Əbədiyyət
yolunun sakini
Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda görkəmli yazıçı,
şərqşünas alim Əlibala Hacızadənin anım
günü keçirilmişdir.
Ə.Hacızadənin
yaxın dostu, yazıçı-publisist Nahid Hacızadənin
aparıcılığı ilə keçən tədbirdə
görkəmli sənətkarın qələm dostları Fikrət
Sadıq, İlyas Tapdıq, Oqtay Rza, Xeyrəddin Qoca, Atababa
İsmayıloğlu, Musa Ələkbərli, Maqsud Hacıyev,
Ədalət Əsgəroğlu, Əlövsət Bəşirli,
Vaqif Yusifli, Hikmət Mahmud, Fərqanə, Məhəmməd
Baharlı, Dayandur Sevgin, fəxrəddin Meydanlı, Zakir Əhmədli
və b. çıxış edərək xalq
yazıçısının keçdiyi həyat yolundan, qələmə
aldığı mövzuların aktuallığından, elmi
və pedaqoji fəaliyyətindən söhbət
açmışlar. Çıxışçılar onu XX əsrin
tanınmış yazıçılarmızdan biri kimi dəyərələndirmiş,
onun yaradıcılığını M.S.Ordubadi, Y.V.Çəmənzəminli
kimi nasirlərimizin əsərləri ilə müqayisə
etmişlər. Qeyd edilmişdir ki, Əlibala Hacızadənin
"Təyyarə kölgəsi", "İtkin gəlin",
"Əfsanəsiz illər", "Vəfalım mənim"
və s. bu kimi roman və povestlərində xalq həyatının
ruhu əks olunurdu. Ona görə də o, son
dövrümüzün ən çox sevilən
yazıçılarından biri kimi tanınırdı. Onun əsərləri
yüksək tirajla çap olunmasına baxmayaraq yenə tələbatı
ödəmirdi. Bu kitabların rəsmi tirajı çox zaman
100 mini keçirdi. Hələ orasını demirik, qeyri-rəsmi,
qara bazar üçün də xəlvəti nəşr
olunurdu. Təsərrüfat hesabı ilə işləyən
nəşriyyatlar dara düşəndə onların ümid
yeri onun kimi istedadlı sənətkarların əsərləri
idi. Əlibala Hacızadə xarici ölkələrin həyatından
yazanda belə əsasən öz həmvətənlərinin
dərd-sərini, başına gələn bəla və
müsibətlərini kağıza
köçürürdü. Tarixilik və coğrafi ərazi
onun üçün ədəbi priyom idi.
Yazıçının əsərlərində özlərini
tanıyan bir çox prototiplər, nə qədər
gülünc olsa da, hüquq-mühafizə orqanlarına
müraciət edir, yazıçıya rahatlıq vermirdilər.
Amma sənətkar ruhdan
düşmür, qələmi əlindən yerə qoymurdu.
Azərbaycanda ilk çoxseriyalı - 12 seriyalı bədii
televiziya filmi də məhz onun "İtkin gəlin"
romanı əsəri əsasında çəkilmişdi.
Çıxışçılar
Ə.Hacızadənin elmi-pedaqoji fəaliyyətindən,
şairliyindən də söhbət açdılar, onun
sözlərinə yazılmış mahnılarını
yada saldılar. Əlibala Hacızadənin dostlarına sədaqəti,
səmimiyyəti, gənc yazarlara qayğısı da
unudulmadı. O da bildirildi ki, xalqın məhəbbət və
inamını qazanmış yazıçı dünən
olduğu kimi, bu gün də sevilir. Onun fiziki yoxluğu qəlbimizi
ağrıtsa da, əsərlərinin əbədiliyi təsəllimizdir.
fəsillər və nəsillər dəyişəcək,
amma Əlibala Hacızadənin yazıçı ömrü
daim yol gedəcək. Bu mənada Əlibala Hacızadə əbədiyyət
yolunun sakinidir.
Tədbirin sonunda Əlibala
Hacızadənin qardaşı Nizami yazıçının
tədbiri keçirən qələm dostlarına,
çıxışçılara və
iştirakçılara təşəkkürünü
bildirdi.
A.Xiləli
Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.5.