Oktyabr ayının 24-ü Hüseyn
Cavidin doğum günüdür
İnsanları gözəlliyə, idraka, işığa
səsləyən sənət
Bəşər
övladı dünyaya göz açmamışdan onun
alın yazısı yazılır -kiminin qismətinə
xoş günlər, kiminin taleyinə ağrılı məqamlarla
dolu həyat düşür. Əzablı,
ağrılı-acılı ömür yaşayanlardan biri də
Hüseyn Cavid olmuşdur. Xalqımızın
bu görkəmli qələm sahibi bütün yaşam boyu
haqsızlıqlarla qarşılaşmış, əyilməmiş,
yüksək mətinliklə, dəyanət və
dözüm göstərmiş, bütün çətinliklərə
sinə gərmişdir. Ulu Tanrı məhz
sınmayan, əyilməyən insanlara bu qisməti yazır,
onların taleyin sərt sınaqlarından keçirir. Cavid əfəndinin yaradıcılığı ilk
əvvəllər rəğbətlə qarşılansa da,
iblislərin sayəsində qasıoğalara tuş gəldi.
Hələ 30-cu illərin əvvəllərində
Cavidin adı dilində əzbər olanların, müxtəlif
rəsmi və qeyri-rəsmi məclislərdə onun
yaradıcılığını göylərə
qaldıran və şəninə ağızdolusu tərif deyənlərin
bəziləri 1937-1956-cı illər arası (və hətta
Turan Cavidin təbirincə desək, Cavidin ikinci bəraətinə
- 1981-ci ilə qədər) dahi sənətkar haqqında
olmazın hədyanlar, böhtanlar, iftiralar söyləməkdən
və yazmaqdan belə utanmırdılar.
Həqiqətən
də ulu öndər Heydər Əliyevin imzası ilə
1981-ci ilin iyul ayının 12-də Hüseyn Cavidin anadan
olmasının 100 illiyi haqqında verilən qərar ulu
Cavidin ikinci əsl bəraət sənəti olmuşdur. Respublikada onun
ədəbi irsini bir daha geniş surətdə öyrənmək
və xatirəsini əbədiləşdirmək
üçün həmin qərarda bir sıra işlərin
görülməsi nəzərdə tutulmuşdur.
Şairin əbədi irsinin toplanıb nəşr olunması,
əsərlərinin müxtəlif teatrlarda tamaşaya
qoyulması, Cavidə həsr olunmuş monoqrafiyaların,
öz əsərlərinin 4 cilddə, habelə rus dilində əsərlərinin
2 cilddə, ərəb əlifbası ilə 1 cilddə nəşr
olunması, Bakı və Naxçıvan şəhərlərində
Hüseyn Cavidə abidə ucaldılması ev muzeylərinin
yaradılması, eləcə də digər işlərin həyata
keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin dahi
şairə olan sonsuz məhəbbətlə
imzaladığı qərarda öz əksini
tapmışdır. Bu sənəd Cavidsevərlər
tərəfindən böyük rəğbətlə
qarşılandı.
Qərardan
sonra Naxçıvanda Cavidin vaxtı ilə qədim Əlixan
məhəlləsində yaşadığı evdə
yaradılmış ev-muzeyi bütün Cavidsevərlərin
qibləgahına çevrildi.
1982-ci ildə kommunist rejiminin tüğyan etdiyi bir vaxtda Hüseyn Cavidin cəsədinin qalıqları Uzaq Sibirdən vətəninə gətirildikdən sonra bu sensasiyalı xəbər keçmiş Sovetlər Birliyində Cavid irsinə marağı daha da artırır. Bu maraq hətta yaxın-uzaq xarici ölkələrdə də diqqət mərkəzində oldu. Ulu öndərimiz Heydər Əliyevin şəxsi qayğısı və təşəbbüsü ilə həyata keçirilmiş bu hadisə tarixə qızıl həriflərlə yazıldı. Xalq şairi Mirvarid Dilbazi "Oğul qeyrəti" şerində ulu öndərin bu tarixi xidmətini belə qələmə almışdı:
Cavidi vətənə gətirən oğul,
Onu öz xalqına yetirən oğul,
Xalqının misilsiz qayğılarını
Öz çiyni üstünə götürən oğul,
Var olsun bu oğul qeyrətin
sənin!
Ümummilli
liderin şəxsi təşəbbüsü,
qayğısı və göstərişi əsasında
Cavidin nəşi onun doğulduğu qədim
Naxçıvanda torpağa tapşırıldı. Uzaqgörən
siyasətçi bununla Cavidin adının əbədiləşdirilməsi
ilə bağlı planlarının bir hissəsini yerinə
yetirdi və planın növbəti hissələri onun hakimiyyətə
ikinci qayıdışından sonra öz həllini tapdı.
Xalqımızın dahi öndəri hələ 1992-ci ildə
Naxçıvanda Ali Məclisin sədri işləyərkən
o qarmaqarışıq dövrdə də Cavidi yaddan
çıxarmadı, onun 110 illik yubileyinin muxtar respublika səviyyəsində
qeyd olunmasını təşkil etdi və yubiley tədbirində
yaddaqalan çıxışı ilə Cavidə, onun irsinə
yüksək dəyər verirdi: "Hüseyn Cavid XX əsrdə
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,
bütün türk dünyasının ən görkəmli
bir simasıdır, təkrarolunmaz bir şəxsiyyətdir,
bir şairdir, bir yazıçıdır. Onun
yaratdığı əsərlər böyük çətinliklərdən
keçərək indi artıq hamımız
üçün dərslik olubdur və dərslik
olmalıdır".
Düşünülmüş
və həyata keçirilən planın növbəti hissəsi
dahi şairə ucaldılan möhtəşəm məqbərə
oldu. Ulu öndər bu məqbərənin
açılışında şəxsən iştirakı
ilə Cavidə və onun timsalında Azərbaycan ədəbiyyatına
və incəsənətinə, daha geniş anlamda Azərbaycan
xalqına olan sevgisini və ehtiramını ifadə etdi.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbov Hüseyn Cavidin bu məqbərəsini
"Heydər Əliyev dühasının bəhrəsi"
adlandıraraq demişdir: "Möhtərəm Heydər Əliyev
dühasının bəhrəsi olan Hüseyn Cavid türbəsi
Əcəmi yaradıcılığına mənsub
"Möminə xatun" məqbərəsinin
davamıdır. Bununla belə Hüseyn Cavid məqbərə
türbəsində şairin özü ilə yanaşı,
ailə üzvlərinin - ömür-gün yoldaşı
Mişkinaz xanımın, oğlu Ərtoğrol Cavidin dəfn
olunduğunu nəzərə alsaq, Cavidlər ailəsi xatirə
kompleksinin dünya mədəniyyətinin bənzərsiz, əvəzsiz
nümunələrindən biri olduğu sübut edilir".
Məqbərənin
açılış mərasimində iştirak edən
görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri,
hətta qonşu dövlətlərdən gəlmiş
qonaqlar ulu öndərin bu misilsiz xidmətini xüsusi qeyd
etmişlər.
Görkəmli ədibin
qızı Turan Cavid Cavidlər ailəsi adından
çıxış edərək demişdir: “Hörmətli,
əziz və dəyərli Prezidentim! Düz beş
gün sonra Cavidin Sibirdən gətirilərək
Naxçıvan torpağında dəfn olunmasının 14
ili tamam olur. 1982-ci ildə Cavidin cənazəsi
gətirilərək bu qeyri-adi hadisənin əks-sədası
çox uzaqlara yayılmışdır. Başqa
şəhərlərdən bu xəbərin dəqiqliyini
öyrənmək istəyənlər sualı belə
qoyurdular ki, yəqin bu hörmətli Heydər Əliyevin xidmətidir?
Bunun da qısa bir cavabı var: "Şübhəsiz ki, elədir".
2000-ci ildə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin
qayğısı ilə muzeydə yenidən əsaslı təmir
və bərpa işləri aparılaraq muzey öz əvvəlki
görkəminə qaytarılmışdır. Muzeyin
ekspozisiyası tamam dəyişdirilərək yenidən
qurulmuş, maddi-texniki bazası zənginləşdirilmişdir.
Ulu öndər
Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə
böyük ədibin anadan olmasının 120 illik yubileyi Azərbaycanda
geniş qeyd olunmuşdur. Bir-birindən
maraqlı tədbirlər, konfranslar, ədəbi-bədii gecələr,
görüşlər, kitab sərgiləri, şeir müsabiqələri
keçirilmiş, əsərləri nəşr olunmuşdur.
Nəhayət, dahi rəhbər
Heydər Əliyevin layiqli davamçısı, onun
bütün arzularını, ideyalarını həyata
keçirən Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev "Hüseyn Cavidin 125 illik yubileyi
haqqında" 2007-ci il 17 aprel tarixli sərəncam
imzalamışdır. Həmin sərəncama uyğun olaraq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin
həmin il may ayının 15-də imzaladığı sərəncamla
təsdiq edilmiş "Tədbirlər planı"na əsasən
regionumuzda müxtəlif yubiley tədbirləri həyata
keçirilmiş, muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil
məktəblərində, mədəniyyət müəssisələrində
Hüseyn Cavidin yaradıcılığına aid guşələr
yaradılmış kitab sərgiləri, ədəbi-bədii
gecələr, görüşlər təşkil
edilmişdir. Oktyabr ayının 24-də isə
Naxçıvan şəhərində şair-dramaturq
Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş zirvə
tədbiri keçirilmişdir.
Ölkə Prezidentinin sərəncamından
irəli gələn vəzifələri yerinə yetirmək
üçün şairin ev muzeyində də
geniş tədbirlər planı tərtib edilmiş və həmin
plana əsasən "Hüseyn Cavid - 125" adlı yubiley sərgisi
təşkil olunmuş, muxtar respublikanın mədəni-maarif
müəssisələrində nümayiş etdirilmişdir. Muzey ekspozisiyası fondda olan yeni eksponatlarla zənginləşdirilmiş,
yeni guşələr yaradılmışdır.
Yarandığı gündən
bu günədək muzeydə "Hüseyn Cavid və
Naxçıvan teatrı", "Hüseyn Cavidin
dramaturgiyası", "Hüseyn Cavid - 100",
"Hüseyn Cavid - 110", "Hüseyn Cavid - 120" və
"Hüseyn Cavid - 125" adlı sərgilər təşkil
olunmuş-dur.
"Hüseyn Cavid və
teatr" adlı sərgi hələ 1990-cı ildə
Belorusiyanın paytaxtı
2007-ci ildə ev muzeyi tərəfindən
nəfis şəkildə hazırlanmış 6 lövhədən
ibarət "Hüseyn Cavid - 125" adlı sərgini may
ayının 7-dən 12-dək Türkiyənin İstanbul
şəhərində - "Yeddi Təpə" Universitetində,
Cavidin 1905-1909-cu illərdə təhsil aldığı qədim
İstanbul Universitetində, Hoca Ahmet Yasəvi vakfında,
Türkiyə Yazarlar Birliyinin İstanbul şöbəsində
və Kazım Qarabəkir Kültür Mərkəzində
şairin anadan olmasının 125 illiyi ilə əlaqədar
keçirilmiş tədbirlərdə nümayiş
etdirmişdir.
Son illər
muzey əməkdaşlarının gərgin
axtarışları və səyi nəticəsində muzey
fondu xeyli zənginləşmişdir. Hazırda muzeyin
fondunda 8000-ə yaxın eksponat qorunur. Bu eksponatlar
içərisində Hüseyn Cavidin "Keçmiş
günlər", "Peyğəmbər",
"İblis", "Uçurum", "Şeyda",
"Topal Teymur", "Şeyx Sənan", "Səyavuş"
əsərlərinin ilk nəşrləri üzərində
müəllifin avtoqrafla professor Əli Sultanlının
bacısı Bətulə xanıma hədiyyə etdiyi
1926-cı ildə nəşr olunmuş "İblis" və
qardaşı qızı Rəna Rasizadəyə hədiyyə
etdiyi 1934-cü ildə nəşr olunmuş "Səyavuş"
əsərləri vardır. Ədibin yaxın dostu Əziz
Şərifin muzeyimizə şəxsən üzünü
köçürüb bağışladığı Cavidin
İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi
məktublar, şairin qızı Turan Cavid tərəfindən
hədiyyə edilmiş "Knyaz" əsəri, ailə
şəkillərinin orijinalları, atasının
gözlüyü və stolüstü yazı dəsti,
Cavidşünas Azər Turanın muzeyə təqdim etdiyi Ərtoğrol
Cavidin hərbi xidmət illərində - 1942-ci ilin 28
fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi
Abxaziyadan, Tbilisi hosbitalından və Naxçıvandan
Bakıya - anası Mişkinaz Cavidə və bacısı
Turan Cavidə yazdığı 71 ədəd məktubu
H.Cavidin ev muzeyi ilə yaxından əməkdaşlıq edən
tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin
bağışladığı, içərisində H.Cavid
haqqında yazılar və şəkillər verilmiş və
bir neçəsində "Afət" pyesi ilk dəfə
olaraq hissə-hissə çap olunmuş 1926-cı ilə aid
6 ədəd "Maarif və mədəniyyət" jurnallarını
xüsusi qeyd etmək olar.
Muzeyin
yaradılmasında yaxından iştirak etmiş və dəyərli
məsləhətlər vermiş Turan Cavid Hüseyn Cavidin
Naxçıvan həyatı ilə bağlı fotoşəkilləri,
sənədləri, xatirə əşyalarını və
digər eksponatları muzeyə
bağışlamışdır. Bir çox ziyalıların
muzeyə bağışladığı onlarla kitablar,
müxtəlif yazılar və xatirələr muzey
ekspozisiyasında xüsus yer tutur.
Muzeyimizin Hüseyn Cavidin
Bakı şəhərindəki ev muzeyi ilə
əlaqəsi daha genişdir. Belə ki, son illər
həmin muzey tərəfindən nəşr edilmiş onlarla
kitab muzeyimizə hədiyyə olunmuşdur. Bunların
içərisində muzeyin direktoru Gülbəniz
Babaxanlının tərtib etdiyi
"Cavidşünaslıq" toplusu I-II-III-IV-V hissələr,
həmçinin onun yeni nəşr olunmuş "Azərbaycan
ədəbi fikri və Hüseyn Cavid kitabı", "Cavid
hikməti, seçmə aforizmlər", "Hüseyn Cavid:
həyat və sənət yolu", muzeyin əməkdaşı
Nigar Babaxanovanın fransız dilinə tərcümə etdiyi
"Hüseyn Cavid - məhəbbət və böyük
din" və ev muzeyin 26 oktyabr 2007-ci ildə Hüseyn Cavidin
125 illiyi ilə əlaqədar təşkil etdiyi
"Hüseyn Cavid irsi və müasir dövr" adlı beynəlxalq
elmi konfransın materialları toplusunu, keçirilmiş
müxtəlif tədbirlərin fotoşəkillərini, Cavidlə
bağlı məqalələr dərc olunmuş qəzet və
jurnal göstərmək olar.
Hüseyn Cavidin ev muzeyi Cavid pərəstişkarlarının
bir növ yaradıcılıq və tədqiqat mərkəzinə
çevrilmişdir. Muzeyin rəy və təkliflər
kitabındakı qeydlərin, arzuların coğrafiyası
dediklərimizə əyani sübut ola bilər.
Burada Türkiyədən, İran İslam Respublikasından,
Uzaq Şərqdən, Moldovadan, Baltikyanı ölkələrindən,
Hindistandan, Moskvadan, Yaponiyadan, Orta Asiyadan, Gürcüstandan,
Birləşmiş Ərəb Əmirliklərindən,
Koreyadan, Amerika Birləşmiş Ştatlarından, Kanadadan,
Almaniyadan, Fransadan, İtaliyadan, Bolqarıstandan, İsraildən
gələnlərin qeydlərini oxuyarkən böyük
qürur hissi duyuruq. Cavid sənəti ölməzdir.
Onu qorumaq, bugünkü gəncliyə
çatdırmaq bizim müqəddəs borcumuzdur. Çünki Cavid sənəti insanları gözəlliyə,
idraka, işığa səsləyir.
Bəhruz Axundov
Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.1.