Tanınmağa ehtiyacı olmayan dahi
Bilmirəm nə üçün, bu dəfə mən nəsə qəribə bir şeyin baş verəcəyini fəhmlə hiss edərəkdən bütün günü internetdə Nobel mükafatı nominantlarının siyahısını axtarırdım. Nominantlar arasında Avropa və Amerikada çox yaxşı tanınan Murakami də vardı. Ancaq mənə elə gəldi ki, o nə Dostoyevskinin təsiri ilə yazan görkəmli yapon nasiri Kindzaburodur, nə də Çexovun təsiri ilə yazan məşhur Kavabatıdır. Demək, bu dünyada hər şey qarşılıqlı və əlaqəlidir.
Başqa ölkələrdən də namizədlər vardı. Bu dəfə Rusiyadan Bella Axmadulina və Yevgeni Yevtuşenko təqdim edilmişdi. Artıq neçə vaxtdır ki, rus ədəbi mühiti Axmadulinanın namizədliyini dəstəkləyir. O, sözsüz ki, çox istedadlı şairdi, hətta mənə elə gəlir ki, Yevtuşenko ilə müqayisədə heç də geri qalmır. Şübhəsiz ki, o, çağdaş rus poeziyasının sütunlarından biri olaraq bu dəyərli mükafatı gec, ya tez almağa layiqdir.
Ötən il Hert Mülleri mükafatlandıranda doğrusunu deyim ki, yazarların çoxu təəccübləndi. Hərdən Nobel komitəsində belə hallar baş verir - nəinki başqa ölkələrdə, heç öz ölkəsi Almaniyada yaxşı tanınmayan yazarın təltifi kimi. Amma Künter Qrassın mükafatını təhlil edəndə onu bütün mədəni dünya tanıyır və oxuyurdu. Və bütün iqlimlərin oxucuları buna sevinirdi.
Oktyabrın 7-də, bizim vaxtla saat 4-də nəhayət, elan etdilər ki, bu ilin Nobel mükafatını Peru yazıçısı Mario Varqas Lyosa alır. Sevincimdən elə qışqırdım ki, ətrafımdakılar güman etdilər ki, yəqin bu mükafatı mən alıram. Mən öz kitabxanama atıldım ki, onun hələ on il öncə mənə bağışladığı "Müharibə dünyanın axırıdır" kitabını göstərim. Əlbəttə, mən buna sevinmirdim ki, onun məndə romanları var. Bu il Nobel mükafatını ədəbiyyat üzrə alan adi bir yazıçı deyildi. O, dahi, sağlığında klassikləşən görkəmli Peru yazıçısı idi. Mən dünyanın bütün yazıçıları və oxucuları əvəzindən sevindim.
Onun artıq yetmiş dörd yaşı var və o, çoxdan ispandilli ədəbiyyatın, o cümlədən dünya ədəbiyyatının klassiki sayılır. Onun "Şəhər və köpəklər" romanı dünya miqyasında hadisəyə çevrilmişdi. "Çağdaş nəsrin ustadları" seriyasından "Proqress" nəşriyyatı tərəfindən qırx il bundan əvvəl buraxılan ikinci romanı - "Yaşıl ev" bir çox dillərə tərcümə olunmuşdu. Onun romanlarına belə uğur gətirən səbəbi düzgün dərk etməyən bir tənqidçi istehza ilə yazırdı ki, Lyosa detektiv yazdığına görə dünyada tanınır, detektiv müəllifi ciddi yazıçı hesab edilə bilməz.
Elə bil dünyada Konan-Doyl, Qrem Qrin, Jorj Simen olmayıbmış. Orxan Pamuk haqqında da deyirdilər ki, o, detektiv yazır. Borxes isə dahiyanə vurğulayır ki, iyirminci əsrin ən gözəl romanları bu və ya digər dərəcədə detektivdir. Məqsəddən çox yayınmayaq, yoxsa şəxsi hisslərimi büruzə verə bilərəm. Mən də beləyəm ki, heç vaxt sözümü ürəyimdə saxlaya bilmirəm.
Lyosa o qədər böyükdür ki, bir janrın çərçivəsinə sığışmır. O, Cənubi Amerikanın ispandilli ədəbiyyatında magik fantastika üzrə Markesin davamçısıdır. Bir də o, özü Cənubi Amerika hökumətinin ölkədə başlamış epidemiyanı dayandırmaq qərarı ilə bağlı mülahizələrini yayınlamışdı. Özü özünə sual vermişdi ki, belə qərarı eşidib necə magik sürrealist olmayasan? Sonra bir-birinin ardınca onun məşhur romanları çıxır: "Kapitan Pantaleon və xeyirxah xidmətlər alayı", "Kafedralda danışıq", "Xuliya xala və cızmaqaraçı". Əlbəttə ki, "Müharibə dünyanın axırıdır" romanı yazıçının ən gözəl əsəridir. Bu əsər barədə tənqidçilərdən biri qeyd edir ki, yazıçı sərt müşahidələrlə, dişlərini qıcıyıb, içinin ağrılarını ifadə edir.
Bu frazaya diqqət yetirin. Həqiqi yazıçı məhz bu cürə yazmalıdır - nə zaman ki, susmaq mümkün deyil, nə zaman ki, söz ürəyi deşib üzə çıxır. Öz sağlığında əfsanəyə çevrilmiş, "Yüz il tənhalıq" romanının müəllifi Markesdən başqa Latın Amerikası ədəbiyyatında Marlo Benedetti, Migel Otero Silva, Alexo Karpentyer, Xulio Kortasar, Migel Anxel Asturias, Xuan Karlos Onetti və onların davamçıları - fuentos, Amad, Borxes, Kardenal, Pablo Nerude var. Sanki bu ədiblər öz gəlişləri ilə dünyanı dəyişmək istəyiblər. Yadımdadır ki, biz "İnostrannaya literaturı"da Silvanın "Lope de Aqirre, azadlıq knyazı" romanını oxumaq üçün dərgini gözümüzə təpirdik. Lakin sonralar bu əsərin ekran həyatı çox uğursuz alınır, baxmayaraq ki, həmin filmdə Kinski kimi dahi aktyor oynayır. Nə isə... Qayıdaq ədəbiyyata.
Mən deyərdim ki, Baronun öz qulluqçusunu ərinin gözləri qarşısında zorlaması "Müharibə dünyanın axırıdır" romanının ən güclü səhnələrindən biridir. Yeri gəlmişkən, Emil Zolyanın "Torpaq" əsərində də belə heyvani şəhvət hisslərinə rast gəlmək mümkündür. Yazıçı bu əsərində bütün olayların fövqündə durur və roman lazım olduğu qaydada bitir.
Əsərdə əvvəlcə polkovnik giziri təhqir edir, müxtəlif üsullara əl atmaqla üsyançıların rəhbərini tapmaq istəyir. Hər şey nəticəsiz qalır. Həmin vaxt keçəl qarının "üsyançıların rəhbəri Joan Apostol haradadır" sualına cavab verirlər ki, onu mələklər göyə çəkdi. Oxucuya aydın olur ki, polkovnik uduzdu - həm də həmişəlik. İndisini və gələcəyini uduzdu. Çünki Joanı mələklərin əlindən almaq mümkün deyil. Bu liderin ölümü barədə adamlara nə isə uydurub demək də mümkün deyil. Lyosa həmişə üsyankar olub - əsl yazıçı kimi. Bundan başqa, o, siyasətlə məşğul olmaqdan da çəkinməyib, hətta öz ölkəsində prezidentliyə namizədliyini veriblər. Ancaq o, bu işin arxasınca getməyib. Yetmişinci illərin sonunda Lyosa Beynəlxalq Yazıçılar Birliyinə rəhbərlik edib.
İstənilən müəllifdə olduğu kimi, onu da sevməyən xəbislər və xudbinlər var. Hətta onun kitablarını yandırıblar, çapına qadağa qoyublar və s. Ancaq sözə qadağa qoymaq mümkünmü?! "Əlyazmalar məhv olmur". Biz bunu bildiyimiz üçün xainlər, xəbislər sözün əbədiyyət ömrü qarşısında gülünc görünürlər. Yazıçının titanik fiquru ilə müqayisədə indi hansı məmuru xatırlamaq olar?!
O, həyatda
da kitablarında olduğu kimidir. Şübhə etmirəm ki,
indi onun haqqında - görkəmli
Peru yazıçısı barədə onlarla resenziya və məqalə yazılacaq.
Ancaq mən öz müşahidələrimdən çıxış edəcəyəm.
Birincisi,
biz çox kiçik
və qloballaşmış
dünyada yaşayırıq.
İnanıram ki, rus dilini bilənlərin əksəriyyəti Mario Lyosun
romanlarını oxuyublar.
İkincisi, bütün
dünyada dəyərləndirmə
eyniyyəti var: Amazonkanın sahillərində,
cəngəllikdə, Tayqada,
şəhər massivində,
səhrada bu, eynidir.
Rio-de-Janeyronun dilənçilər
məhəlləsində, Nyu-Yorkda,
Tokioda və bizim doğma şəhərimizin küçələrində
eyni insan duyğularının şahidi
oluruq. Hər yerdə sevməyi,
həyəcanlanmağı, sevinməyi, Tanrının
qoyduğu qanunlarla yaşamağı bacaran insanlar var. Üçüncüsü
budur ki, biz daha nikbin çıxış
yolları tapa bilərik. Deyirlər qədim bir
təqvimə görə
iki ildən sonra biz hamımız məhv olmalıyıq.
Bilmirəm bu necə olacaq, baxarıq. Ancaq hələ ki, bu dünyada Mario Varqas Lyosa kimi
müəlliflər mövcuddur.
İnsanlar hələ də
Çexovu, Şekspiri,
Anderseni oxuyur - demək, planetimiz uğrunda mübarizəyə
hələ şansımız
var. Bu həm də uşaqlarımızın gələcəyi
uğrunda mübarizədir.
Çingiz Abdullayev
Rus dilindən
çevirəni: A.Cəmil
Ədəbiyyat qəzeti.- 2010.-
15 oktyabr.- S.2.