Bu dastanın bir qolu Kür, biri Arazdır

  

  "Məmməd Araz dastanı" bir növ şair Sərvaz Hüseynoğlunun yarım əsrlik ömür yolunun hesabatı kimi araya-ərsəyə gəlib. Bu, həm xalq şairi, unudulmaz Məmməd Arazın, ümumən Azərbaycanın fikir, düşüncə daşıyıcıları olmuş, öz xalqının milli dəyərlərini zənginləşdirmiş şəxsiyyətlərin ruhu qarşısında şerin, sənətin dili ilə verilən mənəvi hesabatdı. Tədqiqatçı Azər Turanın kitaba yazdığı ön sözdən deyildiyi kimi, bu dastanla tanış olduqca oxucu özünü ömrü boyu ürəksiz bircə kəlmə belə yazmayan unudulmaz Məmməd Arazla nəfəs-nəfəsə dayanmış hesab edir: "Bu dastan Məmməd Araz haqqında yazmaq yox, bütün möhtəşəmliyi ilə Məmməd Arazı yaşamaq ehtiyacının, zərurətinin bəlirtisidir böyük şairimizin söz mülkünə vaqifliyin, eyni dərəcədə aşiqliyin ifadəsi kimi var olub".

 

Oxucu müəllifin M.Araza xitabən söylədiyi

 

Yenə dost yolunda duza yüyürən,

Yenə quruca bəy, lovğa, təşərik.

Biz şəhid qanını arada qoyub,

Şəhid ehsanına əyləşənlərik -

 

ağrısını öz kədəri kimi qəbul edir, eyni zamanda aşağıdakı misraların qaçılmaz məntiqini haqlayır:

 

Ehtiyacın əli çəkdi, getdi ayağım,

Bu ömür-gün gəlib keçdi necə, bilmədim.

Bir ağrım var - saqqız satan keçdi, ustadım,

Ömrü boyu sən Arazı keçə bilmədin.

 

Vurulmuşdu, yetişmədi Babəkin qolu,

dünyanın vicdanında ismət olmadı.

Düşüncənlə, inadınla açdığın yolu

Ayağınla keçə bilmək qismət olmadı

 

yaxşı ki, bu kədərli notları Məmməd Araz poeziyasının qalibliyinə, əbədiyaşarlığına olan sarsılmaz inam izləyir, yaxşı ki, bu misralar ölməz şairin qədirbilən oxucularının vəfadarlığını özündə ehtiva edir:

 

Ən yenilməz söz mülkünə əl yetirən,

Hər misrası Vətən adlı gül bitirən,

Bu millətə yeni nəfəs, ruh gətirən

Ömrü, günü Xan Arazsan, Kür şairsən.

 

Bir naxışda min çaları görə bilən,

Bir duyğunu min naxışa hörə bilən,

Söz üstündə dönə-dönə ölə bilən,

Yaşadıqca büllurlaşan, dürr şairsən.

 

"Hamıyla dil tapmağın taxtından salın məni", "Sizə tuş olmasın, mən keçən yollar o yerə çıxır ki, ordan qaçağam" düşüncəsi ilə, "Buludlar çoxdan kiriyib - ağaclar hələ yağır" müşahidəsi ilə oxucu marağını çəkən S.Hüseynoğlu kitaba daxil etdiyi lirik şeirlərində səmimi yaddaqalandı:

 

Gülü, çiçəyi tapdayıb,

Namaza tələsən adam.

Düşünüb cavab tapmadım -

Sən niyə beləsən, adam?

 

Qıvrılıb qında yatırmı,

Doğulmağa can atırmı,

Rəbbim, gümanın çatırmı

Mən səndən diləsəm adam?!

 

Bütövlükdə, "Məmməd Araz dastanı"nda dövrümüzün özəlliklərinə unudulmaz xalq şairilə xəyali ünsiyyət fonunda münasibət bildirilir. Can evini bitib-tükənməz düşüncələrin hey ələdiyi bir qələm adamının öz yaşantılarını "Məmməd Araz dastanı"ndan keçirmək istəyi təbii uğurludur.

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.3.