Tanınmış şair-tərcüməçinin
75 illiyi qeyd edildi
Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda
tanınmış şair-tərcüməçi, əməkdar
incəsənət xadimi Səyavuş Məmmədzadənin
75 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin
deputatı Elmira Axundova, AYB-nin sədri, xalq
yazıçısı Anar, bu qurumun katibi, xalq
yazıçısı Çingiz Abdullayev və
başqaları çıxış edərək Səyavuş
Məmmədzadənin həyat və
yaradıcılığından danışmışlar.
Bildirilmişdir ki, ədəbi
yaradıcılığa 1958-ildə "Sınaq"
şeri ilə başlayan S.Məmmədzadə tərcüməçi
kimi də qələmini sınamış və uğur
qazanmışdır. Onun poeziya, nəsr, publisistika sahəsində
bədii tərcümələri qısa müddətdə
müəllifinə şöhrət gətirmişdir. O, Azərbaycan
ədəbiyyatı nümunələrini rus dilinə, rus,
bolqar, Ukrayna, polyak və s. dillərdən isə ədəbi
əsərləri Azərbaycan dilinə müvəffəqiyyətlə
tərcümə etmişdir.
Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, AYB-nin məsul işçisi Nazim İbrahimov, xalq artisti, bəstəkar Tofiq Bakıxanov tədbirdə çıxış edərək S.Məmmədzadənin rus dilində nəşr olunmuş "Nebo", "Tverskoy bulvar", "Samoutverjdeniye", "Noçnıye yabloki", "Komedantskiy ças", "Vremya sobirat kamni", Azərbaycan dilində "Bir yuxusuz gecə", "Günəbaxan insanlar", "Həqiqət sorağında. Mirzə Kazım bəyin ömür yarpaqları" və s. kitablarının oxucular tərəfindən rəğbətlə qarşılandığını bildirmişlər.
Tədbirdə qeyd edilmişdir ki, Səyavuş Məmmədzadə Azərbaycan ədəbiyyatı və tərcümə sənəti sahəsindəki xidmətlərinə görə Rusiyanın ölkəmizdəki səfirliyinin, Azərbaycan-Ukrayna Dostluğu Xeyriyyə Cəmiyyətinin xüsusi mükafatlarına və Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.
Sonda S.Məmmədzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.
Ədəbiyyat qəzeti.- 2010.- 8 oktyabr.- S.6.