Günahmı, savabmı...
Sənədli hekayə
Bir-birindən xəbərsiz dünyadan
köçmüş anam Güləbatın və
qardaşım Yunusun əziz xatirəsinə
II Dünya
müharibəsinin qızğın çağları idi. Balaca bir kənddə
balaca bir ana-bala baş-başa verib dolanırdı. Evin
başıpapaqlısı qanlı-qadalı müharibədə
canı bahasına vuruşurdu. Böyük
Vətən adlandırılan Rusiya torpaqları uğrunda
ölüm-dirim mübarizəsi gedirdi. Sağ qalmaq,
müharibədən salamat qayıtmaq hər kəsə nəsib
olmurdu.
Ana-bala gecəni
gündüzə qatıb ər yolu, ata yolu gözləyirdilər. Yaşamaq
lazım idi. Yaşamaq üçün
çörək tapmaq lazım idi. Çörək
tapmaq üçün çalışmaq, durub-dayanmadan, dincəlmədən,
yatmadan işləmək, yenə də işləmək
lazım idi. Bu, müharibə illərinin
yazılmamış qanunlarından idi. Kişilər
cəbhədə idilər. Kolxozun
bütün işləri arvadların, uşaqların,
qocaların incə, zərif və zəif çiyinlərində
bərqərar olmuşdu.
Ana-bala da, o
birilər kimi işləyir, həm özlərinə
gün-dirrik yaradırdılar, həm də müharibədə
vuruşan əsgərlər üçün yavanlıq,
pal-paltar göndərirdilər.
Balaca Yunusun
anası gecə-gündüz kolxoz çöllərində
işləsə də, o, məktəbindən bir gün də
olsa qalmır, sinifdə əlaçılardan biri hesab
olunurdu. Anası Güləbatın "staxanovçu"
idi, qoçaq idi, kolxozun hər işində birinci idi. Odur ki, onun əməkgünü həmişə
çox olurdu, evindən taxıl əksik olmurdu. Ana vaxt tapan kimi evinə qaçır, sac
açıb fətir bişirirdi. Axırda
isə oğlunun xoşladığı xamralı
çörəyindən bişirib dərin cama doğrayar,
içinə nehrə yağı qatıb isti çörəkdə
əzər və oğluna döyməc düzəldərdi.
Oğlu döyməc dürməyini ləzzətlə
dişləyib yeyər və yoldaşlarının yanına
qaçardı. Atalar düz deyib: “Uşaq atadan yox,
anadan yetim qalar”. Balaca Yunus atasız olduğunu hiss etməzdi. Anası ona həm ata, həm ana idi. Anası evdə qalanda o, özünü çox bəxtəvər
sanar, gecə onun isti qucağına sığınaraq
şirin yuxuya gedərdi, dadlı-duzlu, rəngli yuxular görərdi.
Bütün gördüyü yuxularının hamısı
bir sonluqla qurtarırdı: onu anasından zorla ayırıb
göylərə aparırlar. O, göydə xeyli qanad
çalar, aşağılara, anasının yanına
qayıtmaq istəyərdi, ancaq ona imkan vermirdilər. Hər dəfə də yuxunun təsirindən
hövlnak oyanar, gördüyü yuxusunu anasına
danışar, cavab üçün gözlərini onun
ağzına dikərdi. Anası ona təskinlik verərdi:
“Nə gözəl yuxu görübsən dərdin alım. Sən
oxuyacaqsan, böyük adam olacaqsan. Yuxuda gəzdiyin göylər o deməkdir ki, sən
vəzifə sahibi olacaqsan, yuxarılarda oturacaqsan. Ona görə də dərslərini yaxşı
oxumalısan." Ana oğlunun gözlərindən
öpdü, onu sinəsinə çəkib başını
tumarladı, gözləri ixtiyarsız yol çəkdi.
Yunus sevincək
yerindən qalxar, səhər çayını-çörəyini
yeyər, yoldaşlarına qoşulub məktəbə tələsərdi. İllər
beləcə bir-birini qovdu. Yunus məktəbi
bitirib əsgəri xidmətə yola düşdü. fikirləşdi ki, əsgəri xidmətini
başa vurduqdan sonra sənədlərini hazırlayıb
universitetin riyaziyyat fakültəsinə verər; o, məktəbin
ən güclü riyaziyyatçı şagirdi idi.
Üç
illik əsgəri xidmət başa çatdı. Yunus doğma
kəndinə qayıtdı. Bir az
dincəlməyi qərara aldı. Onsuz da bu il
universitetə gedə bilməyəcək. Hələlik
işləyər, yayda qəbul üçün Bakıya gedər.
O, kənddə işə
düzəldi. Səhərlər yuxudan durub səhər
yeməyi yeyər, anasının günorta yeməyi
üçün düzəltdiyi boxçasını da
götürüb işə gedərdi. Yaman
sürücülük həvəsində idi. Maaşı ancaq velosiped almağa
çatırdı. Özü
üçün bir velosiped də almışdı. Hər
gün "ceyran" adlandırdığı velosipedinə
oturub kəndin kənarında yerləşən iş yerinə
gedirdi.
Yolu kəndin
ortasından keçirdi. Bir dəfə gözü qonşu həyətdə
tut ağacının altında salınmış palaz
üstündə oturub kitab oxuyan qıza sataşdı. Bu hal bir neçə dəfə təkrar olundu.
Qonşu qızın adını da öyrənmişdi
- Sona. Sona orta məktəbdə oxuyurdu.
Yunus ona vurulmuşdu, gecəsi-gündüzü
yox idi. Oxumaq, qəbul imtahanlarına
hazırlaşmaq da yadından çıxmışdı.
Onun yerinə Sona ilə danışmaq, kəlmə
kəsmək arzusu baş qaldırmışdı. Sevgisini ona bildirəndə Sona oxumaq istəyini
demişdi. Yunusun sevgisi o qədər
çılğın idi ki, sevdiyi qızın istəyilə
hesablaşmadı. Vaxtsız gəlmiş sevgi onu da,
Sonanı da ali təhsil almağa
qoymadı.
…Toylarının onuncu
ildönümündə beşinci uşaqları doğuldu.
Böyük arzularla, ümidlərlə yaşayan gənc
oğlan və gənc qız həyat burluğanında
çabalamağa başladılar; beş
uşağı saxlamaq üçün hər işə
getdilər. Çalışdılar, durmadan
işlədilər, uşaqları böyütdülər.
Oxuyub müəllim olmaq arzuları həmişəlik
olaraq ürəklərinin dərinliklərinə
gömüldü.
1988-ci il
hadisələri başlandı. Mənfur erməni
qonşularımızın xəstə təxəyyüllərindəki
dənizdən-dənizə olan torpaqları Ermənistana
qatmaqla "Böyük Ermənistan" yaratmaq arzuları
yenidən baş qaldırdı. Keçmiş
sovet məkanını nümayiş, tətil dalğaları
bürüdü. SSRİ təməlindən
laxlamağa başladı. SSRİ tərkibindəki
respublikalar azadlıq, müstəqillik uğrunda mübarizəyə
başladı. Sovet imperiyasına son
qoyuldu. Hər yerdə nizamsızlıq,
anarxiya hökm sürürdü. Ölkə
xaos içində idi. 70 il davam edən
sovet imperiyasının Zaqafqaziyada yerləşən ən
böyük hərbi bazası yüksək hərbi rütbəli
zabitlər tərəfindən satılmağa başlandı.
Ən çox silah-sursat ermənilərə
satıldı - özü də yüksək məbləğlərə.
Öz işlərini ört-basdır etmək
istəyən hərbiçi generallar talan edilib satılmış
silah bazasını partlatmaq qərarına gəldilər.
Qəddar hərbiçilərin bu əməli
sayəsində neçə ətraf kəndlər ziyan
çəkdi. İnsanlar maddi zərərdən
çox, mənəvi zərbəyə sinə gərməli
oldular. Neçə ailə
gözüyaşlı qaldı. Evlər
uçdu, həyətlər dağıldı. Adamlar arasına qorxu, vahimə düşdü.
Hamı qaçıb canını qurtarmağa
çalışırdı. Bazadan
"uçan" raket başlıqları yerə düşərək
partlayırdı. Bundan nə qədər
insan şikəst oldu.
…Ölənlərdən biri
də Yunusun böyük oğlu, ilk nübarı, 39
yaşlı İsa idi. İsa nənə-babasının
sevimli nəvəsi idi. Məktəb illəri
müəllimlərinin, böyüyəndən sonra kəndin
sevimlisi oldu. İsa kəndin hər
işinə yarayırdı. Hamının
qardaşı, oğlu idi. İsanın
ölümü kəndin faciəsi idi. Hamı
ona yas saxladı.
Yunusun ürəyinin
telləri qırıldı, yandı, külə
döndü, beli ikiqat əyildi, üz-gözünü saqqal
basdı.
Oğlunun faciəli ölümü onun ömrünü, həyatını
on il geri atdı. O gündən
ağır xəstəliyə düçar oldu. Oğlunun ətrini nəvələrindən almaqla kədərini
ovutmaq istədi. Bu o istək, o murad
olmadı. Dərdini içinə
saldı, təkbaşına çəkdi, heç kimə
demədən, heç kimə şikayətlənmədən.
Dərd onun içini ac yalquzaq kimi diddi,
dağıtdı, sonra yatağa saldı.
"Anan
ölsün, ay Yunus, niyə bu günə düşdün? Pəhləvan
cüssən niyə belə yazıqlaşıb, niyə
yumağa dönmüsən? Anan gözlərinin
qadasın alsın, Allah sənə qıymasın, dərdin mənə
gəlsin".
…Ana iki il
idi ki, yatağa düşmüşdü. Özü
yataq xəstəsi ola-ola özündən 500km uzaqda
yaşayan oğluna yalvarıb-yaxarır, ondan sağalıb
ayağa durmağını xahiş edir. Ana
xəstə oğluna gah bayatı deyir, gah tırınqı
çalır, xəyalən onu ovundurmaq istəyirdi. Oğlu onu eşitmirdi. Ancaq fikri-xəyalı
70 il bir yerdə, bir damın altında
yaşadığı anasının yanında idi. Ananın
bu il 100 yaşı tamam olurdu. Bu münasibətlə Azərbaycan
Televiziyasının birinci kanalı uzunömürlülər
silsiləsindən televiziya filmi çəkmişdi. İki ilin hicranını yaşayan oğul
anasını televiziya ekranında görmüş,
özünü saxlaya bilməyib ağlamışdı.
Veriliş bitəndən sonra üzünü yanında
oturmuş arvadına tutub demişdi: "Anama bir şey olsa,
özümü öldürərəm".
Ana yataqda oğluna dua edir,
Allahdan ona cansağlığı diləyir: "Ay Allah, sən
ona rəhm et, ona qıyma, mənim cənazəm
onun çiynində getsin. Oğluma bir şey
olsa məni də öldür. Ancaq elə
et ki, mən ondan qabaq ölüm, oğul dağını
görməyim".
Ağzı
dualı ananın öz dərdi yadından çıxıb
oğul dərdi çəkirdi. Yuxuda olanda belə,
oğlu Yunusla danışırdı. Yuxudan
duranda evini-eşiyini, oğlunu istəyirdi. Ana baladan xəbərsiz, bala anadan xəbərsiz
göz görə-görə əriyirdi. Onların 70
illik birgə keçən həyatları iki il
idi ki, ayrılmışdı. Onların ana-bala
məhəbbəti dönüb dost-musahib, bacı-qardaş, həmyaşıd,
həmfikir məhəbbətinə çevrilmişdi. Onların məhəbbəti ilahi eşqə
çevrilmişdi. Hər ikisi bu məhəbbətin
oduna yanır, şam kimi əriyirdi.
Oğul can üstədir,
onun oğul-uşaqları, bacısı onun başının
üstünü kəsdirib durmuşdular. Xısın-xısın,
kirimişcə ağlayırdılar. Ananınsa
oğlundan xəbəri yox idi. Bilmirdi ki, həyatının
bəzəyi, mənası olan oğlu ağır gedər-gəlməz
yoldadır. Qohumların hamısı
burdadır, bircə sevimli anasından başqa. Ananı aldadıb kəndə getmişdilər, guya
qohum toyuna gedirlər. Ananın heç
ağlına da gəlməz ki, sevimli oğlu gözlərini
bu dünyaya əbədi yummaq üzrədir.
…Ana gecədən xeyli
keçmiş yuxuya getdi. Yuxusunu
qarışdırdı, qəribə yuxu gördü. Yuxunu o qədər aydın görmüşdü
ki, onun təsirindən hövlnak ayıldı, gözlərini
dolandırıb pəncərədən çölə
baxdı. Hələ qaranlıq idi, səhərin
açılmasına xeyli vardı. Yanındakı
çarpayıda yatan Nərgizə tərəf boylandı.
Onun qalxmasını gözləyə bilməyib
onu səslədi. Səsə Nərgiz oyandı və
ayağa qalxıb onun yanına gəldi, soruşdu:
- Hə, ana, nə istəyirsən,
nə olub?
Ana qırıq-qırıq
cavab verdi:
- Heç, yuxuda Yunusu
gördüm. Əynində ağ
parçadan kostyum geyinmişdi. Gördüm ki,
anası ölmüş top oynayır. Axı
sən bəlkə də bilmirsən, anası kor
qalmış futbol oynamağı xoşlayırdı. İndə də gördüm futbol oynayır, top gəldi,
mənim üzümə dəydi, üzümdə
partladı. Buna da o, bərkdən
güldü. Nənəsi ölmüş
İsa da kənarda durub atasının oynuna tamaşa edirdi.
O, əyninə təptəzə kostyum geyinmiş,
başına qulaqlı papaq qoymuşdu. Məlul-müşkül
kənarda dayanıb atasını gözləyirdi. Atasına zillənmiş gözləri yol çəkirdi.
Elə bu dəmdə qonşu Abbas (Allah ona rəhmət eləsin)
gəlib çıxdı və Yunusa üzünü tutub bərkdən
dedi:
- Ay Yunus, gəl çıx
da. Bayaqdan səni gözləyirik axı. Çıxaq gedək, işimiz-gücümüz
töküldü qaldı.
Ana fikrini toplayıb yenidən
dilləndi:
- Mən Yunusun
qolundan tutmaq istəyəndə yuxudan ayıldım. Allah xeyrə
calasın, bu nə yuxu idi, mən gördüm. Tez səhər açılsaydı, bir kəndlə
danışardın, görək nə var, nə yox? Yunus nə təhərdir?
Nərgiz yaşarmış
gözlərini silib "yaxşı" dedi.
Oğul isə anadan xəbərsiz
can verirdi. Artıq molla da gəlmişdi. Dəfn mərasiminə hazırlıq gedirdi. Qəbiristanlıqda qəbir yeri müəyyən
olunmuşdu. Ana isə oğlunun həsrətlə
yol çəkən gözlərini görmürdü. Oğlunun gözləri yarıyumulu idi. Kəndin ağsaqqallarından biri məsləhət
gördü ki, ananın şəklini oğlunun sinəsi
üstünə qoysunlar. Ananın şəklini sinəsi
üstündə hiss edən oğul əbədi olaraq
gözlərini bu dünyaya yumdu.
…Ana axşamçağı
yatağında mürgüləmişdi. Yuxudan
səksəkəli oyandı. Ətrafına
baxıb döyükdü. Urəyi
sancdı, qulaqları güyüldədi. Bir
xeyli susub durdu. Yenidən uzandı, bu dəfə
üzünü divara tərəf çevirdi. O axşam
yeməyindən imtina etdi. İştahası kəsilmişdi.
Ananın
qızı, nəvələri oğulun yeddisini verib
qayıtmışdılar. Ana onları görən
kimi yerindən dikəldi, nigaran baxışlarla onları
süzdü, oğlunu xəbər aldı. Qızlar ananı aldadaraq, "oğlun lap
yaxşıdır" dedilər. Ana oğlundan daha
çox xəbər tutmaq istədi: "Danışa bilirmi,
yeriyə bilirmi?" Qızlar boğazlarına
tıxanmış qəhəri güc-bəla ilə udaraq
"hər şey yaxşıdır" dedilər. Ana inandı. Toyu xəbər aldı: Toy necə
keçdi? Kimlər iştirak edirdi? "Hamı" deyə qızlar dilini dişlərinə
sıxıb cavab verdilər. Onlar yalan
danışmırdılar. Bütün
qohum-əqrəba ilə görüşmüşdülər.
Ən ucqar yerdə yaşayan qohumlar da yasa gəlmişdi.
İllərlə bir-birini görə bilməyən
qohumlar yasda görüşürdülər. Qohumların görüşməsinə ana ürəkdən
sevindi. Həmişə deyirdi: Qohumun pisinə də,
yaxşısına da qurban olum. Bir-birinizə
gedin, gəlin, yoxlayın, bir-birinizi unutmayın.
Ana
"toyun" yaxşı keçməsinə sevinsə də,
həmin gündən halı dəyişdi. Yeməyi
azaldı, iştahası kəsildi. Hər
gün qızına, nəvələrinə deyirdi ki, kəndə
zəng çalın, hal-əhval tutun, yuxumu
qarışdırmışam.
Bir gün qızı
çaşaraq anaya dedi ki, zəng etdim, Yunusla
danışdım, sənə salam
göndərdi. Ana yerindən dikəldi:
- Necə, nə dedin? Yunus danışır, dili açılıb?
Qız bilmədi nə desin.
Yalanını ört-basdır etmək istədi:
- Belə də, birtəhər
başa düşdüm ki, səni soruşur.
Qız
sözünü qurtarar-qurtarmaz otaqdan çıxmağa
çalışdı. Anası onu çağırsa da, geri
dönmədi.
Zavallı ana,
hardan biləydi ki, istəkli övladının bu gün bir
ayı tamam olur. Ananın halı yenə dəyişdi.
Həmin axşam şamsız yatdı.
...Ananın halı gah
yaxşılaşırdı, gah da pisləşirdi.
Oğlunun həyatdan getməsinin üç ayına az qalmışdı. Ana hey
"Yunus, Yunus" deyə pıçıldayırdı.
Birdən onun bədənini tər basdı.
Puçur-puçur tər dənələri
yanağından boğazına doğru axmağa
başladı. Bir anın içində
gözünün altı qançır bağladı. Dodaqları gömgöy göyərdi. Gözlərini geniş açıb ətrafına
baxdı, xırıldamağa başladı. Gözləri
az qala hədəqəsindən
çıxacaqdı. Teztez başını
sağa-sola döndərərək gözlərilə kimisə
axtarırdı. Bir az keçmiş əlləri
də hərəkətə gəldi. Əllərini
sinəsinə tərəf uzadıb elə bil kimisə qovmaq
istəyirdi. Hərəkət etdiyindən
bədəni su içində idi. Qızı,
nəvələri ətrafında idi. Qızı
yavaşca soruşdu:
- Ana, niyə belə edirsən?
Nə istəyirsən, kimi istəyirsən?
Qızın məqsədi
vardı. Bilmək istəyirdi görsün ananın sevimli
oğlunun ölümü ona ayan olubmu? Ana
isə cavab vermir, canıyla (ya Əzrayılla) əlləşir,
xırıldayır, əl-qol atır. Qızı
sualını tez-tez, ancaq, yavaşcadan təkrarlayırdı.
Nəvələr nənənin bu halına
dözmədilər, bərkdən ağlaşdılar. Onların ata yaraları hələ qaysaq
bağlamamışdı. Ən çox
da onları yandıran atalarının ölümündən
nənənin bixəbər olması idi.
Nəvələrin
qışqırıq səsindən ana devikdi,
baxışları bir nöqtəyə ilişib qaldı,
xırıltısı kəsildi. Gözlərini
yavaş-yavaş ağlaşan nəvələrinə
çevirdi. Dili tutulmuşdu, danışa
bilmirdi. Nəvələr yavaşca ananın
qulağına tərəf əyilib soruşdu:
- Kimi istəyirsən? Olmaya Yunusu istəyirsən?
Ana
başını buladı. Dili dolaşa-dolaşa güclə
eşidiləcək səslə inildədi:
- İsamı,
Musamı.
Musa onun
kiçik oğlu idi. Oğlu idmançı idi, çoxlu sayda
diplomları var idi. Güləş üzrə usta
adını almışdı. Onu tanıyanlar
ona Musa pəhləvan deyirdilər. Qəzadan
o lap cavan yaşlarında - ömrünün 25-ci baharında
məşq zamanı aldığı zədədən
dünyasını dəyişmişdi. İndi
ana sevimli oğlu Yunusu yox, İsanı - Musanı istəyirdi.
Ananın təntiməsindən,
ölümlə mübarizəsindən bir saata yaxın vaxt
keçirdi. Ana həyata qayıtmış, üzünün rəngi
özünə gəlmiş, yanaqları
allanmışdı. Axşama yaxın yemək
istədi. Bu dəfə o həmişəkindən
fərqli olaraq yeməkdən çox yedi.
Qızını, kürəkənini və nəvələrini
yanına çağırıb öyüd-nəsihət verdi:
- Mən bu gün ölməliydim.
Yuxumu da görmüşdüm. Yuxuda
gördüm ki, qaynım bizə gəlib, tez yanına getdim:
"Nə yaxşı gəldin, məni də apar." O,
etiraz edib dedi ki, gəlməyinə gəlmişəm, bu dəfə
Yunusu aparacam, sonra da səni. Ancaq, səni,
hazırlaş, bir azdan gəlib aparacam. Bunu
deyib getdi. Mən gedirdim, siz
qoymadınız. Onlar göylərdən gəlmişdi,
qolumdan tutub aparırdılar. Siz
qara-qışqırıq saldınız, onlar da
qaçıb getdilər.
Ana
uşaqları ilə bir xeyli danışdı - vəsiyyətini
edirmiş. Gecəni rahat yatdı. Xəstə
düşəndən belə yatdığı
olmamışdı. Yəqin gündüz
çox çabaladığından yorğun
düşmüşdü.
Səhər
tezdən Nərgiz ananın səsinə yuxudan oyandı.
- Ay bala, ay Nərgiz, bu nə
vaxtın yatmağıdır, dur mənə
çaydan-çörəkdən ver, acmışam.
Nərgiz tez
ayağa qalxıb saata baxdı - 7 idi. O, ananı yedizdirdi. Ana
yerinə uzandı, onu möhkəm yuxu tutdu, üç saata
yaxın sakitcə yatdı. Birdən onu
sanki kimsə tərpədib oyatdı. Qızını
və Nərgizi yanına çağırdı. Sakit səslə
onlara dedi:
- Oturun, sakitcə mənə
qulaq asın.
Qızlar dinməz-söyləməz
ananın sözlərinə əməl etdilər.
Ana gözlərini
dolandırıb qızların üzündə saxladı:
- Mən bu gün öləcəyəm.
Onlar yenə gəlmişdilər, gecə yuxuda
mənə dedilər. Məni diqqətlə
dinləyin. Dünənki kimi
çığır-bağır salmayın, bununla mənə
yaxşılıq yox, pislik edirsiniz, məni ölməyə
qoymayırsınız, məni canbəsər edirsiniz. İndi durun hazırlaşın, ancaq məni
buraxmayan, tez-tez yoxlayın. Qızım, mənə
bir stəkan soyuq su ver, ürəyim yandı. Nərgiz göz yaşlarını silərək
soyuducudan su gətirdi. Ana onu axıracan
içdi.
- İndi də
məni böyrü üstə döndərin.
Qızlar onun
istəyini yerinə yetirdilər.
Ana əllərini
qoşalaşdırıb yastığın üstə qoydu,
üzünü əllərinə söykədi və dərin
yuxuya getdi.
Dodaqlarından bir kəlmə söz çıxdı:
İsamın-Musamın yanına gedirəm. Yarım
saatdan sonra ananın nəfəsi kəsildi. Necə yatmışdısa eləcə də
canını tapşırdı. Quş
kimi uçdu ana. Üzündə sual dolu
bir ifadə əmələ gəlmişdi.
Nə
yaxşı ki, nəvəsi, indi evin ağsaqqalı olacaq
Zöhrab nənəsini yoxlamaq üçün Bakıya gəlmişdi. Onun içəri
girməyilə ananın canını tapşırmağı
bir oldu. Ana sanki oğlunun gəldiyini hiss etdi,
arxayınlıqla əbədi dünyaya - əzizlərinin
yanına köçdü.
Oğlu həmişə
deyirdi, məni anamın qəbrinin aşağısında
basdırın, qəbrimi elə qazın ki, anamdan uzaq
düşməyim.
Ana deyirdi ki, qəbrimi
elə qazın ki, oğluma yanımda yer olsun. Hər ikisinin
istəyi yerinə yetmişdi.
Oğul
ananın ayaqları altında əbədi yatırdı. Peyğəmbərimiz Məhəmməd
(əs) deyib: "Cənnət anaların ayağı
altındadır".
Yunus
anasının ayağı altında, əbədi cənnətdə
basdırıldı.
Ana da, bala da
arxayınlaşdı, ikiillik ayrılığa son qoyuldu. Hər ikisi
eyni yerdə yuyuldu, hər ikisinin üstünə eyni
parça - yaşıl rəngli ipək salındı. Ana sevimli övladının ölümünün
üçüncü ayında əbədi olaraq ona
qovuşdu.
Qızı
ondan istəkli oğlunun ölümünü gizlətmişdi. Başqalarına
da ananı öldürə biləcək xəbəri deməyi
qadağan etmişdi. Ancaq qızı
bilmirdi ki, düzmü etmişdi, səhvmi etmişdi? Anlaya bilmirdi, bu yalan müqəddəs yalan idi, yoxsa
anaya qarşı qəddarlıq idi?
İndi siz deyin: bu yalan
günah idi, yoxsa savab?
Salatın Əhmədli
Ədəbiyyat qəzeti.- 2010.- 15 oktyabr.- S.5.