Şəkər Aslan – 75

 

Şerə sədaqət, dosta sədaqət...

  

  Vaxtilə xalq şairi Məmməd Araz Lənkəranda yaşayıb-yaradan istedadlı qələm dostu Şəkər AslanaSən bölgə şairi yox, ölkə şairi”sən deyə onun yaradıcılığını yüksək qiymətləndirmişdi. Əcəl möhlət versəydi, Şəkər Aslan indi ömrün yetmiş beşinci ilini başa vurmuş olacaqdı.

 

Şəkərin ruhu və xarakteri onun qiymətli poetik irsində, səsi və nəfəsi aşkar duyulan sətirlərində yaşayır və müəllifini də yaşadır:

 

Mənasız gün ki var tüstüdü, hisdi -

Ötdü, kimsə ondan işıq görmədi.

Köçəndə deyərlər elə xəsisdi -

Yaşadı, dünyaya heç nə vermədi!

 

Günlərin qiyməti - hünərin, gücün;

Bircə dəqiqə də getməsin bada.

Dünyaya səxavət göstərmək üçün

Vaxtı xəsisliklə xərclə dünyada...

 

Şəkər Aslanı təkrar-təkrar oxuduqca bir daha yəqin edirsən ki, o, həyatda olduğu kimi, sənətdə də dediyinə, yazdığına sadiqdir, özü də vaxtı xəsisliklə — qənaətlə xərcləyib ki, “dünyaya səxavət göstərsin” — poeziyaya səxavət göstərsin və göstərib də.

Bu səxavət, bu fədakarlıq böyük arzularla yaşayıb-yaradan çox istedadlı bir şair ürəyinin neçə-neçə oxucu nəslinin qəlbini öz günəş hərarəti ilə isindirən əbədiyaşar səxavətidir.

Şəkərin xarakterindəki və yaradıcılığındakı bu yüksək keyfiyyətlərin vəhdətini mən Füzulinin 500 illiyi münasibətilə elan olunmuş bir müsabiqə prosesində heç unuda bilməyəcəyim bir təsadüf əsnasında gördüm.

1994-cü ildə Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Məhəmməd Füzuli” Beynəlxalq Ədəbi Əlaqələr Fondu “Artıran söz qədrini sidq ilə qədrin artırır” devizi altında müsabiqə elan etmişdi. Təntənəli yubiley tədbirinin keçirilməsinin vaxtı dəyişdiyindən müsabiqənin nəticələrinin elan olunması gecikdi. Müsabiqəyə materiallar göndərildiyi zaman xatirini çox istədiyim və yaşına görə də mənə ərki çatan görkəmli bir şair dostum hansı gizli imza ilə yazdığını deyəndə, xahiş etmişdim ki, mənə dediyi imza ilə göndərməsin. Əlbəttə, dərhal razılaşdı və elə də etdi.

Təsadüfən həmin günlər Şəkər də müsabiqəyə şeirlər göndəribmiş. “Söz” dərgisinin redaktoru Sevda Əlibəyli Şəkərin şeirlərini açıq halda mənə gətirdi. Xahiş etdim ki, gizli imza ilə poçtla göndərsin. Onun sonralar Şəkərlə nə danışdığından xəbərim olmayıb. Ancaq həmin günlər yadımdadır ki, Şəkər mənə zəng etdidüzü, hər ehtimala qarşı, bir növ onu qabaqlamaq niyyətilə əvvəlki əhvalatı və həmin dostumuzun adını Şəkərə dedim, sonra da əlavə etdim ki, mən deyən kimi olsa, ürəyim sakit olar. Şəkər güldü və deyəcəkdisə də, demədi. Onu da əlavə etdim ki, şəxsən mən Şəkərin şeirləri barədə qətiyyən narahat deyildim. Ona uğur arzuladım. Beləcə zarafat kökü üstə sağollaşdıq.

Tale isə bizlə zarafat eləmədi. Təqribən bir il sonra Şəkər dünyasını dəyişdi. Daha bir il sonra isə müsabiqənin materialları münsiflər heyəti tərəfindən diqqətlə nəzərdən keçirilib yoxlanıldı. Aşiqi-sadiqimzası ilə yazan müəllifin şeirləri şəksiz üstünlük qazandı. Zərfi açıb gizli imzanı aşkar edəndə məlum oldu ki, şeirlərin müəllifi Şəkər Aslan imiş.Aşiqi-sadiqimzasını Füzulinin məşhur beytindən götürmüşdü:

 

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

 

Müsabiqənin şərtlərinə uyğun olaraq, Şəkərin mükafata layiq görülən şeirləri qəzetimizdə çap edilərkən, mən gecə mətbəədən Bəxtiyar müəllimə telefon açıb, vaxtsız narahatlıq üçün üzr istədim və mümkünsə, bir-iki kəlmə söz yazmasını xahiş etdim. Bəxtiyar müəllim gecədən keçmiş olsa da, məmnuniyyətlə həmin sətirləri mənə telefonla dedi - yazdım, çap etdik.

Yuxarıda verdiyimiz beyti misal gətirən Bəxtiyar müəllim sözünü belə tamamlamışdı: “Füzuliyə dərin məhəbbətlə yazılmış bu səmimi sətirlər, aramızdan vaxtsız getmiş qələm dostumuzun həqiqi şerin, sənətin həqiqətən sadiq aşiqi olduğunu özünəxas səmimiyyətlə təsdiq edir.”

Aşiqi-sadiq” Şəkər həqiqətən sadiq idi həm şerə-sənətə, həm də dosta-qardaşa...

 

 

Ayaz VƏFALI

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.3.