcüməçi məharətini sübut edirsə, digər tərəfdən, ana dilimizin tükənməz zənginliyini, bədii potensialını ən incə yaşantıları, düşüncə çalarlarını çatdırmağa qadir olduğunu bir daha göstərir.

"Yevgeni Onegin"in həm Səməd Vurğunun ədəbi tariximizə bəxş etdiyi tərcümə versiyası, həm də Eyvaz Borçalının dilimizdə yeni bədii interpetasiyası söz sənətimizin önəmli mərhələləri olaraq, ciddigeniş professional araşdırmalar tələb edir, tərcüməşünas alimlərimiz bu sahədə müəyyən tədqiqatlar aparsa da (xüsusən, fəridə Vəlixanovanın S.Vurğun əsərlərinin rus dilinə çevirmələri haqqında monoqrafiyalarını xatırlatmaq istərdim), bu sahədə görüləsi işlər hələ çoxdur.

Bu yazımı "Ədəbiyyat qəzeti"nin həcm - sahə imkanlarını nəzərə alaraq yığcam şəkildə verməyə çalışmışam; bir sıra müşahidələrimi, qeydlərimi "Yevgeni Onegin"in orijinalını, S.Vurğunun ötən əsrin 30-cu illərində etdiyi tərcüməsini qarşıya qoyaraq, Eyvaz Borçalının çevirməsini bu kontekstində dəyərləndirməyə səy göstərmişəm.

Əvvəla - "Onegin strofası" (bəndi) deyilən, Puşkinin adı ilə bağlanan şeir forması haqqında: Bu formaya sonralar Lermontovda da təsdüf edilir ("Tambovskaya kaznaçeyşa poemasında). Çox orijinal qafiyə düzümü bənddən-bəndə təkrarlanır (çarpaz qafiyə qoşa aşırma qafiyə ilə əvəz olunur, axırda qoşa qafiyə ilə 14 misralıq bənd sona yetir), bu da tərcüməçi qarşısında çox sərt texniki şərtlər qoyur. Təbii ki, S.Vurğunun nəzərindən bu xüsusiyyət qaçmamış və ustad şairimiz bu ayrıntıları da saxlamışdır. Eləcə də Eyvaz Borçalı. Başqa bir, daha önəmli, daha səciyyəvi cəhət - Puşkin şerinin, deyim tərzinin, təhkiyəsinin misilsiz rəvanlığı, axıcılığı, asudə "yerişi", deyərdim ki, qanadlı gedişi - dörd ilməli yamb ölçüsündə söylənən hekayət çevik, təbii bir enerji ilə axır, gah sakit axarla, gah dalğın düşüncə havacatında, gah istehza, atmaca, məzələnmə ilə naxışlanır, gah da coşan çay kimi bəndlərin sıx "divarları" arasında çırpınır, tüğyan eləyir…

Bəzən də bu bənd çərçivəsinə sığmayaraq, coşqun hisslərin, həyəcanlı yaşantıların sərbəst izharına, etirafına çevrilir; Tatyananın Oneginə məktubu, daha sonralar bir generala ərə getmiş, kübar xanımlarının arasında parlayan Tatyananı görən Yevgeninin gecikmiş eşqnaməsi…

Əsərin münaqişə üçbucağını cizgiləyən üçüncü qəhrəman şair Vladimir Lenskinin faciəvi ölümü ilə nəticələnən duel ərəfəsində yazdığı şeir mənzum romanın ən təsirli səhifələrindəndir. Bu kövrək sarsıntılı düşüncələri oxuyarkən, qəribə bir hiss keçirirsən - elə bil Puşkin öz ömrünün gələcək faciəsini, əcəlin nəfəsini duyaraq yazmışdı həmin yanıqlı misraları… Çaykovskinin əsrarəngiz operasında səslənən Lenskinin ariyası, eləcə də Oneginin, Tatyananın partiyaları rus mənəviyyatının, rus qəlbinin təkrarsız ifadəsi olaraq yaşamaqdadır.

Səməd Vurğunun tərcüməsini xatırlayaq (VI fəsil, XXI):

 

Hayana, hayana uçub getdiniz

Ey bahar ömrümün əziz günləri?

Kim bilir başıma nələr gələcək,

Əbəs düşünürəm mən onu gerçək.

Qaranlıq bürüyüb almış o günü,

Verəcək onsuz da tale hökmünü.

Dəlib deşəcəkmi sinəmi oxlar,

Ötüb keçəcəkmi yoxsa yanımdan.

Hamısı nemətdir, dəyişir zaman,

Hər günün, gecənin özgə hökmü var.

Dərdə, möhnətə şükürlər olsun,

Gələn zülmətə şükürlər olsun!

 

…Dan yeri al geyib güləcək tezdən:

Günəş saçlarını yayacaq yenə.

O zaman bəlkə düşəcəyəm mən

Sirli bir türbənin sıx kölgəsinə.

O Nisyan çayı da lal axacaqdır

Dünya unudacaq məni, fəqət sən,

Ey gözəllik qızı, tökəcəkmisən

Vaxtsız cənazəmə göz yaşlarını?

Söylə ki, doğrudan şair sevərək

Bir mənə, bir mənə bağışladı tək

Pərişan ömrünün gur baharını.

Gəl, gəl, ey sevimli, ey nazlı həmdəm,

Gəl ki, səninkiyəm, sənin zövcənəm!.

 

Əlbəttə, on səkkiz yaşlı (!) Lenskinin belə fəlsəfani düşünməsi, ölüm-itimi, yoxluq, əbədi ayrılıq gümanını, ehtimalını belə təmkinlə, dünyagörmüş bir insan kimi qavraması, "taleyin hökmünü, yaşamı, qayğılı günü , gələn zülməti" (ölüm zülmətini!) şükranlıqla düşünməsi - yaşını qabaqlayan dünyaduyumu heyrət doğurur. Eləcə Füzuli Leylisi Məcnunun əhvalını ifadə edən qəzəllərdə səslənən hikmətlər onların yaşını qabaqlayır!

Yəqin bu, fenomen dahi şairlərin sevdiyi qəhrəmanların qeyri-adi, müstəsna şəxsiyyətlər olduqlarına dəlalət edir. Bu ayrıca söhbət mövzusudur.

Qayıdaq tərcümələrə.

Səməd Vurğunun ilhamla çevirdiyi mətn həm dəqiqliyi, həm təsirli poetik enerjisilə, təbii deyim tərzilə cəlb edir. "Çto denğ qrəduhiy mne qotovit?" sualının "Kim bilir başıma nələr gələcək?" kimi verilməsi elə yerinə düşür ki, deyirsən, Lenski azərbaycanca məhz bu sözlərlə fikrini ifadə edə bilərdi.

Bütün bu daxili monoloq təbii orijinala tam uyğun səslənir. Bircə məqamda ürəyimdən keçdi ki, "oxlar"ın əvəzinə bir "ox" yerinə düşərdi, söhbət dueldən gedir, əslində "ox" - güllədir, yeganə, həlledici güllə

Puşkində "Leta" çayı - antik əsatirdən gələn obraz, Unutma çayı" - xatırlanır, S.Vurğunda "Nisyan çayı" deyilir. "Nisyan" ərəbcə "unutma" deməkdir. Şərq mifologiyasında belə bir çayın olub-olmamasını, düzü, bilmirəm, amma bu söz uzlaşması mənaca orijinaldakı fikri dəqiq çatdırır. Səməd Vurğun "Vesnı moey zlatıe dni" ifadəsində "zlatıye" epitetini "Əziz günləri" kimi verməklə yəqin, daha işlək, uyarlı görünən sözü seçmişdir. Eyvaz Borçalının tərcüməsinə göz gəzdirək:

 

"Ey bahar ömrümün qızıl çağları,

Hayana uçdunuz dumanda, çəndə?

Kim bilir, hayanda bürünüb çənə

Nələr hazıralyıb iqbalım mənə?

Axtarıb gəzsə gözüm o günü,

fərqi, verəcək tale hökmünü;

Rəqibin üstümə tuşlanan oxu

Ya deşib köksümü məhv edəcəkdir,

Ya da qismətimdən yan ötəcəkdir.

Vaxtını dəyişmir ayrılıq, yuxu.

Zəhmətə səsləyən günə şükür,

Zülmətə çağıran ünə şükür!

 

Burada sitata ara verib bir-iki məqamı qeyd edirəm: Eyvaz Borçalı "Zlatıe dni" ifadəsini (ömrünün) "qızıl çağları" kimi verməklə Puşkinin epitetini saxlamağı lazım bilib biz ona haqq qazandırmalıyıq. S.Vurğunda "Kim bilir başıma nələr gələcək?" orijinalın hərfi deyim tərzinin surəti olmasa da, "nələr hazırlayıb iqbalım mənə?" (E.Borçalı) - orijinala daha yaxın olan deyimdən daha təsirli görünürBəlkə bu mənim subyektiv qənaətimdir, amma mənə belə gəlir.

 

Eyvaz əvvəlki tərcümədəki "oxları" bir "ox"a çevirməklə ölüm-dirim qarşıdurması - duelin məntiqinə uyğun seçim etməkdə haqlıdır.

Sitatın davamı.

 

…Dan yeri üfüqdən sızan şəfəqlər

İşıqlı gündüzü gətirən vədə

Kim bilir, bəlkə yetincə səhər

Məskun olacağam soyuq türbədə.

Cavan şair ömrüm gedəcək bada,

Kimsə anmayacaq daha dünyada;

Sən necə, ey mələk, qəbrim üstə sən

Göz yaşı axıdıb deyəcəkmisən:

Təkcə mən olmuşam onun yaxını,

O mənim eşqimə alışıb oda,

Mənə həsr elədi fani dünyada

Tufanlı ömrünün səhər çağını.

Gəl, gəl, ey istəklim, əza yerinə

Ağla qəbrim üstə nakam ərinə!

 

Mən bu iki tərcümə parçalarını oxucuların diqqətinə çatdırmaqla ümid bəsləyirəm ki, "Yevgeni Onegin"in yeni tərcüməsi də ədəbi həyatımızda, necə deyərlər yaşamaq haqqı qazanacaq, layiqincə dəyərləndiriləcəkdir. Tərcümə sənəti, bütövlükdə ədəbiyyat kimi, yerində saymır, yeni axtarışlar, yeni bədii versiyaların üzə çıxması ilə inkişaf edir.

Keçmişlərə nəzər salanda, görərik, klassik əsrələrin başqa dildə səsləndirilməsinə tərcüməçilər dönə-dönə müraciət etmişlər və bu da təbii ehtiyacdan, zamanın dinamikasından irəli gəlir. Məsələn, Lermontovun "Üç palma" şerini müxtəlif dövrlərdə F.Köçərli, Abbas Səhhət, Məmməd Rahim dilimizə çevirmişlər. Şekspirin "Otello"su Cəfər Cabbarlı və Əhməd Cavadın qələmi sayəsində oxucularımıza çatdırılmış, daha sonra Sabir Mustafayev həmin əsəri orijinaldan çevirmiş, ingilis klassikinin sonetlərini də,Tələt Əyyubovdan sonra Sabir Mustafayev tərcümə etmişdir; orijinaldan tərcümə etməyi "iki əlli" alqışlayaraq, onu da deməliyəm ki, dili bilmək heç də bədii uğura təminat vermir, əsas şərt - istedaddır.

Eyvazın tərcüməsi haqqında daha bir neçə qeyd.

126-cı səhifədə: "onu uşaqlar da bilir əzbərdən: "Reveillez vous, belle endormie" misralar qoşa qafiyə ilə uzlaşmalıdır, lakin qafiyə əlamətini sezə bilmədim (bəlkə də fransız dilini bilmədiyimdən…)

125-ci səhifədə Buyanov soyadı Flyanovla qafiyələnməlidir, rüşvətxorluq, qarınqululuq və s. Buyanova yox, Flyanova aiddir. 3-cü səhifədə "Himenin" güman edirəm ki, "Himeney"in təhrif edilmiş formasıdır.

146-cı səhifədə tapança haqqında söz gedəndə "Lenaj"ın adı çəkilir, silah üzrə mütəxəssis olmasam da, XIX əsrdə Lepaj soyadlı ixtiraçının adı səslənirdi

Ümumiyyətlə, bu cüzi kəm-kəsir asanlıqla aradan qaldırıla bilər. Bu deyilənlərələ hələlik kifayətlənib Eyvaz Borçalını səmim-qəlbdən böyük yaradıcılıq uğuru ilə təbrik etmək istəyirəm.

 

 

Səyavuş MƏMMƏDZADƏ

 

Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.